Martın 7-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Zərdab rayonunun Şıxbağı kəndində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib. www.zerdab.com saytının xəbərinə görə, tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 100-dən çox sahibkar iştirak edib. Tədbir çərçivəsində Zərdab rayonunun, o cümlədən tədbirin keçirildiyi Şıxbağı kəndinin iqtisadi potensialına uyğun olaraq güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan pambıqçılıq təsərrüfatlarının yaradılması, intensiv nar bağlarının, kiçik və orta həcmli meyvə-tərəvəz emalı və müasir çörək istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr, digər metodiki materiallar paylanıb.
Tədbirdə çıxış edən SKMF-ın icraçı direktoru Şirzad Abdullayev Fond tərəfindən Aran iqtisadi rayonunda, o cümlədən Zərdab rayonunda həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat verib və qeyd edib ki, SKMF tərəfindən 2012-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin 301 investisiya layihəsinin maliyyələşdirilməsinə 39,9 mln. manat, o cümlədən respublikanın regionları üzrə 267 investisiya layihəsinin maliyyələşdirilməsinə 35,1 mln. manat və Bakı qəsəbələri üzrə 34 investisiya layihəsinin maliyyələşdirilməsinə 4,8 mln. manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması 1 230-a yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək.
Tədbirdə müvəkkil kredit təşkilatları vasitəsilə Zərdab və ətraf rayonlarda fəaliyyət göstərən 49 sahibkarlıq subyektinə 546 min manat güzəştli kredit vəsaiti verilib ki, bu kreditlər hesabına 90-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.