Zərdab-Ağcabədi yolunda baş vermiş qəza ilə bağlı məhkəmə qərarı – MƏTN

0
65

mehkemewww.zerdab.com saytı daha bir cinayət işi ilə bağlı materialları təqdim edir.

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Qərar

20 sentyabr 2012-ci il.               İş №1(106)239/2012                       Şirvan şəhəri

Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası hakimlər Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədov Alim Nadir oğlunun, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin, Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Əzimov Ədalət Adil oğlunun, məhkum edilmiş şəxs Novruzov Qurban Əlövsət oğlunun, onun müdafiəçisi Babayev Bəxtiyar Rəhim oğlunun, zərər çəkmiş şəxs Hüseynzadə Tofiq Səfər oğlunun iştirakı ilə, Novruzov Qurban Əlövsət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə məhkum edilməsi barədə Zərdab rayon məhkəməsinin 01 sentyabr 2011-ci il tarixli, 1(036)-41/2011 saylı hökmündən zərər çəkmiş şəxs Hüseynzadə Tofiq Səfər oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq,

Müəyyən etdi:

Zərdab rayon məhkəməsinin 01 sentyabr 2011-ci il tarixli, 1(036)-41/2011 saylı hökmü ilə (Sədrlik edən: Ləzimov Sulduz Paşa oğlu) Novruzov Qurban Əlövsət oğlu, 23 noyabr 1977-ci ildə Zərdab rayonunun Gəlmə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində üç azyaşlı uşağı olan,  işsiz, orta təhsilli, məhkumluğu olmayan, Zərdab rayonu Gəlmə kəndində yaşayan, hal hazırda məntəqə tipli cəzaçəkmə müəssisində cəza çəkən, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddələri ilə təqsirli bilinib cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

İşin halları:

Məhkəmənin hökmünə görə Novruzov Qurban Əlövsət oğlu “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etmədən 26 mart 2011-ci il tarixdə saat 19 radələrində idarə etdiyi “Opel” markalı 10MD 612 dövlət nömrə nişanlı avtomobillə Zərdab-Ağcabədi avtomobil yolunun 1-ci kilometrliyində hərəkətdə olarkən həmin istiqamətdə hərəkətdə olan və yolun sağından soluna keçmək istiyən piyada, Zərdab şəhər sakini Hüseynzadə Tofiq Səfər oğlunu sol tərəfindən vuraraq ona sağlamlığa ağır zərər vurmaya aid sol bazu sümüyünün qapalı yerini dəyişmiş qəlpəli sınığı, sol tərəfli III-IV-V-VI-VII-VIII qabırğalarının qapalı sınıqları xəsarətləri yetirməklə yol hərəkəti və nəqliyyat vasitələrinin istismari qaydalarını pozmuşdur.

Zərdab rayon məhkəməsinin 01 sentyabr 2011-ci il tarixli, 1(036)-41/2011 saylı hökmündən zərər çəkmiş şəxs Nüseyinzadə Tofiq Səfər oğlu apellyasiya şikayəti vermişdir.

Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 08 dekabr 2011-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır.

Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 08 dekabr 2011-ci il tarixli qərarından zərərçəkmiş şəxs kassasiya şikayəti vermişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 01 may 2012-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 08 dekabr 2011-ci il tarixli Novruzov Qurban Əlövsət oğlu barəsində olan qərarı mülki iddianın baxılmamış saxlanılması hissəsində ləğv edilmiş və yeni apellyasiya baxışına təyin edilmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

Apellyasiya şikayətində zərər çəkmiş Hüseynzadə Tofiq Səfər oğlu göstərmişdir ki, təqsirləndirilən şəxs Novruzov Qurban Əlövsət oğlu ona dəymiş ziyanın ödəyəcəyini vəd etmiş, lakin vədinə əməl etmədiyinə görə mülki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tibb ekspertizasının 25 aprel 2011-ci il tarixli 068 saylı rəyindən də göründüyü kimi qəza nəticəsində sağlamlığa ağır zərər vurmaya aid sol bazu sümüyünün qapalı yerini dəyişmiş qəlpəli sınığı, sol tərəfli III-IV-V-VI-VII-VIII qabırğalarının qapalı sınıqları xəsarətləri almasını, bununla bağlı dəfələrlə müalicə və müayinə olmasını göstərərək məhkəmədən Zərdab rayon məhkəməsinin 01 sentyabr 2011-ci il tarixli, 1(036)-41/2011 saylı hökmü dəyişdirərək maddi və mənəvi zərərə görə 16000 (on altı min) manat məbləğində mülki iddianın təmin edilməsini xahiş etmişdir.

Dövlət ittihamçısı Fəyyaz Quliyev apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməməsini hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən aslı olmayaraq yoxlanılır.

Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək və dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməsi, hökmün dəyişdirilməsi barədə rəyini dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməli, Zərdab rayon məhkəməsinin 01 sentyabr 2011-ci il tarixli, 1(036)-41/2011 saylı hökmü dəyişdirilməlidir.

İş materialları ilə müəyyən edilir ki, Novruzov Qurban Əlövsət oğlu Azərbaycan Respublikası CM-nin 263.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir.

Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla Novruzov Qurban Əlövsət oğluna ittiham olunan cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası CM-nin 263.1-ci maddələri ilə düzgün tövsif etmişdir.

Əməlin hüquqi tövsifi və məhkum edilmiş şəxsə cəza təyin edilməsi hazırda mübahisələndirilmir və bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 01 may 2012-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 08 dekabr 2011-ci il tarixli qərarı dəyişdirilməmiş, yalnız mülki iddianın baxılmamış saxlanılması hissəsində ləğv edilmiş və yeni apellyasiya baxışına təyin edilmişdir.

Ona görə də Məhkəmə Kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxs Hüseynzadə Tofiq Səfər oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin mülki iddia barədə tələbinə baxılmalıdır.

Apellyasiya şikayətində zərər çəkmiş şəxs Hüseynzadə Tofiq Səfər oğlu mülki iddianın təmin edilməsini xahiş etmişdir.

Iş materialları ilə müəyyə edilir ki, zərərçəkmiş şəxs Hüseynzadə Tofiq Səfər oğlu məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs T.S.Hüseyinzadə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş maddi və mənəvi zərərlə bağlı 16000 (on altı min) manat məbləğində tələbinə dair mülki iddia ilə məhkəmədə iddia qaldırmışdır.

Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs Hüseynzadə Tofiq Səfər oğlu iddia tələbinin həcmini azaldaraq cavabdehdən maddi və mənəvi ziyana görə 16000 manat deyil, 2000 (iki min) manat tələb etdiyini bildirmiş, həmin məbləğdə iddianın təmin olunmasını xahiş etmişdir.

Məhkəmədə məhkum edilmiş və cavabdeh şəxs Novruzov Qurban Əlövsət oğlu zərərçəkmiş şəxs Hüseynzadə Tofiq Səfər oğlu tərəfindən veilmiş 2000 (iki min) manat məbləğində iddianı tam qəbul etdi.

Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.

Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.

Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

Yuxarıda göstərilənləri əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, iş üzrə zərərçəkmiş şəxs T.S.Hüseynzadənin iddiasını iş üzrə cavabdeh məhkum edilmiş şəxs Novruzov Qurban Əlövsət oğlu qəbul etmişsə bu zaman mülki iddia qismən təmin edilməlidir.

Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, zərərçəkmiş şəxs T.S.Hüseynzadə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş maddi və mənəvi zərərlə bağlı verdiyi 16000 manat məbləğində tələbinə dair mülki iddia tələbi ilə bağlı verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Zərdab rayon məhkəməsinin 01 sentyabr 2011-ci il tarixli, 1(036)-41/2011 saylı hökmü dəyişdirilməli, iş üzrə mülki iddia qismən təmin edilməli, məhkum edilmiş şəxs və mülki cavabdeh Novruzov Qurban Əlövsət oğlundan 2000 manat alınaraq zərərçəkmiş şəxs Hüseynzadə Tofiq Səfər oğlu oğluna verilməlidir.

Azərbaycan Respublikası CPM-nin 354.1.1-ci maddəsinə əsasən. məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi barədə qərarlardan biri əks etdirilir.

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1, 398.1.4, 399.1, 399.1.1, 404 və 407.2-ci maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası

Qərara aldı:

Zərərçəkmiş şəxs Hüseynzadə Tofiq Səfər oğlunun apellyasiya şikayəti qismən təmin edilsin.

Novruzov Qurban Əlövsət oğlunun barəsində olan Zərdab rayon məhkəməsinin 01 sentyabr 2011-ci il tarixli, 1(036)-41/2011 saylı hökmü apellyasiya şikayətinə əsasən mülki iddiaya aid hissədə dəyişdirilsin.

Zərərçəkmiş şəxs Hüseynzadə Tofiq Səfər oğlunun iddiası qismən təmin edilsin.

Novruzov Qurban Əlövsət oğlundan maddi və mənəvi ziyana görə 2000 (iki min) manat alınaraq zərərçəkmiş şəxs Hüseynzadə Tofiq Səfər oğluna verilsin.

Hökm apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilməsin.

Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir.

Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Sədrlik edən:           İmza var.

Hakimlər:                İmzalar var.

Əsli ilə düzdür: Hakim:                                     Kamran Əkbərov

www.zerdab.com