Psixoanalitik İbrahim İbrahimli: “Telekanallarda bağıra-bağıra efirə verilən kriminal xəbərlər hər gün evlərə stress, gərginlik, aqressiya gətirir. Əgər bunun qarşısı alınmasa, bir neçə il sonra daha dəhşətli vəziyyətlərin şahidi olacağıq”.
Bir vaxtlar televiziyanın ilk yaradılış məqsədi insanları maarifləndirmək, əyləndirmək, onları gündəlik qayğılardan uzaqlaşdırmaq, olub. Amma günümüzdə bunları deməkdə insan bir qədər tərəddüd edir.
Telekanallarımızda hər gün efirə verilən kriminal xəbərləri, dillə ifadə edilməsi belə, mümkün olmayan mövzuların tok-şoularda müzakirəsini izlədikcə adamın ağlından bir fikir keçir: televiziyalarımız cəmiyyətimizi uçuruma sürükləyirlər. Bəli, biz məsələyə jurnalistika prinsipləri prizmasından yanaşdıqda bilirik ki, hər bir dəhşətli hadisə, həm də maraqlı bir xəbərdir. Amma hadisənin özü başdan ayağa dəhşətdən ibarətdirsə, şok effekti verirsə, onu bir də bilərəkdən şişirtməyin, bağıra-bağıra tamaşaçını həyəcanlandırmağın mənası nədir? Bəli, telekanallarımız bununla tamaşaçıların diqqətini cəlb etməyə, reytinq yığmağa çalışırlar. Amma bir gün o reytinqin “bəhrəsi” ona bağbanlıq edənlərin evində “yeyilsə” təəccüblənməyin.
“Aydınlığa doğru” İctimai Birliyinin sədri, tanınmış telejurnalist Solmaz Əmirli deyir ki, sovet dövründə telekanallarda efirə gedən verilişlərə ciddi nəzarət var idi: “Mən televiziya jutnalisti kimi Azərbaycan Dövlət Televiziyasında fəaliyyət göstərirdim. Xatırlayıram, o dövrdə hətta xəstəxanalardan hazırlanan verilişlərdə belə iri planda cərrahiyyə əməliyyatı, bir damla olsa belə, qan efirə verilmirdi. Nümayiş olunan filmlərdə zorakılıqla, əxlaqsızlıqla bağlı kadrlar montaj edilib götürülürdü”.
S. Əmirlinin sözlərinə görə, həmin dövrdə hətta cizgi filmlərinə də nəzarət edilirdi: “Cizgi filmlərində yardımlaşma, mərhəmətli olmaq, özündən kiçiklərə, xüsusilə təbiətə qayğı göstərmək kimi keyfiyyətlər təbliğ edilirdi”. Amma indi…
Psixoanalitik: “Bu xəbərlər, verilişlər insanlarda travma yaradır”.
Mövzu ilə bağlı qəzetimizin suallarını cavablandıran psixoanalitik İbrahim İbrahimli qəzetimizə açıqlamasında dedi ki, baş vermiş kriminal hadisələrin təkrar-təkrar özü də daha da sensassiyalı şəkildə efirə verilməsi cəmiyyətdə bir çox acı nəticələr doğurur: “Bu, ilk növbədə, hadisə iştirakçılarının yaxınlarının psixoloji travma alması ilə nəticələnir. Belə ki, onlar bir acını iki dəfə yaşamış olurlar. Tamaşaçılar isə bu şoulara baxdıqca aqresiya hissi keçirirlər. Çünki, hər kəsin ailəsi, uşağı, yaxınları var. İnsan hər hansı bir informasiyanı eşidəndə birinci özünü onun yerinə qoyur, o acını yaşayır. Şüuraltında bu hadisəni təkrar-təkrar şərh edir, düşünür ki, bu hadisə mənim başıma gəlsə, nə olar, mən də belə bir insanla, hadisə ilə üzləşə bilərəm və s. Əlbəttə, həyəcan hissi keçirirlər. Belə verilişlər nəticəsində insan bir növ özünü buna hazırlayır. Şüuraltı elədir ki, xəyalla gerçəyi ayıra bilmir. Bəzən xəyalda olan şeyləri gerçək kimi anlamaq da mümkündür. Bütün bunlar isə insanlarda travma yaradır”.
“Mən onları asardım, kəsərdim” deyirlər
Psixoanalitik İbrahim İbrahimlinin sözlərinə görə, bu, yeniyetmələr üçün ikiqat mənfi təsirlər yaradır: “Yeniyetməlik dövrünə el arasında dəliqanlılıq mərhələsi də deyirlər. Yəni şüurun bulanıq dövrü hesab olunur. Bu mərhələdə insanın analiz etmə qabiliyyəti təmiz deyil. Ona görə də, belə hadisələrlə bağlı xəbərlərdə, verilişlərdə qəhrəmanları görəndə yeniyetmələr “mən onları asardım, kəsərdim” deyirlər. Buna manyakal yanaşma deyirlər. Həmin dövrdə insanlar emosional olduqları üçün hadisələri analiz etmirlər. Təəssüf ki, indiki dövrdə belə nüanslara nəzarət olunmur və telekanallarımız da bundan mənfi mənada yararlanırlar.
Bu cür verilişlərə ailəvi necə baxmaq olar?
“Azyaşlı uşaqların barmağı kəsiləndə, qan axanda onlar ağlayırlar, ancaq böyüklər yox. Nəyə görə? Çünki, uşaqlar anlamırlar. Ona görə də, belə verilişlər uşaqlar üçün ikiqat travmatik təsir göstərir. Efirə verilən bıçaq, qan uşaqlarda qorxu yaradır. Hətta buna görə bir çox uşaqlar sosiallaşmaqdan qorxurlar”,-deyə qeyd edən həmsöhbətimizin sözlərinə görə, bu cür xəbərlərin, verilişlərin “tərbiyəsi” ilə böyüyən uşaqlar üçün hər şey adiləşir, onlar təəccüblənmir, narahatlıq hissi keçirmirlər.
Ekspertin dediyinə görə, bütün bunlar dəyərlər sistemimizin qarışmasına, nəticədə beynimizin qarışmasına gətirib çıxarır: “Təəssüf edirəm ki, telekanallarımız elə təqdim edirlər ki, Azərbaycan tamaşaçısı sanki bu verilişləri sevir və baxmaqdan narahatlıq hiss keçirmir. Halbuki, hər kəsin bununla bağlı etirazı, narahatçılığı var. Onminlərlə insan bu verilişlərdən narahatlıq hissi keçirir. Bu cür verilişlərə ailəvi necə baxmaq olar? Bəzən elə mövzular müzakirə edilir ki, təəccübdən deməyə söz tapmırsan”.
“Sonra gec ola bilər”
Müsahibimizin sözlərinə görə, bütün bunların nəticəsində cəmiyyətimizdə getdikcə həyəcan, narahatlıq, mərhəmət hissi ölür: “İnsanlar düşünürlər ki, əgər mənim də ailəmdə belə bir hadisə baş verərsə, efirə çıxarıb müzakirə edə bilərəm. Bəzən belə verilişlərdə bir tərəfi çağırırlar, o biri tərəfi çağırmırlar. Və efirdə olmayan tərəfin mövqeyi gözlənilmədən, bəzən hətta kimsə özünü vicdanlı, qəhrəman kimi göstərmək üçün qarşı tərəfi təhqir belə edir. Bilirsiniz ki, bir insanın günahını sübut etmək üçün nə qədər istintaq gedir, araşdırmalar aparılır. Amma belə verilişlərdə aparıcılar çalışırlar ki, 20-25 dəqiqə içərisində kimisə günahkar çıxarsınlar. Bəzi hallarda hətta insanın yataq həyatı da efirdə müzakirəyə çıxarılır. Ailədə sirli qalmalı olan məsələləri artıq ümumiləşdirirlər, ictimailəşdirirlər, televiziyada həll etməyə çalışırlar. Bu da insanlarda utancaqlıq hissinin itməsinə gətirib çıxarır. Utancaqlıq hissi itmiş bir cəmiyyət isə, artıq şizofreniya cəmiyyətinə oxşayır. Belə cəmiyyətlərdə artıq heç nə ayıb sayılmır. Nəticədə ailə dəyərləri, ailə institutları məhvə doğru gedir. Odur ki, bütün bunları nəzərə alıb nəticə çıxarmalıyıq. Əgər belə davam edərsə, bir neçə ildən sonra cəmiyyətimizdə kriminal hadisələrin də sayı artacaq. Belə hadisələrin reklamından qaçmaq lazımdır, sonra gec ola bilər”.
Nicat İntiqam, “Zaman”
Ela. millatin evin gic gic verlislar yixir,
Son vaxtlar oz kanallarimizda maraqli,menali,derin mezmunlu verilislere cox az yer verilir.Elbette qarsisi vaxtinda alinmazsa cox pis fesadlari meydana cixacaq
Comments are closed.