Bu gün təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin şöbə müdirlərinin iştirakı ilə iclas keçirib. Təhsil Nazirliyindən verilən xəbərə görə, axşam saat 18:00-da başlayan iclas 3 saatdan çox davam edib. İclas zamanı yeni təhsil naziri şöbə müdirləri ilə söhbət edib, təhsilin müxtəlif sahələri üzrə qarşılıqlı fikir mübadiləsi aparılıb. Görüşdə hər hansı bir kadr islahatı və ya dəyişikliyi edilməyib. Nazirliyin şöbə müdirləri olduğu formada öz işlərini davam etdirəcəklər.
Qeyd edək ki, aprelin 19-da Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Misir Mərdanov təhsil naziri vəzifəsindən azad edilib. Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Çingiz oğlu Cabbarov təhsil naziri təyin edilib. Bu gün Təhsil Nazirliyində keçirilən iclasda yeni təhsil naziri Mikayıl Cabbarov nazirlik kollektivinə təqdim olunub. Yeni nazirin təqdimatını Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev edib. /APA/