Bir vaxtlar yaşı 90-a çatan, ancaq 90-dan çox-çox gənc görünən bir adam yaşayırdı. Ətrafındakılar onu çox sevir və tez-tez: “Bu gəncliyin sirri nədir?” – deyə soruşurdular. Qoca isə hər dəfə bu sualı eşidəndə gülürdü. Ancaq bu suallar get-gedə çoxaldı və qoca bu suallara cavab verməyi qərara aldı. Ancaq bu suallara ən asan necə cavab verə bilərdi? Əlbəttə ki, ən yaxşısı onları evinə yeməyə dəvət etmək idi. Nəhayət, bir gün qoca onların hamısını evinə yeməyə dəvət etdi. Üstəlik, hamısına: “Bu yeməkdə sizə sirrimi açacağam,” – dedi. Nəhayət, o gün çatdı. Yeməklər yeyildi, çaylar içildi, söhbətlər edildi. Artıq vaxt da xeyli gec idi. Ancaq qoca hələ də gəncliyinin sirri barədə bir kəlmə də deməmişdi. Hamı, “Görəsən, bu sirr nə vaxt açılacaq”, – deyə maraqla gözləyirdi. Bu vaxt qoca üzünü xanımına tutdu və:
– Xanım, get anbardan bizə bir qarpız gətir, – dedi.
Xanım dərhal ayağa qalxdı və “qaşla göz arasında” bir qarpız gətirdi. Qoca əli ilə qarpızı yoxladı və sonra da:
– Xanım, deyəsən, bu kaldır. Get, bizə başqa bir qarpız gətir!.. – dedi.
Xanım bu qarpızı götürdü və yerinə başqa bir qarpız gətirdi. Qoca onu da əli ilə yoxladı və yenə də:
– Xanım, sənə zəhmət olacaq ancaq, deyəsən, bu qarpız da kaldır. Get, bizə başqa bir qarpız gətir!.. – dedi…
Və beləcə qoca bunu dörd dəfə təkrarladı. Nəhayət, qoca beşinci qarpızı bəyəndi və kəsəndən sonra qonaqlara payladı. Hamı qarpızını iştaha ilə yeyirdi ki, bizim qoca dedi:
– Həəə qardaşlar, bax mənim gəncliyimin sirri budur!..
Hamı bir-birinin üzünə baxdı. Və təbii ki, heç kim heç nə başa düşmədi. Və hamı bir ağızdan:
– Axı sirr bunun harasındadır! – dedi.
Qoca güldü:
– Qardaşlar! – dedi. – O gördüyünüz qarpız anbarda bir dənə idi. Mən xanıma “get başqa qarpız gətir” dedikcə o da anbara gedir və yenə də o qarpızı gətirirdi. Bir dəfə də olsun: “Anbarda bir qarpız olduğunu bilirsən, bəs niyə mənə bu qarpızı daşıtdırırsan,” – demədi. Məni sizin qarşınızda utandırmadı. Bax, mən bütün gəncliyimi bu xanımıma borcluyam. Biz heç vaxt bir-birimizi başqalarının yanında çətin vəziyyətə salmadıq. Biz heç vaxt bir-birimizin sirlərini başqalarının yanında açmadıq. Həmişə bir-birimizə kömək etdik. Həmişə bir-birimizə dayaq olduq. Bir-birimizlə bağlı problemlərimizi yenə bir-birimizə danışdıq. Yaxşı günümüzü də, pis günümüzü də yenə bir-birimizlə bölüşdük…
Maraqlı dərs idi..Sağ olun ))))
Heqiqeten de genc qalmaq bir terefe mohkem ve saglam aile ucun bu cox vacibdir.Ailede bu hal qarsiliqli olmalidir.Tanri buyurur:Siz basqasinin sirrini saxlayin mende sizin bir sirrinizi axiret gunu acmayim.Sirr saxlayim.Cox maraqli,deyerli mezmuna malik hekayedir.Allah razi olsun.
Comments are closed.