İnternetdə böhtan və təhqirə yol verənlərə qarşı cəzalar sərtləşdirilir

0
51

ProkurorluqMilli Məclis (MM) tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin “Böhtan” (147-ci maddə) və “Təhqir” (148-ci maddə) maddələrinə ediləcək dəyişiklik layihəsi ilə bağlı bu təklifi irəli sürən Respublika Baş Prokurorluğunun müvafiq əsaslandırması açıqlanıb. Əsaslandırma Baş Prokurorluğun Hüquqi təminat və informasiya İdarəsi tərəfindən hazırlanıb. 

Əsaslandırmada qeyd olunur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin “Böhtan” (147-ci maddə) və “Təhqir” (148-ci maddə) maddələrində nəzərdə tutulan əməllərin müasir dövrdə informasiyanın daha çox yayıldığı, informasiya təminatının böyük hissəsinin həyata keçirildiyi internet informasiya ehtiyatında nümayiş etdirildiyi halda cinayət məsuliyyətinə səbəb olması hazırda qanunvericilikdə tam dəqiq əks olunmayıb: “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər rütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsin böhtan və ya təhqirə məruz qalmasının cinayət məsuliyyəti yaradan hal kimi aydın göstərilməsi, onun azadlığı və ləyaqətinin qorunması, bu hüquq pozuntularının daha səmərəli şəkildə qarşısının alınmasının təmin edilməsi məqsədi daşıyır”.
Həmçinin bildirilib ki, qanun layihəsinin hazırlanması zamanı xarici ölkələrin, o cümlədən bir çox Avropa ölkələrinin qanunvericiliyi və təcrübəsi təhlil edilib: “Layihə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın müddəalarına uyğun hazırlanıb”.

Qeyd edək ki, Milli Məclisə ölkənin baş prokuroru Zakir Qaralovun imzası ilə daxil olan dəyişiklik layihəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma yüz manatdan beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmçinin, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə üç yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma olacaq.