Zərdab rayonunda Qələbə Günü qeyd olundu – fotolar

1
60

1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarıFaşizm üzərində qələbənin 68-ci ildönümü münasibətilə Zərdab rayonunda Kür çayı sahilindəki Qələbə meydanında ümumrayon mərasimi keçirilib. Zerdab.com saytına Zərdab Rayon İHB Aparatının informasiya təminatı və təhlil sektorundan verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə 1941-1945-ci illər müharibəsində həlak olmuş zərdablıların xatirəsinə ucaldılmış abidə kompleksi önünə, sonra isə Zərdab rayonundan olan Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun büstü önünə gül dəstələri qoyublar. Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev 9 may faşizm üzərində qələbə günü  barədə ətraflı məlumat verib. Bildirib ki, XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub: “Faşizm bütün bəşəriyyəti təhlükə altına almışdı. İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Bu qəhrəmanlar arasında zərdablılar da çox olublar. Zərdabdan 3384 nəfər müharibədə iştirak etmiş, onlardan 1407 nəfər geri dönməmişdir. Zərdab rayonundan olan Məlik Məhərrəmov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Muradalı Heydərov isə “Şöhrət” ordeninin hər 3 dərəcəsi ilə təltif edilmişdir. 2011-ci ildə isə o, Prezident təqaüdünə layiq görülmüşdür”. Qeyd olunub ki, ölkəmizin müharibə şəraitində olmasına baxmayaraq dövlətimizin başçısı bütün insanlara, xüsusilə, müharibə veteranlarına, onların sosial problemlərinin həllinə yüksək diqqət və qayğı göstərir. Dövlət başçısı tərəfindən müharibə veteranlarının və onların dul arvadlarının sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi ilə bağlı veteranlara 700 manat, arxa cəbhədə çalışanlara 300 manat vəsaitin verilməsi ilə bağlı sərəncam bu diqqət və qayğının əyani təzahürüdür.

Lütvəli Babayev bildirib ki, Ali Baş Komandanımızın ordu quruculuğuna, Azərbaycanın müdafiə qüdrətinin möhkəmləndirilməsinə göstərdiyi diqqət və qayğı hər bir azərbaycanlını qəlbən sevindirir: “Bu gün Ermənistanı susdurmağa qadir ordumuz var. Lakin inanırıq ki, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ problemi cənab İlham Əliyevin müdrik siyasəti ilə sülh yolu ilə öz həllini tapacaqdır”.

Mərasimdə Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurası Zərdab rayon təşkilatının sədri Hüseyn Həsənov çıxış edib.

Daha sonra rayon məktəblilərinin hazırladıqları kompozisiyalar nümayiş olunub.

Sonda Zərdabdan olan Böyük Vətən Müharibəsi veteranlarına maddi yardımlar təqdim edilib.

Tədbir konsert proqramı ilə davam etdirilib.

1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçıları1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçıları

1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçıları

Zerdab.com

1 comment

  1. Bütün yaşayan qəhrəmanlara Allahdan cansağlığı diləyirəm! İnşallah Qarabağı azad edərik, o zaman əsl bayram olar! Elə bu babalar da o günü görərlər!

Comments are closed.