Hər şeyin xeyirlisi…

1
71

xeyir-ve-serNəsildən-nəsilə, əsrdən-əsrə keçən gözəl sözlərimiz var. Məsələn, “Hər şeydə bir xeyir var”, “Hər şeyin xeyirlisi”, “Sizin şər bildiyiniz şeylərdə xeyir, xeyir bildiyiniz şeylərdə şər var” və s. kimi. Çin mütəfəkkiri Lao Tszının çox sevdiyi bir rəvayət isə belədir:
“Bir kənddə qoca bir kişi var idi. Bu qoca çox kasıb yaşayırdı. Ancaq çox gözəl bir atı var idi. Bu ata görə kral da onu qısqanırdı. Hətta, kral bu at üçün xəzinəsinin hamısını verməyə hazır idi. Qoca isə həmişə:
– Bu at mənim üçün təkcə at deyil, həm də dostdur. Adam öz dostunu necə sata bilər? – deyirdi.
Bir gün at yoxa çıxdı. Kənd camaatı qocanın başına yığışdı:
– Axı biz sənə demişdik, bu atın heyifini səndə qoymayacaqlar. Əgər vaxtında bu atı krala satsaydın, indi dünyanın ən varlı adamı olardın. Ancaq indi nə atın var, nə də var-dövlətin.
Qoca:
– Hökm vermək üçün tələsməyin. Hələlik bir həqiqət var ki, at yoxa çıxıb. Atımın itməyi bədbəxtlikdir, yoxsa xoşbəxtlik onu Allah bilir.
Kəndlilər qocaya güldülər. Ancaq aradan 15 gün keçməmiş at qayıtdı. Yanında da bir ilxı at. Sən demə at dağa gedibmiş. Kəndlilər qocanın yanına gəlib üzr istədilər:
– Sən haqlı çıxdın. Atının itməyi heç də bədbəxtlik deyilmiş. Əvvəl bir atın var idi, indi bir ilxı atın var.
Qoca yenə etiraz etdi:
– Siz yenə də hökm vermək üçün tələsirsiniz. Siz yalnız atın qayıtdığını deyin. Çünki həqiqət budur. Qalanları isə sizin təxəyyülünüzdür. Bundan sonra nə olacaq məlum deyil. Bir-iki cümləsini oxumamış bir kitab haqqında necə hökm vermək olar?
Kəndlilər bu dəfə də qocaya güldülər. Bir həftə keçməmiş qocanın oğlu atların birindən yıxılıb ayağını sındırdı. Kəndlilər yenə qocanın başına yığışdılar:
– Sən bu dəfə də haqlı çıxdın. Bu atların ucbatından oğlun ayağını sındırdı.
Qoca:
– Siz deyəsən, “hökm vermək” xəstəliyinə tutulmusunuz. Yaxşı olar ki, tələsməyəsiniz. Təkcə bir həqiqət var ki, oğlum ayağını sındırdı. Ancaq bundan sonra nə olacaq, onu Allah bilir.
Bir neçə həftə sonra düşmənlər böyük bir ordu ilə ölkəyə hücum etdilər. Kral əli silah tutanların hamısını döyüşə çağırdı. Qocanın oğlundan başqa kənddə əli silah tutan kim varsa, döyüşə getdi. Kənddə hamı yas tutdu. Çünki bu döyüş adi bir döyüş deyildi. Bu döyüşdə qalib gəlmək çətin idi. Kəndlilər yenə qocanın başına yığışdılar:
– Sən bu dəfə də haqlı çıxdın. Ayağı sınıq olduğu üçün oğlunu döyüşə aparmadılar. Bizimkilər isə ölümə getdilər. Ancaq səninki ayağı sınıq da olsa, yanındadır…
Qoca:
– Siz yenə də tələsirsiniz. Mənim oğlum yanımdadır, sizinkilər isə döyüşdə. Ancaq bunun hansının bədbəxtlik, hansının xoşbəxtlik olduğunu Allah bilir…
Və Lao Tszı rəvayətini bu nəsihətlə tamamlayır: “Heç vaxt tələsik hökm verməyə çalışmayın. Ağlınız sizi hökm verməyə məcbur etsə də, siz təmkinli olun. Çünki “səfər” davam edir. Bir yol qurtaranda, başqa bir yol başlayır. Bir qapı bağlananda, başqa bir qapı açılır”…

1 comment

Comments are closed.