Uşaqlığımız kəndin kasad vaxtına düşdü. Allahın meyvəsinə həsrət idik. İndiki kimi suyu-seli yoxudu kəndin. Ağac bitirən, bar götürən hardaydı ki, meyvəsi də ola…
Onnan idi ki, məhəlləyə gilas satan gələndə, toy-bayram olurdu. Bir-birinə çatılıb eşşəyin belinə aşırılmış səbətlərdən qırmızıyanaq gilaslar bayramda boyalı yumurta verdiyimiz sinfimizin qızları kimi gülümsəyirdilər üzümüzə. O gilasları sevməmək mümkün deyildi. Amma o sevginin bizi o gilaslara qovuşdurmağa həmişə gücü çatmırdı… Bu “vüsal dəmi” bizdən çox, böyüklərdən asılı idi. Onlar da gilas satan gələndə çox vədə işdə-gücdə olurdular. Evdə olanda da ya pulları olmurdu, ya da gilas almağa həvəsləri. Hər şeydən əlimiz üzüləndə, ümidlərimiz puça çıxanda o gilas satanı, eşşəyini, gilasını məhəllədən çıxana kimi müşayiət edirdik. Uşaq belədir, öz umuduna qaldısa, tamahının dalınca gedəcək – ayaqyalın da olsa… Hələ ürəklənib əllərini səbətin üstünə qoyanlar, eşşəklə yanaşı gedərək, bundan təsəlli tapanlar da olurdu. Bəzilərimiz isə bir az da qabağa gedib can-dildən gülümsəyirdik gilas satanın üzünə… Amma bu, çox zəif təsir gücünə malik olan bir gediş idi. Bununla “uzaq dağ kəndindən” çörəkpulundan ötrü yol ölçən “əmi”nin könlünü almaq sizə çox da asan gəlməsin. Biz gülümsədikcə onun üzü Qədim Misir mumiyaları kimi dartıla qalırdı. Söz yox, o da yaxşı bilirdi ki, bu təbəssüm nəyə xidmət göstərir. Amma üstünü vurmurdu. Özünü elə göstərirdi ki, guya hər şey elə belə də olmalıdır. Nə də təpəri çatmırdı ki, uşaqların hərəsinə bir ovucsa da gilas verib, onları razı salsın. Öz aramızdır, gilas vermir-vermir, daha bizim kimi yalandan da olsa, gülümsəməyə, üzünün qırışığını açmağa nə söz… O, bununla heç nə itirməzdi. Gilas deyildi ki, müftə verib mayanı batıra.
Bəxtimiz gətirəndə isə böyüklər bizə o unudulmaz anları yaşadır, o bənzərsiz ləzzəti daddırırdılar – gilas alırdılar ki, gözümüz satıcının əlində qalmasın. Yoxsa, tamahımızdan şişərdik. Qurd sürüyə yeriyən kimi cumurduq gilasın üstünə. Üstəlik, gözümüzün qurdu ölsün deyə gilası çəyirdəkli yeyirdik. Amma bu unudulmaz finala gəlib çatınca səbir və dözümdən imtahan verməli olurduq. Onda görürdün, gilas satan səbətin gözündən qollu tərəzini çıxarıb, iplərinin dolaşığını açır. Tərəzinin qulpundan yapışıb qaldırır, düzlüyünü yoxlayırdı. Bizə görə işin bu hazırlıq mərhələsi o qədər uzun çəkirdi ki, gilas satanın bütün hərəkətləri ən xırda təfərrüatlarına qədər yaddaşımıza həkk olunurdu. Artıq bilirdik ki, o, əvvəlcə, tərəzinin gözlərini tarazlaşdıracaq. Bundan ötrü tərəzinin yüngül gözünə əlinə düşəndən – xırda daşdan, kəsəkdən, yerdən tapdığı ərik dənəsindən, ağac qırığından, dəmir puldan atacaq. Yalnız bundan sonra çəki daşını tərəzinin pərsəng olan gözünə qoyub, o biri tayına gilas yığacaq. Bunun hamısını bilirdik əvvəlcədən. Qəribə idi ki, o qollu tərəzinin gözləri heç vaxt taraz olmurdu, hər dəfə pərsənglə düzəlirdi. O pərsənglər gözümüzün düşməni idi. Elə bilirdik, gilasa doğru gedən yolumuzun qarşısını kəsən, o ləzzətə qovuşmağımızı ləngidən məhz pərsəngdir. Ona görə də tərəzini düzəldənə kimi keçən vaxt böyük qardaşlarımızın əsgərliyə gedib-qayıtmağı qədər uzun gəlirdi bizə…
***
Gilasdan sonra, heç şübhəsiz, cazibədarlığına görə ikinci yeri şan balı tuturdu. Bu, çox nadir hallarda baş verirdi. Məhəllənin ortasındaca siniyə tökülmüş balın ətrafında halay vurub oturur, barmağımızı bala batırıb yalayırdıq. Kim fəndgir tərpənib, əl-ayaq eləyib şan qırığı götürə bilirdisə, o çalırdı. Çünki şanın balını sümürdükdən sonra yerdə qalanından saqqız düzəldib, bir gün axşama kimi çeynəyirdik. Hələ o saqqızı, müasir dillə desək, icarəyə də verirdik. İcarə haqqı da puldan başqa nə desən olurdu – “bir kruq velsabet” sürməkdən tutmuş, sabah məktəbdə mürəkkəbə qələm batırmağa, dəftərin üstünə qızılgül şəkli çəkməyə qədər… Onu da deyim ki, icarə vaxtı çox önəmli idi. Saqqızı icarəyə verən sövdələşmədən sonra saymağa başlayırdı, qarşı tərəf də bəzən onun tez-tez saymağını bəhanə gətirib “müqaviləni” pozur, ya da, öz növbəsində, o da adekvat tədbirlərə əl atıb saqqızı çox qıvraq çeynəyirdi… O günün “saqqız kontraktı”nın üstündə düşən davaya görə böyüklər tərəfindən əməlli-başlı qulaqburması alırdıq. Amma belə şeylər tez unudulur, sabah heç nə olmamış kimi yenidən görüşürdük.
Günlər, aylar ötür, satıcılar bir-birini əvəz edirdi. Gədəbəydən – alma, kartof, Naxçıvandan – bal, pendir, Şimal bölgələrdən – qoz-fındıq, nə bilim, daha nə satanlar gələr, çox vaxt qonaq da qalardılar. Bizim də belə qonaqlarımız olardı. Əvvəllər onların məhz bizi seçməyindən qürur duyardım. Düşünürdüm ki, biz daha qonaqpərvərik yəqin. Və bu hadisədən çox sevinərdim. Üstəlik də elə bilirdim o qonaq satdığından bizə doyunca verməlidir. Mən bunu gizlicə xəyalımdan keçirirdim, yoxsa anam bilsəydi ki, belə şeylər fikirləşirəm, məni şişə çəkər, meyvə üzünə həsrət qoyardı. Amma əksər hallarda hər şey düşündüklərimin əksinə olurdu – satıcılar heç söz xatirinə də olsa, təklif etmirdilər. Ona görə də sonralar mənim onlardan heç xoşum gəlmirdi. Satdıqlarını nə qədər sevsəm də, özlərini görən gözüm yoxudu. Qəribə də olsa, bu qıymazlıq, göylük onların hamısında vardı. Elə bil sözləşmişdilər. Bir-birinə elə bənzəyirdilər ki, deyərdin qardaşdılar…
Səhər tezdən dərsə, günorta məktəbdən qayıdandan sonra quzu otarmağa getdiyimdən qonağı axşamdan-axşama görürdüm. Şam yeməyindən sonra süfrəyə dönə-dönə çay gəlir, şirin söhbət başlayırdı. Onun digər qonaqlardan fərqli bir xasiyyəti mənə onu sevdirməyən cəhətini unutdururdu. Geyimi, hərəkəti, danışığı, üzünün ifadəsi ilə qonağımız komediya filmlərinin qəhrəmanlarını xatırladırdı. Bir şeyi yaxşıydı ki, hamımızı əyləndirə bilirdi. Söhbətləri çox şirin və gülməli çıxırdı. Çünki aktyorcasına əl-qol hərəkətləri, mimikası ilə baş verənləri daha dolğun, daha aydın ifadə etməyə çalışırdı. Artistlik eləmirdi, elə biçimi beləydi. Ən çox sevdiyi mövzu isə əsgərlik həyatı ilə bağlıydı. Maraqlıdır ki, o, hər il eyni hadisəni, bəzi fərqləri nəzərə almasaq, təkrar-təkrar danışırdı. Həmişə də üzünü böyüklərə tutub, söhbətə belə başlayırdı:
– Sizin mənə bir andınız yoxdu… İnandığımız haqqı, acından it kimi ulayırdım. Komandirin gözündən yayınıb, özümü verdim qarğıdalılığa. Harda yekəsi var, qoparıb qabığını soydum. Aşağı çöməldim ki, görən olmasın. Təzəcə gəmirməyə başlamışdım ki, kimsə arxadan … bir təpik vurub qışqırdı: “Vstat Niftalıyev!”
Söhbətin bu yerində nə qədər özümü möhkəm tutsam da, pıqqıldayıb gülürdüm.
Qonağımız gətirdiklərini satıb qurtarana kimi bizdə qalırdı. Bu, 15-20 gün, bəzən isə bir ay çəkirdi. Və hər gün də anam özünü oda-közə vururdu ki, qonaq bizdən incik getməsin. Zarafat deyildi, eldən-elə gəlmişdi. Adama nə deyərdilər…
Nəhayət, bir gün məktəbdən qayıdanda görürdüm ki, o gedib. Əvvəl-əvvəl məyus olurdum. Nə qədər olmasa, üz-gözümüz öyrəşmişdi. Bir müddət onun söhbətlərindən ötrü darıxırdım. Amma bilirdim ki, Niftalıyev gələn il yenə gələcək, bizdə qonaq qalacaq, əsgərlik söhbətlərini daha canlı, daha ifadəli şəkildə danışacaq, gedəndə də eyni sözləri təkrar edəcək: “Bir bizə tərəf gəlin, görün sizin xəcalətinizdən necə çıxacağam”.
Mən isə ona inanmırdım. Adama bir çeynəm saqqızlıq şan qıymayan Niftalıyevin evlərində necə hörmət edəcəyini təsəvvürümə gətirə bilmirdim. Görünür, satlıq şeydən pay vermək çox çətin olur, ya da Niftalıyev əmin idi ki, biz heç vaxt onlara qonaq getməyəcəyik…
Bir az böyüyəndən sonra – nisbətən yuxarı sinifdə oxuyarkən daha məhəlləmizə gələn gilas, bal, alma satanın yanına getməyə arlanırdım.
Məktəbə gedəndə evdən hərdən qəpikdən-quruşdan verirdilər ki, özümə bufetdən bir şey alım. Hamıdan xəbərsiz o qəpikləri toplayır, bir manat düzələndə bufetdə kağız pula dəyişirdim. Evə gətirəndə isə sığallaya-sığallaya qırışlarını açıb, üst-üstə yığırdım.
Bircə arzum vardı ki, mənim də kiçik qardaşım olsun. İçimdə kiçik qardaş sevmək, əzizləmək həsrəti vardı. Onu oynatmaq, sevindirmək, boynuma mindirib gəzdirmək, oyuncaqlar almaq, bütün istəklərini yerinə yetirmək istəyirdim. İstəyirdim ki, onun bütün suallarına səbirlə cavab verim. Cavabını tapa bilmədiyim suallara görə yalandan nəsə uydurub onu başımdan eləməyim. Kinoya, yemlik və lalə yığmağa, yazda daşan Quruçayın sahillərinə gəzməyə aparım. İstəyirdim o heç nəyə tamarzı qalmasın. Və nəhayət, istəyirdim yığdığım pullarnan ona bir səbət gilas, bir bidon şan balı alım. Özü də yanında duracaqdım ki, gilası tumlu-tumlu yeməsin, şanın da cecəsini ağzında saxlamasın…
Sonbeşik kimi mənim bu arzum köksümdə qaldı. Böyüklərə kiçik qardaşı necə sevmək lazım gəldiyini göstərmək mənə nəsib olmadı. Əslində sonbeşiyin bir üstünlüyü var ki, ailədə hamıdan kiçik olduğundan hamı tərəfindən qayğı ilə əhatə olunmaq şansı qazanır. Amma həm də elə eyni səbəbdən təkcə valideynlər deyil, bütün bacı-qardaşlar tərəfindən buyurulmaq və təbii ki, cəzalandırılmaq kimi tamam əks-qütbdə dayanan bir bəxtsizlik də düşür sonbeşiyin qismətinə.
Bizdə anamdan başqa, hamı nədənsə daha çox ikinci varianta üstünlük verirdi…
Amma nə edəsən, nə qədər kədərli də olsa, həyat bizim arzularımızla hesablaşmaq istəmir. Onun öz axarı var.
Sonbeşiyin ən böyük “faciəsi” ondadır ki, nə qədər böyüsə də, yenə evin kiçiyi qalır. İllər ötdükcə, nə mənim arzum həyata keçdi, nə də böyüklərin sonbeşik barədə fikirləri dəyişdi.
Düz deyirlər ki, evin kiçiyi olunca…
Maraqlı yazıdır.Müəllifə təşəkkürlər!!!
Çox gözəl yazıdı. səmimi
Comments are closed.