Həmyerlimiz İbrahim Məmmədovun kitabı nəşr olundu

0
46

  İbrahim Məmmədov
Tanınmış telejurnalist İbrahim Məmmədovun kitabı nəşr olunub. 
Kitab prezident İlham Əliyevin təşəbbüsü, tapşırığı ilə yazılıb və nəşr olunub. Azərbaycan dilində çap olunan kitab “Azərbaycana qarşı Sumqayit təxribatı “Qriqoryanın işi”” adlanır. Monoqrafiyanın elmi redaktoru və ön sözün müəllifi Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.

Monoqrafiya AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun Şurasının qərarı ilə çap olunub.

1988-ci il Sumqayit hadisələrinə həsr olunmuş ilk monoqrafiyadır.

1988-ci il Sumqayıt hadisələri Ermənistanın rəsmi informasiya siyasətinin əsas “arqumenti”dir. Sumqayıt hadisələri onların Azərbaycana qarşı istifadə etdikləri yeganə psevdo-arqumentə çevrilmişdi. Bu monoqrafiya onların bu yalançı “arqumenti”ni puç edir.
Bu kitabın yazılması üçün 34 cild cinayət işi oxunub. Moskvada mühüm adamlarla-KQB-nin sədrinin 1-müavini Filip Bobkovla, məşhur hüquqşünas, Sumqayıt hadisələrinin təhqiqatında iştirak etmiş Vladimir Kalniçenko ilə və Azərbaycanda çoxsaylı rəsmi şəxslərlə söhbətlər aparılıb. Azərbaycan MTN və Baş Prokurorluğun arxiv sənədlərindən istifadə olunub.

Kitabda Sumqayıt hadisələrinin erməni millətçiləri və Moskvadakı imperialist dairələrin, o cümlədən də SSRİ DTK və Sov. İKP MK-dakı antiazərbaycan ovqatlı şəxslərin əli ilə təşkil olunduğu sənədlər və ifadələrlə sübut olunur.

“Azərbaycana qarşı SUMQAYIT TƏXRİBATI. “Qriqoryanın işi” adlı monoqrafiyanın türk, ingilis, rus, fransız və alman dillərində olması nəzərdə tutulur.

Qeyd edək ki, tanınmış teleaparıcı, siyasi şərhçi, Azərbaycanın “Əməkdar jurnalisti” İbrahim Məmmədov 1964-cü il iyul ayının 16-da Zərdab rayonunun Əlvənd kəndində anadan olub.