QƏRİBƏ TALELİ İNSANLAR
“ATAM İRANDA DOĞULDUĞUNU GİZLƏDİRDİ”
Biz Gəlmə kənd sakini Məşhədi Hüseyn Hüseynovun atası mərhum Əhməd kişinin İranda doğulduğu, uşaq ikən Azərbaycana, Zərdaba gətirildiyi barədə eşitmişdik. Amma bütün bunların təfərrüatı barədə dəqiq məlumatımız yox idi. Buna görə də Məşhədi Hüseyn kişiyə bu barədə bizə geniş və ətraflı söhbət açmasını xahiş etdik. Çox sağ olsun ki, o xahişimizə məmnuniyyətlə əməl edərək bu qəmli əhvalatın ürəkgöynədən tarixçəsini bizə danışdı.
ZERDAB.COM-un oxucuları üçün də maraqlı olacağını nəzərə alaraq Məşhədi Hüseyn kişinin dediklərini olduğu kimi təqdim edirik.
İSAMƏDDİN ƏHMƏDOV
Mənim babam axund Molla Hüseyn təqribən 1900-1910-cu illərdə İranın Xorasan vilayətində təhsil alırmış. Həmin illərdə babam oradaca evlənir və 1910-cu ildə Əhməd adlı bir övladı dünyaya gəlir.
Babam Vətənə qayıdır, lakin arvadı və körpə Əhməd orada qalırlar. İranda nənəmin yaxşı qardaşları varmış, bu səbəbdən də o, — Rüxsarə nənəm oğlu Əhmədlə birlikdə Azərbaycana gəlməkdənsə, qardaşlarının himayəsində qalmağı üstün tutur…
Babamın Vətənə gəlişindən az sonra Rüxsarə nənəm qəfildən vəfat edir və atam, anadan da yetim qalır…
Atam Əhməd danışırdı ki, anam öləndən sonra mən lap kiçik yaşlarımdan ev və bazar işlərində nökərçilik etməyə başladım. Bir gün bir qarın çörəyə evində qulluq etdiyim varlı bir ağa – axund mənim kimliyimlə maraqlandı. Mən özüm və valideynlərim haqqında bildiklərimi ona danışdım. Dedim ki, atam «o taylı», azərbaycanlı olub, adı Hüseyn idi, burada təhsil alırmış…
Ağa atamın bu söhbətindən çox kövrəlir və deyir ki, sənin atan Hüseynlə mən bir yerdə oxumuşuq. O gündən ağa – axund atama yaxşı baxır, ev və bazar işlərini tamamilə ona tapşırır…
Aylar, illər ötür, ağa Məşhəd ziyarətinə gələn azərbaycanlı zəvvarları tapa bilir və onlardan babam Hüseyn kişiyə xəbər göndərir ki, sənin oğlun Əhməd burada nökərçilik edir, gəl ona yiyə dur, ya da özünlə apar…
Babam axınd Molla Hüseyn Zərdabda evlənibmiş, övladları varmış. Kişinin İrana getməyə imkanı olmur, buna görə də Zərdabdan Məşhəd ziyarətinə gedən tanışlarına tapşırır ki, mənim uşağım filan ünvandadır. Gələndə onu da özünüzlə gətirin…
Beləcə, 1917-1918-ci illərdə 8 yaşlı Əhmədi, yəni mənim atamı ziyarətə gedən həmyerlilərimiz gətirib babama verirlər. Atam burada yaşayır, ev-eşik sahibi olur, ailə qurur, övladlar böyüdür.
Ən çox yadımda qalan odur ki, atam doğulduğu doğma evləri üçün çox darıxırdı, yaman qəribsəyirdi, günün batan çağlarında bir sakitliyə çəkilib o tərəflərə həsrətlə göz dikirdi. Bizə deyirdi ki, bu saat Xorasana getsəm, düz evimizə gedib çıxaram, gecə-gündüz evimiz gözümün qabağından getmir. Məsçidə lap yaxın idi…
Çox təəssüf ki, atam, Allah ona rəhmət eləsin, bu arzusuna çata bilmədi, o vaxtlar buna imkan olmadı, hətta atam İranda –Xorasanda doğulduğunu da gizlədirdi. Deyirdi ki, oraların adını çəkmək qorxuludur. Şura, yəni sovet hökuməti buna görə adamı güllələyər, güllələməsə, azınnan Sibirə sürgün edər. Bizə tapşırırdı ki, bu barədə heç kəsə heç nə danışmayaq…
Babam Azərbaycanda axundluq edirmiş, oğlu Əhməd gələndən az sonra, bolşeviklər Azərbaycana soxulandan az keçmiş rəhmətə gedib, məzarı Gəlmə qəbristanlığındadır.
Atam dindar idi, dini də müəyyən qədər bilirdi və buna görə də ona Mirzə Əhməd deyirdilər. O, 1984-cü il martın 8-də vəfat etdi.
Nəhayət, atamın vəfatından 11 il sonra mən 1995-ci ildə onun arzusunu yerinə yetirdim – Allaha şükürlər olsun ki, gedib müqəddəs Məşhəd şəhərini ziyarət etdim. Amma nə qədər çalışsam da, Xorasandakı atam evini tapa bilmədim…