“Həsən bəy Zərdabi ömrünün axırına qədər saf türkcə tərəfdarı olmuşdur”

0
153

Əkinçi qəzetiAzərbaycan milli mətbuatının qazandığı “Əkinçi” qəzetinin ana dilinin saflığını qorumaq, geniş oxucu kütləsi ilə anlaşıqlı, ifadəli dildə danışmaq sahəsində göstərdiyi nümunə sonrakı 135 ildə də aktual və gərəkli olmuşdur. “Əkinçi” qəzeti türk-Azərbaycan dili probleminə ciddi əhəmiyyət verir və onun təkmilləşdirilməsi məsələlərinin təbliğinə kifayət qədər yer verirdi. Sübutlar gətirməyə ehtiyac yoxdur ki, “Əkinçi” sadə, anlaşıqlı xalq dilində nəşr olunurdu. Yəqin ki, M.F.Axundovu da “Əkinçi”nin nəşr dili çox maraqlandırırdı. O, Həsən bəy Zərdabiyə “Əkinçi”nin dili barədə tövsiyələrini verirdi. M.F.Axundov Həsən bəy Zərdabiyə 21 aprel 1875-ci il tarixli məktubunda yazırdı: “Sizin qəzetinizin məziyyətlərindən biri də üslub gözəlliyi, məlumatların şərhinin incəliyi və aydınlığı, orfoqrafiyanın düzgünlüyüdür. Ona görə ki, Sizin qəzetiniz eyni zamanda, öz məqsədləri ilə tatar (Azərbaycan – İ.Rüstəmov) dilinin qüsurlardan təmizlənməsinə çalışmalı və nümunə olmalıdır. Orfoqrafiya barədə qoy Sizin gələcək redaktorunuz mənim komediyalarımın imla qaydalarını əsas tutsun”.

 Əlimərdan bəy Topçubaşovun “Azərbaycanın mayakı” adlı xatirə yazısında Həsən bəy Zərdabi və “Əkinçi” qəzetinin dili ilə əlaqədar söylədiyi fikirlər də diqqəti cəlb edir. O göstərirdi ki, Həsən bəy ona məxsus enerji ilə ana dilinin müdafiəsi üçün səylə çalışırdı: o, dilin terminalogiyası imkan verdiyinə görə “Əkinçi”də fars və ərəb sözlərindən qaçmağa və müstəsna şəkildə türkcə-Azərbaycanca yazmağa çalışırdı; imkan daxilində ən sadə və asan başa düşülən xalq sözləri və ifadələri işlədilirdi”. Əlimərdan bəy daha sonra qeyd edirdi ki, Həsən bəyin əleyhdarları ona irad tuturdular ki, ərəb və fars dillərini bilmədiyindən tərəkəmə (kəndli) jarqonuna əl atır. Əlimərdan bəy həmçinin bunu da nəzərə çatdırırdı ki, Həsən bəyin tənqidçilərinin əksəriyyəti və xüsusilə onların indiki uşaqları doğma dilin xalqın milli mənlik şüurunun oyanmasına bir çağırış olaraq Zərdabinin xidmətlərinin hər cür əhəmiyyətini başa düşürdülər və başa düşməyə bilməzdilər. Əlimərdan bəyin bu fikri də maraq doğurur ki, Həsən bəy xalqın özünün içərisindən müxbirlər yetişdirib onları kütlələrin lap içərilərinə göndərirdi, buna görə də “Əkinçi” xalqın salnaməsi adını qazanmışdı. Burada yerinə düşər ki, Həsən bəyin ömür-gün yoldaşı Hənifə xanımın bu barədə fikirlərini də oxucuların diqqətinə çatdıraq. Bu halda biz Hənifə xanımın “Həsən bəy Məlikov Zərdabinin bioqrafiyası” adlı yazısına istinad edəcəyik. Yeri gəlmişkən, demək istəyirəm ki, Zərdabinin bioqrafiyasını yazarkən Hənifə xanımın təhrif və şişirtmələrə yol verməsi barədə ara-sıra səslənən bir sıra fikirləri yersiz və həqiqətə uyğun olmayan hal hesab edirəm. Zərdabinin elmi irsinin çoxdankı tədqiqatçısı kimi qəti qənaətim budur ki, Həsən bəyin, bütövlükdə, dünyagörüşü və onunla bağlı konkret məsələlər araşdırılarkən Hənifə xanımın haqqında bəhs etdiyimiz yazısı etibarlı və dəyərli elmi materiallar, sənədlər sırasına daxil edilməlidir. İndi isə Hənifə xanımın “Əkinçi”nin dili barədə, o cümlədən konkret olaraq Həsən bəy Zərdabinin türk-Azərbaycan dilinin saflığı uğrunda mübarizəsi barədə fikirlərinə yer verək.

Hənifə xanım göstərirdi ki, Həsən bəy ömrünün axırına qədər saf türkcə tərəfdarı olmuşdur. Onun “Əkinçi”sinin dili bütün qafqaz müsəlmanları arasında aydın anlaşılırdı. Hənifə xanım “Əkinçi”də dil məsələlərinin qoyuluşuna və tətbiqinə dair bir sıra konkret məqamlara toxunurdu. Məsələn, Hənifə xanım diqqətə çatdırırdı ki, Həsən bəy krımlılardan, volqaboyu tatarlarından və sibirlilərdən ərəb dilində məqalələr alırdı. Həsən bəy ərəbcəni yaxşı bilən bir Qazanlı molla tapıb bu məqalələri tərcümə etdirib nümunə kimi müəlliflərinə qaytarır, onlardan ana dilində yazmalarını xahiş edirdi. Bu müxbirlər sonra öz dillərində yazmağa başladılar. Həsən bəy onlara öz ana dilində yazmağı öyrətməklə fəxr edirdi.

Doğrudan da “Əkinçi” qəzetində Azərbaycan dili ilə əlaqədar məsələlərə ciddi əhəmiyyət və geniş yer verilirdi. Hər şeydən əvvəl, qəzetin redaktorunun, fəal müxbirlərinin dərc olunmuş yazıları özü nümunə idi. İstisna bu ola bilərdi ki, bir sıra hallarda “Əkinçi” sözü, necə deyərlər, “əks cəbhənin” nümayəndələrinə verir, onları “öz dillərində” danışdırırdı.

“Əkinçi”nin fəaliyyət göstərdiyi dövrdə maarifçilik mədəniyyətinin mühüm tərkib hissələrindən biri də kitab çap mədəniyyəti, lazımlı kitabların digər dillərdən türk-Azərbaycan dilinə tərcüməsi idi. Qeyd etmək lazımdır ki, bu məsələlər “Əkinçi”dən sonra da, xüsusilə, XX əsrin lap ibtidasında Həsən bəy Zərdabinin maarifçilik fəlsəfəsində əhəmiyyətli yer tutmuşdur. Əlbəttə, yeni səviyyədə, yeni ictimai-siyasi, mədəni-mənəvi məzmunda.

Həsən bəy Zərdabi “Əkinçi” qəzeti səhifələrində haqqında bəhs etdiyimiz məsələnin təbliğinə, artıq qeyd etdiyimiz kimi, geniş yer verirdi. “Əkinçi”dən bir parçanı Həsən bəyin özünün şərhində diqqətinizə çatdırırıq: “Bir neçə ildir Osmanlı dövləti məktəbxanalar açıb hər bir elmi öz dillərində xalqa öyrədir. Çünki onların kitablarını bizim adama oxumaq çətindir, ona binaən yaxşı olardı ki, bizim millət qeyrəti çəkən qardaşlar bir icma bina edib, ol kitablardan gətirib, bir az dəyişdirib, çapxana açıb, öz dilimizdə çap elədib, xalqa müftə, ya bir az qiymətə paylasın ki, bizim məktəbxanalarda sair kitabların əvəzində ol kitablar oxunsun… Elm kitablarımız olsa, onları oxurlar və necə ki, su damcı-damcı düşmək ilə daşı deşər, habelə o kitabları oxumaqdan elm və ədəb mürur ilə xalqın könlündə nəqş bağlayıb möhkəmlənər” (“Əkinçi” , 29 mart 1876, “Daxiliyyə”).

Həsən bəy Zərdabinin nəzərinizə çatdırdığımız mülahizələri “Əkinçi”nin demokratik əhval-ruhiyyəli müxbirləri, Azərbaycanın mütərəqqi ziyalıları, o cümlədən maarifçi şair və yazıçıları tərəfindən, Vətənin hüdudlarından kənarda yaşayıb-yaradan “Əkinçi” dostları tərəfindən geniş müdafiə olunurdu, qəzet də öz səhifələrini məmnuniyyətlə onların sərəncamına verirdi.

Maraqlı bir cəhət də diqqəti cəlb edir. Həsən bəy Zərdabi fəalyyətinin bütün dövrlərində, o cümlədən “Əkinçi”nin çıxdığı vaxtlarda xalqın şüuruna təsir etmək, onu avamlıq və xurafat buxovlarından azad etmək, kütlədə milli mənlik şüurunu inkişaf etdirmək məsələlərinə böyük əhəmiyyət verirdi. O, “Əkinçi” qəzeti səhifələrində dünyanın aparıcı ölkələrində çıxan qəzetlər haqqında müntəzəm olaraq məlumat dərc edir, onların çap və yayılma mədəniyyəti barədə şərhlər verir, “Əkinçi”ni bu qəzetlərlə müqayisə edir, müəyyən ziyalı dairələrində təəssübkeşlik hissini oyatmağa çalışırdı.

“Əkinçi”nin “Daxiliyyə”sində çap olunmuş bir yazını ixtisarla diqqətinizə çatdırırıq: “Altı ay yoxdur ki, bizim “Əkinçi” çap olunur, amma ingilisin paytaxtı London şəhərində onun çap olunmağı məlumdur. Oradan bir kitabın bir fəslinin türk dilində olan tərcüməsini bizə göndəriblər ki, onun qələtini düzəldək. Əlhəqq, bu çox ziyadə gözüaçıqlıq istər. London şəhərində bir neçə yüz qəzet çap olunur. Onunla belə kişilər dünyanın ucunda bizim qəzet kimi bir kiçik qəzet çap olunmağını eşidib, istəyirlər ondan da nəfbərdar olsunlar, amma bizim adamın çoxu nəinki bu çağadək bizim qəzeti oxumayıblar, bəlkə, bəzi şəxslər onun bina olmağının xəbərini də eşitməyiblər. Hətta elə adam var ki, qəzet pulu verib, onu almaq istəmir” (“Əkinçi” , 1 yanvar 1876, “Daxiliyyə”).

“Əkinçi”də öz əksini və təcəssümünü tapmış maarifçilik mədəniyyətinin aparıcı istiqamətini həqiqi mənada maarifçilik fəlsəfəsi, etik, estetik ideyalar təşkil edir, dialektika və idrak məsələləri xüsusilə maraq doğurur. Diqqəti çəkən budur ki, Həsən bəy Zərdabi “Əkinçi” adını daşıyan kiçik formatlı bir qəzetdə fəlsəfi dünyagörüşü məsələlərinə toxunmuş və özü ciddi, sərt təqiblərə məruz qaldığı bir vaxtda belə təmas etdiyimiz fəlsəfi məzmunlu məsələlərdən kəskin ictimai-siyasi nəticələr çıxara bilmişdir. Bunlar haqqında, məhz “Əkinçi”dəki materiallara əsaslanaraq danışmağı lazım bilirik.

Həsən bəy “Əkinçi”nin elə ilk nömrəsində bəyan etmişdi: “Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu tövr dünyanın gərdişinə görə gərək habelə öz rəftarını da dəyişdirsin, necə ki məsəldir deyərlər, zəmanə sənə saz olmasa, sən zəmanəyə saz olgunan. Zəmanənin dəyişilməyi, əlbəttə, hər anlıyan kəsə məlumdur və bu tövr zəmanənin dəyişilməyi bizim ilə deyil, həmçinin biz qadir deyilik ki, zəmanəni dəyişilməkdən saxlayaq. Ol kəslər ki, həmişə bizə etibar edib bizim sözlərimizə əməl ediblər, zəmanə dəyişildiyinə görə gün-gündən tərəqqi edib irəli gediblər. Onların belə irəli getməyinə mane olmaq, yəni onları keçən zamanənin qaydası ilə saxlamaq məsləhət deyil. (“Daxiliyyə”). Cəsarətlə demək olar ki, Həsən bəyin söylədiyi bu fikirlər “Əkinçi”nin fəaliyyət göstərdiyi bütün dövrlərdə bir növ qəzetin ana xəttini təşkil etmiş və Zərdabi isə həmişə bu ideyanı rəhbər tutmuşdur və heç zaman ondan dönməmişdir. Insan, onun şüuru, idrak prosesi barədə söylənilmiş, əsas etibarilə də Zərdabi zəkasına məxsus ideyalar olduqca maraqlıdır. Zərdabi, məsələn, göstərirdi ki, “insanın hər bir hərəkəti və fikir dərəcatı beyinlədir və beyin başda və beldə olur, oradan da bədənin hər tərəfinə damarları gedir” (“Əkinçi” , 1875, N:5). İnsan və heyvanın müqayisəsinə dair “Əkinçi”də yer almış yazılar bu cəhətdən dərin elmi məzmuna və ictimai-siyasi pafosa malikdir. Zərdabi belə hesab edirdi ki, insan dünyanı dərk etmək qabiliyyətinə və şüura malik olduğuna görə bütün mövcudatın əşrəfidir, ən yüksək varlıqdır.

Həsən bəy şüurun insanı bütün canlıların şahı, padşahı etməsi barədə qədim filosofların fikirlərinə istinadən yazırdı: “Qədim zamanın filosofları deyirlərmiş ki, insan da heyvandır. Amma əqli artıq olmaq səbəbinə tamam heyvanların padşahıdır. İnsan heyvanların padşahı olması xüsusində deyirlərmiş ki, insanın bədəni çılpaq olduğundan heyvanın bədənindən zəifdir. Amma insan ağılı ilə parça toxuyub, üryan bədəninə paltar tikməklə və təmirati-bina edib özünü havanın dəyişilməyindən mühafizat etməklə zəif bədənini heyvandan yaxşı saxlayır. İnsanın iti dişi, dırnağı, buynuzu yoxdur. Amma əqli ilə insan ox, buçaq və qeyr alət qayırıb heyvanatın dişi və dırnağından özünü mühafizat edir. Insanın bədəni düz durmaq səbəbinə onun üçün çapuqluq, yəni yeyin yüyürmək mümkün deyil. Amma insan at, eşşək və qeyr heyvanları tutub, öyrədib, handa bir yeyin heyvana faiq gəlir. Xülasə, insan əqli artıq olmaq səbəbinə hər bir heyvanata qalib gəlir. Pəs insan heyvanların padşahıdır. Hərgah diqqət ilə mülahizə edəsən, aşkar olur ki, insan nəinki heyvanata,tamam dünyaya malikdir” (“Əkinçi” ,1877, N:15). “İnsan ağıl və elmi ilə tamam dünyanı təsərrüf edə bilər” (yenə orada).

Bəs insan ona mənsub olan belə bir şərafətdən istifadə edə bilirmi? “Əkinçi” insanın sosial genetikasından və amalından doğan həmin şərafətini onun real gerçəklikdə düçar olduğu rəzil vəziyyət arasındakı təzadı nəzərə çatdırır: “Leykən insan bu şərafətdən özünü uzaq edib. Heyvan haraya istəsə gedir, hər tərəfə istəsə baxır, nə istəsə eləyir, haçan kefi istəsə uluyur, amma insan nəinki özü istədiyini edə bilmir, hətta heyvan uluyan kimi öz xahişi ilə danışa da bilmir. Pəs insanın maliki-dünyalıq hüququ payimal olub; onun ağılı məhz tavanalar üçün işləyir” (yenə orada).

Buna görə də “Əkinçi” insanı bir növ bu payimal olmuş hüququnu qorumağa səsləyir. Qəzetdən yenə bir parçanı nəzərinizə çatdırırıq: ” Məlumdur ki, bir heyvan bir ahunu şikar edib, özü yeyir və əgər bir qeyri heyvan onun əlindən o ahunu almaq istəsə, onunla ölüncən dava edər. Amma insan qan-tər töküb qazandığını avamlığı cəhətindən öz əli ilə özündən güclülərə verib, onun dəxi artıq tavana olmağına bais olmur” (yenə orada). “Əkinçi” qəzeti, demək olar ki, mövcud olduğu bütün dövrlərdə bədii yaradıcılıq məsələlərinə, xüsusilə şeirlərimizin ideya məzmunu, aşıq və xalq mahnıları, atalar sözləri ilə bağlı məsələlərə ciddi əhəmiyyət verirdi. Qəzet həmçinin o vaxtlar geniş yayılmış həcvbazlığa və mədhbazlığa qarşı çıxırdı. Nəcəf bəy Vəzirovun “Əkinçi”də dərc olunmuş və ingilis alimləri Bokl və Dreperin kitablarından bəhs olunan yazısından bir parçanı diqqətinizə çatdırırıq: “Kitablarımız … Kitab əvəzinə həcv inşa edirik… İndi yazılan həcvlər məst olan çəkməçi danışığına oxşadığına nəinki onları çap etmək olmur, hətta adam olan kəs onu oxuyanda əti ürpərir. Çünki bizim zəmanə tərəqqi zamanıdır və tərəqqi etməyən tayfa günü-gündən tənəzzül edib axırda puç olacaq, ona binaən bizim şüara qardaşlarımızdan ki, onlar əlhəqq xalqın gözçüsüdürlər, iltimas edirik, təqazayi-zəmanəyə müvafiq xalqın gözünü açmağa səy eləsinlər, yoxsa hədyan danışmaq bir çətin zad deyil və ondan heç kimsəyə bir nəf yoxdur” (“Əkinçi”, 1877, N:10).

Həsən bəy Zərdabi öz növbəsində dövrünün şairlərini məzəmmət edərək mənasız şeirlərdən əl çəkib, xalq həyatını əks etdirən şeirlər yazmağı tələb edirdi. O, millətin oyanması işində mahnı və nəğmələrin rolundan danışaraq “Əkinçi”də yazırdı: “…Mahnı vacibi şeydir, ona binaən onun mənasını yaxşılaşdırmaq səyinə düşmək lazımdır. Hər taifənin vətəndarlıq və millətin keçmişdə olan yaman və yaxşı günlərini şərh edən mahnıları olur; bu mahnılar ağızdan-ağıza düşüb, milləti birləşdirməyə bais olur. Amma bizim mahnılara baxan gərək təəccüb eyləsin, xudavənda, onları kim və nə üçün düzəldib! Onların çoxunu ki, avam çağırır, heç mənası yoxdur. Məsələn, – Ağacda oturub sərçə, niyə uzunsan, ey küçə; sən harda qaldın ey beçə, ey yar, ey yar, ey qara göz” (“Əkinçi”, 1877, N:18). Göründüyü kimi, Həsən bəy Zərdabi dərin ideyalı, sosial mənalı şeirlər yazılmasını tələb edirdi.

Uzun illər keçdikdən sonra Həsən bəy “Əkinçi” zamanında bəhs olunan bu məsələni xatırlayaraq, “Bizim nəğmələrimiz” adlı məqaləsində yazırdı: ” Keçmişdə “Əkinçi” qəzeti çıxanda ol vəqtin şairlərindən yazıb təvəqqə eyləmişdim ki, bülbülü və gülü tərif və bir-birilərini həcv etməkdən əl çəkib, elm təhsil etməyin nəflərindən və biz müsəlmanlara olan zülmlərin barəsində şeirlər yazıb onları bizim aşıqlara xoş sövt ilə oxumağı öyrətsinlər ki, aşıqlar onları toylarda oxuyub əhalini oyatmağa səbəb olsunlar; onlardan bircə Seyid Əzim Şirvani elm təhsil etməyin nəflərindən bir neçə şeir yazmışdı. Amma qeyr şairlərimizdən heç bir cavab gəlmədi”(“Həyat” qəzeti, 1906-cı il, N:6).

Maarifçilik mədəniyyətinə dair “Əkinçi” qəzetində yer almış materiallar olduqca zəngindir. Onların hamısını ətraflı təhlil etmək bu yazımızda imkan xaricindədir. Bunu nəzərə alaraq bir sıra məsələlərlə əlaqədar yığcam icmal şəklində ümumiləşdirmələr vermək istərdik. Əvvəla, adətlər-ənənələr barədə istər Həsən bəy Zərdabinin özünün şərhində, istərsə də “Əkinçi”də dərc olunmuş müxbir yazılarında həm tarixi planda, həm də məntiqi-fəlsəfi planda adət və ənənələrin tarixən necə dəyişib təkamülə uğraması, insanların həyatında oynadığı rol haqqında maraqlı təfsilatlar verilmişdir. Başlıca olaraq diqqəti cəlb edən budur ki, “Əkinçi”də bu məsələyə münasibətdə yenilik və köhnəlik arasında gedən mübarizə öz əksini tapmışdır.

Həsən bəy Zərdabi gənc və tərəqqi yolu ilə gedən insanlara müraciət edərək çətinliklərdən qorxmayaraq Vətənin, millətin maraqlarını üstün tutmağa çalışırdı: “Ey elm təhsil edən cavanlarımız! Doğrudur, bizim Vətən qardaşlarımız ilə üns tutmaq çətindir. Siz danışdığınızı onlar başa düşməyib, əfalınızı şəriətə namüvafiq hesab edib, sizə kafir deyib incidəcəklər! Amma insaf deyil, beş gün ömrün ləzzətindən ötrü milləti, qardaşlarınızı atıb, onları kor və sərgərdan qoyasınız… Qoy şüaralar sizi həcv etsin, mollalar lənət oxusun, avamünas daşa bassın, siz millət üçün zəhmət çəkərsiniz və bişək, gələcəkdə millətin gözü açılanda sizi şəhid hesab edib, sizə rəhmət oxuyacaqlar” (“Əkinçi” qəzeti, 1876-cı il, N:11).

Əslində hörmətli oxucu, burada təsvir olunanlar Həsən bəyin maarifçilk fəaliyyəti zamanı özünün rastlaşmış olduğu çətinliklərin, mane və təqiblərin bir növ əks-sədası idi. Məgər, “rus Həsən”, “şapkalı Həsən” deyə Bakının küçələrində onu daşa basmamışdılarmı?

Bir neçə söz də “Vəkili-naməlum”, əslində dostu Mirzə Fətəli Axundovun “Əkinçi”yə göndərdiyi məktublar barədə. “Vəkili-naməlum” Həsən bəyə irad tuturdu ki, nə qədər “elm, elm” demək olar, bir gül ilə bahar olmaz”. Əlbəttə, bu məsələdə “Vəkili-naməluma” o mənada haqq qazandırmaq olar ki, təkcə “elm, elm” şüarı ilə “sosial yara” sağalan deyildi. Doğrudur, lap əvvəldə dediyimiz kimi, Həsən bəy Zərdabi fəaliyyətinin sonrakı dövrlərində, necə deyərlər, nəzəri maarifçilikdən” “praktiki maarifçiliyə”, döyüşkən maarifçiliyə keçmişdi, həm də “damcı daşı deşər” prinsipinə sadiq qalmışdı. Əlbəttə, “Vəkili-naməlum” da Həsən bəyin və “Əkinçi”nin fəal müxbirlərinin ciddi tənqidindən sonra “Əkinçi” ilə “dil tapa bilmiş”, fəaliyyətini eyni məcraya yönəltmişdi.

Azərbaycanda maarif carçısı, xalqa istiqamətlənmiş “xitabət kürsüsü” kimi ad qazanmış “Əkinçi” qəzetində türk dilli müsəlman aləmində böyük əks-səda doğurmuşdu. Burada yalnız böyük maarifçi, müəfəkkir, türkçü İsmayıl bəy Qaspıralıya və onun nəşr etdirdiyi “Tərcüman” qəzetinə “Əkinçi”nin, şəxsən Həsən bəy Zərdabinin göstərmiş olduğu müsbət təsirdən bir neçə kəlmə qeyd etmək istərdik. Hənifə xanım Məlikova oxuculara artıq məlum olan “Xatirələrində” göstərirdi ki, İsmayıl bəy Qasprinski Krımdan, Baxçasaraydan Həsən bəyə məktub yazaraq “Tərcüman” adlı qəzet buraxmaq istədiyini xəbər verir, həmçinin Həsən bəydən bu işdə ona xeyir-dua verməsini xahiş edirdi. Həmçinin xahiş edirdi ki, Həsən bəy qəzetin idarə edilməsinə rəhbərliyi öz üzərinə götürsün. İsmayıl bəyin məktubu Həsən bəydə bayram əhval-ruhiyyəsi yaratmışdı və Həsən bəy təkrarən Zərdab kəndində yaşadığı vaxtlarda “Tərcüman” qəzetini abunə olaraq alar, özü oxuyar və başqalarına da oxutdurardı.

Əlimərdan bəy Topçubaşovun “Azərbaycanın mayakı” adlı xatiratında “Tərcüman” qəzeti ilə bağlı söylədiyi fkirlərə toxunmaq da yerinə düşərdi. Əlimərdan bəy yazırdı: İsmayıl bəy tez-tez qeyd edirdi ki, Rusiyada türk mətbuatının tarixi “Əkinçi”dən başlanır və Həsən bəy Məlikzadə Zərdabi də bu mətbuatın patriarxıdır. Həmçinin İsmayıl bəy Həsən bəyi özünün müəllimi adlandırırdı. Yerinə düşər deyək ki, İsmayıl bəy Qaspıralı Azərbaycanın demokratik əhval-ruhiyyəli dairələri ilə sıx əlaqə saxlayırdı və onun qızı Şəfiqə xanım Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən biri olan Nəsib bəy Yusifbəylinin ömür-gün yoldaşı olmuşdur. Bir halda ki, söhbət “Əkinçi” və “Tərcüman” qəzetlərindən, onların redaktorları – Həsən bəy və İsmayıl bəydən getdi, burada bir məqama da toxunmaq yerinə düşərdi. Bu məqam da ümumiyyətlə ömrünü xalqın maariflənməsinə, milli maraqların gerçəkləşməsinə, dahi şəxsiyyətlərin həyatının az öyrənilmiş sahələrinə daha bir işıq salınmasına imkan verir. Hənifə xanım Məlikovanın Həsən bəy Zərdabinin şəxsi və ictimai həyatının “əlavə bir çırağı”, Həsən bəyin ömür-gün yoldaşı olmaqla yanaşı, onun maarifçilik fəaliyyətində, “Əkinçi”nin işlərində ən yaxın köməkçisi, məslək dostu olması, milli mətbuatımızın ilk qaranquşu olan həmin qəzetin normal fəalyyəyti üçün gecə-gündüzünü əsirgəmədiyi heç bir digər sübut tələb etmir. Eyni sözləri müəyyən fərqlə “Tərcüman” qəzetinin redaktoru İsmayıl bəy Qaspıralının həyat yoldaşı Zöhrə xanım haqqında da təkrar etmək olar. “Qaspıralı. Seçilmiş əsərləri: roman və hekayələri” kitabında göstərildiyi kimi, İsmayıl bəyin həyat yoldaşı Zöhrə xanım və Krımın adlı-sanlı, zəngin bəylərindən birinin qızı olan anası Fatma xanım ziynət şeylərinin, hətta cehiz əşyalarının satılmasına icazə verirlər ki, İsmayıl bəy “Tərcüman” qəzeti üçün mətbəə yarada bilsin. Zöhrə xanım, elə bil, eynilə Hənifə xanım kimi, “Tərcüman” qəzetinin normal fəaliyyət göstərməsi üçün İsmayıl bəyin ən yaxın köməkçisi, məsləkdaşı olmuşdur.

Həsən bəy Zərdabinin İsmayıl bəy Qaspıralı və Yusif Akçura ilə əlaqələrinin hər üç mütəfəkkirin dünyagörüşünün düzgün qiymətləndirilməsi üçün əhəmiyyətli görünə biləcək bəzi məqamları üzərində də dayanmaq istərdim. Əvvəla, bu diqqəti çəkir ki, Yusif Akçura böyük mütəfəkkirlər və maarifçilər olaraq Həsən bəyə və İsmayıl bəyə böyük hörmətlə yanaşır. O, “Əkinçi”nin İsmayıl bəy tərəfindən yüksək qiymətləndirildiyini göstərir. Qəzetin tam komplektinin onun şəxsi kitabxanasında saxlandığını qeyd edir.

Burada yada salmaq istərdim ki, Yusif Akçura İsmayıl bəyin “Dildə, fikirdə, işdə birlik” şüarının Həsən bəy Zərdabidən qaynaqlandığını xüsusi olaraq nəzərə çatdırır: “Rusiyada 1905-ci il inqilabin baş verib, düşüncə və mətbuat xeyli hüriyyətə qovuşduğu zaman İsmayıl bəy Qaspıralı bütün türk millətinin böyük millətlər arasında görülən həyat qovğasında Zərdabinin sözləri ilə “Məğlub və məğhur (yenilmiş) və nabud (yox olma) olmaması üçün tapdığı çarələrin əsaslarını bir prinsip halında “Tərcüman”ın başına əlavə etdi: “Dildə, fikirdə, işdə birlik”. “Əkinçi”yə dair məlumatı İsmayıl bəy Qaspıralının şəxsi kitabxanasında mövcud olan “Əkinçi” kolleksiyasından aldım”. Azərbaycanda maarifçiliyin, maarifçilik mədəniyyətinin, eləcə də maarifçilik fəlsəfəsinin təşəkkül və inkişafında “Əkinçi”nin, onun redaktorunun, o dövrün demokratik ziyalılarının artıq tarixə yazılmış xidmətlərinin tam əhatəli təhlilini bir yazıda vermək mümkün deyildir. “Əkinçi” qəzetinin özünün tam mətnində və qəzetlə bağlı əlavə materiallarda çox maraqlı elmi-informatik ideyalar saxlanılmaqdadır. Ümumiyyətlə, oxucular, o cümlədən “Əkinçi” və Zərdabi irsinin araşdırıcıları burada tarix, coğrafiya, etnoqrafiya, ekologiya, təbabət və s. haqqında olduqca çox qiymətli elmi informasiya əldə edə bilərlər. “Əkinçi”, nəinki burada öz təcəssümünü tapmış maarifçilik mədəniyyəti və fəlsəfəsi baxımından, həmçinin o dövrün, eyni zamanda, sonrakı dövrlərin ictimai-siyasi, fəlsəfi, mənəvi-intellektual mühitinə, həm də fikrinə göstərmiş olduğu böyük təsir baxımından qiymətlidir.

“Əkinçi”yə həsr olunmuş yazılarımdan birini “Yanıb-sönən, yenə də məşələ dönən “Əkinçi” adlandırmışdım.

Həqiqətən, “Əkinçi” bir qığılcım idi ki, sonradan ondan alov doğdu. Bu alov isə heç zaman sönməyəcəkdir.

İzzət RÜSTƏMOV