Uzunömürlü ailənin sirri…

1
62

aileKeçmişdə qurulan ailələr bir yastıqda başa çatırdı. “Ər evi – gor evi” idi. Yaxşı, bəs bu uzunömürlü ailələrin sirri nədə idi? Yəqin bir düsturu var… Əlbəttə, hər bir uzunömürlü ailə xoşbəxt sayılmır. Amma qırx-əlli il bir yerdə ömür sürən, hələ də əl-ələ tutub gəzən ixtiyarları görəndə, heç maraqlanmısınızmı, bu qədər uzun və sevgi dolu günləri necə geridə qoyublar?

Fikirləşirəm, bir cavab tapa bilmirəm. Bəzi yazıçı və mütəfəkkirlərə müraciət etməyə qərar verirəm. Bəlkə, biləni var. Əvvəlcə Nitsşeyə üz tuturam. Cavab verir mənə: “Ailədə bədbəxtliyin səbəbi sevgisizlik deyil, dostluğun çatışmamasıdır”. Maraqlıdır. Deməli öncə dost olmaq lazımdır. Mişel Montenə “Xoşbəxt ailə qurmaq mümkün deyil?”,- deyə sual verirəm. “Əlbəttə, mümkündür” deyib yolunu öyrədir: “Kamil ailə kar kişi ilə kor qadının qurduğu ailədir”. Yəni ər arvadın deyinməsini eşitməyəcək, qadın da ərinin səhvlərini görməyəcək! Bu, necə mümkündür?

Ən axırda üz tuturam əri ilə qoşa qarımış bir nənəyə. Deyirlər, yaşayan bilər. Cavab verir: “Sən o yazıçılara fikir vermə. Uzun ömürlü ailə üçün ölümsüz sevgi şərtdir. Bu da ancaq “əbədi həyat yoldaşı” düşüncəsi ilə mümkündür. Uzun ömürlü ailənin bircə sirri var, mənim balam, o da  yaxşını pisə yamamaqdır!” Əlimizə iynə-sap almışıqsa, demək, illərlə tikəcəyik. Gördüyümüz nöqsanları, qüsurları, dəlikləri, yamaqları yamayacağıq ipək qumaşla. Bu fani dünyada xoşbəxtlik tapmaq istəyiriksə, dözməliyik bütün bunlara. Öyrənəcəyik həyatda heç bir şeyin asanlıqla əldə edilmədiyini, xoşbəxtlik qələminin çox vaxt alın təri və göz yaşı ilə işlədiyini.

Xoşbəxt ailənin əsas sütunlarından biri də şəfqətdir. Ailədə şəfqətin əhəmiyyətini anlamaq üçün gəlin bir hekayəyə göz yetirək:

“Bir gün ata ocağa eyni böyüklükdə üç qab qoyub altını alışdırır. Oğlundan sıra ilə iki kök, iki yumurta və qovrulmamış qəhvə istəyir. İki kökü birinci qaba, iki yumurtanı ikinci qaba və iki qovrulmamış qəhvəni isə üçüncü qaba qoyur. Qabın üçünü də iyirmi dəqiqə qaynadır və oğlunu süfrəyə dəvət edir. Qabların birinə qaynamış köklər, birinə yumurtalar, birinə də qəhvə çəyirdəklər qoyur. Sonra oğluna üz tutub deyir: “De görüm bu nədir?” Oğlunun cavabını gözləmədən özü sözə başlayır: “Köklər qaynadıqca keyfiyyətini itirib yumşaldı. Yumurtalar zahirən dəyişmədi, amma içi bərkidi. Qəhvə isə olduğu kimi qalıb əvvəl nə idisə, indi də odur…” Sonra keçir əsas mətləbə: “Ailədə sevgi ilə şəfqət ayrılmazdır. Sevgisiz qurulan bir ailədə ər və arvad gördüyün bu iki kök kimi bir-birinin axırına çıxırlar, bir-birini saraldıb-soldururlar. Şəfqətsiz bir ailədə isə ər-arvad nə qədər bir-birinə dözsələr də, bu yumurtalar kimi daxildən bərkiyir, bir-birindən uzaqlaşırlar. Hər ikisinin – sevgi və şəfqətin olduğu bir ailədə isə hər nə olur-olsun, ər-arvad qəhvə dənəcikləri kimidir, şəxsi keyfiyyətlərini itirmir, olduğu kimi qalırlar”. Atanın çatdırmaq istədiyi əsl mətləbi hekayənin sonunda görürük.

Oğlunun əlindən tutub ocağın üstündə qalan qablardakı suyu göstərir: “Yumurta və kökün suyunun dadına bax, heç birinin tamı yoxdur.” Sonra qəhvə dənəciklərinin suyunu bir fincana boşaldır. Nəfis qəhvə iyi gəlirdi. Fincanı oğluna uzadır: “Yəqin içərsən!?” deyir. Oğlu qəhvədən bir qurtum alır, ata sözə davam edir: “Qəhvə dənələri kimi bir-birinin axırına çıxmayan fərdlərdən ibarət ailə də bax belədir: gözəl ətirli, təmiz və hüzur dolu. Belə bir yuvada ər və arvad sevgi və şəfqət sayəsində həyata öz dadını, öz ətrini, öz rəngini qatmağı bacarır”.

Mustafa Saatci, ZAMAN.  (Yazını ixtisarla yayımlandı)

1 comment

  1. Uzunömürlü ailənin sirri ondadır ki, o vaxtın kişilərinin sözü ilə əməli bir olurdu..Toya qədər mələk, toydan sonra vampir cildində olmurdular..Ona görə də o vaxtkı qadınlar toydan sonra xəyal qırıqlığına uğramırdılar…İndi qadın həm cəmiyyətin yükünü cəkir, həm də ailənin..Qadın istər ailədə, istərsə də cəmiyyətdə öz həqiqi yerində deyil..İşdə də ən ağır işləri qadına gördürürlər, ailədə də…Qısacası uzunömürlü ailə üçün kişilər maskalarını soyunmalıdırlar..Bu gün iş vaxtı gender problemindən ağızdolusu danışan, evə gedib arvadını təhqir edən neçə-neçə kişilərimiz var…Ailə təkcə qadının yükü deyil..

Comments are closed.