Bir az keçmişin söhbətidir. 3-4 il əvvəl yenə doğma rayonumuza – Zərdaba getmişdim. Toy-düyün idi. Rafiq bəylə Hürü xanım üçün xudmani bir məclis qurulmuşdu. Xanəndə ilə masabəyinin yaratdıqları harmoniyanın sehrində sanki ovsunlanmışdıq. Kiçik fasilə əsnasında toyxanadan çıxıb qohumlarla, dostlarla söhbət etməyə başladım. Amma çoxdan görmədiyim bu adamlarla etdiyim şirin sohbətdən də doymadım. Yenidən musiqi başladı. Fürsətdən istifadə edib masabəyinin adını soruşdum. Dedilər ki, el-obamızın, demək olar ki, bütün toy məclislərini öz eloğlumuz – Namiq Atəş idarə edir. Namiq Azərbaycan Neft Akademiyasını bitirib. İxtisasca elektrik mühəndisidir. Ali təhsilini Sovet hökumtinin son illərində alıb. Elə buna görə də ixtisası üzrə iş tapa bilməyib. Şeirə, sənətə, musiqiyə uşaqlıqdan olan həvəsi onun həyat yolunun istiqamətini dəyişdirib. Əksəriyyətin bazarlara, ticarətə üz tutuğu vaxt Namiq ədəbiyyatı, sənəti seçib. Özü demişkən, qalstukla tərəzi silməmək üçün bu sahəyə gəlib. Gəlib, özü də bu gəliş uğurlu olub.
Ovsun dairəsi
Namiq Atəşin qəribə şeir söyləmək manerası var. Adını qoya bilmədiyim məhz bu manera adamı ona qulaq kəsilməyə məcbur edir. Şeiri söylədikcə səs yüksəlir və birdən sanki qırılır, nəfəsi kəsilir. Amma yox, nə nəfəs kəsilir, nə də ritimdə bir pozuntu olur. Şeir əvvəlki ahəngi ilə davam edir və dinləyənləri həmin anda öz sehrinə salır. Sadəcə, ustad elə bil ki, zirvəyə çatıb orada yüksəlişdən enişə ayaq verir, körpü salır. Bax elə bu yerdə Namiqin səsi məni çəkib yenidən toyxanaya saldı. Düzü həmin anda xanəndənin muğamı muğama calaması, masabəyinin ona etdiyi ortaqlıq mənə düşünməyə imkan vermədi. Amma toydan sonra… Düz o gündən bəri o dönüşün, o ayağın, o keçidin, o yiksəlişin, o enişin adını qoya bilmirəm. Adını tapsaydım, bəlkə də, bu yazı 3-4 il əvvəl yazılardı. Amma bu vaxt uzandıqca uzandı. Dostlarımın yanında onun haqqında danışdım, düşdüyüm sehrin şirnliyini onlarla da bölüşdüm. Nəhayət, Bakı toylarında da görünməyə başladı Namiq Atəş. Sonra Namiqlə yeni görüşlərimiz oldu, öyrəndim ki, bir neçə kitabın da müəllifidir. Şerlərini də oxudum. Amma, doğrusunu deyim ki, mənə ləzzət eləmədi. Bilirsiniz niyə? Çünki mənə elə gəlirdi ki, bu şeirləri elə onun özü kimi oxumaq lazımdır. Yəni aşağıdan başlayıb qıyya çəkərək zirvəyə yüksəlməli, orada bir pauza verib dünləyənləri riqqətə gətirməli və astaca enişə keçməlisən ki, şeirin əsl şirinliyini dada biləsən. Bəzən gözlərimi yumub o yüksəlişi və sonrakı enişi xəyallarımda canlandırmağa çalışıram. O zaman yüksəlişin son nöqtəsinə – zirvəsinə uçuram, o zaman enişin son nöqtəsinə – zirvəsinə qonuram. Gözlərim önündə Namiq Atəş yüksəlişlə də, enişlə də zirvəni fəth edir. O yüksələrkən mənə əzəmətli bir qartalı xatırladır. Qartal da qıyya çəkərək səmanın ənginliklərinə doğru hey uçur, uçur və birdən yox olur. Amma qartal itmir, sadəcə, biz onu görə bilmirik, o bizim gözümüzün görüş dairəsini tərk eləyir. Qartalın yox olma zamanını Namiqin səsindəki o qırılma anına, o pauzaya, o ovsuna bənzədirəm. Kim bilir, bəlkə də, qartalın yox olduğu an, adamın ovsunlandığı zaman kəsiyi Namiqin atəşləndiyi məqamdır. Deyə bilmirəm, bildiyim odur ki, Namiq Atəş qeyri-adi diksiyası ilə ətrafındakıların diqqətini bütünlüklə özünə cəlb eləyir, özü də yanır, dinləyicisini, tamaşaçısını da yandırır. Bu yanğı ecazkardır, şirindir. Tam ifadə edə bilmədiyim fikirlərim sanki mənim üçün göz yaşlarına çevrilib Namiqin yüksəldiyi zirvənin o tayına, gül yanağına axır, şəlalayə dönüb zirvədən enir. Namiq Atəşin özünün ifadəsi ilə desək:
O gül yanağından süzülən yaşlar
Axırmış qəlbimin səhralarına.
Orda susuz qalmış arzularımın
Hopurmuş dilimli cadarlarına.
Şəlalə zirvələrdən enişi ilə zirvələşir, möhtəşəmliyi ilə gözümdə yüksəlir. Öz-özümə həm yüksəlişin, həm enişin zirvəsi olması qənaətinə gəlirəm. Beləcə, Namiq Atəş səsinin həm yüksəliş, həm də enişlə zirvələr fəth etdiyinə inanmağa başlayıram. O, bu iki zirvənin arasında bir sehr dairəsi qurur. Sən istəsən də, istəməsən də o dairəyə düşürsən və Namiq istəmədikcə oradan çıxa bilmirsən. Kim bilir, bəlkə də, sən heç özün də oradan çıxmaq üçün cəhd etmirsən, edə bilmirsən. Çünki bu səsin musiqi ilə harmoniyasının yaratdığı şirinlikdə boğulmaq özü belə şirindir.
Arzum
Rəssam müştərisini fırçasının gücü ilə ram edir, dəmirçi çəkici, zindanı ilə əzilmiş avtomobilə ikinci həyat verir, həkim əlindəki şəfa ilə xəstəni ayağa qaldırır, xanəndə səsinin həzinliyi ilə dinləyicisinin qəlbinə yol tapır. Namiq Atəş isə sözləri ard-arda düzməklə, bir-birini tamamlayan misralarla naxış vurur, çələng toxuyur, məclisləri bəzəyir. O nə rəssamdır, nə dəmirçidir, nə həkimdir, nə də xanəndə. Amma dinləyicisini ram edir, onu cazibəsinə salıb sağlam həyata tərəf çəkir, ayağa qaldırır, onun qəlbinə yol tapır. Bir-birindən cazibəli, bir-birindən ovsunlu sözləri vüsalla hicranı qucaqlaşdırır, sevinclə kədəri doğmalaşdırır, sevgi ilə nifrəti qol-boyun edir. Amma bu yerlərə çatana qədər neçə dağdan, neçə arandan keçir. Gah çoşub-daşır, gah da tüstülənir və nəhayət, alışıb atəşə dönür. Kim bilir, bəlkə də, Namiq elə beləcə Atəş olub. Mənim isə elimin, obamın bu dodağısözlü oğluna bir arzum var: Namiq Atəş, bu atəşin sönməsin!
Dosta nəşə, düşməninə ələm ver,
Hikmətini nə bol elə, nə kəm ver.
Yazmaq üçün mənə şirin qələm ver
Səndən yazım, bədxahların titrəsin
Namiq Atəş, bu atəşin sönməsin.
Sonsuz olsun, tükənməsin ilhamın,
Hikmət ilə yoğrulsun hər kəlamın,
Yaz, qardaşım, dayanma yaz, sən canın
Şeirinin dadı-duzu dönməsin
Namiq Atəş, bu atəşin sönməsin.
Atəşindən yanan qəlblər sərinlər,
Bu nə oddur, od üstünə su çilər?
Misraların ürəklərə nur ələr
Sən nur payla, zülmət bizə gəlməsin
Namiq Atəş, bu atəşin sönməsin.
Sənə kömək olsun uca Yaradan!!!
Yaz, eloğlu, yaz bu iki dünyadan.
Səsin gəlsin uzaq eldən-obadan.
Qoy şöhrətin zirvələrdən enməsin
Namiq Atəş, bu atəşin sönməsin.
İmza: Səsinin vurğunu olan İnsan
Namiq müəllim haqqinda bu ürəkdən yazilanlari oxudum çox sevindim ona görə ki, bütün bu deyilənlər,səmimi dost ,gözəl insan ,çox böyük ürək sahibi MAMİQ ATƏŞ haqqinda idi. El şənliklərimizin mahir aparicisi Namiq müəllimin böyüklüyünün bir daha şahidi iki gün əvvəl iştirak etdiyimiz bir məclisdə gördüm.Onun hər bir kəsə öz xarakteri ,psixologiyasina görə yanaşma və müraciyyət etmək məndə çox böyük fərəh hissi yaratdi,şerlərini sevərək dinlədim.Namiq müəllim sizə həmişə müəllifin yazdiği kimi zirvələrdə olmaği arzulayiram.
Bele istedadin toylarda masabeyi kimi deyil, shair kimi taninmasi daha yaxsi olar.
Zerdabin iki tamadasi var Teyyub mellim Namiq mellim her ikisi taninmis secilmis sexsiyetlerdendirler.
Comments are closed.