Kitab oxumağa vaxtın yoxdursa, sosial şəbəkədə nə gəzirsən?

2
60

kitabKitab oxumaq bir mədəniyyətdir. Hətta qınayan olmasa, kitab oxumağa ailəvi mədəniyyət də deyərdim. Bəzilərinə görə, ailə başçısı ancaq bazarda, qonaqlıqda və ya digər ailəvi məsələlərin həllində ön planda olmalıdır. Halbuki, elə deyil – ailə başçısı kitab oxuma məsələsində də, əgər ehtiyac varsa, öz rolunu oynamalıdır.

Ola bilər ki, ailə üzvləri kitab oxumağa maraq göstərmirlər, daha çox televiziya və kompyuterə maraq göstərirlər. Bu da olmalıdır, ancaq hər gün evdə ən azı 1 saat kitab oxunmasında fayda var. Şərt o deyil ki, hər kəs eyni vaxtda evin bir küncünə çəkilib kitab oxusun, bu, ayrı-ayrı vaxtlarda da ola bilər, əsas odur oxunsun.

Zəmanəmizdə hər şeydə bir boşluq yarandığı kimi, kitab məsələsində də müəyyən mənada əskikliklər ortaya çıxıb. Məsələn, hər yerindən duran adam kitab buraxdığı üçün hər təsadüfi kitabı da oxumaq məsləhət görülmür.

Faydalı, nəyi isə öyrənə biləcəyimiz, bizə doğru yol göstərən, bir sözlə, bütün mənalarda faydalı kitabları araşdırıb-tapıb oxumaq lazımdır. Bunun üçün əhatəmizdəki ziyalı, kitabsevən və oxuyan insanlardan məsləhət almaq yaxşı olardı.

Elə kitabı tapıb oxumalı və ailə üzvlərimizə məsləhət görməliyik ki, ondan mədəni və əxlaqi yöndən nəyi isə öyrənə bilək. Evində körpə uşaqları olanlar üçün də ailəvi kitab oxuma mədəniyyətinin formalaşması çox faydalıdır. Çünki, bunu görən uşaq özü də kitaba maraq göstərməyə başlayacaq. Bu isə onun gələcək həyatı üçün çox əhəmiyyətlidir. Bu məqama xüsusi diqqət yetirmək lazımdır.

Təəssüf ki, indi bir çox ailələrdə uşaqların “kitabı” mobil telefonlardır. Uşağın, bəlkə də, telefona maraq göstərməyi normal haldır, ancaq bu “tələbat” ifrat həddə çatanda çox təhlükəlidir.

Elə ailələr var ki, kitab oxuma orada ümumiyyətlə, yad bir ənənədir. Bu ənənənin təməlini qoymaq üçün ilk növbədə, jurnallardan başlamaq olar. Yəni ilk vaxtlar jurnal oxumaqla, sonradan kitablara keçmək olar. Amma jurnal dediyimiz də hər küçədə satılan nəşrlərə aid deyil. Elə jurnal olmalıdır ki, sizi kitab oxumaqdan təcrid etməsin, əksinə, sizi ailəvi kitab oxumağa hazırlasın. Bu məsələdə sizə kiçik bir tövsiyə də vermək olar: kitaba keçid mərhələsində özünüz, övladlarınız, bir sözlə, ailəniz üçün ən yaxşı vasitə məhz “Ailəm” jurnalı ola bilər. Bu jurnalda hər yaşdan olan insanlar üçün dəyərli yazılar tapmaq mümkündür…

Kitab oxumanın faydaları barədə çox danışmaq olar. Kitab oxuma ilk növbədə, zehni açır, dünyaya baxışımızı dəyişir. Bundan başqa, kitab oxumaq insana həyatı sevdirir, stressi azaldır, anlama gücümüzü və danışma qabiliyyətimizi qüvvətləndirir.

Kitab oxumaq insanın xəyal gücünü inkişaf etdirir, həyatdan, dünyadan zövq almağa, həzz duymağa, zehnimizi inkişaf etdirməyə, lazım olan məqamlarda qərar vermə qabiliyyətimizə müsbət təsir göstərir…

Kitab oxumanın faydaları siyahısını uzatmaq da olar. Ancaq bütün bunları bir yazıya yerləşdirmək mümkün deyil.

Bir çox insanlar da var ki, kitab oxumağın faydasını bilsələr də, vaxtım yoxdur deyirlər. İlin hansı fəslində bu mövzudan söhbət düşsə, cavab hazırdır: vaxtım yoxdur. Halbuki, bəhanəsi vaxtın azlığı olan bu insanlar hər gün saatlarla sosial şəbəkələrdə vaxt itirirlər. Hətta bir çox insanlar sosial şəbəkələrə o qədər aludə olublar ki, bir gün ayrı qalan kimi özlərini nəyi isə itirmiş kimi hiss edirlər. Nə işdə, nə evdə, nə də cəmiyyətdə qərar tuta bilmirlər. Halbuki, onların kitab oxumamağının əsas səbəbi “vaxt azlığıdır”.

Sosial şəbəkələrə xərclədiyiniz saatları azaldın, kitab oxuyun. Kitab oxuyaq ki, həyatı da oxuya bilək…

Nicat, “Zaman-Azərbaycan”

2 ŞƏRH

  1. Meqaleye gore tesekkurler. Mence valideyinler de vaxt tapib ellerine kitab alsalar , usaqlar da kitab oxumagin vacibliyini derk ederler.
    Kecmisde mekteblilerin mobil tel-nu olmayib ,itib- batan da olmayib.

Comments are closed.