Şikəst düşüncənin görüntüləri

1
63

dünya-kainat-düşüncə-fikirAllah adından ehkam kəsmək o qədər böyük günahdır ki, bütün qıldıqların, tutduqların səni xilas etməyə yetməz. İnsan həddini bilməlidir.

Sən xristian keşişi deyilsən ki, onun-bunun üstünə su çiləyib camaatı günahdan təmizlədiyini söyləyəsən. Gör insan cızığından çıxanda nə hala düşür ki, özünü Allahın işlərinə ortaq hesab edir. Günahları bağışlamaq və ya bağışlamamaq Allahın iradəsindədir.

“Ədəb” ərəb sözüdür və elə ərəb dilində də təxminən bizim bildiyimiz mənaları verir, özü  də 3 hərflə yazılır: əlif (ə), dəl (d), bə (b). Amma kim deyibsə, nə qədər də gözəl deyib ki, ədəb əlinə – dilinə, belinə sahib olmaqdır. “Ədəb” ərəb sözü olsa da, türkcədə irəli sürülən bu iddia özünü tamamilə doğruldur.

Əslində isə ədəb gözəl əxlaqın həyata tətbiqidir, yəni ədəb əxlaqın görüntüsüdür. Ədəb yoldur, üsuldur, danışıq və davranış tərzidir, özünü dünyaya tanıtma, insanlara göstərmə şəklidir…

Peyğəmbərimizin də bildirdiyi kimi…

Kürsüdə natiq danışır. Söhbətin mövzusu əxlaqdır, ədəbdir. O danışır, salondakılar cınqır çıxarmadan qulaq asırlar. Danışdıqca coşur, coşduqca danışır… Və birdən heç özü də bilmədən, fərqinə varmadan nə dedi bilirsinizmi? Fikrini əsaslandırmaq üçün Rəsulullahdan (s.ə.s.) örnək gətirmək istədi və belə dedi: “Peyğəmbərimizin də buyurduğu kimi…” Demək istəyir ki, Peyğəmbərimiz də bir zaman mənim indi dediyimi deyib, yəni o da mənimlə həmfikirdir. Göründüyü kimi, bu adam Peyğəmbərimizin buyurduğunu öz söylədiklərinə alət eləməyə çalışır. Hər hansı məsələdən bəhs edərkən öz sözünü Peyğəmbər sözündən üstün görmək ədəbsizlikdir, özü də ədəbsizliyin ən böyüyü. Çünki Peyğəmbər bizim önümüzdədir, biz Onun qoyduğu yoldayıq. Şairlər Peyğəmbərimizin adını öz şeirlərinə alarkən deyiblər ki, biz Sənin şanına bir şey qazandıra bilmərik, amma Sənin adın bizim şeirimizə dəyər qazandırar. İslam tarixində ədəbli olanlara ədib deyilib.

İndi bu adam kürsüyə çıxıb, kimlərəsə nəsə anlatmaq istəyir və öz sözlərini Peyğəmbərimizin buyurduqlarına bir vasitə, bir körpü, bir yol, xidmətçi hesab etmək əvəzinə, Peyğəmbərin hədisi-şəriflərini öz sözlərinə alət edir.

Başa düşə bilmirəm, necə yəni “Peyğəmbərimizin də dediyi kimi?” Əgər Peyğəmbərimiz bir şeyi buyurdusa, sən həqiqəti o istiqamətdə axtarmalısan. O bizim ən böyük müəllimimizdir.

Namazın ardınca “əstəğfürullah”

Bəzi müsəlmanlar namazın ardınca “əstəğfürullah” deyə dua edərlər, yəni “ey bəndələrinin günahlarını bağışlayan, mərhəməti sonsuz olan Allahım, məni bağışla!”. İlk baxışdan kimlərəsə təəccüblü görünə bilər, yəni Allahın əmrini yerinə yetirdiyin halda Ondan əfv diləyirsən. Əslində isə burda təəccüblü heç bir şey yoxdur. İnsan hər zaman xəta eləyə bilər, lap ibadət zamanı belə. Əfv diləməklə o xətaların bağışlanmasını istəyirsən Uca Yaradandan. Yəni o “əstəğfürullah” bir növ ibadətin qüsurları varsa, onlara sürülmüş məlhəm kimi olur. Bu dediyimiz işin şəriət tərəfidir, məsələnin bir də təriqət yönü var. Tutaq ki, sən namazını dini terminlə desək, hüşu içində, yəni pürdiqqət qıla bildin, sağa, sola salam verib, namazdan çıxdın və Allahdan əfv dilədin. Bu da o anlama gəlir ki, “Allahım, əgər mənim içimdə bir ibadəti yerinə yetirdiyimdən dolayı təkəbbür, arxayınçılıq, rahatlıq kimi bir duyğu yaranırsa, mən onlardan sənə sığınıram. Namaz əmrini yerinə yetirə bilmək şərəfini bu üzüqara quluna bəxş etdiyin üçün sənə nə qədər həmd etsəm, azdır. Məni mərhəmətindən ayırma, lütfünü, inayətini üstümdən əskik etmə! Mənə verdiklərini  ən sağlam, ən təmiz şəkildə Sənə qaytara bilməyi nəsib eylə bu quluna! Yoxsa mən hara, özünü Sənin sonsuz qüdrətin və mərhəmətin qarşısında bir şey zənn etmək hara? Məni təslimiyyət şüurundan, ibadət ruhundan ayırma, ey Aləmlərin Rəbbi olan Uca Allahım!”

Bəli, dəyərli oxucum, işin iki başı var, biri elə, biri də belə, hansı qapıdan istəyirsən keç, amma yetər ki, keç, bayırda qalma. Bayırda qalanlar elə bayırda qalırlar.

Köhnə kişilərin duası

Görmədiyini, tanımadığını, səndən öncə yaşayıb ölmüşləri düşünmək nə qəribə hissdir, heç bu haqda düşündünmü? Üzlərini görməmisən, səslərini eşitməmisən, bircə onu bilirsən ki, onlar da sənin kimi müsəlman olublar, Allahı tanıyıblar, ona ibadət ediblər, indi bu həyatda yoxdurlar və bir vaxt sən də ölüb onların ardınca gedəcəksən. Elə bu düşüncə ilə də onlarda bir doğmalıq, bir yaxınlıq axtarırsan özünə.

Bu söhbət hardan ağlıma gəldi bilirsinizmi, uşaq vaxtı qoca kişilərdən eşitdiyim və gün keçdikcə yaddaşımda daha da canlanan dualardan. Bir Fatihə oxuyub keçmişlərin ruhlarına bağışlardılar və bağışlayarkən də əzbərdən uzun bir siyahı oxuyardılar. Əlbəttə, öncə Həzrəti Məhəmməd (s.ə.s.) başda olmaqla bütün Peyğəmbərlər, imamlar, Kərbəla şəhidləri, məclisdə iştirak edənlərin ölmüşləri ilə yanaşı, o zaman hələ tam başa düşə bilmədiyim, amma başa düşə bilməsəm də əzbərlədiyim bəzi kateqoriyadan insanlar da yer alırdılar o siyahıda:  Allah rizası üçün yurdundan çıxıb qürbətdə ölənlərin, bivarislərin, unudulmuşların, “yoxmu oxuduqları Fatihələrdən bizə də pay göndərən” deyən canların ruhları üçün… O köhnə kişilərin bu və ya buna bənzər dualarını xatırlayanda başımı əllərim arasına alıb hönkürmək istəyirəm. Bu əxlaqı, bu ədəbi könlümə, ruhuma yaz, Allahım!

Deməyə başqa söz tapmıram.

İnsan öz həddini bilməyəndə…

Qurani-Kərimdə buyurulur ki, Allahın sərhədlərini tapdamayın, yəni öz cızığınızdan çıxmayın. Çünki öz cızığından çıxan mütləq bir başqasının haqqını tapdalamış olur. İnsan üçün ən böyük ədəbsizlik də elə Allahın sərhədlərini tapdalamaqdır.

İbadət edən birisi günah edən bir başqasına deyir ki, Allah səni bağışlamayacaq. Elə bu sözünə görə də Allah-Təala ibadət edən o şəxsi cəhənnəmə atır. Bu söylədiyim Peyğəmbərimizin bizə bildirdiyi gerçəklərdəndir. Demək, özünü Allaha vəkil hesab eləmək, Allah adından ehkam kəsmək o qədər böyük günahdır ki, bütün qıldıqların, tutduqların səni xilas etməyə yetməz. İnsan həddini bilməlidir. Sən xristian keşişi deyilsən ki, onun-bunun üstünə su çiləyib camaatı günahdan təmizlədiyini söyləyəsən. Gör insan cızığından çıxanda nə hala düşür ki, özünü Allahın işlərinə ortaq hesab edir. Günahları bağışlamaq və ya bağışlamamaq Allahın iradəsindədir.  Kim Allah-Təalanın əvəzindən ehkam kəsirsə, öz aqibətini düşünsün.

Şikəst düşüncənin görüntüləri

Dilimizdə o qədər xətalı deyimlər var ki, xatırladıqda belə adamın ürəyi qısılır. Görün nə deyirlər:

Yoxdan Allah da bezardır (Başdan ayağa qədər yanlış düşüncə. Allah-Təala üçün yox deyilən bir şey yoxdur, O, istədiyini istədiyi anda, istədiyi kimi yarada bilir); Allah ona verdiyi canı ala bilmir (bu sözdə o qədər böyük bir cahillik var ki, deməyə söz tapmırsan. Allah sonsuz qüdrət sahibidir və külli məxluqat Onun qarşısında heç nədir); Allah ağlımı aldı, bu xətanı elədim (Allaha iftira atır, Allah Quranda buyurur ki, ağlını işlətməyənin başına göydən müsibətlər yağmur kimi yağar. Sən ağılsız iş görüb, günahı Allaha bağlamağa çalışma!); Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma (bu haqda heç danışmaq belə istəmirik)…

Dil düşüncənin görüntüsüdür, şəklidir, ifadəsidir. Cəmi bir neçə misal göstərərək dilimizin də, düşüncəmizin də nə halda olduğunu göstərməyə çalışdıq. Üzülərək onu da deyim ki, bu siyahını hələ xeyli uzatmaq da olardı.

Nə deyim, Allahdan könlümüzə həqiqi əxlaq və ədəb nəsib etməsini diləyərək yazını tamamlamaq istəyirəm. Vəssalam!

Əli Çərkəzoğlu

1 comment

  1. Müəlliflə tamamilə razıyam..Yazının son hissəsini uzatmaq da olar..Şikəst düşüncənin görüntüləri: gözəl mənzərəli yer görəndə deyirlər filan yer Cənnət kimidir.Axı biz bilirik ki, bu dünyada bir yer nə qədər gözəl olursa olsun, Cənnətin gözəlliklərinin yanında heç nədir…Hərdən kiçik yaşlı uşaqları oynadarkən deyirlər ay şeytan nətərsən?Bu da qəbuledilməz bir səhvdir.Uşaqlarımızı, dünya yaranandan bəşəriyyətin, insanlığın məhvinə çalışan şeytanın adı ilə çağırmaq nə dərəcədə düzdür? Bu və ya başqa suallar mənim də beynimi məşğul edirdi..Təşəkkürlər yazıya görə!

Comments are closed.