Bu dünyada dərdsiz adam yoxdur…

5
140

sevgiBu dünyada dərdsiz adam yoxdur desəm, inanmayan olmaz. Dərdlər müxtəlif olduğu kimi, dərmanları da müxtəlifdir.

Bu gün adına “problem” dediyimiz dərdlər elə insanın yaşıdıdır, nə qədər ki, insan var, onun dərdi də olacaq. Bu əkizlər əslində bir-biri üçün yaranıb və bir-biri üçün yaşayırlar. İnsan ömrünün dadı, ləzzəti elə problemlərlə qol-boyun yaşamaqda deyilmi? Əslində problemsiz həyat mümkün deyil. Lakin dərd də var, dərd də. Çox vaxt insan özü, necə deyərlər, qaşınmayan yerdən qan çıxarır, əlində olan xoşbəxtliyinin qədrini bilmir, xırda, mənasız şeyləri özü üçün dərdə, problemə çevirir.

Kəndimizdəki yaşlı adamlardan birinin qəribə xasiyyəti vardı. Yayda pencəyini, qışda kürkünü çiyninə salıb küçəyə çıxar, söhbət edən dəstələrdən hansında siqaret çəkən vardısa yanaşıb: “O zəhirmardan birini də mənə ver”, – deyərdi. Siqareti damağına qoyub: “Dərdi verdin, dərmanını da ver”, –  deyib, kibrit çaxırmış kimi sağ əlinin baş və şəhadət barmaqlarını sol əlinin içində sürüşdürərdi. Ağsaqqalın ruhu inciməsin, dərdin dərmanını dərdi verəndən istəmək düşər bizlərə.

Günümüzdə ən yayğın dərdlərdən biri naşükürlükdür. Gileylənmək, xırda problemlərindən ötrü kimləri isə günahlandırmaq, işə gedib-gəlmək kimi, adi həyat rejiminə dönüb. İnsanlar tanıyıram ki, Sovetin “qızıl dövründə” də gileylənirdilər, indi də öz adətlərinə sadiqdirlər.

Kamil insanlar nəyə isə nail ola bilmədikdə, əllərində olanı itirəndə gileylənmir, əksinə, bunu həyata daha möhkəm bağlarla bağlanmaq üçün mühüm bir fürsət sayır. Belə ibrətamiz insanlardan biri də Tomas Edison olub. 1914-cü ildə bir yanğın nəticəsində təcrübələrini qeyd etdiyi yazıları, iki milyon dollarlıq ləvazimatı ilə birlikdə az qala laboratoriyalarını tamamilə itirən altmış yeddi yaşlı Edison dağıntının ortasında dayanıb dəymiş zərəri gözdən keçirərək demişdi: “Fəlakətdə böyük dəyər var. Səhvlərimiz yanıb kül olub. Allaha şükür, yenidən başlaya bilərik”. Görünüdyü kimi, deyinmək, gileylənmək, naşükürlük etməkdənsə, həyatını dəyişdirmək haqqında düşünmək daha faydalıdır.

Deyirlər ki, ağrını, sancını duymaq hissi Allahın insana verdiyi ən böyük nemətlərdəndir. Bu qabiliyyət olmasaydı, insan səbəbini heç kəsin bilmədiyi, bu gün müvəffəqiyyətlə müalicə olunan xəstəliklərdən belə ölə bilərdi. Naşükürlük və ilk addımını bu münbit zəmindən atmağa başlamaq, özünü bədbəxt hiss etmək də ağrı hissi kimidir. Ağıllı insan bədbinlik uçurumuna yuvarlanmadan əvvəl bu hissin ona nə zaman, haradan və necə hücum edəcəyini öyrənməyə çaılşmalıdır. Həyat yalnız bizim ehtiyaclarımızın ödənməsindən ibarət deyil. İnsan olaraq vəzifələrimiz də var axı.

Allah insana nələr bəxş etməyib. O, düşdüyü halda qalxmağa, öz qabiliyyətlərini bərpa etməyə  qadirdir. Qurani-Kərimdə də deyildiyi kimi, “Nəfsini (günahdan) təmizləyən uğur qazanmışdır. (91/9)”

Qarşılaşdığımız hər mənfi hadisədən mütəəssir olub, bədbinliyə düşməkdənsə, onu təbəssümlə qarşılamaq insana müsbət enerji qazandırır, həyata nikbin baxışına qüvvət verir. Burada çoxumuzun eşitdiyimiz iki əhvalatı xatırlamaq yerinə düşərdi. Biri dalaşdığı qonşusunu: “Atası acından ölən filankəsin oğlu”, – deyərək acılayırmış. Təhqir olunan isə ona belə cavab verir:”Səni Allah saxlasın, atamın çörəyi olub yeməyib?” – deyib, bu acı təhqiri gülüşlə qarşılayır.

Bir-birindən küsən iki eltidən biri halva bişirmək istəyirmiş. Bilmir ki, halvaya duz qatırlar, ya yox. Bayıra çıxıb, qonşusu olan eltisinin toyuğunu: “Kiş, kiş, halvaya duz qatmayan köpək qızının malı”, – deyərək qovalayır. Əsilli elti, gülərək deyir: “Allah sənə ağıl versin, halallıq naminə bir çimdik duz qat halvana, nahaq yerə heyvana söyüb, günaha girmə”.

Deməli, dərdə, problemə gülmək hamımızın bacara bildiyi, lakin çox vaxt isifadə etmədiyimiz bir qabiliyyətdir, böyük istedaddır. Sübut olunmuşdur ki, gülüş insan orqanizmini xoş halına qaytarır, tarazlığını təmin edir. Ona görə də, gülüşdən müəyyən xəstəliklərin müalicəsində istifadə olunur. İnsan yaşa dolduqca ciddiləşir, gülüş kimi nemətdən az istifadə etməyə başlayır. Deyilənə görə, dörd yaşlı uşaq orta hesabla gündə beş yüz dəfə, böyüklər isə ən çox on beş dəfə gülür. Təəssüf ki, bu gözəl həyat mənbəyindən bizlər az istifadə edirik. Gün boyunca yüksək əhval-ruhiyəmizi yüksək səviyədə saxlamaq üçün gülməyi bacarmalıyıq. Bu həm öz sağlamlığımız, həm də ətrafımız üçün çöx əhəmiyyətlidir. Bu yaxınlarda məlum olmuşdur ki, Cənubi Amerikanın Tauripan qəbiləsində gülüş ilə bağlı maraqlı bir adət var. Bu qəbilənin sakinləri gecənin yarısında oyanıb bir-birilərinə lətifələr deyib gülürlər. Ən bərk yatanlar belə oyanıb, bu şirin fürsətdən bəhrələnir, yenə dərin yuxuya dalırlar.

Qurani Kərimdə deyilir: “Sənə gələn yaxşılıq Allahdandır, sənin başına gələn bəla isə sənin özündəndir” (4/79). Göründüyü kimi, çox zaman biz ağrımayan başımıza dəsmal sarıyırıq. Bir atalar sözündə deyildiyi kimi, ağlına sahib olan dünyaya sahib olar. Xoşbəxtliyin dadını duymaq üçün düşüncə tərzimizi dəyişməyə məcburuq. Qədim bir hekayətdə deyilir ki, həkimlər ruhi sarsıntıya düçar olmuş bir padşaha müalicə olunmaq üçün xoşbəxt bir insanın köynəyini geyməyi məsləhət görürlər. Uzun axtarışdan sonra tarlasında gur səslə oxuyaraq xış sürən bir gəncə rast gəlirlər. Gəncdən: “Sən xoşbəxtsənmi?”, – deyə soruşduqda o: “Dünyada məndən xoşbəxt adam olacağına inanmıram”, – deyir. Ondan padşahın müalicəsi üçün köynəyini istədikdə cavan deyir: “Köynəyim var ki, verim!” Yaxşı deyiblər ki, gözəl görən gözəl düşünür, gözəl düşünən xoşbəxt olur.

Xoşbəxtliyin dadını duymaq üçün onun varlığını dərk etmək də lazımdır.

Bir padşah heç vaxt dəniz səyahətinə çıxmamış bir kölə ilə eyni gəmidə səfər edirdi. Qorxusundan titrəyərək qışqıran kölə bütün cəhdlərə baxmayaraq, hamı kimi padşahın da kefini pozmaqda davam edirdi. Padşah gəmidəkilərə köləni sakitləşdirmək üçün bir tədbir görməyi tələb edir. Bir nəfər onu sakitləşdirməyin yolunu bildiyini söyləyir və kölənin dənizə atılmasını istəyir. Bayaqdan bəri insanları təngə gətirmiş köləni bir anda vahiməli dalğaların ağuşuna atırlar. Dalğalar onu saman çöpü kimi atıb-tutduqca kölə qurtarılması üçün var-gücü ilə qışqırmağa başlayır. Boğulmağın nə olduğunu acı təcrübə ilə anlayan köləni yenidən gəmiyə çıxarırlar. Padşah səsini kəsib bir küncə qısılan köləni göstərərək ağıllı adamdan nə üçün belə etdiyini soruşur. Adam deyir: “Padşah sağ olsun, bu zavallı nə qədər ki, dənizdə boğulmağın nə olduğunu bilmirdi, gəmidəki rahatılığına naşükürlük edirdi. Əjdaha kimi ağzını açıb üstünə cuman dalğalarin vahiməsi ona gəmidə yaşadığı rahatlığın dəyər-qiymətini, necə lazımdır, başa saldı”.

Hər bir işdə olduğu kimi, naşükürlükdən də yaxamızı qurtarmaq üçün iradəmizin haqqını verməyə çalışmalı, yaxşılığı Allahdan, pisliyi özümüzdən bilməliyik. Başqa sözlə desək, özünü isitməyən ocaq ətrafa istilik paylaya, üstündəki qazanı qaynada bilərmi? Özümüzü dərk edib, insafa bürünüb, vicdanımızı çıraq edib öz iç dünyamızı kəşf etməyə çalışsaq, həyata baxışımız dəyişər, özümüz özümüzdən utanarıq. Ən alınmaz qalalara içərisindən yol tapıldığı kimi, naşükürlük qalasına da içimizdən hücum etməkdə böyük fayda var. Uca Kitabımızda deyildiyi kimi: “İnsan can atdığı şeyə nail olar. Əlbəttə, onun can atdığı (əməl) ona nəsib olacaqdır. Sonra da ona (bunun) əvəzi tam veriləcəkdir! 53 /39, 40, 41”.

Naşükürlükdən xilas olmağın, xoşbəxtliyin dadını duymağın bir yolu da başqalarına bu bəladan xilas olmaqda, onlara özlərini xoşbəxt görməyə kömək etməkdədir. Bir yazıda oxuduğum kimi: “Cənnətə girmək istəyən əvvəlcə öz daxilində cənnət yaratmağa çalışmalıdır”. Allah köməyimiz olsun!

RAHIB ALPANLI

5 ŞƏRH

  1. Dərd özü gəlir…

    Mən gəl demədim, ömrümə hicran özü gəldi,
    Göylərdən enib həsrətə fərman özü gəldi.
    Çox göz yaşı tökdüm, qurudu gözdə yaşım da,
    Verdi gözünün yaşını ümman özü gəldi.
    Qəlbimdə ki ,vəslin çiçəyi soldu ,o gündən
    Həsrət çiçəyi əkməyə bağban özü gəldi.
    Hicrinlə gələn qəm seli bilməm hara getdi,
    Vəslinlə susuz torpağıma can özü gəldi.
    Zəvvarın olub hüsnünü görmək dilədikcə,
    Ovsarı mələklərdə o karvan özü gəldi.
    Mən könlümü qurban dedim,ey yar,sənin olsun,
    Endirdi fələklər sözü, qurban özü gəldi.
    Dolduqca könül mülkümə rəbbin nuru, ey şux,
    Eşqinlə ömür sürməyə dövran özü gəldi.
    Rəhm eylədi rəbbim məni görcək sitəm içrə,
    Ilham pərisi dərdimə dərman özü gəldi…

  2. Olmadi zerre eser derdime derman gedirem.
    Cunki vermisdi xuda olumume ferman gedirem.
    Yiqilib cumle tebib gelse menim qulluquma.
    Derdime etmez elac gelsede loqman gedirem.

Comments are closed.