Gözəl söz ehsandır və yaxud şuşalı anaya məktub!

6
84

ŞuşaKimliyimizə “yazılmış”, zehnimizdə “oturmuş” VƏTƏN ilk öncə “qəlbimizdən” başlayır. Ailəmizdən, evimizdən, həyətimizdən başlayan bu VƏTƏN həyatımıza İlahinin hökmü ilə daxil olur. Valideyinlərimiz kimi VƏTƏNİ də seçmirik: ata-anamızın genetik kodu bir də doğulduğumuz torpağın ab-havası ömrümüzün sonuna qədər bizi tərk etmir. Deyirlər, dünyanın ən qüdrətli söz sahibləri ən təsirli misralarını məhz VƏTƏNDƏN uzaqda-qürbətdə yaza bilmişdir. Qarabağın Boyat elindən olan Füzuli könlünün tənhalığını ilham pərisi ilə bölüşərək deyirdi: “Nə yanar kimsə mənə atəşi-dildən özgə, nə açar kimsə qapım badi-səbadan qeyri”. Nə gözəl, ruhu ovunduran bu cür misraları ancaq könül “dərmanı” hesab etmək olar. Çünki bu misraları yazarkən dahi Füzuli doğma Vətəndən çox uzaqda idi. Ağabəyim Ağanın Şuşa həsrəti isə bu əsilzadə xanımı ömrünün sonuna qədər tərk etmədi. İran hökmdarı Fətəli şaha ərə verilən Ağabəyim Ağa atasının vəziri Molla Pənah Vaqifin yetirməsi idi. Ustadından əsl söz dərsi alan Ağabəyim Ağa öz sonsuz kədərini: -Tehran cənnətə dönsə, yaddan çıxmaz Qarabağ- yazaraq ifadə edirdi.

…Zakirin həyatı daha məşəqqətli idi. Qarabağda məşhur Cavanşirlər nəslindən olan Qasım bəy Zakir yerli çar hakimi Konstantin Tarxan-Mouravovun fitvası ilə bir qədər Şuşa həbsxanasında yatırdıldıqdan sonra şair mühakimə olunmadan Bakıya sürgün edildi. Şairin ailəsi isə Şuşada qaldı. Məhz belə bir ovqatda yaşayırkən Zakir özünün ən təsirli misralarını yazdı:

– Qəm evində zar olalı,

Eşqə giriftar olalı,

Yarımadıq yar olalı,

Nə sən məndən, nə mən səndən

Şair bu zaman həm də Şuşanın xiffətini çəkirdi. “Durnalar” vasitəsi ilə öz ellərinə salam göndərirdi.

Şuşa həsrətini öz misralarında ifadə edən şairlərin siyahısını istənilən qədər uzatmaq olar. Ancaq ustad Xan Şuşinskinin bəstələdiyi və oxuduğu bir mahnıda:

“Şuşanın dağları başı dumanlı,

Dərdindən ölməyə çoxdur gümanlı” – fikrinin çox orijinal bir deyim tərzi olduğunu hamımız bilirik. Lakin 2-ci misraya diqqət etsək – Dərdindən ölməyə çoxdur gümanlı – deməklə ustad Şuşanın dəyərini çox gözəl anladıb. Beləcə dövrünün bütün yazarları ən təsirli misralarını Şuşaya ünvanlayıb. Mədəniyyət beşiyinin bu duyğusal insanları könül dünyasından verilən bəxşeyişin daha zəngin olduğunu dəfələrlə sübut ediblər. “Gözəl söz ehsandır” kəlamına riayət edən Şuşa yazarları zamanın bütün məqamlarında öz missiyalarını yerinə yetirə biliblər. Ən təsirli sözlər məhz Şuşanın tərifinə yönəlib. Çünki Xaliq Şuşanı xəlq edərkən buraya məsum uşaq qəlbi kimi saf olan hava, sərin bulaqlar, səfalı meşələr, təkrarolunmaz seyrəngahlar nəsib edib. Şuşanın bu gözəlliyi erməniləri zaman-zaman çox yandırıb. Nəhayət, 8 may 1992-ci ildə Şuşa Ermənistanın işğalçılıq siyasətinin qurbanı oldu. Bütün şəhər əhalisi Azərbaycanın digər bölgələrində köçkün kimi məskunlaşdı. Zərdaba gələnlər də oldu. Sitarə ana, Siz də o vaxt öz ailənizlə burada məskunlaşdınız. Mərhum həyat yoldaşınız Misir Əliyev döyüşlər zamanı Şuşada aldığı yaradan Zərdabda vəfat etdi. Sən və oğlun 2-ci dərəcəli əlil oldunuz. İndi oğlun, gəlinin, qızların, nəvələrinlə birgə artıq ömrünüzdən 21-ci ili Zərdabda yaşayırsınız. Hər dəfə Sizinlə görüşüb əhvallaşanda -yaxşıyam- desəniz də Sizi kədərli görürəm. Nə qədər gizlətsəniz bu kədər, bu qəm Sizi elə süzüb, elə duruldub ki, gözlərinizə baxanda qəlbinizi sonsuza qədər görmək olur. Qəlbinizdəki ən böyük ağrı isə Şuşa həsrətidir. Hər bir azərbaycanlı kimi siz şuşalılar da fikrinizi əsaslandırmaq üçün ulu öndərimizdən kəlamlar gətirirsiniz. Həmin qiymətli fikirlərdən birini isə bu gün mən sizə xatırlatmaq istəyirəm: Ümummilli liderimiz deyib ki, Şuşasız, Ağdamsız, ümumiyyətlə Qarabağsız Azərbaycan yoxdur. Sitarə ana, çox keçməz ki, ölməz Heydər Əliyevin bu fikri özünü doğruldacaq! Çünki bu bütöv bir xalqın arzusudur. Həmin gün uzaqda deyil. Sizinlə Şuşada görüşənədək!

  Ən böyük ümidlərlə: TƏRLAN ABDULLAYEVA, “ƏKİNÇİ”NİN MÜXBİRİ.

6 ŞƏRH

  1. Biz də böyük ümidlərlə oxuduq..Çox sağ olun, Tərlan xanım, qələminizə qüvvət!!!İnşallah o şad xəbəri də bizə zerdab.com verəcək..Çox yaxında…

  2. Əlinizə sagliq, Tərlan müəllimə! Şuşa həsrətini çox gözəl ifadə etmisiniz…

  3. Salam!
    Hər zaman Qarabağ və ya ümumiyyətlə itirdiklərimiz haqda düşünəndə günahkarı kənarda axtarmağın məsələni həll etmədiyinin şahidi olmuşuq. Hər zaman düşünürdüm ki, Biz nə etdik ki, və ya nə etmədik ki, İtirdik?
    Məncə həll istiqamətində axtarılan cavabın ilk sualı özümüzə yönəlik suallar olmalıdır.
    Yazıda çox gözəl bədii üslubda təsvir olunmuş Vətən bir hissiyyat və doğmalıq kimi irrasional qavram olaraq Qəlbimizdən başlayır və rasional, coğrafi, siyasi qavram olaraq Sərhədlərdə Qurtarır.
    “Hardan başlayır Vətən?” sualını daima “Sərhədlərdən” deyə cavablandırdıq bəlkə ondandır itkimiz?
    Bəlkə “Qəlbimizdən” çıxarıb “Sərhədlərə” etibar etdik?
    Bəlkə “Özümüz”dən çəxarıb “Ötəki”ləşdirdik deyə itirdik?

    Elə suallar var ki, cavbdan çox fəaliyyət tələb edir. Cavab verməyə tələsməyək. Bəlkə hərəkətə keçək?

    Son olaraq ilk abzasda yer alan “Valideyinlərimiz kimi VƏTƏNİ də seçmirik” cümləsinə vuruğu etmək istəyirəm.
    Bəli, Valideyinlərimiz, Vətənimiz və Milliyyətimizi biz seçmirik, Biz qazanmırıq. Odur ki, öz zəhmətimizlə qazanmadığımız hər nemət kimi bunların da bir HƏMD tələbi vardır. Və qətiyyən bu məvhumlar Fəxr, Övünmə və Qürur mənbəyi ola bilməzlər. Olduğu təqdirdə tarix MilliyyətÇilik və İrqÇilik və başqa seçimi bizdən aslı olmayan məvhumlar üzərindən oynanan Çİ-liklərin fəsadlarının şahidirdir.

    Odur ki, “Mən Həmd edirəm ki, mən Azərbaycanlıyam”…
    Qələbəyə gedən yol bəlkədə bundan başlayır…Vaxt var ikən Çox düşünək, çünki elə məqam olacaq ki, Düşünməyə belə Vaxtımız olmayacaq. 90-cı illər kimi.
    Salam və Dua!

  4. Sağ olun Tərlan xanım! Məqaləni oxuyandan sonra təşəkkür bildirməmək olmur. Əsl Zərdabiyə və onun “Əkinçi”sinə layiq bir yazı. Təşəkkür edirik.

  5. Mən Sizə təşəkkür edirəm.Gələcək yazılarımda da etimadınızı doğrultmağa çalışacağam.

Comments are closed.