Texnologiyanın indiki inkişaf mərhələsində redaksiyalara daxil olan məktublar öz formasını dəyişib, elektronlaşıb. Artıq klassik kağız məktublar, demək olar ki, tarixin arxivinə verilib.
Amma istisnalar hələ də mövcuddur. Kağız məktublardan az da olsa istifadə olunur. Bu günlərdə redaksiyamıza Sumqayıtdan bir məktub daxil oldu. Məktubu açdım. Əlyazması ilə yazılmış və şəxsən mənə ünvanlanmış iki səhifəlik yazının gözəl xətlə yazılması diqqətimi çəkdi. Adətən əlyazması ilə yazılan yazıların oxunmasını ən sona saxlayıram. Amma, necə dəyərlər, muncuq kimi düzülmüş hərflər məni adətimə xilaf çıxmağa məcbur etdi. Yazını dərhal oxudum. Yazıda xəttin gözəlliyi qədər də səmimiyyət hiss etdim. Doğrudur, hadisələrin cərəyan etdiyi ərazini tanımayanlar yazıda qaranlıq məqamlar tapa bilərlər. Amma bu məqamlara aydınlıq gətirmək üçün müəllif Adil Gülmalıyev əli ilə ərazinin xəritəsini də cızaraq məktuba əlavə edib. Biz o “xəritəni” çap etməyə lüzum görmədik. Çünki bu yazı, mənim zənnimcə, bir tarixi əsərin parçasıdır. Adil müəllimin özünün yazdığı kimi, “Banı nənəmin kəndimizə gələn Nuru paşanın qoşunu haqqında gördüklərini həvəslə danışdığını uşaq kimi dinləsəm də, sonralar anladım ki, bu, şanlı bir tarix əsəridir”. Məktubda qeyd olunan faktların rayonumuzla – Zərdabla birbaşa və ya qismən əlaqəsi var. Odur ki, bu yazını hamımızın hər gün sevə-sevə daxil olub oxuduğumuz, bizim üçün doğma rayonumuz, kəndimiz qədər doğma olan Zerdab.com saytının oxucularına təqdim etməyi özümə borc bildim…
ÜRFAN MƏMMƏDLİ, “Çempion”, “Zaman-Azərbaycan” qəzetlərinin redaktoru.
Banı nənəmin gördükləri
Sizə yazdığım bu tarixi məlumatı 65 ildən artıqdır ki, qəlbimdə, yaddaşımda pünhan saxlayırdım. Məqsədim bu idi ki, yazımı Nuru paşanın Azərbaycanı rusların, ingilislərin və erməni vandallarının zülm və əsarətlərindən xilas etməsinin yüz illiyi öncəsi yazım. Amma qorxdum ki, etibarsız əcəl aman verməsin. Düşünürəm ki, tarix dövlət arxivlərində, kitabxanalarda, dərslik kitablarında yaşandığı kimi, insanların qəlbində və yaddaşında da yaşayır. Bu kimi tarixi faktlar arxivləri və kitabları zənginləşdirir, qürurunu, iradəsini möhkəmləndirir. Sizə yazdığım bu məlumat Nuru paşanın Azərbaycan tarixində misilsiz qəhrəmanlıqlarından faktiki kiçik bir epiozddur.
Banı nənəmin evi ilə evimiz arasında bir ev vardı, o da əmimin evi idi. Bizə qədər evlərimiz arasında çəpər olmadığından üç evin uşaqları həmişə bir yerdə oynayırdıq. Üç evdə bir kişi yox idi, hamısı müharibəyə getmişdi, onlardan qayıdanı təkcə Banı nənəmin Cəfər adlı oğlu idi. Bu üç evin qadınları daima bir yerə toplaşar, söhbət edərdilər. O zaman Banı nənəmin kəndimizə gələn Nuru paşanın qoşunu haqqında gördüklərini həvəslə danışdığını uşaq kimi dinləsəm də, sonralar anladım ki, bu, şanlı bir tarix əsəridir. Odur ki, Banı nənəmin görüb danışdıqlarını olduğu kimi yazıram, bura özümdən əlavə bir söz artırsam, hesab edirəm ki, nənəmin ruhu məndən inciyər.
O deyirdi: “Neçə müddət idi ki, kəndimiz vahimədə idi, xəbər gəlirdi ki, ermənilər hər yerə od vurub yandırır, insanları vəhşicəsinə öldürür, mal-qarasını sürüb aparırlar. Buna görə də Çölərəb, Ərəbxana və Çərtəyəz kəndinin ağsaqqalları bir yerə toplaşıb məsləhət görürlər ki, bu üç kəndi tamam boşaldıb, mal-qarasını camaatı ilə birlikdə Çərtəyəz meşəsində yerləşdirsinlər. Ən çox təhlükə gözləyən 7 kəndin hamısı Kürdəmirdən Zərdaba gedən yolun ətrafında 40 km-lik ərazidə yerləşir. Çərtəyəz kəndi isə bir qədər uzaqda – Kürün sahilindədir. Burada, çayın birinci dairəsi meşəlik idi, camaatı və mal-qaranı burada yerləşdirmək olduqca münasib idi. Bunun üçün xeyli müddət ərzində 4-5 nəfərlik kiçik qayıqlar, bir neçə sal düzəldilmişdi. Bütün lazımlı işlər görülüb hazır vəziyyətə gətirilmişdi. Məqsəd ermənilərin gəldiyi təqdirdə buradan Kür çayını keçib İmişli rayonu ərazisinə sığınmaq idi.
Çölərəb kəndinin dərin qobusunda bir neçə atlı növbə çəkirdi. Onlar ermənilərin gəlişi barədə Çərtəyəz meşəsindəki uca qovaq ağaclarından baxan gənclərə işarə ilə xəbər verməli idilər.
Hamı təlaşlı vahimədə ikən birdən ermənilərin gəlişinin gözlənildiyi tərəfdən bir çapan əlində qırmızı şal yelləndiyi göründü. Bu, ona işarə idi ki, gələn ermənilər deyil, xilaskarımız olan türk qoşunudur.
Əvvəlcə ağacdakıların, sonra da onlara qoşulan, sayı bilinməyən üç para kənd camaatının şən “urra” səsləri çayın o biri tayındakı Əlyetməzli və Qaramahmudlu kəndlərində də eşidilirmiş. Bunu sonradan mərasimə gələn həmin kəndlərin camaatı deyirdi”.
Burada kiçik bir haşiyə çıxmağı mövzumuz üçün lazım bilirəm: inandırıcı olsun deyə, deməliyəm ki, Kür çayı Ç ərtəyəz kəndi ilə Qaramahmudlu kəndi arasından iki dəfə keçir. Çərtəyəz kəndi ilə İmişli rayon ərazisindəki Əlyetməzli kəndlərini bir-birindən daima lal axan Kür çayı sanki qəsdən ayırıb.
Nənəm deyərdi: “Meşədə canlanma başladı, hamı xoş əhval-ruhiyyə ilə işə başlayanda bir neçə ağsaqqal kişi atlanıb qoşunu meşəyə gətirmək üçün onları qarşılamağa getdilər. Qoşun meşəyə çatanda arxası hələ bizim kənddə idi, onlar topa şəklində yox, bir neçə sıra ilə gedirdilər, atlıları da var idi, iki təkərli at arabaları da. Ətraf kəndlərdən camaat axışıb qoşunu salamlamağa gəldilər. Sorşor, Muradxanlı, Mollakənd, Əleytməzli, Qaramahmudlu camaatı arabalarda ərzaq və mal-qara gətirirdilər. Səkkiz kəndin ağsaqqallarının xahişini nəzərə alan qoşun başçısı üç gün burada qalmağa razı oldu. Bu zaman yüzdən yuxarı qadına da xüsusi iş verilmişdi, bütün əsgər və zabitlərin paltarlarının yuyulub təmizlənməsi bizə həvalə edilmişdi. Yolasalma mərasimində onlara iki araba ərzaq məhsulları və bir neçə yəhərli at da bağışlandı. Bir neçə atlı Qaramahmudlu kəndinə qədər gedib onları yolasaldılar. Bu yol onları Zərdab rayonuna aparacaqdı”.
Bəli, ölkəmizin hər tərəfində olduğu kimi, bizim kəndlərimizdə də türk əsgərinin ayaq izləri qalıb. Onlar vətənimizi, torpağımızı, canımızı, namusumuzu qoruyub erməni vandallarından.
Eşq olsun yenilməz, qüdrətli Türk ordusuna!
Hörmətli redaksiya!
Həyat qəribə, unudulmaz və könül açan hadisələrlə doludur. Taleyimiz elə gətirib ki, uşaqlıqda bir yerdə oynadığımız üç evin hərəsindən bir nəfər əlli ildən artıqdır ki, Sumqayıt şəhərində yenə də qonşuluqda yaşayırıq. Banı nənəmin Səmayə adlı nəvəsi əmim oğlu ilə ailə qurub, dörd övladları, yeddi nəvələri var. Demək istəyirəm ki, 95 il öncə Banı nənəmin gördükləri, türk əsgərlərinin ayaq izləri kəndimizdə, obalarımızda qaldığı kimi, özləri də qəlblərdə yaşayacaq, nəsildən nəslə, obalardan obalara ərməğan ediləcək.
Adil Gülmalıyev, Sumqayıt şəhəri
Adil qardaşıma təşəkkür edirəm ki, Nuru Paşanın rəhbəri olduğu xilaskarımız – Qafqaz İslam Ordusunun rayonumuza gəlməsi ilə bağlı bu çox maraqlı və əhəmiyyətli tarixi faktı biz oxucularla bölüşüb. Eyni zamanda çox hörmət etdiyim Ürfan Məmmədliyə də dərin təşəkkürümü bildirirəm.
Məncə hər bir azərbaycanlının evində Nuru Paşanın şəkli olmalıdır.
Qədirbilən xalqımız heç zaman bu yaxşılığı unutmayıb və unutmayacaq. Məşhur “Çırpınırdı Qara dəniz” və “Lalələr” mahnılarımız da türk qardaşlarımıza olan hörmət və ehtiramımızın təcəssümüdür. Yazı ilə əlaqəli olduğu üçün hörmətli, mərhum şairimiz Bəxtiyar Vahabzadənin Qobustan rayonu ərazisində yerləşən “Türk şəhidliyi”ndə uyuyan tənha türk şəhidinə həsr etdiyi bu gözəl şeri rəyimdə yerləşdirməyi özümə borc bilirəm.
Yolun kənarında tənha bir məzar,
Üstündə nə adı, nə soyadı var.
Ey yolçu maşını əylə bu yerdə
Soruş kimdir yatan tənha qəbirdə
O bir türk zabiti qəhrəman, mətin,
Doğma qardaşına yardıma gəldi
Qırğına tutulan millətimizin
Haqlı savaşına yardıma gəldi.
Yolçu, maşınını bu yerdə əylə,
O məzar önündə sən təzim eylə
Səcdə qıl, dua ver onun ruhuna
Ayaq basdığın yer borcludur ona
Allah bütün şəhidlərimizə rəhmət etsin!
Var olsun Azərbaycan-Türkiyə qardaşlığı!
Dərin hörmətlə, Qurban Şahhüseynli
Bu xatirələrdən məndə də var yaddan-yaxından çox dinlədim. Qəlbimi göynədən odur ki, o qorxaq tülkü dediyimiz ermənidən qorxub vahimə içində qaçmağımızdır.
Comments are closed.