Qədim yunanlar deyiblər ki, dünyada bircə elm var: fəlsəfə. Yerdə qalan bütün elmlər bu elmin şöbələridir. Fəlsəfə haqqında isə belə deyiblər ki, bu elm həqiqəti axtarmaq təlimidir. Əslinə qalanda elmin bu modeli ilə razılaşmaq olar. Amma bizim 1500 illik elmimiz, mənəviyyatımız fəlsəfənin yerinə başqa ad yazır: mərifətullah. Bəli, dünyada bircə elm var: mərifətullah. Yerdə qalan bütün elmlər mərifətullahın şöbələri, bölmələri, oxuyanı, öyrənəni həqiqətə yetirən yollardır.
***
Bizdə mərifət deyəndə əxlaq, ədəb-ərkan ağla gəlir. Halbuki mərifət daha yüksək bir anlayışdır, özü də bizim bildiyimiz əxlaqı da, mərifəti də tənzimləyir.
“Mərifət” sözü “tərif” sözü ilə eyni kökdəndir. Biz “mərifət” sözünü düzgün anlamda işlətmədiyimiz kimi, heç “tərif” sözünü də öz yerinə oturtmuruq. Mərifətin də, tərifin də kökündə arif var. Arif-bilən deməkdir, tərif bildirmək, öyrətmək, tanıtmaq, mərifət isə bilmək, öyrənmək, tanımaq təlimi anlamındadır. Mərifətullah, yəni Allahı tanımaq.
Bəli, hər şeyin başı Allahı tanımaqdır. Bəndə üçün bundan böyük vəzifə və təslimiyyətdən üstün dərəcə yoxdur. Allahı tanıyan, Onun buyurduqlarını yaşayan təslimiyyəti özü üçün azadlıq, şərəf və səadət bilir. Xoşbəxtliyin sözlə ifadə edilməyəcək zövqünü, ləzzətini də o təslimiyyətdə tapır.
***
Hər bir şey sistemli şəkildə öyrədildikdə nəticə verir. İslam dinini əsasən üç əsas üzərində öyrədirlər: iman, ibadət, əxlaq. İman hər şeyin başıdır. Bu anlayış haqqında belə tərif verirlər ki, iman Allahın varlığını, birliyini, şəriki-ortağı olmadığını, heç bir şeyin, heç bir kəsin Ona rəqib və ya bənzər ola bilmədiyini qəlbən və dili ilə təsdiq etməkdir.
La-İlahə-İlləllah, yəni “Allahdan başqa ibadət ediləcək kimsə yoxdur” həqiqəti bəşər üçün ən ali gerçəkdir. Təbii ki, bu inamın ardınca imanın digər şərtləri də sıralanır. Amma hər xeyrin başı, hər məntiqin mahiyyəti La-İlahə-İlləllahdır.
***
Allahı bizə tanıdan yenə Allahın Özüdür. Göndərdiyi Qurani-Kərimlə Allah-Təala bizə bizim ehtiyacımız olduğu qədər Özünü tanıdır. Quranda zikr edilən Allah-Təalanın Əsmail-Hüsnası, yəni gözəl adları əslində bütün kainatın, bütün yaradılmışların üz tutduğu aynalar kimidir.
Deyirlər ki, Allah-Təalanın doxsan doqquz adı var. Bizə elə gəlir ki, Allah-Təala bizə doxsan doqquz adını bildirməyi murad edib. Çünki bizim bütün məsələlərimiz o çərçivədə öz həllini tapa bilir. Yoxsa, Allah-Təalanın özəlliklərini, gözəlliklərini doxsan doqquz ada sığışdırmaq, müəyyən çərçivə ilə məhdudlaşdırmaq bizim insan olaraq həddimiz və haqqımız deyil. Allah-Təala o qədər məsləhət görüb, o qədərini də bildirib. Hər şeyin doğrusunu Allah bilir.
***
Bizi xəlq edən, yaradan Odur, bizi yaşadan Odur, bizi yedirən Odur, bizim hər halımızı görən, bilən, eşidən Odur, bizi qoruyan Odur. Bizim “bizim” dediyimiz hər şeyin gerçək Sahibi Odur. Bizim ehtiyaclarımızı ödəyən Odur, bizim günahlarımızı örtən Odur, bizi hifz edən, qoruyan Odur, bizim dualarımıza qarşılıq verən Odur, bizim tövbələrimizi qəbul edən Odur, bizi bağışlayan Odur, bizə qarşı mərhəməti, qəzəbini keçmiş olan Odur. Bütün aləmlərin yaradıcısı Odur, bizi öldürəcək olan da Odur, bizi öldürəndən sonra bizi dirildib, sorğu-suala çəkəcək olan da Odur. O, sonsuz əvvəl, sonsuz axırdır, Onun əvvəli-axırı yoxdur, tək əbədi olan Odur. O daim diridir, daim yaradır. Görünən, görünməyən hər şey – yerdəkilər, göydəkilər, külli-kainat Onun əsəridir. O ölümsüzdür, O təkdir, bənzəri, ortağı, şəriki, rəqibi olmayandır. O ən ədalətlidir, ən mərhəmətlidir. O ən böyük, ən ulu, ən gözəldir. O bizim Allahımızdır.
***
İnsanın yaradılışının əsas qayəsi Allahı tanımaq, Onun varlığına iman etmək, ibadət etməkdir. Bu gerçəyi Allah-Təala Qurani-Kərimdə bildirir. İnsanı imana yetişdirən ən mühüm yollardan biri Allahı tanımaqdır və tanıdıqdan sonra da xalis bir təslimiyyət ruhu ilə buyurduğu yolu tutmaqdır. İxlas ruhu, yəni xalis bir təslimiyyət ruhu ilə Allahın yolunu tutmayanlar nə mərifətə yetişə bilərlər, nə də mərifətin, yəni Allahı tanımağın verdiyi zövqü, səfanı öz ruhlarında hiss edə bilərlər. Allaha iman edənlər hər cür şübhəni, etirazı yaxın buraxmaz, o İlahi nurun feyzində əriyib Allaha qovuşarlar.
***
Möminlər cənnətdə Cənabi-Haqqı müşahidə edə biləcəklər. Rəsulullah (s.ə.s.) bu mənzərəni təsvir edərkən, “Buludsuz bir gecədə 14 gecəlik Ayı görürmüş kimi” təbirini işlədir. Təbii ki, möminin cənnətdə Allah-Təalanı görməsi Allahı bir məkana sığdırmaq anlamına gəlməz. Çünki Allah-Təala hər cür zaman və məkan bağlılığının üzərindədir, Onun üçün məkan məhdudiyyəti olmadığı kimi, zaman məhdudiyyəti də yoxdur.
Hansı möminin mərifəti, yəni Allahın mübarək camalını tanıması nə qədərdirsə, Allahı görməsi də o nisbətdə olacaq. Çünki mərifət elə bir nemətdir ki, nə qədər olsa, insanın gözündəki pərdəni o qədər qaldırmış olar. Onun üçündür ki, bir peyğəmbərin, bir övliyanın və ya sıradan bir insanın cənnətdəki müşahidəsi, yəni Allah-Təalanı görməsi eyni dərəcədə olmayacaq. Demək, insanın Allah haqqında bilgisi, Onu daha yaxından tanıması çox önəmli məsələdir. Çünki insan Allahı tanıdıqca Ona daha çox ibadət, itaət edir. Bu mənada Allahdan ən çox qorxan, Allaha ən çox ibadət edən bəndələr peyğəmbərlərdir. Çünki peyğəmbərlər Allahı digər insanlardan daha çox tanıyırlar.
***
Qurani-Kərimdə Allah-Təala dönə-dönə soruşur: “Heç təfəkkür etməzsinizmi?”
Həqiqətən də, doğru istiqamətdə düşünmək, Allahı tanımağa səy göstərmək ibadətdir. İnsan ağılla, iradə ilə, təfəkkürlə Allahını tapır.
Yeri gəlmişkən, onu da söyləyək ki, insan yaradılış etibarilə elə yaradılıb ki, ağlın köməyi ilə Allahını axtarmağa yönəlməlidir. Hər cür cəhalətin, azğınlığın hakim olduğu bir cəmiyyətdə doğulan İbrahim ətrafındakılar kimi ağacdan, daşdan düzəlmiş bütlərə boyun əymir. İnanır ki, insan əli ilə düzəlmiş bir heykəl Allah ola bilməz. Ona görə də Allahı axtarmağa başlayır.
Həzrəti Məhəmmədə (s.ə.s.) hələ peyğəmbərlik vəzifəsi verilməmişdi, amma dövrün azğın ənənələrinə baş əyməyən insanlar Kəbəyə doldurulmuş bütlərə itaət etmədilər. Onlar Allahı axtarır, Onun göndərəcəyi son peyğəmbəri gözləyirdilər, Kus bin Səidə, Zeyd bin Ömər kimi.
***
Qurani-Kərim: “Allah göylərin və yerin nurudur” buyurmaqdadır. Aləmdə hər şey O nur sayəsində görünür.
Könlünü dünyaya bağlayanlar Allahı görə, tanıya, sevə bilməzlər. Allahı sevənlər dünyanın bütün naz-nemətini əlinin arxası ilə geri itənlərdir. Allahı fiziki şəkli ilə təsəvvür etmək insanın təxəyyülü, təsəvvürü xaricindədir. Allah deyəndə ağlınıza hansı şəkil gəlirsə, bilin ki, o Allah deyil. Qurani-Kərimdə bildirilən Əsmai-Hüsna, yəni o gözəl adlar insana Allahı tanıdan sifətlərdir. Buyurulur ki, özünü tanıyan Allahını da tanıyar. Demək, Allahını tanımayanlar özünü doğru-düzgün tanımayanlardır. İnsan özünün fiziki, mənəvi ehtiyaclarını öyrəndikcə anlayır ki, o ehtiyacları təmin edəcək tək varlıq, qüvvə Allahdır. Bizim xəstəliklərimiz, acizliyimiz əslində bizə Allah-Təalanı göstərən ən gözəl vasitələrdən biridir. Biz xəstələnməliyik ki, Allah-Təalanın şəfi, yəni şəfa verən olduğunu bilək. Biz günah etməliyik ki, Allah-Təalanın Qafur, yəni günahları bağışlayan olduğunu öyrənək. Biz ac qalmalıyıq ki, Allah-Təalanın Rəzzaq, yəni ruzi verən olduğunu dərk edək, yəni hansı yöndən özümüzə baxsaq, o nöqtədən bizim əlimizdən tutub Allahın Əsmaül-Hüsnasına aparan bir qapı var və borcumuz o qapını tapmaq və oradan keçməkdir.
***
Yuxarıda dedik ki, hər şeyin başı imandır. Allahın gerçək iman edən birisi üçün ibadət mənəvi ehtiyac halına gəlir. İman və ibadət insanda əxlaqı formalaşdırır. Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, İslam ən gözəl əxlaqdır. Başqa bir yerdə isə: “Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim” buyurmaqdadır. Yəni bu üç əsas insanı insan edən amillərdir. Əxlaq nədir, bilirsinizmi? – Xaliqin (Allahın) xəlq etdiyi (yaratdığı) məxluq üçün seçdiyi xilqət qanunlarıdır (yaradılış və yaşayış normaları).
***
Bir savaşdan sonra Rəsulullah (s.ə.s.) səhabələrlə meydanı gəzərkən ananın itirdiyi və yenicə tapdığı övladını bağrına basaraq necə öpdüyünü, sevdiyini göstərərək belə buyurur: “O ana övladını oda atarmı?” Hər kəs bir ağızdan: “Əsla atmaz, ya Rəsulullah”, – deyə cavab verir. Rəsulullah qiyamətə qədər vicdan sahibi olan bütün insanların könlünü isidəcək bu müjdəni verir: “Bilin ki, o ana öz övladını nə qədər çox sevirsə, Allah-Təala da öz bəndələrini o ananın öz övladını sevdiyindən daha çox sevir”.
***
İnsanın Allah haqqında məlumatı və mərifəti, yəni bilgisi nə qədərdirsə, Allaha qarşı o qədər etimadlı, ədəbli bəndə olacaq. Ən dindar müsəlmandan ən qatı kafirə qədər hər kəsin Allahı tanımağa ehtiyacı var. Ancaq mərifət yolu ilə kafir iman edərək zəlalətdən, azğınlıqdan qurtaracaq, möminlər də ibadət və itaətlərin dərinliyinə, gerçək mahiyyətinə vara biləcəklər. İnsanlara qarşı haqsızlıq edənlərin, azğınların, dünyanın zövqünə dalmışlar, mənfəətpərəstlərin, axirətini dünyaya satanların ən böyük bəlası ondadır ki, onlar Allahı tanımırlar, Onun haqqında yetərli məlumata, biliyə sahib deyillər.
“Biz Allahı bilirik və tanıyırıq. Məscidə gedir, ibadət edir, oruc tuturuq. Bunlar onu tanımağımızın əlamətləridir” dedikləri halda, ard-arda xəta edir, günah işləyirlərsə və o qüsurları üçün iztirab çəkmirlərsə, demək, söylədikləri doğru deyil, Allahı tanımırlar.
Bu təsbit böyük İslam alimlərindən birinə məxsusdur və bu yazı boyunca biz onu resept kimi dəqiq və dəyərli fikirlərindən istifadə etdik.
Allah-Təala bizləri Özündən uzaq tutmasın, Özünü bizə sevdirsin. Bizə sevmək kimi bir nemət verən Allah o sevgimizi bizi səadətə çıxaracaq tək ünvana, yəni Özünə yönəltsin.
Yerdə qalan hər şey fani, ötəri, yalandan başqa bir şey deyil, elə bu dünyanın özü kimi. Vəssalam!
Əli Çərkəzoğlu, ZAMAN