Zərdab rayonundan olan azyaşlı rəssamların əsərləri Çexiyada…

4
66

rəsmAfərin, balaca rəssamlar!
Zərdablılar Polşa və Macarıstan respublikalarından sonra indi də Çexiyanın Lidise şəhərində Azərbaycanı təmsil edirlər

…Hər kəsin öz hissləri və qavrayışları vardır, lakin onları ifadə etmək qabilyyəti hər kəsə verilməmişdir. Duyğularını kətan üzərinə köçürərək rənglərin yozumu ilə işlədiyi mövzuya məntiqi çalar qatmaq üçün mütləq Yaradanın da vergisi olmalıdır. Bu zaman rəssamın əsərini seyr edən tamaşaçının təkcə şüuruna deyil, gözlərinə də “işıq” gəlir. Dəxli yoxdur rəssam çox yaşlı olsun və yaxud çox gənc: əsas məsələ rəssamın rənglər vasitəsi ilə sözünü demək bacarığıdır. Əgər sizlərdən biriniz Zərdab rayon uşaq incəsənət məktəbinin təsviri incəsənət şöbəsində rəssamlıqla məşğul olan uşaqların əsərləri ilə tanış olsanız görərsiniz ki, onlar öz həmyaşıdlarından yaxşı mənada çox fərqlənirlər. Bu rəssamların fərdi xüsusiyyətlərini şöbənin rəsm müəllimi Faiq Bəkirov daha anlaşıqlı bir dillə izah edir. Çünki Faiq müəllim 1986-cı ildən təsviri incəsənət şöbəsində rəssamlıq sənətindən dərs deyir. Hazırda təsviri incəsənət şöbəsində 14 nəfər rəssamlığın sirlərini öyrənir. Bu uşaqların uğurlarından bəhs edərkən Faiq müəllim fəxrlə deyir ki, rayondakı təhsil müəssisələri arasıda bizim şagirdlərin qazandığı qələbələr daha çoxdur: fəxri-fərman, xatirə hədiyyəsi, sertifikat və diplomlara layiq görülmüş, ölkə və dünya səviyyəli müsabiqələrdə iştirak edənlərimiz onlarcadır. Maraqlananda gördüm ki, faktlar Faiq müəllimin dediyindən daha çoxdur. Rəssamlıq şöbəsinin şagirdi İsrayıl Qalasılı 2009-cu il Azərbaycanda Uşaq ili və Uşaq Hüquqları Konvensiyasınin 20 illiyi münasibəti ilə Ombudsmanın keçirdiyi “Bizim hüquqlarımız” mövzusunda uşaq rəsmləri müsabiqəsində iştirak etmiş, sertifikat və birinci mükafatla təltif olunmuşdur. İsrayıla eyni zamanda 75 manat pul mükafatı da təqdim edilmişdir.
2011-ci ilin oktyabr ayında məktəbin şagirdi Məmmədov Hikmət Hümmət oğlu Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş uşaq və yeniyetmələr arasında keçirilən “Müstəqil Azərbaycanım” adlı rəsm və əl işlərindən ibarət müsabiqədə yüksək nəticə əldə etdiyinə görə üçüncü dərəcəli diplomla təltif olunmuşdur. Hikmət həmçinin150 manat pul mükafatına da layiq görülmüşdür.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Müstəqil Azərbaycanım” adlı müsabiqə-sərginin kataloqu hazırlanmış və bu kataloqa Bakı, Abşeron, Sumqayıt, Quba, İsmayıllı, Biləsuvar, Füzuli ilə yanaşı Zərdab rayon uşaq incəsənət məktəbi şagirdlərinin də rəsm əsərləri daxil edilmişdir. 2012-ci ildə Bakı şəhərində çapdan çıxan bu kataloqa Məmmədov Hikmət Hümmət oğlunun “Bakı”, Abışov Vüsal Rasim oğlunun “Müstəqil Azərbaycan”, Qalasılı İsrayıl Natiq oğlunun “Azərbaycan atributları”, “Neft kəməri” adlı rəsmləri daxil edilmişdir.
2012-ci ildə Polşanın Çenstoxova şəhərində uşaq və gənclər arasında “Uşaq və İt” mövzusunda XIV Beynəlxalq Təsviri Yaradıcııq Müsabiqəsi keçirilmişdir. Bu müsabiqədə Azərbaycandan iştirak edən 35 rayondan biri də Zərdab idi.
2012-ci ilin mart ayında Macarıstan Respublikası Zanka Uşaq və Gənclər Mərkəzi tərəfindən dünyanın müxtəlif ölkələrində yaşayan uşaqlar arasında “Göy qurşağı” adlı XVIII Uşaq Təsviri və Tətbiqi İncəsənət müsaiqəsi keçirilmişdir. Bu müsabiqəyə Zərdab uşaq incəsənət məkəbi rəssamlıq şöbəsi şagirdlərinin rəsm əsərləri də göndərilmişdir.
2012-ci ildə 2 xarici dövlətdə keçirilən müsabiqədə uğurla iştirak edən və təcrübə toplayan rəssamlarımız 2013-cü ilin may ayında nəticələri elan olunacaq digər bir xarici ölkəyə-Çexiyanın Lidise şəhərində keçirilcək “Uşaqların 41-ci Beynəlxalq İncəsənət sərgisinə” bu ilin mart ayının əvvəllərində öz əsələrini göndərmişlər. Bu barədə Faiq Bəkirovla söhbətimizdə daha ətraflı öyrındim. Faiq müəllim dedi: “3 saylı tam orta məktəbin şagirdi 11 yaşlı Məmmədli Selcanın 2 ədəd əsərini və Əlibəyli kənd məktəbinin şagirdi 11 yaşlı Hüseyinova Gültənin 2 ədəd əsərini A3 formatında Çexiyanın Lidise şəhərinə müsabiqəyə göndərdik”.
İnanırıq ki, “Yaşadığın ölkənin xalqlarının ənənələri və maddi-mənəvi irsi” mövzusunda Lidise şəhərində keçirilən bu müsabiqədə bizim balaca rəssamlar təkcə uğurlu iştirakçı deyil, həm də layiqli qalib olacaqlar.

TƏRLAN ABDULLAYEVA,
“ƏKİNÇİ”nin müxbiri.

4 ŞƏRH

  1. İnşallah balaca dostlarımız qalib gələrlər..Tərlan xanım, çox sağ olun bizi məlumatlandırdığınıza görə..

  2. Uqurlar dileyirem bu korpelere gelecekleri parlaq olsun inwaAllah.Onlara baxib bizde ferehlenek

  3. Bele olmasada fexr etmeli oqullari qizlari coxdu Zerdabin .Kawki onlari tanitdira bileydik hec olmasa ozumuze tanitdira bileydik biz oz yerlilerimizi laziminca taniyib qiymet vere bilsek bawqalarida qiymetlendirecek

  4. Münasibət bildirən hər kəsə bütün səmimiyyətimlə minnətdarlıq edərək deyirəm:-Zəhmət çəkib bu yazımı oxuyan gözləriniz, material haqqında rəy söyləyən beyniniz, düşündüklərinizi oxucularla bölüşən barmaqlarınız var olsun!

Comments are closed.