Özünü gərəksiz bildinsə, demək gərəksizsən

1
87

insanİnsan o qədər zəngin varlıqdır ki, hər halında, hər anında bir bərəkət qapısı var.  Müsəlman aciz olmaz, çünki İslam insanı acizlikdən qurtarmaq təlimidir. Nə halda olursan-ol, ümidini üzmə, hər ağır məqamdan bir çıxış yolu axtar! Səbəblərin tükəndiyi yerdə, dibsiz quyunun dibində belə bir qurtuluş qapısı var.

Dəryada Yunus misalı

Yunus Peyğəmbəri (ə.s.) zülmət gecədə gəmidən dənizə atdılar, o yandan da bir balıq gəldi, Yunusu uddu. Gecə zülmət, dərya zülmət, balığın qarnı zülmət, hər tərəf zülmət, bircə Yunusun içində zülmət yoxuydu. Yunusun içində umud vardı, nur vardı.  Həzrəti Yunus o gecənin qaranlığından, o dəryanın dərinliyindən, o balığın qarnından ümid qapısına yönəldi, əllərini qaldırıb Rəbbinə ərz elədi halını, Ona yalvardı, Ondan imdad dilədi. Allahı tanıyıb Ona yönələn bəndə üçün hər zaman bir ümid qapısı var.

Mükəlləfiyyət son anacandır

Namaz mükəlləfiyyətindən qurtarmağın iki yolu var: ya dəli olacaqsan, ya ölü olacaqsan. Namazı ayaq üstə qıla bilmirsənsə, oturmuş şəkildə qılacaqsan; oturuqlu halda qıla bilmirsənsə; söykənərək, uzanaraq qılacaqsan; o şəkildə  qıla bilmirsənsə, qaş-göz işarəsi ilə qılacaqsan. İmkanın tükəndiyi yerə qədər Allah-Təala sənin yaxanı buraxmaz, bu işin mükəlləfiyyətini uzadar. Demək, namazda əsas məsələ onu ayaq üstə qılmaq deyil, hansı halda olursan-ol, o halınla Allaha boyun əyməkdir, təslim olduğunu qəlbinlə, cisminlə nümayiş etdirməkdir.

Allah-Təala öz bəndəsinin üzərindən namaz mükəlləfiyyətini son məqama qədər götürmədiyi kimi, ona verdiyi imkan və istedadların da sonuna qədər açıq olmasını, istifadə edilməsini, işə yaramasını istəyir. Əlini-qolunu sallayıb ümidsizliyə düşən bir insan həqiqi müsəlman ola bilməz. Hər qaranlıq gecənin ardınca bir aydınlıq gündüzün gəlməsi haqqında istədiyin qədər müjdə var dinimizdə. İslam ümid dinidir, tərəqqi dinidir, çırpıntı dinidir. İslamı acizlik kimi anlayan, geridəqalmışlığı İslamla bağlayan ya cahildir, ya da İslam düşməni.

Görsən ki, qiyamət qopur…

Allah Rəsulunun (s.ə.s.) bir hədisi bu mövzuda gözlərimiz önünə çox möhtəşəm və ibrətli bir mənzərə açır: “Ağac əkdiyin yerdə görsən ki, qiyamət qopur, sən heç nəyə fikir vermədən öz işinə davam elə”. Nə qədər də möhtəşəm bir tövsiyə, nə qədər də misilsiz bir müjdə! Sən qiyamətin qopduğuna baxma, öz qəlbinə, öz əməllərinə, öz dəftərinə bax. Qiyamət haqqında düşünənlər, bütün həyat səhifələrini qiyamət ssenarilərinə bağlayanlar imanı zəif olanlardır. Onsuz da sənin ölümün qaşla göz arasındadır, hər kəsin ölümü özünün qiyamətidir. Daha sən dünyanın sonunu niyə özünə dərd edirsən, öz aqibətini düşünsənə!

Üzrümü qəbul buyur, Allahım!

Bir alim tələbələrinə din dərsi verirmiş. Yaşı keçmiş, qocalıq və xəstəlik səbəbi ilə əldən düşmüşdü. Nə ayaq üstə dura, nə də otura bilirdi, elə uzandığı yerdəcə kitabını tutub tələbələrinə söhbət edirdi. Həyat günəşi solmaq üzrəydi, qollarında heyi də qalmamışdı, ona görə də tez-tez kitab əlindən düşür, səhifələrin yeri qarışırdı. Yenə kitab düşdü. Tələbələrdən biri kitabı yerdən qaldırdı və qəmli-qəmli ustadına baxdı. Onun da, yoldaşlarının da nə demək istədikləri gözlərindən bəlli idi: “Ustad, sən dincəl, nəfəsini dər, bu vəzifəyə son versən, yaxşıdır”. Ustad da nuru solmaqda olan gözləriylə tələbələrinin gözündən oxudu bu sözləri, əllərini açıb: “Üzrümü qəbul eylə, Allahım! Mən son nəfəsimə qədər bu yoldan dönmək niyyətində deyiləm, amma bu tələbələrim kitabı əlimdən aldılar. Üzrümü qəbul eylə!”,- deyib hıçqıra-hıçqıra ağlamağa başladı.

Hər şey “pensiya”ya qədər

Kim öz işini, vəzifəsini hara qədər hesablayırsa, özü də ora qədərdir. Artıq bir işə yaramamaq, un çuvalı kimi evin küncündə qalmaq, insanlara yük olmaq, əlin tuta-tuta, gözün görə-görə bir işin qulpundan yapışmamaq ölümə dəvətnamə göndərmək kimidir. Unutma, hər zaman sənin bacaracağın bir iş var, hər zaman hardasa, kimlərəsə xeyir vermək iqtidarındasan, onu axtarıb tapmaq sənin insanlıq borcundur. Yaşın yetmiş oldu, artıq əmək fəaliyyətinə son qoydun, daha bundan sonra dövlətin verdiyi pensiya ilə baş girləyəcəksən, günlərini dominoda, nərddə, qonşularla qeybətdə, boş laqqırtıda, mənasız gəzintidə keçirib “insan kimi yaşadım” deyəcəksən, eləmi? – ay, hay!

Başdaşında yazı

Bir nəfər yad məmləkətə səfərə gedir. Yolu qəbiristanlığın yanından keçəndə baxır ki, başdaşlarının üzərində kiminin bir il, kiminin üç il, kiminin də cəmisi beş-altı ay ömür yaşadığı yazılıb. Heyrətə düşür. Səbəbini soruşur. Deyirlər ki, başdaşına yazılanlar mərhumun bu dünyada yaşadıqları illərin sayı deyil, nə qədər faydalı olduğunun göstəricisidir. Yolçu çox düşünür, vəsiyyət edir ki, başdaşına yazsınlar ki, bu adam heç doğulmayıb. Hər kəs öz başdaşına nə yazılacağını düşünsə, yaxşıdır.

“Titanik”dən bir mənzərə

Məşhur “Titanik” filmini görməmiş olmazsınız. Gəmi batır, hər kəs bir vasitə ilə fəlakətdən qurtarmağa çalışır. Qəhrəmanlar xilas olmaq üçün bir qapıya yönəlirlər. Geriyə dönmək ölmək deməkdir, tək çarə bağlı qapını açaraq  qurtarmaqdır. Açar bir qədər aralıda, suyun altındadır. Nə qədər çətin olsa da, qapını aça və xilas ola bilirlər. Hər dəfə o kadrlara baxanda ağlıma bir fikir gəlir ki, müsəlman məhz bu cür qətiyyətli, inadkar olmalıdır. Əlini-qolunu sallayıb ölüm gözləmək Allahın mərhəmətindən ümid kəsməkdir.

Ölüm istənməz, hər zaman yaşamaq üçün çırpınmaq, bir yol axtarmaq lazımdır. Amma onu da unutmq olmaz ki, ölüm qaçılmaz sonluqdur və o sonluğa hazırlaşmaq da müsəlmanın borcudur. Burada çox incə bir məqam var: biz yaşamaq üçün çırpındığımızda əslində ölümə hazırlaşmış oluruq. Son nəfəsinə qədər Haqq yolunda mübarizə aparanların ölümü bayram olur. Əlini-qolunu sallayıb ölümü gözləyənlərin ölümü bayram olmaz, fəlakət olar.

İntihar fəlakətdir

Öz canına qıymaq Quranda şiddətlə yasaqlanmışdır. İntihar eləmək Allahın bizə verdiyi can əmanətinə xəyanət etməkdir, Allahın mərhəmətindən ümid kəsməkdir, Allahın önümüzdə açdığı imtahan meydanından imtina etməkdir, qaçmaqdır, fərarilikdir. Zahirən cəsarət kimi görünsə də, intihar öz mahiyyətində fəlakətdir, qorxaqlıqdır.

Özünü gərəksiz bilirsənsə…

Peyğəmbərimiz buyurur ki, dinimiz müvazinət dinidir, müsəlman öz həyatını tarazlıq üzərində quran insandır. Allah yolunu tutmuş birisinin yatmağı da ibadətdir. Çünki o, həyatını Haqq yoluna sərf edib, onun üçün dincəlmək sabahkı mübarizə üçün enerji toplamaqdır.

Sən həmişə gərəklisən. Hardasa, kiminsə sənə ehtiyacı var. Özünü nə qədər gərəkli hesab edirsənsə, o qədər gərəklisən; nə zaman özünü gərəksiz bildinsə, demək gərəksizsən. Vəssalam.

ZAMAN

1 comment

  1. Mence gereksiz insan olmur.Her kes oz uzerine dusheni elese ne geder lazimli oldugunu hiss eder….ALLAH hec kimi bu zovgden mehrum elemesin!!!!

Comments are closed.