Cəmiyyətimizin düzəlməsi üçün özümüzdən başlamalıyıq

0
58

insanlıqÖzünə inam sosial həyatda özünü təsdiq eləmək baxımından müsbət cəhətdir. Lakin insan sahib olduqları ilə hər şeyə qadir olduğunu zənn etməyə başlayırsa, bu artıq ölçünün qaçması deməkdir. Bunun nəticəsidir ki, bəzi insanlar özünə inam adı altında özlərini kiçik dünyalarının hökmdarı elan edirlər. Təəssüf ki, müasir dövrümüzdə eqoizm və qürura söykənib özlərinə və cəmiyyətə zərər verənlərin sayı durmadan artmaqdadır.

Əgər yaşadığımız cəmiyyətdə çatışmazlıqlar varsa və biz onun əziyyətini çəkiriksə, heç şübhəsiz ki, burada özündən razı insanların da çox böyük rolu var. İlk baxışda ağla gəlmir, ancaq biz sıraladıqca xatırlayacaqsınız.

Məsələn, elə götürək sürücülərimizi. Hələ bir müddət öncə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Kamran Əliyevin dediklərini xatırlayaq: “Cip” sürücülərinin fikrincə, hamı onlara yol verməlidir. Bəzi sürücülər əmindirlər ki, onları ötüb keçmək olmaz və ötməni onlara sataşmaq kimi qəbul edirlər.

Bəziləri çoxzolaqlı yolun sol kənar zolağı ilə gedirlər və heç kimə yol vermirlər. Bundan başqa, düz getməli olan sürücülərin yalnız sola və sağa dönmək icazə verilən zolaqlarda getmələri və dönmək istəyənləri buraxmamaları faktları da az deyil. Belə əsassız əqidələr qəzalara gətirib çıxarır. Bir çox sürücülər yolda əsassız olaraq aqressivdirlər”.

İkinci bir misal: XXI əsrdə yaşamağımıza baxmayaraq, hələ də toylarımızda dava düşür və bu səbəbdən məclislərimiz yarımçıq dağılır. Hətta toylarımızda mahnı sifariş vermək üstündə mağarın, şadlıq evinin altını-üstünə çevirənlər də var. Yəqin yadınızda olar, bir müddət öncə toyların birində mahnı sifarişi üstündə hətta qətl də törədilmişdi. Düzdür, deyə bilərsiniz ki, bu hadisələr içkinin təsirindən baş verir. Amma hər nə olur-olsun, bu hal özündən razı insanlarda daha çox biruzə verir…

Üçüncü misal: “Avtoş” dediyimiz gənclər həm də özündən razı insanlardılar. Yəqin ki, onlar eqoist olmasalar, sükan arxasında əyləşib həm özlərinin, həm də digərlərinin həyatını təhlükəyə atmazlar.

Dördüncü misal: Əgər məmur vətəndaşın problemini həll etmirsə, onu süründürməçiliyə salırsa, halal haqqının əvəzində ondan rüşvət tələb edirsə, bu da onun özündən razılığının əlamətidir. Vətəndaş etiraz edir, narazılığını bildirir o isə “get kimə şikayət edirsən et, nə bilirsən elə” deyir. Bunun adı sözün yumşaq mənasında özündən razılıq deyilsə, nədir?

Özünə inam hara, eqoizm hara…

Özünə inam sosial həyatda özünü təsdiq eləmək baxımından müsbət cəhətdir. Lakin insan sahib olduqları ilə hər şeyə qadir olduğunu zənn etməyə başlayırsa, bu artıq ölçünün qaçması deməkdir. Bunun nəticəsidir ki, bəzi insanlar özünə inam adı altında özlərini kiçik dünyalarının hökmdarı elan edirlər.

Təəssüf ki, müasir dövrümüzdə eqoizm və qürura söykənib özlərinə və cəmiyyətə zərər verənlərin sayı durmadan artmaqdadır.

Bir daha qeyd edirik, özünə inam, güvən yaxşı hissdir, amma dozası çox olanda tamam əks effekt verir. Məsələn, insanın özünə güvənməsi, problemlərini həll edəcəyinə inanması yaxşı haldır. Eqoizm isə özünəinamdan sonrakı mərhələ kimi qiymətləndirilir. Ancaq aralarındaki fərq xeyli böyükdür.

Məsələn, özünə güvənən insan sahib olduğu və əldə etdiklərinin Allahdan gəldiyini anlayır və başa düşür. Ancaq eqoizm xəstəliyinə tutulanlar “hər şeyi özüm etdim”, “mən dediyimi bacaran adamam” deyir və hər şeyi özlərinin etdiklərini zənn edirlər.

Özünə güvənən insan “Allah ağıl və qabiliyyət verdi, mən də çalışıb qazandım” dediyi halda, özündən razı insanlar “mən bilirdim belə olacaq, başqa cür mümkün deyildi” söyləyirlər.

Eyni şəkildə özünə güvənən insan bir işi alınmayanda problemi özündə, buraxdığı səhvlərdə axtarır, lakin eqoistlər alınmayan işlərinin səbəbini başqalarında görürlər. Dolayısı ilə bir tərəf müvəffəqiyyətsizlikdən və xətalarından dərs alır, digəri isə səhvi özündə görmədiyi üçün elə belə də davam edir.

Eqoistləri birləşdirən ümumi cəhətlər

İnsanlar var ki, eqoist olsalar da, bunun fərqində deyillər. Odur ki, onların özlərini tanımaları üçün eqoistləri birləşdirən ümumi xasiyyətləri sadalayırıq.

Özünü haqlı görmək: eqoistlər yalnız öz bildiklərinin doğru olduğunu düşünürlər. “Mən bilirəm” düşüncəsi ilə fikirlərinin doğruluğunu qarşısındakı insanlara qəbul etdirməyə çalışırlar.

Öyünmək: sahib olduqlarını, düşündüklərini, özlərini qürurlandıran zənginlik, gözəllik, vəzifə, təhsil və mədəniyyətlərini yeri gəldi-gəlmədi gündəmə gətirib öyünər və bundan zövq alırlar. Bunlardan bəzilərinin əllərindən alına biləcəyini ağıllarına da gətirməzlər.

Diqqət çəkmək səyi: hansısa bir yerdə “irəli getmək üçün” ön plana çıxmağa və hər kəsdən üstün olduqlarını sübut etməyə çalışırlar.

Bu insanlar öz nəfslərinin ucbatından başqalarının diqqətinə mütləq ehtiyac duyar və bunu Allahın rızasından üstün görərlər.

Səhvsizlik düşüncəsi: xəta işləyə biləcəklərini ağıllarına belə gətirməzlər, hətta bundan sığortalandıqlarını da düşünərlər. Bəlkə, elə ona görə də, həmişə səhvi başqalarında görürlər.

Tənqidə qapalıdırlar: qürurlu və lovğa olduqları üçün onlarla bağlı müzakirələri qətiyyən qəbul etmirlər. Onlara elə gəlir ki, müzakirə olunarlarsa, nüfuzlarını itirəcəklər. Başqasını dinləməyi, dərs götürməyi bilməz, inanclarından vaz keçməzlər.

Özünə güvən hissi müsbət yöndən görünsə də, eqoizm bunun tam əksinə olan bir prosesdir. Bunun həm cəmiyyətə, həm də insana sonradan böyük mənfi təsirləri olur.

Bir daha qeyd edirik, insanı uğura aparan özünəinam hissi həddini aşanda eqoizmə çevrilir ki, bunun da yazımızın əvvəlində qeyd etdiyimiz kimi, acısını cəmiyyətimizdə çəkirik. Balansı qorumağın ən yaxşı yolu isə eqoizmin tərifini bilməkdir ki, bu yazımızda məhz buna çalışdıq. Ümid edək ki, bu güzgüdə özünü görənlər bu mənfi cəhətlərindən əl çəkəcəklər…

Nicat İntiqam, Zaman