İqtisadi İnkişaf Nazirliyi və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Zərdab rayonunda fəaliyyət göstərən sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün maarifləndirici treninq keçirilib.
Tədbirdə Zərdab Rayon İcra Hakimiyyəti Başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Pərvin Mahmudova, İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay nümayəndəliyinin rəhbəri Akif Abbasov, Yevlax nümayəndəliyinin rəhbəri Rəşad Abbasov və rayonda fəaliyyət göstərən 100-dən çox sahibkar iştirak ediblər.
Tədbiri Zərdab Rayon İcra Hakimiyyəti Başçısının müavini Pərvin Mahmudova açaraq respublika Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi siyasətin uğurlarından, sahibkarlığın və özəl sektorun inkişaf etdirilməsi üçün məqsədyönlü şəkildə həyata keçirilən tədbirlərdən, sahibkarlığın inkişafına dövlət dəstəyindən ətraflı məlumat verib.
İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay nümayəndəliyinin rəhbəri Akif Abbasov çıxışında sahibkarlıq fəaliyyətinin genişləndirilməsində maarifləndirmənin xüsusi əhəmiyyətini vurğulayıb, sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərə tədris-metodiki, innovasiya və konsaltinq xidmətlərinin göstərilməsi, onlara beynəlxalq təcrübənin öyrədilməsi, biznes tədrisi sisteminin təkmilləşdirilməsi və müasir tələblər səviyyəsində qurulması istiqamətində görülən işlər barədə məlumat verib.
Bununla yanaşı, İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az və www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə məlumatlar da iştirakçıların diqqətinə çatdırılmışdır.
Sonda “Korporativ idarəetmə”, “Biznes planlarının hazırlanması”, “İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında çıxışlar dinlənilmiş və təqdimatlar keçirilmiş, iştirakçılara məlumat kitabçaları və digər metodiki vəsaitlər paylanılmış, dinləyicilərin suallarına cavablar verilmişdir.
Zərdab Rayon İHB Aparatının informasiya təminatı və təhlil sektoru