Daxili İşlər Nazirliyinin əməkdaşları və Daxili Qoşunlarda xidmət edən hərbi qulluqçular üçün ailəvi yataqxanalar ayrılacaq. Bu yataqxanalar yalnız daimi yaşayış yerindən kənar, başqa şəhər və rayonlarda xidmət keçməyə təyinat alan, xidmət yeri dəyişdirilən və bununla əlaqədar yeni xidmət yerində yaşayış sahəsi olmayan daxili işlər orqanlarının əməkdaşlarına, Daxili Qoşunların hərbi qulluqçularına verilir və xidmət dövründə onların ailə üzvləri də daxil olmaqla müvəqqəti yaşayışı üçün nəzərdə tutulur.
Yataqxananın saxlanmasına nəzarəti və kommunal-istismar təminatını onun yerləşdiyi ərazinin polis orqanının rəisi və ya hərbi hissə komandiri həyata keçirir. Qaydaya əsasən, polis əməkdaşları və hərbi qulluqçuları bu yataqxanalarda «Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması»na uyğun olaraq hazırlanmış kirayə müqaviləsi əsasında yerləşdiriləcək. Əsasnaməyə görə, əməkdaşların və ya hərbi qulluqçuların yataqxanaya yerləşdirilməsi zamanı ailəli olanlara üstünlük veriləcək.
Ayrı-ayrı hallarda xidməti tapşırığı yerinə yetirmək üçün ezam olunmuş əməkdaşlar və ya hərbi qulluqçular da müvəqqəti olaraq yataqxanaya yerləşdirilə bilər.
Polis əməkdaşları üçün yataqxanalarda normal yaşayış üçün bütün zəruri şərait yaradılacaq. Belə ki, yataqxanada mənzillərin quruluşu və sahəsi tikinti norma və qaydalarına əsasən müəyyən olunur. Bütün yataqxanalar zəruri kommunikasiya vasitələri, elektrik, su, qaz və istiliklə təchiz edilir.
Yataqxanada yardımçı otaqlar ümumi istifadə üçün nəzərdə tutulur. Yaşayış sahələri mebellə və əməkdaşların orda yaşaması üçün zəruri olan digər əşyalarla təmin ediləcək. Burada kommunal xidmətlərə görə xərclər yataqxananın sakinləri tərəfindən ödəniləcək.
Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, itkin düşmüş və I və ya II qrup əlil olmuş əməkdaşların və ya hərbi qulluqçuların ailə üzvləri yataqxanadan digər yaşayış sahəsi ilə təmin edildikdən sonra çıxarılır. Daxili işlər orqanlarında və Daxili Qoşunlarda pensiyaya çıxanlar 3 ay müddətində yataqxananı boşaltmalı olacaqlar.