“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi hər bir layihəsində gənclərin problemlərini daha yaxından öyrənir, gələcək fəaliyyətlərini bu problemlərin aradan qaldırılması istiqamətində qurur.
Region gənclərinin aktual problemlərindən biri də mütaliə problemidir. Mütaliə isə yeni nəslin milli, mənəvi ruhda tərbiyəsinə, intellektual dünyasının kamilləşməsinə, nəsillərin nəsillərə ötürdüyü mənəvi sərvətin davamı üçün hava və su kimi lazımdır.
Bildiyimiz kimi mütaliə problemi 80-ci illərdə Qərbdə, 1990-2001-ci illər ərzində Rusiyada baş vermişdir. Mütaliənin himayə edilməsi nəticəsində bu problem aradan qaldırılmışdır.
“Gəncliyə Dəstək” İctimai Birliyi də mütaliəni himayə etmək üçün keçirdiyi sorğuya uyğun olaraq layihədə mütaliə ənənəsinin formalaşdırılmasını müəllim və şagirdlərlə, gənclərlə, valideynlərlə, kitabxanalarla iş və bu sahədə təbliğatın aparılmasını əsas istiqamət kimi görür. Layihənin köməkliyi ilə uşaqların təhsildə dərs proqramlarında nəzərdə tutulan biliklərə daha dərindən yiyələnməsi üçün qavrama səviyyəsinin artırılmasına nail olunacaq. Şagirdlər bu layihədən bəhrələnərək kitab oxumağın faydasını dərk edəcəklər:yeniyetmə gənclərimiz anlayacaq ki, kitab oxuma ilk növbədə zehni açır, dünyaya baxışımızı dəyişir, insana həyatı sevdirir, stressi azaldır, anlama gücümüzü və danışma qabiliyyətimizi qüvvətləndirir.
Kitab oxumaq insanın xəyal gücünü inkişaf etdirir, həyatdan, dünyadan zövq almağa, lazım olan məqamlarda qərar vermə qabiliyyətimizə müsbət təsir göstərir, dinləmə qabiliyyətimizi formalaşdırır. Kitabın bu üstün cəhətlərini nəzərə alan “GD” İB bu ilin aprel, may və iyun ayları çərçivəsində Zərdab və Ucarda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “REGİON GƏNCLƏRİNİN İNTELLEKTUAL VƏ MƏNƏVİ DÜNYASININ ZƏNGİNLƏŞMƏSİ MƏQSƏDİ İLƏ MÜTALİƏNİN TƏBLİĞİ”adlı layihəni hıyata keçirir. Bu məqsədlə aprelin 29-30-da Zərdab şəhəri ərazisindəki məktəblərin ibtidai sinif müəllimləri üçün”UŞAQLAR VƏ KİTABLAR” mövzusunda təlimlər keçirildi. “Gəncliyə Dəstək” İB-nin sədri Eldar Xəlilov və təşkilatın təlimçiləri vurğuladılar ki, kitabı təbliğ etmək üçün müəllimlərin imkanları daha genişdir. Onlar valideyinləri də bu işə cəlb edə bilərlər.Ona görə də keçirilən təlimlərdə müəllimlərə həm də valideynləri maarifləndirmək üçün çoxlu sayda , müxtəlif variantlarda bukletlər paylanıldı. Müəllimlərə tövsiyə olundu ki, qarşıdakı günlərdə sırf bu məzmunda valideynlərin iştirakı ilə sinif iclasları keçirilsin. Valideynlər bu istiqamətdə evdə şagidlərə nəzarət etsinlər.Şagirdlərin yay tətili ərəfəsindəki mütaliəsinə diqqəti artırsınlar. Layihə nəzərdə tutur ki, bu maarifləndirici tədbirlər həyata keçirildikcə keçmiş oxu mədəniyyətimiz pillə-pillə olsa da yenidən özümüzə qayıdacaq.
TƏRLAN ABDULLAYEVA, “ƏKİNÇİ”NİN MÜXBİRİ.