Kəndimizin unudulmaz Əslan dayısı…

0
45

Həyatda gördüyüm ilk “ biznesmen” və “xeyriyyəçi”…

Sevil Gültən
Müəllif: Sevil Gültən

Onun əsl adı Aslan olsa da hamı ona Əslan deyirdi. Əslan dayı qonşumuz idi. Qoca kişi idi. Uzun illər Zərdab rayon mərkəzində, su anbarında işləmişdi. Biz uşaq olanda o artıq pensiyaya çıxmışdı. Su anbarında işlədiyi illərdən ona çoxlu zəy qalmışdı. Analarımız lilli suyu durultmaq üçün kəllə qəndə bənzər zəydən istifadə edərdilər. Kürün suyu lilli axanda Əslan dayı yəqin ki, sevinirmiş. Çünkü bütün qohum-qonşular uşaqlarının əlinə beş-on qəpik verib Əslan dayıgilə zəy almağa yollayırdılar. Deməli, Əslan dayı bu həyatda gördüyüm ilik “ biznesmen” idi. Onun biznesi təkcə zəy satmaqdan ibarət deyildi.

    Pensiyaya çıxandan sonra bütün günü həyət-bacada əlləşirdi. Tərəvəz əkib becərirdi. İndi də Əslan dayını xatırlayanda  gözlərim önünə çiynində bel olan bir qoca kişi gəlir. Yaz  gələndən payızın sonuna qədər tərəvəz əkib becərirdi. O tərəvəzini sulamaq üçün su açanda bütün qonşular bundan xəbərdar olurdu. Çünki deyinə-deyinə gah arxa gedirdi, gah da arx boyunca gələ-gələ baxırdı ki, birdən kimsə suyu öz həyətinə açar. O qədər deyingən idi ki, hətta o su açan gün evimizin yaxınlığından axan arxdan vedrə ilə su götürməyə də razı olmurdu. Deyirdi ki, guya arxın suyunu azaldırıq su götürməklə.

Əslan dayı becərdiyi göy-göyərtini, tərəvəzi bazara getmədən satırdı. Kimə xiyar, pomidor, kələm, soğan, kartof  lazım olsaydı bazara yox , elə Əslan dayıgilə gedərdi. İkigözlü  tərəzisi vardı. Tərəzinin bir gözünə çəki daşı qoyardı, o biri gözünə isə xiyar yaxud pomidor. Tərəzini elə çəkirdi ki, sanki qızıl çəkirdi. O,  mənim yaddaşımda bir az xəsis adam kimi qalıb. Bir qəpiyinin də qədrini bilirdi. Kim ona borclu olsa heç vaxt unutmazdı. Əgər ona borclu olan adam borcunu vermədən ikinci dəfə nəsə almaq üçün onlara getsəydi heç nə verməzdi. Deyərdi ki, get borcunu gətir, sonra gəl.

Hamımıza elə gəlirdi ki, o uşaqları çox istəmir. Amma əslində belə deyildi. Həyətlərinə nəsə almaq üçün gedən uşaqların başını sığallayar, həyətlərindəki mer-meyvə ilə uşaqların  cibini doldurardı. Uşaqlar onu  bezdirəndə,  yəni,  çəpərin üstündən adlayıb onun həyətinə oğurluğa gedəndə isə gərək üzünü görməyəydin. Ondan yadigar qalan bir sözü hələ də kəndimizin camaatı işlədir. Deməli, Əslan dayının oğlunun toyu olanda bütün uşaqlar da sözsüz ki, onun həyətinə gəlir. Doyunca  ət yeyirlər. Axşama yaxın uşaqların əlindən bezən Əslan dayı uşaqları toyuq kimi kişləyib həyətdən çıxarır və deyir: “Çıxın gedin evinizə, çıxın həyətdən, toy da qurtardı, ət də qurtardı”.  İndi yeri düşdükcə “ toy da qurtardı, ət də qurtardı”  ifadəsi kəndimizdə işlənir.

Əslan dayının həyətində innab ağacı da vardı. Bizim yerlərdə az adamın məhləsində innab ağacı olardı. Bir- iki nəfərin həyətində də innab ağacı olsa da onların meyvəsi qurdlu olur, yemək olmurdu. Amma Əslan dayı innab ağacına necə qulluq edirdisə  onun innabı qurdlu olmurdu. İnnabı da satırdı. Payızda innabı yığıb sərərdi evinə. Sonra isə kim istəsə stəkanla satardı.

Mən Əslan dayının “ biznes” indən danışdım. O  həm də mənim gördüyüm ilk “xeyriyyəçi” idi. Deməli, yay vaxtı,  xiyar-pomidorun, badımcanın bol vaxtında o, kəndin bütün dul arvadlarına ayrıca pay göndərərdi. Həyətində əkdiyi bütün tərəvəzlərdən bir zənbilə yığardı, dul arvadlara yollayardı. Onu deyim ki, bu xeyriyyə “ tədbir” i ildə yalnız bircə dəfə olardı və hər dul qadına yalnız bir dəfə pay gedərdi…

…. Əslan dayı çoxdan dünyasını dəyişib. O məhlədə onun adı yiyəsi olan Aslan böyüyür. Ondan sonra uşaqlarından heç biri onun “ biznes”ini davam etdirmədi. Bir vaxtlar onun tərəvəz əkib-becərdiyi həyət indi asfaltdan seçilmir.

Əslan dayı dünyasını dəyişəndən sonra onun dul arvadı neçə il yaşadı. Amma Əslan dayının dul qalmış arvadına yay olanda  heç kim tərəvəz payı yollamadı….

Elə indi də kəndmizdə dul arvadlara pay göndərən qoca kişi yoxdur…

gilas