Hardasa oxuduğum bir yazıdakı mənzərəni unuda bilmirəm: gənc qocaya baxır və ona yazığı gəlir: “bu yazıq bu gün-sabahlıqdır, ölüb bu gen dünyadan dar məzara girəcək”.
Qoca da gəncə baxır və onun halına acıyir: “Allah bilir, hələ qarşıda bunu hansı imtahanlar gözləyir. Nə sınaqlardan keçəcək, hansı çətinlikləri yaşayacaq. Görəsən büdrəməyəcək ki, yolundan azmayacaq ki? Hər halda çətindir, Allah köməyi olsun”.
Hər kəs qarşı tərəfin halına acıyır. Qoca dönüb cavan olmağı istəməz, cavan da qocalmağı arzulamaz. Amma həyat dediyin bu ədalət yolu onun-bunun istəyi ilə deyil ki. Yoldu, harada bitəcəyini bilmədən tutub gedirsən. Və birdən… Allah bilir, vəsiyyət eləməyə imkanın olacaq, ya yox.
Həyatı düzgün qura bilsək, hər yaşı, hər mərhələsi gözəldir. Gənclik nə qədər cazibəli, nə qədər şirindirsə, qocalıq ondan da təravətli, nurludur. Amma yetər ki, hər kəs öz yaşının, həyat mərhələsinin şərtlərini anlasın, yaşasın.
Bir vaxtlar ailə dağılması, böyüyün üzünə qayıtmaq fəlakət kimi, faciə kimi dəyərləndirilirdi, beləsinin üzünə baxmazdılar. İndi isə mənzərə o qədər dəyişib ki, az qala bu cür hallarla barışmışıq.
Körpələr də, qocalar da qayğıya möhtacdırlar. Elə məqamı gəlmişkən, bir ağsaqqal söhbətini də paylaşmaq istəyirəm sizlərlə. Bir çətən oğul-uşaq böyütmüş ata deyir ki, mən kimsəyə borc verməmişəm, kimsədən də qarşılıq istəmirəm, öz boynuma düşən borcu yerinə yetirmişəm, vəssalam. Allah-Təala mənə övladlar verib, mən də ata kimi borcumu yerinə yetirmişəm, sonra da haqqımı halal eləmişəm onlara. Allah qarşısında hesab verməkdən başqa da bir şey düşünmürəm. Allah bu övladları mənə əmanət olaraq verdi, mən də o əmanətə doğru-düzgün baxdım, vəzifəmi də tamamladım. O ki qaldı övladlarımın mənə necə baxacağına, bu, mənim problemim deyil, onların işidir. Baxmasalar belə onlardan şikayət etmərəm, borc istəmərəm. Borclarını yerinə yetirərlər, yetirməzlər, özləri bilərlər. Mən övladlarımla yox, Allahla aramdakı hesab-kitabı düşünürəm.
Dinimiz ağsaqqallara, qoca ata-anaya hörmət göstərməyi ən açıq və sərt bir dillə əmr edir. Qurani-Kərimdə buyurulur ki, əgər valideynlərinizdən biri və ya ikisi də sizin yanınızda qocalarlarsa, nə qədər əziyyət versələr belə onlara “uf” deməyin. Göründüyü kimi, Allah-Təala övlada valideynin cəfasına qarşı “uf” demək, şikayətlənmək haqqını belə verməyib. Demək, valideynə qarşı üsyan etmək Allahın əmrlərinə qarşı çıxmaqdır.
Uca Peyğəmbərimiz buyurur ki, Allahın məmnunluğu, xoşnudluğu valideynin xoşnudluğu, Allahın qəzəbi valideynin qəzəbi ilə birlikdədir. Yəni sən öz valideynlərini incidərsənsə, onları qəzəbləndirərsənsə, Allahı qəzəbləndirmiş kimi olursan. Yox, əgər onların qəlbini alırsansa, könlünü xoş edirsənsə, Allahı sevindirmiş kimisən.
Bir hədisi-şərifində də Uca Peyğəmbərimiz: “Kiçiklərinə mərhəmət etməyən, böyüklərinə sayğı göstərməyən, yaxşılığa təşviq edib pislikdən çəkindirməyən bizdən deyil,”- buyurmaqdadır.
Bu mövzuda Allah kəlamlarının, Peyğəmbər buyruqlarının sayını xeyli artırmaq olar. Amma elə düşünürük ki, elə bu söylədiklərimizlə kifayətlənib günümüzün reallığına dönsək, yaxşıdır.
Sizə bir faktı söyləmək istəyirəm: Bakıda qocalar evi var. O evdə boş yer tapa bilməzsiniz, üstəlik də, o evə düşə bilmək üçün gələn müraciətlərin sayı oranın bugünkü sakinlərinin sayından on dəfə çoxdur. Demək, bu gün Azərbaycanda o boyda 10 qocalar evi tikilsə, hamısı bir anda dolar.
Bu faktı niyə söylədim, bilirsinizmi? – Məsələ ondadır ki, bu fakt bizim mənəvi aşınmamızın ən aydın göstəricilərindən biridir. Kimsənin qəlbini qırmaq fikrim yoxdur, amma bir övlad öz valideynini küçəyə atırsa, onun haqqında yaxşı bir şey söyləməyi də mümkünsüz hesab edirəm.
Yuxarıda göstərdiyimiz kimi, valideyni evdən qovmaq bir tərəfə qalsın, onun şıltaqlığından şikayət etməyə belə haqqımız yoxdur.
Evində bir nənə var, heç nəyə qarışmaz, kimsə ilə işi yox, hərdən nəvələrinin, nəticələrinin saçını sığallayar, dodaqlarının altında nə isə pıçıldayar. Eşitməsən də bilirsən ki, dua edir, Allaha yalvarır ki, bu balaları xətadan-bəladan qorusun, doğru yoldan ayırmasın.
Evində bir nənə var, üzü nurlu, gözü nurlu, danışanda sözü nurlu. Kim bilir, bəlkə də, Allah-Təala bu xeyir-bərəkəti, bu hörməti, bu sevgini onun üzü hörmətinə verib bu ailəyə. Bəlkə, siz onu sevdiyinizdən, xətrini əziz tutduğunuzdan Allah da sizin işinizə uğur, könlünüzə səmimi duyğular bəxş edir? Kim bilir…
————————————————————————————————
Edilən yaxşılıq söylənməməlidir
Öz məmləkətində çətinlik çəkən gənc yaxşı dolanışıq üçün uzaq bir diyara üz tutur. Dürüst, ədalətli və xeyirxah gənc bu səfər zamanı çox qəribə mənzərələrin şahidi olur. Amma gördüklərindən bir şey anlamır.
Gördüyü ilk qəribə mənzərə belə idi: bir neçə adam tarlaya buğda səpirdilər. Buğda dənləri torpağa düşən kimi boy verib bitir, məhsul gətirir, əkinçilər də zəmini yandırırdılar.
İkinci qəribə mənzərə belə idi: bir adam böyük bir daşı qaldırmağa çalışır, amma bacarmırdı. O, böyük daşın üstünə bir başqasını da qoyandan sonra qaldıra bilirdi. Üçüncü daşı qoyanda daha asan qaldırırdı. Gənc nə qədər baxsa da, bu gördüklərindən də bir şey anlaya bilməmişdi.
Üçüncü qəribə mənzərə: bir adam bir qoyunun belinə minmişdi, bir neçə adam da o kişinin çiyninə dırmaşmışdı. Qoyun sürətlə qaçırdı, bir neçə adam da yetişmək üçün onların dalınca nə qədər yüyürsələr də, çata bilmirdilər.
Yol boyunca gənc bu gördüklərini götür-qoy elədi, amma bir məna anlaya bilmədi. Nəhayət, gəlib bir şəhərə yetişdi. Giriş qapısının yanında nurani bir qoca oturmuşdu. Gənc salam verdi, qoca da onu saxlayıb haradan gəldiyini soruşdu. Oğlan yolboyu gördükləri hər şeyi ona söylədi. Qoca onun gördüklərini belə izah elədi:
– İlk gördüyün o əkinçilər buğda tarlası və o zəmini yandıran adamlar bilirsənmi kimlərdir? – Əvvəlcə yaxşılıq edən, sonra da elədiyi yaxşılığı orda-burda danışıb dəyərini heçə endirənlər.
– Daş qaldıran adam ilə sənə başqa bir mesaj verilib. O mənzərənin mənası budur ki, ilk dəfə günah işləmək insan üçün çox ağırdır. Amma insan günahı işləyəndən sonra tövbə edib ondan çəkinmədikdə növbəti günahlar onun üçün çox yüngül gəlir. Tövbəsi olmayan bir günah başqa bir günah üçün açılmış qapıdır.
– Qoyun və onun belindəki adamlara gəlincə unutma ki, qoyun cənnət heyvanıdır, belinə minənləri də cənnətə daşımaqdadır. Qoyuna ilk dəfə minən alimlərdir. Alimlərin çiynindən sallaşanlar isə hər təbəqədən olan möminlərdir. Onların dalınca qaçanlar isə inancsızlar, dinsizlərdir.