Bu ilıq yaz günlərində Onun ətri var. Belə ilıq bir aprel səhəri, günəşdən əvvəl doğuldu. Min illərdi dünya o günü, Onun gəlişini, gəlişiylə dünyanı şərəfləndirməsini gözləyirdi. Onun gəlişiylə dünya zülmətdən aydınlığa çıxdı, gözlərə nur gəldi, könüllərə sevgi hakim oldu.
Onun gəlişi dünyanın yenidən doğuşu kimidir, dünya Onunla yeniləndi, Onunla dəyər tapdı, Onunla azad oldu.
Bu ilıq yaz günlərində onun ətri var, Rəsulullah (s.ə.s.) ətri var, Peyğəmbər ətri var. Bu günlər Onun doğulduğu günlərdir, Mübarək Doğum Günləridir.
O, Allah-Təalanın aləmlərə göndərdiyi misilsiz bir nemətdir, mərhəmətdir.
O, Allahın Elçisi, Sevimlisidir; O, Rəsulların, Nəbilərin sonuncusu, Seyyidi və Əşrəfidir.
O, Allah-Təalanın göndərməyi murad etdiyi uca kitabı Qurani-Kərimi əmanət etdiyi mübarək əllərin Sahibidir.
O, bəşəriyyəti Allah-Təalanın lütfü və inayəti ilə zülmətdən aydınlığa çıxaran Böyük Mürşiddir.
O, qiyamətə qədər Adəm oğlunun yolunu işıqlandıran Sonsuz Nurdur.
O, Allah-Təalanın Qurani-Kərimdə “Allaha iman etdim deyənlər Ona itaət etsinlər”- buyurduğu Böyük Vəkil, Xəlifədir.
O, vəhşilər sürüsündən mələklər ordusu çıxaran Tərbiyəçidir.
O, bütün həyatını insanların gözünə, ruhuna, yaddaşına köçürüb doğru həyatı öyrədən Ustad; nifrəti sevgiyə, zülməti işığa, cəhaləti elmə, tikanı gülə, savaşı barışa, ədavəti mərhəmətə çevirən və gözəlliklərin, üstün məziyyətlərinin sözlə ifadəsi mümkün olmayan İlahi bir Hikmətdir.
O, sevən könüllərin Sultanı, təkcə içində yaşadığımız dünyanı deyil, içimizdəki dünyanı da aydınladan, Günəşdən də, Aydan da daha parlaq Sonsuz Nurdur. Həm də elə bir Nur ki, bütün səma cismlərinin, planetlərin başına dolandığı Günəş özü Onun pərvanəsidir.
Dünya Onun kimi Gözəlini görmədi, görməyəcək də. O bu dünyaya bir insan olaraq təşrif buyurdu, dünya Onun gəlişi ilə şərəfləndi, amma Ona adi bir insan kimi baxanlar Onun gözlə görünməyən uca məziyyətlərini nə sezə, nə də sevə bilərlər.
O, Adəm babadan qiyamətə qədər gəlib keçmiş və keçəcək hər kəsdən daha gözəldir, amma dediyimiz kimi, Onun gözəlliklərini təkcə iki qaşın altındakı iki gözlə görənlər Onu tanıya bilməzlər; Onu könlünün gözü ilə görənlər tanıyar və tanıyanlar da Onun yolunda, Onun uğrunda, Ona bənzəmək istiqamətində özündən, özlüyündən imtina edərlər.
Günəş səhər doğar, axşam batar, Onun nuru isə hər zaman görən gözlərdə, sevən könüllərdədir, dünyamızın üstündədir.
O, miladi təqvimi ilə 571-ci ilin belə bir işıqlı aprel gününə açılan dan üzü dünyaya gözünü açdı. Əslində həmin o dan üzündə doğulan təkcə O deyildi, Onunla birlikdə bu dünya yenidən doğulur, yeni anlam, yeni mahiyyət qazanırdı. O aprel səhəri də heç adi bir səhər deyildi, bəlkə də dünyanın ən xoş saatı, ən şirin ovqatı idi. Atası Abdullah O hələ ana bətnindəykən bu dünyadan köçüb getmişdi, adını babası Əbdülmüttəlib verdi: Məhəmməd, yəni yerlərdə və göylərdə öyülmüş, mədh edilmiş.
Onu sevənlər havadan qoxusunu alıb ciyərlərinə çəkdilər, torpaqda ayaq izlərini tapıb üz sürdülər. O, bir ayrı sevgi, O, bir ayrı insan, O, bir ayrı örnək idi… Birindən bir şey soruşdusa, doğrunu öyrətmək üçün soruşdu; birindən bir şey istədisə, onun xeyri üçün istədi. O, dünyanın bəxtinə yazılmış ən böyük Xeyirdir. Bütün gözəlliklərin ən gözəl örnəyi Onun həyatındadır.
Canım fəda olsun Sənin yoluna…
Canım fəda olsun Sənin yoluna, adı gözəl, özü gözəl Məhəmməd!
Şəfaət eyləgil kəmtər quluna, adı gözəl, özü gözəl Məhəmməd!
Yunus Əmrə elə bildi ki, Veysəl Qaraninin dilindən deyib bu sözləri, bir də gördü ki, milyonlar bir ağızdan oxuyur bu sözləri, həm də ürəyin ən dibindən, ən gözəl dua kimi: “Canım fəda olsun…” Candan daha dəyərli nəyi var ki, sevənlərin.
Sən Allahın sevdiyisən, Allahın sevdiyini sevəni Allah sevər, Allahın sevdiyini sevən Allahı sevər.
Məhəmməddən oldu məhəbbət hasil
Məhəmmədsiz məhəbbətdən nə hasil?
Sevməyi Sən öyrətdin bizə, Səndən öyrəndi bu insanlıq sevməyi, Sənsiz nə sevgi, nə məhəbbət?
Göndərən Səni Aləmlərə Rəhmət olaraq, Mərhəmət olaraq, ən böyük nemət, ən böyük dəstək olaraq göndərdi. Sənin adın yetər aşiqlərə. Hansı könüldə, hansı cümlədə adın çəkilərsə, bərəkət toxumları kimi boy verər o yerdə.
Sənin üzün hörmətinə yaradılmadımı bu dünya, Sənin üzün hörmətinə biz də var olmadıqmı? Səndən başqa nəyimiz, Sən olmayan yerdə nə işimiz olacaq ki bizim?
O sonsuz Nurdur, O, dünyaları da, könülləri də, işıqlandıran, nicat yolunu, qurtuluş yolunu göstərən bir Mürşiddir. O elə möhtəşəm bir nurdur ki, Günəş də, Ay da işığın Ondan alır; ancaq hərəkət halı ilə varlığını davam etdirən bu kainat Onun başına fırlanır, Onun pərvanəsi olaraq dəyər qazanır:
Bir əcəb Nur kim, Günəş pərvanəsi.
Bunu da “Nəti-Şərif”i ilə könüllərə düşən Süleyman Çələbi söyləyib, söyləyib də, nə gözəl söyləyib.
Hər gözəlliyin zirvəsi Onda görünüb. Adəm oğlu bu dünyada Ondan gözəlini görməyib, görməyəcək də. Məhəmməd Füzüli Onun çöhrəsinin gözəlliyini misli görünməmiş və görünməyəcək bir gül hesab edir:
Suya versin bağban, bihudə zəhmət çəkməsin,
Bir gül açılmaz üzün tək, versə min gülzarə su.
Könlündə duyğusu olan, həqiqi sevginin nə olduğunu bilənlər Onu vəsf ediblər. Onu vəsf edənlər Ona bir şey qazandırmayıblar, sadəcə, onun adını öz şeirlərinə qatıb, yazdıqlarına da, duyğularına da bərəkət tapıblar. Onun sevgisi hansı qəlbə düşsə, o qəlbin bərəkəti sahibinə yetər.
***
Ona Allah-Təala və mələkləri səlatü-salam edirlər. Ona salam oxumaq bizə Allah-Təalanın əmridir. Ona Allahın səlatı dəstəkləməyidir, mərhəmətidir, müzəffər qılmasıdır; mələklərin səlatı Onun üçün dua etmələridir, Onu sevmələridir; Ona bizim səlatımız isə yolunu tutmağımız, buyruqlarına əməl etməyimizdir.
***
O, bir şey soruşurdusa, öyrətmək üçün soruşurdu, O, bir şey istəyirsə, vermək üçün istəyir; Onun yolunu tutmaq Ondan çox, bizə qazandırar, bizi qurtuluşa çıxarar; bizim qurtuluşa çıxmağımız da Onun qazancı olar.
Allah-Təala buyurur ki, Allahı sevdiyini söyləyənlər Onun yolunu tutsunlar, dediklərini qəbul eləsinlər ki, Allah da onları sevsin. Açın Qurani-Kərimi baxın, Ali-İmran surəsinin 31-ci ayəsində buyurulur. Buyurun, bundan daha tutarlı bir dəlil olarmı? Demək, Pəsulullahı sevmək həm də Allahı sevmək mənasına gəlir və həm də Rəsulullahı sevmədən Allahın mərhəmətinə qovuşmağın mümkün olmadığını da bizə göstərir.
Onun yolunu tutan Allaha təslim olmuş sayılır. Onun əxlaqı Quran əxlaqıdır, Onu tərbiyə edən Allah-Təaladan başqa bir kimsə deyil. Onu xətalardan, günahlardan qoruyan da Allah-Təalanın Özüdür. Onun həyatı Quranda yaşanması istənilən örnək mənzərələr toplusudur.
***
Qurani-Kərim Onu bizə təqdim edir, tanıdır:
– Biz Səni ancaq aləmlərə rəhmət olaraq göndərdik (Ənbiya surəsi-197).
– And olsun, sizə özünüzdən elə bir Peyğəmbər gəlmişdir ki, sizin sıxıntıya düşməniz Ona çox ağır gəlir. O, sizdən ötrü (sizin iman gətirməyiniz üçün) çox təşnədir, möminlərə şəfqətli, mərhəmətlidir (Tövbə-128).
– (Ey Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim yolumu tutun ki, Allah da sizi sevsin və gühanlarınızı bağışlasın. Çünki Allah çox bağışlayandır, mərhəmət edəndir.
Süleyman Çələbi
Sevimli Peyğəmbərimizin (s.ə.s.)
Mövludi-şərifindən parçalar
Allah adın zikr edəlim əvvəla,
Vacib oldu cümlə iştə hər qula.
Allah adın hər kim ol əvvəl ana,
Hər işi asan edər Allah ona.
Allah adı olsa hər işin önü,
Hərgiz əbtər olmaya anın sonu.
Bir kəz Allah dersə şövq ilə lisan,
Tökülür cümlə günah misli-xəzan.
İsmi-Pakin pak olur zikr eyləyən
Hər murada yetişir Allah deyən.
Eşq ilə gəl indi Allah deyəlim,
Dərd ilə, göz yaş ilə ah edəlim.
Ola kim rəhmət qıla ol padişah,
Ol Kərimü ol Rahimü ol ilah.
***
Bu gələn elmi-lədun sultanıdır,
Bu gələn tövhidi-irfan kanıdır.
Bu gələn eşqinə dövr eylər fələk,
Yüzünə müştaqdürür insü-mələk.
Bu gecə ol gecədir kim, ol şərif,
Nur ilə aləmləri eylər lətif.
Bu gecə şadan olub ərbabi-dil,
Bu gecəyə can verir əshabi-dil.
Rahmətən lil-aləmindir Mustafa,
Həm şəfi ül-müznibindir Mustafa.
***
Cümlə zərrati-cahan edib səda,
Çağrışuban dedilər kim, mərhəba!
Mərhəba ey ali-sultan, mərhəba!
Mərhəba ey kani-ürfan, mərhəba!
Mərhəba ey sirri-Furkan, mərhəba!
Mərhəba ey dərdə dərman, mərhəba!
Mərhəba ey bülbülü-bağı-cəmal,
Mərhəba ey dərdə dərman, mərhəba!
Mərhəba ey mahü xurşidi-Xuda,
Mərhəba ey Haqdan olmayan cüda!
Mərhəba ey asi ümmət məlcəi,
Mərhəba ey çarəsizlər əşfai!
Mərhəba ey cani-baqi, mərhəba,
Mərhəba uşşaqə saki, mərhəba!
Mərhəba ey qüdrəti ayni-Xəlil,
Mərhəba ey xasi-məhbubi-Cəlil!
Mərhəba ey rahmətən lil aləmin.
Mərhəba, sənsin şəfi əl-münzibin.
Mərhəba ey padişahi-du cahan,
Sənin üçün oldu kövn ilə məkan.
Əli Çərkəzoğlu, ZAMAN