Balzak: “Hər iztirabın öyrətdiyi bir şey var” – VİDEO

1
64
Antonin Dvorak
Antonin Dvorak

Antonin Dvorak (1841-1904) dünya miqyasında tanınan ilk Bogemiyalı bəstəkardır. Xalq muisqisinin motivlərini 19-cu əsr romantik musiqi dilinə ilk köçürən də odur.
Dvorak Praqanın şimalında bir Bogemiya kəndində dünyaya göz açdı. Uşaqlıq illəri atasının işlədiyi kiçik mehmanxanada keçdi. Onun musiqi ilə tanışlığı da bu kiçik mehmanxanada başladı. Dvorakdakı musiqi qabiliyyətini ilk kəşf edən isə məktəbdəki musiqi müəllimi oldu. Ancaq Dvorakın bir musiqi müəllimindən çox, bir musiqi məktəbinə ehtiyacı var idi. Nəhayət, bir gün müəllim Dvorakın atasını oğlunu Praqadakı orqan məktəbinə göndərməyə razı saldı. Və Dvorjak burada yaxşı bir musiqi təhsili aldı.
Ancaq bu illər Dvorak üçün çox çətin illər idi. Yoxsulluq onun belini əməlli-başlı əymişdi. Hətta çox vaxt Dvoraka Praqa küçələrində alt (musiqi alətidir) çalaraq qazandığı pullar da kömək etmirdi. O, şəhərin yoxsul məhəlləsindəki bir çardaqda yaşayır, ancaq kirayə haqqı çox ucuz olmasına baxmayaraq verməkdə çətinlik çəkirdi.
Qış isə Dvorak üçün daha dəhşətli idi. Çünki evini qızdırmaq üçün heç bir şeyi yox idi. Üstəlik, bir-neçə dili işləməyən sınıq pianonun kirayə haqqını vermək üçün çox vaxt yemək belə yemirdi. Bəzən günlərlə davam edən bu aclıq isə onu get-gedə taqətdən salırdı. Bu gənc bəstəkarın başqa bir “dərdi” isə kağız “dərdi” idİ. Çünki onun üçün kağız almaq müflis olmaq demək idi. Buna görə də, o, küçəyə atılan kağız parçalarını yığır və əsərlərini bu kağız parçalarının üzərində yazırdı. Ancaq Dvorakın ən yaxşı əsərləri də elə bu çardaqda soyuqdan titrəyən əlləri ilə kağız parçalarının üzərində yazdığı əsərlərdir. Hətta bu gün belə Dvorakın əsərlərini dinləyəndə bu iztirab çəkmiş ruhun sirli gözəlliyini hiss etməmək mümkün deyil…

P. S. “Hər iztirabın öyrətdiyi bir şey var” (Onore de Balzak).

http://www.youtube.com/watch?v=mDtWw0nbMbM

1 comment

Comments are closed.