Aynada əyri görünmək istəmiriksə…

0
49

şilleOrta məktəbdə oxuyarkən müəllimlərimizin ən çox işlətdiyi bir ifadə vardı: “hər uşaq öz ailəsinin güzgüsüdür”. Hər bu sözü eşidəndə uşaq ağlımla öz-özümə deyirdim ki, bu müəllimlər də ancaq eyni sözü təkrarlayır, biri yeni bir şey tapmır deməyə. Eyni zamanda fikir vermişdim ki, bu cümlə özünü pis aparan şagirdlərə bərk toxunurdu, pərt olub daha da üsyankarlaşardılar. Çünki etdiyi hərəkəti ailəsinə layiq bilmirdi. Bu səbəbdən də əslində ailəsinə pis “güzgü” olduğu üçün məhz özünə acıqlanmış olurdu.

Uşaq vaxtı bir dəfə atam kiçik qardaşıma bərk sillə vurmuşdu. Birinci sinifdə oxuyan qardaşım dərsdən evə gələrkən həyətdə satılan almadan birini götürüb yeyə-yeyə evə gəlmişdi. Əlindəki dişlənmiş almanı görüb atam bunu kimin verdiyini soruşdu. Qardaşım da sanki hünər göstəribmiş kimi gizlincə götürüb qaçdığını, satıcının görmədiyini dedi. Atam heç nə demədən ona elə bir sillə vurdu ki, qardaşım niyə vurulduğunu anlamadığından şokdan ağlaya da bilmədi. Çünki atam indiyə kimi qətiyyən ona əl qaldırmamışdı, axı o, sonbeşik idi. O zaman atamdan bərk incimişdim. Axı o, uşaqdır, nə bilir oğurluq nədir, haqq nədir. Gərək atam onu vurmayaydı, sözlə başa salaydı.

Son zamanlar xəbər proqramlarında o qədər oğurluq, cibgirlik hadisələri haqqında danışılır ki, deməyə söz tapmırsan. Biri qonşusunun evinə girir, biri maşın hisslərini söküb oğurlayır, biri gücsüz qadının telefonuna, qulağındakı sırğaya göz qoyur, daha nələr, nələr…

Bu pis əməli törədənlərin də əksəriyyəti gənc, yeniyetmə uşaqlardır. Hər belə xəbəri eşidəndə ürəyim ağrıyır. Axı onlar da bir peşə sahibi olub halal yaşamağı seçə bilərdilər. Nə üçün gənc ömürlərini 10-15 manat pula satırlar?!

Bir də diqqətimi çəkən bir məqam var: oğurluq edən uşaqların çoxu ya qonşusunun, ya dostunun, bir sözlə, pis ətrafının təsiri ilə bu işə ortaq olur. Bu isə o deməkdir ki, törətdiyi pis əməldə onun valideyninin də payı vardır. Övladlarımızın dost-tanışını tanımaq, kiminlə oturub-durduğunu bilmək biz valideynlərin borcudur. Xüsusən də, övladımız oğlandırsa və ən əsası yeniyetmədirsə. Atalarımız əbəs yerə deməyiblər ki, dostunu göstər, deyim kimsən.

Bu yaxınlarda yenə xəbərlərdə gördüm ki, 4-5 oğlan uşağı birləşib qoyun oğurluğu ilə məşğul olurmuşlar. Utandıqlarından kameraya düşməmək üçün üzlərini gizlətmişdilər. Yəqin ata-analarının, cəmiyyətin üzünə çıxacaq üzləri qalmamışdı. Çünki öz pis hərəkətləri ilə ailələrinin üzünü qara etmişdilər, pis övlad, pis “güzgü” olmuşdular. Adətən, oğurluq üstündə tutulanların hamısı bunu çörəkpulu üçün etdiklərini deyirlər. Amma nədənsə heç indiyə kimi çörək, yağ, yumurta və s. bu kimi ərzaq oğurluğu üstündə tutulanına rast gəlməmişəm. Əlbəttə, nə və nə qədər oğurlamaqdan asılı olmayaraq, haqqın olmayan bir şeyi götürmək oğurluqdur, bir alma belə olsa.

İllər sonra, elə indinin özündə də hər belə xəbərlə qarşılaşdıqda düşünürəm ki, atam haqlı imiş, ondan incimək yox, vuran əlindən öpmək lazımmış. Yanlış anlaşılmasın, nə onda, nə də indi zorakılıq tərəfdarı olmamışam. Amma zamanında vurulan sillə, bəlkə də, qardaşımın gələcək həyatını xilas edib. Axı o, üzlərini gödəkçələri ilə gizlədən gənclər qardaşımla həmyaşıddırlar…

Tükəzban Məmmədli, ZAMAN