Fevralın 28-də “Baku Expo” Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. Dövlət başçısı tədbirdə çıxışında bir sıra önəmli məqamlara toxunub və maraqlı açıqlamalar verib. www.zerdab.com saytı Prezidentin çıxışını oxuculara təqdim edir.
Prezident İlham Əliyevin giriş nitqi
– Ölkəmizin uğurlu inkişafı artıq reallıqdır. Bunu Azərbaycan əhalisi bilir və görür. Dünya ictimaiyyəti də Azərbaycanın uğurları haqqında kifayət qədər dolğun məlumat əldə edir. Uğurlarımızın təməlində düşünülmüş siyasət, ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik və uğurlu iqtisadi islahatlar dayanır.
İctimai-siyasi sabitlik Azərbaycanda 1990-cı illərdə təmin edilmişdir. 1990-cı illərin əvvəllərində ölkəmizdə hökm sürən xaos, anarxiya ölkəmizi uçuruma aparırdı. Ölkəmiz üçün həlledici illərdə bütün xoşagəlməz hallara ulu öndər Heydər Əliyevin rəhbərliyi altında son qoyuldu və Azərbaycanın uğurlu inkişafı təmin edildi. Məhz o illərdə yaradılmış və bu gün daha da möhkəmlənən ictimai-siyasi sabitlik ölkəmizə investisiyaların gətirilməsinə şərait yaratmışdır və ölkəmizin uğurlu inkişafına imkan vermişdir. Eyni zamanda, bizim əsas iqtisadi islahatlarımız da 1990-cı illərin ortalarında başlamışdır. Bu gün bu islahatlar davam edir və keyfiyyətcə yeni mərhələyə qədəm qoyur.
Ölkəmizin müasir inkişaf dövrü də çox uğurludur. İnkişafımızın təməlində, bir daha demək istəyirəm ki, siyasətimiz dayanır. Ölkəmizdə siyasət həm ictimai, həm də iqtisadi sahədə bir məqsədi güdür: Azərbaycan xalqının maraqlarını təmin etmək, ölkəmizi gücləndirmək, regionda mövqelərimizi möhkəmləndirmək! Bizim əsas istiqamətimiz bundan ibarətdir.
Müasir dövrdə ölkəmizin sürətli inkişafına nail olmaq üçün kifayət qədər geniş proqramlar icra edilir. Bu proqramların içində əlbəttə ki, ən önəmlisi və ən vacibi 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramıdır. Bu proqramın qəbul edilməsindən sonra ölkəmizin bölgələri çox sürətlə inkişaf etməyə başlamışdır.
Proqramın qəbul edilməsi 2004-cü ilə təsadüf edir. Ancaq Proqram haqqında mən ondan əvvəlki illərdə də fikirləşirdim və 2003-cü ilin prezident seçkiləri ərəfəsində bildirmişdim ki, əgər xalq mənə etimad göstərərsə qəbul edilmiş proqramlar nəticəsində beş il ərzində – yəni, 2008-ci ilə qədər ölkəmizdə 600 minə qədər yeni iş yeri açılacaqdır. O vaxt bəziləri bu rəqəmlərə inanmırdı, bəziləri buna şübhə ilə yanaşırdı. Ancaq mən bilirdim ki, bunu etmək mümkündür. Çox şadam ki, qısa müddət ərzində – yəni, ondan da az dövrdə, təxminən dörd il ərzində 600 min yeni iş yeri yaradılmışdır. Bütövlükdə 2004-2008-ci illərdə ölkəmizdə 760 min yeni iş yeri açılmışdır ki, bu da həm işsizliyin aradan qaldırılması, həm də yoxsulluğun aşağı salınması üçün xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, 2004-cü ildə qəbul edilmiş Proqram bizim bütün iqtisadi inkişafımıza təkan vermişdir.
Əlbəttə, iqtisadiyyatımızın böyük hissəsi neft-qaz sektorunda formalaşır. Ancaq neft-qaz sektorunda böyük sayda iş yerlərinin yaradılması mümkün deyildir. Ona görə bizim əsas istiqamətimiz qeyri-neft sektoruna yönəldilmişdir. Bu sektorun inkişafı həm ölkə iqtisadiyyatının şaxələndirilməsinə, həm də işsizliyin aradan qaldırılmasına yönəldilməli idi və belə də oldu.
Onu da qeyd etmək istəyirəm ki, bəzi hallarda bizim uğurlu iqtisadi inkişafımızı yalnız neft-qaz amili ilə bağlayırlar. Əlbəttə ki, neft-az amili mühüm rol oynayır və bundan sonra da oynayacaqdır. Ancaq demək istəyirəm ki, bizim əsas neft ixrac kəmərimiz – Bakı-Tbilisi-Ceyhan neft kəməri yalnız 2006-cı ilin yayında istifadəyə verilmişdir. Proqram isə 2004-cü ildə qəbul edilmişdir. Qəbul edildikdən dərhal sonra Proqram icra edilməyə başlanmışdır.
Bir sözlə, keçən dövr haqqında kifayət qədər məlumat vardır və bir də görülən bütün bu işlər göz qabağındadır. 2009-cu ilin əvvəlində Proqramın yeni dövrü başlamışdır. Artıq o proqram Dövlət İnkişaf Proqramı adlandırıldı. Ancaq bu Proqramın əsas istiqaməti yenə bölgələrin inkişafına yönəldilmişdir. Artıq üç ildir ki, ikinci Dövlət Proqramı icra edilir. Deyə bilərəm ki, bütün vəzifələr artıqlaması ilə icra edilir. Birinci Proqrama gəldikdə, orada nəzərdə tutulmuş məsələlər, təbii ki, öz həllini tapmışdır. Onda əlavə tədbirlər də görülmüşdür. İndi də məhz belə mənzərə müşahidə olunur. Biz bu Proqramı daha da böyük həcmdə icra edirik və beləliklə, inkişafımıza davam edirik.
Birinci mərhələdə əsas istiqamət biznes imkanlarının genişlənməsinə, sənaye potensialının formalaşmasına yönəldilmişdi. Bu məqsədlə ilk növbədə elektrik enerjisi məsələləri öz həllini tapmalı idi. Ona görə biz bu məsələni prioritet kimi nəzərə almışdıq və qısa müddət ərzində enerji təhlükəsizliyimizi təmin edə bilmişdik. Çünki əvvəlki dövrdə bizdə istehsal olunan elektrik enerjisi tələbatımızı ödəmirdi. İndi biz elə güclü sistem yaratmışıq ki, nəinki öz tələbatımızı ödəyirik, eyni zamanda, bütün qonşu ölkələrə elektrik enerjisini ixrac edirik.
Ondan sonrakı mərhələdə infrastruktur layihələrinin icrası prosesi başlamışdır. Bu da çox geniş bir istiqamətdir. Biz infrastruktur deyəndə hər şeyi nəzərdə tuturuq. Həm yollar, həm elektrik enerjisi, qazlaşdırma, su ilə təchizat, sosial infrastruktur məsələləri də çox vacibdir. Proqramımızda yəni, indiki proqramda bütün bu məsələlər öz əksini tapır. Burada əlbəttə ki, istiqamətlərin biri infrastruktur layihələri ilə bağlıdır. Biz bu sahəni dövlət tərəfindən qoyulan vəsait hesabına inkişaf etdirə bilmişik. Digər istiqamət sosial infrastruktur ilə bağlıdır. Birinci Proqram qəbul olunandan sonra ölkəmizdə 2300-dən çox yeni məktəb tikilmişdir. Keçən il 200-dən çox məktəb tikilmiş və təmir edilmişdir. Bu il isə 400-dən çox məktəb tikiləcək və əsaslı təmir ediləcəkdir.
Səhiyyə infrastrukturunun yaradılması böyük əhəmiyyətə malik olan bir məsələdir. Azərbaycanda 400-dən artıq müasir tibb ocağı yaradılmışdır. Magistral yolların inkişafı böyük əhəmiyyətə malik idi. Çünki yollarımız çox bərbad vəziyyətdə idi. Yol olmadan inkişaf ola bilməz. Heç bir müəssisə, heç bir turizm obyekti tikilə bilməz. Biznesin inkişafı üçün yol, elektrik enerjisi əsasdır. İnsanların rahat yaşaması üçün isə sosial infrastrukturun yaradılması prosesi sürətlə gedir və hazırda biz bu layihələri daha da sürətlə inkişaf etdiririk. Hazırda böyük su-kanalizasiya layihələri icra olunur ki, bu, bütün ölkəmizi əhatə edir. Bu layihə sırf sosialyönümlüdür. Əgər elektrik enerjisinin təchizatı ilə bağlı verilən göstərişlər həm sosialyönümlü, həm biznesyönümlüdürsə, su layihələri sırf sosial məna daşıyır. İndi imkanımız var ki, sosial infrastrukturun yaradılmasına daha da böyük həcmdə vəsait qoyaq. Əlbəttə, bu imkanları biz özümüz əldə etmişik.
Dünyada neftlə zəngin olan kifayət qədər çox ölkələr vardır. Bizdən qat-qat çox neft, qaz hasil edən, ixrac edən ölkələr vardır. Ancaq heç də hər bir ölkədə iqtisadi inkişaf bizdəki kimi sürətli deyildir. Ona görə, mən bir daha demək istəyirəm ki, uğurlarımızın təməlində düşünülmüş iqtisadi siyasətdir, iqtisadi islahatlardır. Bu islahatlar dünya birliyi tərəfindən qiymətləndirilir. Dünyanın aparıcı iqtisadi qurumları Azərbaycanda gedən prosesləri dəstəkləyir, qiymətləndirir və bəzi hallarda bizdə gedən prosesləri heyranlıqla müşahidə edir. Böyük reytinq agentlikləri inkişaf etmiş ölkələrin kredit reytinqlərini aşağı salırlar, Azərbaycanın kredit reytinqlərini qaldırırlar. Böhranlı illərdə ən aparıcı beynəlxalq maliyyə qurumları Azərbaycanda gedən islahatları yüksək qiymətləndirirlər. Yəni, bu da çox vacibdir. Əlbəttə, bizim üçün ən vacib olan məsələ odur ki, bildiyimizi edək, iqtisadi inkişafımızı, insanların yaxşı yaşamasını təmin edək. Ancaq görəndə ki, uğurlarımız mötəbər beynəlxalq qurumlar tərəfindən qeyd edilir, əlbəttə ki, bu, bizi daha da sevindirir.
2011-ci il də ölkəmizin inkişafı üçün uğurlu il olmuşdur. 2011-ci ilin xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, Azərbaycanda qeyri-neft sektoru sürətlə artmışdır. Əgər ümumi iqtisadi inkişaf təqribən 1 faiz ətrafında, bəlkə ondan da az idi, qeyri-neft iqtisadiyyatımızın inkişafı isə 10 faizdən çox olmuşdur.
Bax, budur bizim vaxtilə qəbul etdiyimiz proqramların nəticəsi. Bizim məqsədimiz məhz bundan ibarətdir. Qeyri-neft sektorunun, qeyri-neft sənayesinin inkişafı. İndi bu ilin birinci ayının yekunları da onu göstərir – qeyri-neft sənayesi 10 faizdən çox artmışdır. Çox güclü sənayeləşmə prosesi gedir. Mən bu məsələ ilə bağlı bir neçə il əvvəl danışmışdım. Demişdim ki, Azərbaycanda sənayeləşmə prosesi sürətlə getməlidir və biz bunu görürük.
Yaradılan və yaradılmaqda olan yeni sənaye müəssisələri bizim uzunmüddətli inkişaf strategiyamızı müəyyən edəcəkdir. Azərbaycan dövləti öz üzərinə düşən bütün vəzifələri icra edir və artıqlaması ilə icra edir. Azərbaycandakı kimi özəl sektora dəstək bəlkə heç bir ölkədə yoxdur. Bu dəstək, ilk növbədə siyasi dəstəkdir.
Sahibkarlarla mənim təkcə Bakıda deyil, bölgələrdə də mütəmadi görüşlərim olur. Mənim iştirakımla bölgələrdə 500-ə qədər sənaye müəssisəsi açılmışdır. Ancaq mənim iştirakım olmadan çoxlu müəssisələr açılmışdır. Bütövlükdə 40 mindən çox yeni müəssisə yaradılmışdır. Müəssisə yaradılması iş yerləridir, maaşdır, yerli istehsaldır, idxalı əvəzləmək üçün imkanlardır, ölkəmizin inkişafıdır, canlanmasıdır.
Azərbaycan dövləti sahibkarlara siyasi dəstəkdən başqa, iqtisadi dəstək də verir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu günə qədər, əgər 2012-ci ili də nəzərə alsaq, güzəştli şərtlərlə 900 milyon manat kredit verilmişdir. Onların mütləq əksəriyyəti bölgələrə və demək olar ki, hamısı iqtisadiyyatın real sektoruna yönəldilib. Beləliklə, bu kreditlərin hesabına böyük işlər görülür və mən çox şadam ki, sahibkarlar da dövlətin bu dəstəyinə çox böyük məsuliyyətlə yanaşırlar. Kreditlərin hamısı vaxtında qaytarılır və hazırda bu il üçün nəzərdə tutulmuş 200 milyon manat kreditin böyük hissəsini əvvəlki illərdə verilən və qaytarılan kreditlər təşkil edir. Yəni, bu, artıq böyük bir məbləğdir. Əlbəttə ki, sahibkarlara veriləcək kreditlərin həcmi ildən-ilə artacaq və hər bir sahibkara daha da böyük məbləğdə kreditin verilməsi mümkündür.
Uğurlarımızın təməlində bir daha demək istəyirəm ki, həm iqtisadi siyasət, islahatlar, eyni zamanda, ölkədə mövcud olan ictimai-siyasi sabitlik, icra strukturlarındakı güclü nizam-intizam dayanır. Nizam-intizam olmadan, biz uğurlara nail ola bilməzdik. Mən bütün icra orqanlarının rəhbərlərinə demişdim, bu gün də deyirəm ki, sahibkarlarla bir yerdə olun, onlara kömək edin, onların işinə qarışmayın, onlara maneçilik törətməyin. Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır. Biz bu istiqaməti seçmişik və bu istiqamət bizə uğurlar gətirir. Ancaq bununla bərabər, indi böhran içində çabalayan inkişaf etmiş ölkələrin təcrübəsini öyrənərək və görərək bir daha yəqin edirik ki, sırf bazar iqtisadiyyatı prinsipləri bəzi hallarda işləmir. Avropada biz nəyi görürük? Dövlət öz üzərinə böyük öhdəliklər götürür. Bankları, böyük müəssisələri müflisləşmədən xilas etmək üçün dövlət tərəfindən vəsait qoyulur. Biz bu siyasəti 2004-cü ildən başlamışıq. Xatırlayıram, o vaxt biz bəzi hallarda daha çox beynəlxalq maliyyə qurumlarının kreditlərindən asılı idik. Bizə məsləhətlər, tövsiyələr verilirdi ki, dövlət bu işlərə qarışmasın, özəl sektor özü inkişaf etsin, dövlət kənarda dayansın. Necə ola bilər? Bu, bizim ölkəmizdir. İstər dövlət, istər özəl şirkət olsun, bu, Azərbaycan şirkətidir. Necə ola bilər ki, biz ona kömək etməyək?! Ona görə bizim dəstəyimiz vacibdir. Həm siyasi sahədə, həm ümumiyyətlə Azərbaycanda hökm sürən gözəl ictimai ab-hava bu dəstəyi gücləndirdi.
Maliyyə dəstəyi, kreditlərin verilməsi və eyni zamanda, xüsusilə kiçik sahibkarlar üçün biznes planların hazırlanması da artıq dövlət işi olmuşdur. İqtisadi İnkişaf Nazirliyi çox dəqiq tövsiyə planları hazırlamışdır. Onlar sahibkarların imkanları ilə bağlı olan planlardır. Kimin nəyə imkanı çatır, o həcmdə də özü üçün biznes qura bilər. Yəni, biz buna da razıyıq, təki inkişaf olsun. Eyni zamanda, sahibkarlar yaxşı bilirlər ki, nə qədər güzəştlər verilir. Sahibkarlar kənd təsərrüfatında bütün vergilərdən, – torpaq vergisi istisna olmaqla, – azaddırlar.
Bu qərar 1990-cı illərdə o vaxt kənd təsərrüfatını stimullaşdırmaq üçün verilmişdi. İndi kənd təsərrüfatını stimullaşdırmaq üçün o qədər də böyük ehtiyac yoxdur. Ancaq bu qərar qüvvədədir, biz onu ləğv etmirik ki, sahibkarlara kömək edək.
Gübrələr, yanacaq güzəştli şərtlərlə verilir. Hər hektar taxıl əkini üçün vəsait verilir. Yəni, biz bunu edirik və etməliyik. Sahibkarlar da öz tərəfindən öz işi ilə həm özlərinə, həm də dövlətə qulluq etməlidirlər. Mənim sahibkarlardan tələblərim bundan ibarətdir ki, yaşadıqları bölgələrdə və fəaliyyət göstərdikləri sahələrdə yaxşı işləsinlər, vergiləri vaxtında versinlər. Dövlət qarşısında onların heç bir borcu olmasın. İş yerləri yaratsınlar, bizneslərini daha da genişləndirsinlər, daha da yaxşı yaşasınlar, daha da zəngin olsunlar. Mən hesab edirəm ki, bu fikirlə sahibkarların fikirləri arasında heç bir fərq ola bilməz.
Əlbəttə ki, sahibkarlar müxtəlif sosial layihələrə qoşulduqda bu, mənim onlara, necə deyərlər, münasibətimi daha da yaxşılaşdırır. Mən deyə bilərəm ki, son illərdə sahibkarlar bu sahədə də məsuliyyət göstərirlər və sosialyönümlü layihələri icra edirlər. Bölgələrdə, xüsusilə məktəb tikintisinə, sosialyönümlü tədbirlərə, yardımlar edirlər. Mən bunu dəstəkləyirəm. Ancaq yenə də demək istəyirəm ki, belə bir tələb sahibkarlar qarşısında qoyulmur. Bu, könüllü məsələdir. Etsələr, sağ olsunlar. Etməsələr, edənlərə baxıb onlar da çalışsınlar, bu işlərə öz dəstəklərini versinlər…
Azərbaycan dövləti bundan sonra da ölkəmizin hərtərəfli inkişafı üçün əlindən gələni edəcəkdir. Bizim düşünülmüş proqramımız, siyasətimiz vardır. 2013-cü ilə qədər ikinci Dövlət Proqramı icra ediləcəkdir. Mən əminəm ki, 2009-cu ildə qəbul edilmiş Proqram artıqlaması ilə icra ediləcəkdir. Beləliklə, 2013-cü ilin sonuna qədər ölkəmizdə əsas infrastruktur məsələləri öz həllini tapmalıdır və tapacaq. Çünki icrası davam edən və bitmək üzrə olan böyük infrastruktur layihələri artıq bu inamı yaradır. Əlbəttə, mən hesab edirəm ki, gələcək 2 il ərzində biz hamımız çox fəal işləməliyik ki, Dövlət Proqramını vaxtından əvvəl və böyük həcmdə icra edək, ölkəmizin uğurlu inkişafını təmin edək.
Azərbaycana böyük həcmdə investisiya qoyulur. Bu, çox müsbət haldır. Biz xarici investisiyaları alqışlayırıq. Bizim uğurlu iqtisadi inkişafımız məhz xaricdən gələn investisiyalar hesabına başlamışdır. “Əsrin kontraktı”nın imzalanması Azərbaycanı dünyaya tanıtdırdı və birinci dövrdə əlbəttə ki, xarici şirkətlər qeyri-neft sektoruna vəsait qoymaq istəmirdilər. Onları məcbur etmək də mümkün deyildi. Ancaq biz neftin satışından əldə edilən gəlirləri qeyri-neft sektoruna istiqamətləndirdik və beləliklə, dövlət investisiya yükünü öz üzərinə götürmüşdür. Əgər neft-qaz sektorunda bu vaxta qədər əsas investisiyalar xaricdən gəlirdisə, – halbuki indi bu balans da dəyişilir, – qeyri-neft sektorunda əsas yük Azərbaycan dövlətinin üzərindədir. Keçən il ölkəmizə 20 milyard dollardan çox investisiya qoyulmuşdur və onlardan 13 milyardı daxili investisiyalardır. Builki Dövlət İnvestisiya Proqramı da çox böyükdür. Ümumiyyətlə, ancaq dövlət xətti ilə bu il ölkə iqtisadiyyatına 7 milyard manat investisiya qoyuluşu gözlənilir. Onlardan 5,7 milyard manatı Dövlət İnvestisiya Proqramı, yəni büdcə hesabına 1,3 milyard dövlət zəmanətli kreditlər hesabına qoyulacaqdır. Bu, çox böyük məbləğdir. Bu məbləğ bizə imkan verəcək ki, 2012-ci ildə iqtisadi inkişafımızı, xüsusilə qeyri-neft sektorunun inkişafını yüksək templərlə təmin edə və daha da böyük işlər görə bilək. Mən ümid edirəm ki, bu il özəl sektorda təxminən o səviyyədə sərmayə qoyulmalıdır.
Bunun üçün imkanlar vardır. İcrada olan və yeni başlayan layihələr belə imkanları yaradır. Mən hesab edirəm ki, bu il də ölkə iqtisadiyyatına qoyulacaq investisiya 20 milyard dollardan aşağı olmamalıdır. Beləliklə, biz bu investisiyaların nəticəsində ölkəmizin hərtərəfli inkişafını daha da sürətlə təmin edəcəyik. Proqramın icrası və əslində ölkəmizin inkişafı daha da uğurlu olacaqdır.
Bir daha demək istəyirəm ki, bütövlükdə ölkə qarşısında iqtisadi sahədə mən heç bir problem görmürəm. Biz dünya maliyyə və iqtisadi böhranı illərində – 2008-2009-cu illərdə də uğurlu inkişafımızı təmin edə bilmişik. Azərbaycan əhalisi demək olar ki, o böhranın fəsadlarını hiss etməmişdir. İndi böhranın ikinci mərhələsi haqqında dünyada müzakirələr gedir. Ancaq Azərbaycanda bu da hiss olunmur. Nəyə görə?! Çünki bizim siyasətimiz düşünülmüş siyasətdir, ağıllı siyasətdir. Biz imkanlarımıza görə öz proqramlarımızı icra edirik. Bizə lazımdır ki, bax belə vəziyyətdə, belə şəraitdə, sakit şəraitdə Azərbaycan inkişaf etsin.
Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, hədəfimiz inkişaf etmiş ölkələrin sırasına daxil olmaqdır. Əgər bir neçə il bundan əvvəl mən bu sözləri deyəndə ola bilər, bəziləri buna şübhə ilə yanaşırdı. İndi mən əminəm, hamı görür ki, bu, mümkündür. Ölkəmizin siyasi çəkisi artır. Biz dünya işlərində həlledici sözə malik oluruq. Bizi dünya ictimaiyyəti dəstəkləyir. Biz BMT Təhlükəsizlik Şurasına üzv olmuşuq. Regionda imkanlarımız genişlənir. Bizimlə əməkdaşlıq etmək istəyənlərin sayı artır. İndi Azərbaycan investisiyalarını öz ölkələrinə cəlb etmək üçün başqa ölkələrdə müəyyən dərəcədə işlər gedir. Biz indi öz sərmayəmizlə, öz şirkətlərimizlə xarici bazarlara çıxırıq. Bu barədə hələ mən danışacağam, biz öz şirkətlərimizi nəinki Azərbaycanda, xaricdə də dəstəkləməliyik. Bizim Dövlət Neft Şirkəti beynəlxalq enerji şirkətinə, böyük nüfuza, böyük biznes imkanlarına malik olan şirkətə çevrilibdir. Avropada, başqa qitələrdə SOCAR-ın fəaliyyət dairəsi genişlənir. Bəzi ölkələrin yanacaq balansında Azərbaycanın rolu 20–30 faizə çatıbdır. Biz enerji təhlükəsizliyi məsələlərini uğurla həll edirik. Bugünkü toplantı əlbəttə ki, qeyri-neft sektorunun inkişafına həsr edilibdir. Ancaq biz yaxşı bilirik ki, əgər enerji siyasətində hər hansı birimiz səhv buraxsaydıq, bugünkü uğurlardan danışmaq mümkün olmazdı.
Bizim enerji siyasətimiz qüsursuzdur. Neft strategiyamızın təməlini ulu öndər 1990-cı illərin əvvəllərində qoymuşdur və bu strategiya davam edir. Əlbəttə ki, indi yeni məsələlər, yeni çağırışlar ortaya çıxır. Azərbaycan həm neft, həm qaz ixrac edən ölkəyə çevrilir və dünya üçün qaz ixrac edən ölkə kimi bəlkə daha da önəmlidir. Biz bu məsuliyyətə hazırıq. Biz ölkə daxilində və bizim strateji tərəfdaşlarımızla birlikdə elə təşəbbüslər irəli sürürük ki, bu təşəbbüslər yalnız və yalnız Azərbaycana uğur gətirəcəkdir. Biz heç bir mövqeyimizi əldən verməmişik, əksinə mövqelərimizi möhkəmləndirə, iradəmizi müdafiə edə bilmişik.
Bu gün Azərbaycanın qaz resursları Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün vacib rol oynayır. Gələcək illərdə bu rol daha da artacaqdır. Biz bunu bilirik. Onu da bilirik ki, qaz bərpa olunan enerji növü deyildir. Avropanı qazla təchiz edən bəzi ölkələrin qaz ehtiyatları tükənir. Avropada qaza tələbat getdikcə artacaqdır. Bunu da biz bilirik ki, nə dərəcədə artacaqdır. Nəzərə alsaq ki, Yaponiyada baş vermiş dəhşətli qəza nəticəsində bəzi Avropa ölkələrində nüvə enerjisinə qadağa qoyulur, qaza olan tələbat daha da artacaqdır. Belə olan halda, Azərbaycan qazına tələbat daha da böyük dərəcədə artacaqdır.
Bizim enerji siyasətimiz ondan ibarətdir ki, çoxşaxəli ixrac imkanları yaradaq və əslində yaratmışıq. Bizim dörd qaz kəmərimiz vardır. Hazırda əksər qonşulara Azərbaycan qazı nəql edilir. Gələcəkdə daha da böyük həcmdə nəql olunacaqdır. Bu sahədə əlbəttə ki, biz qazın sahibi və ixracatçısı kimi öz siyasətimizi müdafiə edirik. Bizim siyasətimiz istehlakçıların maraqlarına da uyğundur.
Biz indi böyük transmilli layihələr üzərində işləyirik. Bu layihələr həyata keçirilərsə ölkəmizin uzunmüddətli uğurlu inkişafı təmin ediləcəkdir. Onsuz da təmin ediləcəkdir, amma bu layihələrlə Azərbaycan daha da güclü dövlətə çevriləcəkdir. Azərbaycanın sözü daha da əhəmiyyətli olacaqdır. Həm regionda, həm dünyada mövqelərimiz daha da təsirli olacaqdır. Mən bunu istəyirəm. Biz güclü dövlət yaradırıq. Güclü iqtisadiyyat və güclü siyasət əsasında güclü dövlət yaradırıq.
Bizim iqtisadi potensialımız, şaxələndirilmiş iqtisadiyyat, neft-qaz amili, tranzit imkanlarımız, – hansı ki, biz özümüz yaratmışıq, – çox böyük dəyərlərdir. Biz, yenə də deyirəm ki, öz gücümüzü bilirik. Sadəcə olaraq, bəzi hallarda bunu göstərmək istəmirik. Amma lazım gəldikdə göstəririk. Biz özümüzə çox arxayınıq. Azərbaycanın güclü olması, mən hesab edirəm ki, bölgə üçün, dünya üçün çox vacib olan məsələdir. Çünki bizim siyasətimiz xoşniyyətlidir. Bizim siyasətimiz əməkdaşlığa yönəldilibdir. Bizim enerji siyasətimiz də düşmənçiliyə yox, dostluğa yönəldilibdir. Biz enerji siyasətində də bir çox hallarda dostlarımıza kömək göstəririk. Çünki əvvəla, buna onların ehtiyacı vardır. İkincisi, ona görə ki, bizim fəlsəfəmiz belədir. Üçüncüsü isə, dostluq münasibətləri bizim biznes maraqlarımızı daha da böyük dərəcədə təmin edəcəkdir. Biz görürük ki, bu gün enerji sahəsində Azərbaycan ilə işləmək istəyənlərin sayı artır. Azərbaycanı, SOCAR-ı özəlləşdirmə layihələrinə dəvət edirlər. Yəni, bizə inanırlar, güvənirlər və bizimlə hesablaşırlar.
Biz bundan sonra da bütün istiqamətlər üzrə müstəqil siyasətimizi davam etdirəcəyik. Azərbaycan bu gün artıq regional müstəvidən çıxıbdır, dünya müstəvisindədir. Biz artıq “Böyük iyirmilik”in toplantılarında iştirak edirik. Bu yaxınlarda Meksikada keçirilmiş “Böyük iyirmilik”in xarici işlər nazirlərinin yığıncağında bizim xarici işlər naziri iştirak etmişdir. Oraya cəmi 10, yəni “iyirmiliyə” daxil olmayan ölkələr dəvət edilmişdi. Onlardan biri Azərbaycan idi. Reallıq bundan ibarətdir.
Ölkəmizi daha da sürətlə inkişaf etdirmək üçün, mən bir daha qayıdıram bizim əsas mövzumuza. Biznes şəraitinin yaxşılaşdırılması davam etdirilməlidir, sahibkarlığa daha da yaxşı şərait yaradılmalıdır. Dövlət öz üzərinə düşən vəzifəni icra edir. Eyni zamanda, ölkədə hələ də mövcud olan xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılır. Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bir gün də dayanmır. Bu mübarizənin artıq yaxşı nəticələri var, daha da yaxşı nəticələri olacaqdır. Biz bu böyük bəlanı ölkəmizdən yığışdırmalıyıq, təmizləməliyik. Elə etməliyik ki, Azərbaycan hər sahədə – həm siyasi, həm iqtisadi, həm korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə sahəsində nümunə olsun və olacaqdır.
Beləliklə, bugünkü toplantının keçirilməsi, mən hesab edirəm ki, proqramın icrasına yeni təkan verəcəkdir. Bugünkü iclasda həm sahibkarlar, həm yerli icra orqanlarının rəhbərləri iştirak edirlər. Bu format artıq ənənəvi xarakter daşıyır. Bu gün aparılan müzakirələr və bundan sonra veriləcək qərarlar 2012-ci ildə Dövlət Proqramının icrası üçün yeni imkanlar yaradacaqdır.
Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi
– 2012-ci ildə Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş bütün məsələlər əminəm ki, öz həllini tapacaqdır. Ölkəmiz üçün bu il də uğurlu olmalıdır, xüsusilə qeyri-neft sektorunda böyük inkişaf gözlənilir.
Əvvəlki dövrdə başlanmış və indi davam edən layihələr öz bəhrəsini verməkdədir. Eyni zamanda, 2012-ci ildə də böyük müəssisələr, zavodlar açılacaqdır. Beləliklə, qeyri-neft potensialımız daha da artacaqdır. Sahibkarlığın inkişafı üçün bir daha demək istəyirəm ki, bütün imkanlar vardır. Burada sahibkarların və icra hakimiyyəti başçılarının çıxışlarında bölgələrdə gedən proseslər haqqında məlumatlar verildi.
Deyə bilərəm ki, biz hər bir bölgədə, hər bir rayonda təxminən eyni mənzərəni müşahidə edirik. İnkişaf, abadlıq, quruculuq, sosial layihələrin icrası və ümumiyyətlə, böyük canlanma prosesi gedir. Bu, məni çox sevindirir. Mən mütəmadi qaydada bölgələrdə oluram, vəziyyətlə tanış oluram və hər dəfə müsbətə doğru dəyişiklikləri görəndə çox sevinirəm. Ölkəmizin çox böyük imkanları, böyük potensialı vardır. Bu potensialı Azərbaycan xalqının istedadı yaratmışdır və biz elə etməliyik ki, müəyyən olunmuş bütün vəzifələr həm dövlət qurumları, həm də özəl sektor tərəfindən icra edilsin.
Son illərdə özəl sektorun ümumi daxili məhsuldakı çəkisi artır. Ümumiyyətlə ümumi daxili məhsulumuz çox sürətlə artır. Son 8 il ərzində 3 dəfə artmışdır. Heç bir başqa ölkədə belə nəticə olmamışdır. Çox sevindirici haldır ki, özəl sektorun çəkisi artır, təxminən indi bu pay 83 faiz civarındadır. Bu, onu göstərir ki, Azərbaycanda bazar iqtisadiyyatına keçid prosesi artıq çoxdan başa çatmışdır. Mən bir müddət bundan əvvəl demişəm ki, biz artıq keçid dövrümüzü başa vurmuşuq. Azərbaycan indi keçid dövrünü yaşayan ölkə deyildir. Biz sürətli inkişaf dövrünü yaşayan ölkəyik, inkişafda olan ölkəyik və bir daha demək istəyirəm ki, inkişaf etmiş ölkəyə çevrilmək üçün biz siyasətimizi davam etdirəcəyik.
Giriş sözümdə qeyd etdiyim kimi, böyük Dövlət İnvestisiya Proqramı icra ediləcəkdir. Yeddi milyard manat böyük məbləğdir. Elə etməliyik ki, bu məbləğ böyük səmərə ilə istifadə olunsun və bütün layihələrdə işlər getsin. Heç bir yubanma olmasın, biz bürokratik əngəlləri gərək tamamilə aradan qaldıraq və eyni zamanda, bu böyük dövlət layihələrinə nəzarət daha da güclü olmalıdır. Çünki nəzarət olan yerdə işin keyfiyyəti də təmin edilir.
Bu il əvvəlki illərdəki kimi, infrastruktur layihələrinə böyük vəsait ayrılacaqdır. Xüsusilə yol tikintisinə. Magistral yollarda işlər gedir. Keçən il olduğu kimi, bu il də kənd yollarına eyni qaydada böyük sərmayə qoyulmağa başlamışdır. Əvvəlki dövrlərdə də biz bu sahəyə diqqətimizi əsirgəməmişdik.
Ancaq xüsusilə 2012-ci və 2013-cü illərdə bu sahəyə daha da böyük məbləğdə vəsait qoyulacaqdır. Kənd yollarının tikintisi birbaşa yerli icra orqanlarına tapşırılmışdır. Onlar bu işi böyük səmərə ilə və böyük keyfiyyətlə görməlidirlər. Bu, böyük məsuliyyətdir, çünki əvvəlki dövrdə bu işlərlə mərkəzi icra orqanları məşğul idi. Ancaq mərkəzi icra orqanlarının digər layihələri vardır. Onlar əsas diqqəti magistral, şəhərlərarası yollara yönəltməlidirlər. O ki qaldı kənd yollarına, yerli icra orqanları bu işləri daha yaxşı bilir. Artıq keçən ildən başlayaraq hər bir bölgədən sifarişlər gəldi, məruzələr edildi və plan tərtib olundu. Gördüyünüz kimi, ilin əvvəlindən həm dövlət büdcəsi, həm Prezidentin ehtiyat fondu hesabına bölgələrə vəsait ayrılır. Qarşıya məqsəd qoyulubdur ki, biz bütün kənd yollarını abadlaşdıraq. Bu, əlbəttə ki, maksimum məqsəddir.
Eyni zamanda, 2013-cü ilin sonuna qədər qarşıya real məqsəd də qoyulmuşdur, bütün hesablamalar aparılmışdır, həm maliyyə imkanlarımız, həm texniki imkanlar. Beləliklə, kəndlərdə yaşayan əhalinin 80 faizi 2013-cü ilin sonuna qədər gözəl yollardan istifadə edəcəkdir. İmkanlarımız hələ ki, buna çatır. Əgər daha da sürətli inkişafa nail ola bilsək, həm bu il, həm gələn il bu Proqrama əlavələr edə bilərik. Ancaq qarşıya hədəf qoyulubdur ki, kəndlərdə yaşayan əhalinin 80 faizi mütləq əsaslı təmir edilmiş və tikilmiş yollardan artıq istifadə edəcəkdir. Məqsəd isə əlbəttə ki, kənd yollarının 100 faiz qaydaya salınmasıdır. Biz bu məqsədə də çatacağıq.
Bölgələrdə qazlaşdırma prosesi gedir. Dövlət Neft Şirkətinə müvafiq göstərişlər verilmişdir. Baxmayaraq ki, Dövlət Neft Şirkəti böyük şirkətdir, eyni zamanda, biz dövlət dəstəyini də əsirgəmirik. Dövlət İnvestisiya Proqramında bölgələrin dövlət büdcəsi hesabına qazlaşdırılması üçün böyük məbləğ nəzərdə tutulubdur. Yenə də qarşıya real məqsəd qoyulubdur ki, 2013-cü ilin sonuna qədər Azərbaycanda qazlaşdırma 95 faizə çatsın. Bu, real hədəfdir və biz buna çatsaq, hesab edirəm ki, qazlaşma ilə bağlı bütün məsələləri həll etmiş olarıq. Bu, böyük vəsait tələb edən məsələdir, böyük texniki imkanlar olmalıdır. Həm yeni xətlər çəkilir, həm vaxtilə çəkilmiş, çürümüş xətlər dəyişdirilir. Bu proses həm bölgələrdə, həm Bakıda gedir. Biz iki istiqamət üzrə hərəkət etməliyik. Əvvəlki illərdə yaradılmış, köhnəlmiş infrastrukturun bərpası və yeni infrastrukturun yaradılması paralel şəkildə aparılır. Yeni texnologiyalar, yeni boru kəmərləri, xətləri var ki, onların ömrü çox uzundur və biz onlardan istifadə edirik.
Mən giriş sözümdə qeyd etdim ki, biz birinci Proqramın icrası ilə bağlı infrastruktur layihələrinin içərisində daha çox elektrik enerjisi təchizatına fikir vermişik. Baxmayaraq ki, artıq biz özümüzü elektrik enerjisi ilə tam təmin etmişik, bu gün də bu məsələ aktualdır. Çünki ölkə iqtisadiyyatı artır, bizim strateji inkişaf planımız, strateji baxışlarımız vardır. Biz bilirik ki, 10 ildən, 20 ildən sonra iqtisadiyyatımız sürətlə artacaqdır. Yeni müəssisələr, biznes üçün yaradılan yeni şərait gözəl imkanlar açır. Beləliklə, bizdə tələbat daim artacaq, daxili istehlak daim artacaqdır. Bizdə mövcud olan enerji gücləri daxili istehlakdan ən azı 10 faiz artıq olmalıdır. Baxmayaraq ki, biz bu gün enerji təhlükəsizliyimizi təmin etmişik və xaricə ixrac edirik, hazırda böyük layihələr icra edilir. Onlardan ən böyüyü Şirvan şəhərində yerləşən 780 meqavat gücündə “Cənub” Elektrik Stansiyasıdır. Bu stansiya bu il istifadəyə verilməlidir. Şüvəlan qəsəbəsində yerləşən 400 meqavat gücündə “Şimal-2” stansiyasının təməli keçən il qoyulmuşdur və gələn il istifadəyə verilməlidir.
Bu il 25 meqavat gücündə Füzuli Su Elektrik Stansiyası istismara verilməlidir. Gələn il Taxtakörpü Su Anbarında 25 meqavat gücündə Su Elektrik Stansiyası istifadəyə verilməlidir. Keçən il təməl daşını qoyduğumuz və bu il inşası davam etdirilən yeni layihələrlə bərabər, kiçik çaylarda, kiçik həcmli su elektrik stansiyalarının tikintisi davam edir. Bərpa olunan enerji növlərinin yaradılması başlamışdır. Mən keçən il Qobustan rayonunda birinci stansiyanın açılışında iştirak etdim. Çox gözəl təcrübədir, bu layihələrin böyük perspektivi vardır. Artıq Azərbaycanda günəş panelləri istehsal edən müəssisə yaradılır. Günəş-külək enerjisindən daha da geniş şəkildə istifadə etməliyik və Bakıda 300 meqavat gücündə yeni elektrik stansiyasının tikintisi də nəzərdə tutulur. Yəqin ki, bu il texniki layihələndirmə işləri aparılmalıdır. Eyni zamanda, bu ilin investisiya proqramında ötürücü xətlərin bərpasına vəsait nəzərdə tutulur. Bu sahədə hələ ki, görüləsi işlər çoxdur. Ötürücü xətlərin müəyyən hissəsi nasaz vəziyyətdədir. Bölgələrdə külək əsən kimi bəzən dirəklər yıxılır və kəndlər işıqsız qalır. Ona görə “Azərenerji”yə göstəriş verilmişdir ki, bu sahəyə xüsusi diqqət göstərilsin və dövlət büdcəsi tərəfindən dəstək veriləcəkdir.
İçməli su və kanalizasiya layihələri icra edilir. Burada bu layihələr haqqında söylənildi. Bir daha demək istəyirəm ki, bu çox böyük sosialyönümlü, böyük vəsait tələb edən layihədir. Yüz milyonlarla manat, bəlkə milyardlarla manat vəsait tələb edən layihədir. Bakı, Bakıətrafı qəsəbələr, bütün şəhərlər, rayon mərkəzləri kanalizasiya, içməli su ilə təmin edilməlidir və bu istiqamətdə atılan addımlar ümidvericidir. Qarşıya böyük hədəflər qoyulub. Amma yenə də deyirəm, bu hədəflər reallığı əks etdirməlidir.
Əlbəttə, mən çox istərdim ki, 2013-cü ilə qədər bütün şəhər və rayonlarımızda bu layihələr başa çatsın. Ancaq yəqin ki, bu, mümkün olmayacaqdır. Ona görə real hədəf ondan ibarətdir ki, gələn ilin sonuna qədər əksər şəhər və rayonlarımızda içməli su, kanalizasiya layihələri başa çatsın. Mən hesab edirəm ki, biz buna 100 faiz nail olacağıq. Yenə də baxarıq, bu il, ya gələn il əlavə maliyyə imkanlarımız yaranarsa, biz bu vəsaiti, ilk növbədə içməli su, kanalizasiya layihələrinə yönəltməliyik. Belə olan halda biz bəlkə daha da çox işlər görə bilərik. Ancaq hazırda bütün bölgələrdə, hər bir rayonda içməli su, kanalizasiya layihələri ya başlamışdır, ya da ki, başlamaq üzrədir. Bununla bərabər, – burada bu barədə də deyildi, – çaylar boyu yerləşən kəndlərdə modul tipli sutəmizləyici qurğuların quraşdırılması prosesi davam etdirilməlidir. Mənə verilən məlumata görə, hazırda 188 kənddə belə qurğular quraşdırılıb. Vaxtilə insanlar çaylardan, kanallardan su içirdilər. İndi təmizlənmiş su içirlər və belə insanların sayı 300 mindən çoxdur. Artıq kəndlərdə 340 min əhali bu imkanlara malikdir. Göstəriş verilmişdir ki, bu il və gələn il əlavə tədbirlər görülsün və çaylar boyu yerləşən kəndlərdə əhalini biz maksimum dərəcədə təmiz su ilə təmin etməliyik.
Bu il və gələn il yenə də meliorasiya məsələləri diqqət mərkəzindədir. Bu barədə artıq deyildi. İki böyük layihə icra edilir. Həm bu sahədə ən böyük layihələr və bəlkə də ölkə miqyasında, qeyri-neft sektorunda ən böyük investisiyalar məhz bu sahəyə yönəldilir. Biz iki böyük su anbarı yaradırıq. Əslində böyük göllər yaradırıq – Taxtakörpü və Şəmkirçay anbarları. On minlərlə hektar yeni torpaq sahələri dövriyyəyə daxil ediləcəkdir və beləliklə, kənd təsərrüfatına çox güclü təkan veriləcəkdir. Bunlar çox böyük vəsait tələb edən layihələrdir. Bu, gələcəyə qoyulan investisiyalardır. Bu investisiyalar dərhal qayıtmayacaq və qarşıya məqsəd də qoyulmayıb ki, onlar dərhal qayıtsın. Bu investisiyalar əlavə məhsulun yetişdirilməsi nəticəsində, ilk növbədə fermerlərin cibinə qayıdacaq və ondan sonra dövlətə. Yəni, bu da dövlət tərəfindən özəl sektora verilən böyük dəstəkdir. Çünki bizdə kənd təsərrüfatı tamamilə özəl sektor tərəfindən idarə edilir, yəni, özəl sektorun sərəncamındadır. Beləliklə, biz bu layihələri də sahibkarlığın inkişafına atılmış addımlar kimi qiymətləndirsək, səhv etmərik.
Kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər görüləcəkdir, kifayət qədər ciddi proqramlar qəbul edilibdir. Taxılçılıqla bağlı yeni təşəbbüslər icra edilir. Bir il bundan əvvəlki müşavirədə demişdim ki, biz tezliklə taxılçılıq üzrə iri fermer təsərrüfatlarının yaradılmasına başlamalıyıq. Ancaq bir il keçdi, hələ ki, nəticə yoxdur. Mən bilirəm ki, bu, böyük, ciddi məsələdir. Burada həm yeni torpaq sahələri müəyyən edilməli, infrastruktur layihələri icra olunmalı, suvarma məsələləri öz həllini tapmalıdır. Ancaq mən hesab edirəm ki, bu işlərə daha da böyük diqqət göstərilməlidir. Hesab edirəm ki, gələnilki müşavirədə artıq biz birinci uğurlardan danışmalıyıq, əks-təqdirdə mənim göstərişlərimə laqeyd yanaşanlar cəzalandırılacaqlar. Bunu bilin. Bu, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün lazımdır. Bu, çox gözəl, vaxtında irəli sürülmüş təşəbbüsdür. Yubanmadan icra edilməlidir və mən bu barədə bütün müvafiq qurumlara göstəriş vermişəm. Çünki bu iş müvafiq qurumlar tərəfindən əlaqələndirilmiş şəkildə aparılmalıdır. Bütün müvafiq qurumlar bu işlərlə məşğul olmalıdır. Ümumi nəzarət Nazirlər Kabinetinə tapşırılır.
Heyvandarlığın inkişafı ilə bağlı böyük addımlar atılır. Bu yaxınlarda Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 10 milyon manat vəsait ayrılmışdır ki, yenidən o cins mal-qaranın gətirilməsinə nail olsun. Artıq bir neçə ildir ki, bu proses başlamışdır. Beləliklə, biz böyük dərəcədə mal-qaranın cinsini yaxşılaşdıracağıq. Xaricdən gətirilən mal-qara çox məhsuldardır və biz çalışmalıyıq ki, tədricən böyük heyvandarlıq və südçülük fermer təsərrüfatları yaradılsın, artıq burada Ağcabədidən olan iş adamı bu barədə danışdı. O, doğrudan da Azərbaycanın ən böyük südçülük müəssisəsidir. Çox şadam ki, artıq orada heyvandarlıq da, maldarlıq məsələləri də öz həllini tapır. Belə müəssisələr bizə lazımdır. Mən bir azdan sonra deyəcəyəm, ümumiyyətlə, daxili istehsal tələbatımızı nə qədər təmin edir. Südçülük, heyvandarlıq, taxılçılıq sahələrinə xüsusi diqqət göstərilməlidir.
Keçən ilin sonunda üzümçülüyün inkişafına dair Dövlət Proqramı qəbul edilmişdir. Bu da dövlətin niyyətini göstərir. Mən keçən il üzümçülüklə bağlı öz fikirlərimi geniş şəkildə bildirdim. Vaxtilə Azərbaycanda üzümçülük nə üçün məhv edildi. O barədə də danışdım və təkrar etməyə ehtiyac yoxdur. Bu Proqram dövlətin prioritetlərini göstərir. Özəl sektor əlbəttə ki, bu işlərlə məşğul olub, məşğul olur və olmalıdır. Yeni üzüm bağları salınır, biz bunu alqışlayırıq.
Proqramın məqsədi ondan ibarətdir ki, biz özəl sektora necə daha da böyük dərəcədə kömək edə bilərik ki, üzümçülük Azərbaycanda inkişaf etsin və 1980-ci illərdə ulu öndər tərəfindən yaradılmış gözəl ənənə bərpa edilsin. Bu, həm ölkə iqtisadiyyatı, həm də, ilk növbədə, fermerlər üçün lazımdır. Çünki fermerlər yaxşı bilirlər ki, üzümçülükdə əldə edilən gəlirləri başqa sahədə bəlkə də əldə etmək mümkün deyildir. Bu proqramın da təməlində yenə də sahibkarlığın inkişafı dayanır ki, fermerlər, kəndlilər daha da çox pul qazansınlar, daha da yaxşı yaşasınlar.
Bağçılıqla, xüsusilə müasir texnologiyalar əsasında bağçılıqla bağlı layihələr başlamışdır. Mən keçən il Quba rayonunda bir təsərrüfatla tanış olmuşam. İntensiv bağçılıq təsərrüfatıdır. Baxmayaraq ki, Quba zonası, ümumiyyətlə, bağçılıqla məşhurdur, gözəl alma bağları var, amma yeni sistem məhsuldarlığı bəlkə bir neçə dəfə artırır. Bu da əlavə gəlirlər, əlavə məhsul yetişdirilməsi deməkdir. İntensiv bağçılıq da daim diqqət mərkəzindədir.
Biz bütövlükdə kənd təsərrüfatında müasir texnologiyaları daha da geniş şəkildə tətbiq etməliyik. Bu məqsədlə kənd təsərrüfatında böyük inkişafa nail olmuş ölkələrə heyətlər göndərilmişdir, onların təcrübəsi öyrənilmişdir və biz ən müasir texnologiyaları gətirməliyik. Necə ki, inşaatda, yol tikintisində, memarlıqda, başqa sahələrdə biz ən müasir texnologiyaları gətiririk, bu sahəyə də gətirməliyik. Onda məhsuldarlıq, hətta indiki torpaq fondunu nəzərə almaqla, məhsuldarlıq böyük dərəcədə artacaqdır. Nəzərə alsaq ki, qeyd etdiyim kimi, böyük meliorasiya layihələri icra edilir, on minlərlə, bəlkə, yüz min hektara qədər yeni torpaq dövriyyəyə veriləcəkdir, görün, kənd təsərrüfatının inkişafı üçün nə qədər şərait yaradılacaqdır.
Ərzaq təhlükəsizliyi məsələləri hər bir ölkə üçün vacibdir. Biz bu məsələlərlə bir neçə ildir ki, məşğuluq. Görəndə ki, biz öz daxili istehsalımıza arxalanmalıyıq, bu sahədəki addımlarımız daha da təsirli olmuşdur. Yenə də iqtisadi, maliyyə böhranı, ondan sonra bəzi ölkələrdə quraqlıq ona gətirib çıxarmışdır ki, bir neçə il bundan əvvəl taxılla bağlı problemlər yaranmışdı. Ənənəvi təchizatçılar ixracata qadağa qoymuşdular. Baxmayaraq ki, kontraktlar bağlanmışdı, ancaq taxılın idxalı dayanmışdı və biz onda fikirləşməyə başladıq ki, nəinki taxılçılıq sahəsində, hər bir sahədə tələbatımızı daxildə təmin etməliyik. Buna imkan var – bizim gözəl torpağımız, zəhmətkeş insanlarımız, dövlət dəstəyi vardır. Ona görə ərzaq təhlükəsizliyi enerji, nəqliyyat təhlükəsizliyi ilə bərabər çox ciddi məsələdir.
Biz keçmişdə özümüzü heç vaxt ərzaq məhsulları ilə təmin etməmişdik. Sovet dövründə ümumxalq təsərrüfatı kompleksi var idi və bütün əsas ərzaq məhsulları başqa respublikalardan gəlirdi. Biz qısa müddət ərzində ciddi dönüş yarada bilmişik. Ancaq hələ ki, ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin etməmişik, baxmayaraq ki, çox ciddi irəliləyiş vardır. Ona görə, mən indi bəzi rəqəmləri səsləndirmək istəyirəm. Əlbəttə, biz bunu daim diqqət mərkəzində saxlayırıq və biz bu rəqəmlər əsasında Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kreditlərin verilməsini də müəyyən edirik. Biz daha çox o sahələrə kreditləri verməliyik ki, həmin istehsal daxili tələbatı ödəyə bilsin.
Beləliklə, taxıl istehsalı hazırda tələbatımızın 65 faizini təşkil edir. Görüləcək tədbirlər nəticəsində 2013-cü ilin sonunda 84 faiz olacaqdır. 84 faiz olarsa, bu, yaxşı rəqəmdir, ancaq son rəqəm deyildir. Ət – özümüzü 88 faiz səviyyəsində təmin edirik. 2013-cü ildə proqnoz 95 faiz olacaqdır. Quş əti – hazırda 81 faizdir. Bu yaxınlarda quşçuluğa daha da çox kreditlər verildi. Ona görə də istehsal artdı və 2 ildən sonra, gələn ilin sonuna qədər 92 faiz olmalıdır. Kartof istehsalı artıq 102 faizdir, 114 faiz olacaqdır. Meyvə – 117 faiz, yəni ki, ixrac potensialı vardır. Bostan məhsulları 100 faiz, yumurta 77 faiz, gələn ilin sonunda 100 faiz olmalıdır. Şəkər istehsalı 160 faizdir. Ancaq o da həqiqətdir ki, şəkərin xammalı əsasən xaricdən gətirilir. Ancaq bununla bərabər, daxili istehsal 160 faizdir, böyük ixrac imkanları vardır. Azərbaycanda duz istehsalı 47 faizdir, 75 faiz olmalıdır. Süd və süd məhsulları hazırda tələbatımızın 70 faizini ödəyir, gələn ilin sonunda təxminən 80 faiz olacaqdır. Bitki yağı – 65 faiz, kərə yağı 50 faizdir. Bu da artmalıdır. Yəni bu, əsas ərzaq məhsullarıdır və bu rəqəmlər nəyi göstərir. Birinci növbədə onu göstərir ki, doğrudan da çox ciddi dönüş yaradılıbdır. İkinci nəticə ondan ibarətdir ki, gələn ilin sonuna aid gətirdiyim rəqəmlər, artıq reallığa əsaslanır. Bu, bizim niyyətimiz deyil. Veriləcək kreditlər hesabına və işə salınacaq yeni müəssisələrin fəaliyyəti nəticəsində bu, belə olacaqdır. Ancaq, eyni zamanda, rəqəmlər onu göstərir ki, biz bəzi pozisiyalar üzrə hələ ki, daxili tələbatı ödəyə bilmirik. Ola bilər ki, buna 4-5 il vaxt lazım olacaqdır. Ancaq biz bunu təmin etməliyik. Həm kərə yağı, həm bitki yağı, həm taxıl – biz bunu təmin etməliyik. Əlbəttə ki, biz investisiya planlarımızı müzakirə edərkən, ilk növbədə, bax, bu cədvəli qabağımıza qoymalıyıq və kənd təsərrüfatının inkişafını bunun əsasında təmin etməliyik.
Eyni zamanda, biz hər bir sahədə olduğu kimi, qabağa baxmalıyıq ki, 10 il, 20 il bundan sonra nə olacaqdır. Ümid edirəm ki, 2015-ci ilə qədər əsas ərzaq məhsulları ilə özümüzü 100 faiz təmin edəcəyik. Həm kreditlər veriləcək, yeni torpaqlar dövriyyəyə daxil ediləcək və s. Ondan sonra nə olacaq? Ondan sonra biz yeni bazarlar axtarmalıyıq, yeni bazarlar tapmalıyıq və ənənəvi bazarlara daha da böyük həcmdə öz məhsullarımızı çıxarmalıyıq. Mən artıq İqtisadi İnkişaf Nazirliyinin qarşısında belə vəzifə qoydum ki, yeni bazarların araşdırılması prosesi indidən başlanmalıdır. İndidən ki, biz hazırlıqlı olaq. 2015-2016-cı illərdə bizim çox böyük həcmdə ixracyönümlü kənd təsərrüfatı məhsulumuz olacaqdır. Biz onları ixrac etməsək, onda kənd təsərrüfatının inkişafını təmin edə bilmərik. Çünki daxili bazar dolacaq, – düzdür, əhali artır, tələbat artır, amma o qədər də böyük həcmdə artmır. Bizdə əhali hər il 1,5, 1,7 faiz artır. Ona görə yeni bazarlara çıxışımız olmasa, bu, kənd təsərrüfatının inkişafını məhdudlaşdıracaqdır. Yeni bazarlara çıxış üçün işləməliyik, işləyirik və bu məsələdə müvafiq qurumlar əlaqəli şəkildə işləməlidirlər. Biz idxalı əvəzləyəcəyik, eyni zamanda, ixracyönümlü məhsullarla başqa ölkələrin bazarlarına çıxmalıyıq. Ona görə Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı gərək müzakirə aparsınlar, lazım olarsa, işçi qrupu yaradılsın.
Bizim dünyadakı tərəfdaşlarımızın sayı artır. Mən giriş sözümdə də dedim, Azərbaycan ilə əməkdaşlıq etmək istəyənlərin sayı artır, biz də istəyirik əməkdaşlığımızı genişləndirək və öz məhsullarımızla yeni bazarlara çıxaq – həm ənənəvi bazarlara, həm yeni bazarlara. Biz xüsusilə Avropa bazarlarına kənd təsərrüfatı məhsulları ilə çıxmalıyıq. Bunun üçün təkcə bizim istəyimiz kifayət deyildir. Bunun üçün keyfiyyətli məhsullar yetişdirilməlidir. Bizim kənd təsərrüfatı məhsullarımız – meyvələr, tərəvəz keyfiyyətlidir, təbiidir, tərkibində heç bir kimya yoxdur, olmamalıdır. Bu da çox vacib məsələdir. Biz kəmiyyət dalınca qaçmamalıyıq. Çünki indi kəmiyyət dalınca qaçanlar keyfiyyəti itirirlər. Elə olmasın ki, bir neçə ildən sonra bizdə də bu meyvə-tərəvəz süni dad versin, necə ki, bəzi ölkələrdə yeyəndə heç bilmirsən hansı meyvədir, ya tərəvəzdir. Ona görə biz bu təbiiliyi, keyfiyyəti mütləq saxlamalıyıq, kəmiyyəti keyfiyyətin hesabına artırmamalıyıq. Emal müəssisələrimiz indi çox müasirdir, xüsusilə son illər ərzində tikilən müəssisələr. Orada bütün sertifikatlar, standartlar olmalıdır. Avropa İttifaqının bazarlarına çıxmaq üçün biz elə müəssisələr yaratmalıyıq ki, bu imkanlar olsun. Yəni, bu, çox ciddi məsələdir. Bu, bu günün məsələsi deyil, gələcəyə yönəlmiş bir məsələdir. Amma biz bununla bu gün məşğul olmasaq, gecikərik.
Eyni zamanda, biz inşaat materiallarının istehsalını daxildə artırmalıyıq və artıracağıq. Mən burada da bir-iki rəqəmi gətirmək istəyirəm. Hazırda Azərbaycanda sement istehsalı daxili tələbatın 44 faizini təmin edir, 2013-cü ildə 75 faiz, 2014-cü ildə 125 faiz olacaqdır. Azərbaycanda tikilməkdə olan yeni sement zavodları istifadəyə veriləcək və 2 ildən sonra bizdə 25 faiz əlavə ixrac məhsulu olacaqdır. Biz bunu hara satacağıq? İndi sement bazarları üçün mübarizə gedir. Biz özümüz bunu bilirik. Bizə sement satmaq istəyənlər çoxdur və hər tərəfdən xahişlər gəlir ki, bizdən alın. Yəni, bu, reallıqdır. İndi biz də daxili tələbatımızı təmin edəndən sonra, əlbəttə ki, xaricdən sement almayacağıq. Hara satacağıq, bu barədə nə vaxt fikirləşməliyik? Bu gün. Çünki bu, 2014-cü ildə 125 faiz olacaqdır. İndidən işlərimizi elə qurmalıyıq ki, 2014-cü ildə heç bir problem olmasın.
Ondan başqa, dövlətin dəstəyi ilə yaradılan böyük müəssisələr işə düşür. Gəncədə alüminium zavodu açıldı, 50 min ton yüksək keyfiyyətli alüminiumun istehsalı təmin edildi. Açılış zamanı mənə məlumat verildi ki, bu rəqəm 100 minə, 200 minə qalxacaqdır. Alüminium elə məhsuldur ki, o, istənilən yerə satılır. Yəni, bu məhsula görə bazar axtarmaq lazım deyildir. Ancaq biz nə etməliyik? Gəncə alüminium zavodunun yanında texnopark yaratmalıyıq. Özəl sektor bu işə qoşulmalıdır. Dövlət yerlər ayırmalıdır, infrastrukturu təmin etməlidir, özəl sektor isə hazır məhsulları buraxmalıdır. Çünki biz əlbəttə, alüminiumu külçə kimi də sata bilərik, ancaq bu, yarımçıq bir iş olacaqdır. Biz niyə alüminium məhsullarını xaricdən almalıyıq? Özümüz alüminium istehsal edirik, özümüz də hazır məhsulu istehsal edək, daxildə sataq, xaricdən gələnin qabağını kəsək və sonra xaricə də ixrac edək. Xahiş edirəm ki, bu məsələ ilə ciddi məşğul olun, həm sahibkarlar, həm İqtisadi İnkişaf Nazirliyi. Gəncədə alüminiumyönümlü texnopark yaradılmalıdır.
Kimya sənayesində texnoparkın yaradılması prosesi başlamışdır. Böyük neft-kimya kompleksi tikiləcəkdir. “Azərikimya”ya bütün göstərişlər verilmişdir, Sumqayıtda torpaq sahələri ayrılmışdır. Biz kimya sənayesində də hazır məhsulun buraxılmasına nail olacağıq. Kimya texnoparkının yaradılması artıq başlamışdır. Bütövlükdə texnoparkların yaradılması prosesi gedir. Bu, müsbət prosesdir. Sumqayıt texnoparkı fəaliyyət göstərir, orada 10-a yaxın müəssisə fəaliyyətdədir, minlərlə iş yeri açılmışdır, hazır məhsul da istənilən ölkəyə ixrac edilə bilər. Bir texnopark da Balaxanıda məişət tullantılarının yandırılması zavodunun yanında yaradılacaqdır. Orada da iş yerləri açılacaqdır və bir sahəni də Balaxanı texnoparkı öz üzərinə götürəcəkdir. Beləliklə, dəfələrlə qeyd etdiyim sənayeləşmə prosesinə daha da ciddi təkan veriləcəkdir.
Biz Azərbaycan şirkətlərini xarici bazarlara çıxarmalıyıq. Hazırda Dövlət Neft Şirkəti xaricdə fəal işləyir. Biz çalışmalıyıq ki, digər dövlət şirkətlərinə də kömək göstərək. O şirkətlər ki, onlar xarici bazarlarda işləyə bilər. Dövlət Neft Şirkətinin imkanları artıq genişlənir. Mən hesab edirəm ki, bizim aviaşirkətimiz “AZAL” xarici bazarlara çıxmalıdır, baxmalıdır, bəlkə hansısa başqa aviaşirkəti almaq olar. Hansısa başqa ölkələrdə iş qurmaq olar, yəni, bu da dövlət dəstəyi hesabına mümkün olacaqdır. “Azərenerji”, – düzdür, indi daxildəki layihələrlə məşğuldur və bu da təbiidir. Amma vaxt gələcək daxildə bu layihələr başa çatacaq və onunla paralel olaraq xarici bazarlara çıxmalıdır. Bizim Dövlət Neft Şirkəti bəzi ölkələrdə qaz şəbəkəsini artıq idarəçiliyə götürmüşdür. “Azərenerji” şirkəti də bu istiqamətdə addımlar ata bilər. Xəzər Gəmiçiliyi xarici fəaliyyətini genişləndirməlidir, ölkə daxilində dövlət tərəfindən verilən vəsait hesabına bərələr, tankerlər, gəmilər alınır. Biz eyni sistemi xaricdə də yarada bilərik. Bu barədə də düşünmək lazımdır.
Eyni zamanda, biz özəl şirkətlərə də kömək göstərməliyik ki, xarici bazarlara çıxsınlar. Yenə də Xarici İşlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi birgə işləsinlər və mənə konkret təklif versinlər. Mən birinci dəfə deyil ki, bu barədə danışıram. Ancaq hələ ki, mən belə real nəticə görmürəm. Mənə konkret təkliflər verilsin. Bizim başqa ölkələrlə hökumətlərarası komissiyalarımız vardır. O komissiyalarda bu məsələ müzakirə edilməlidir. Azərbaycan şirkətləri üçün tərəfdaş olduğumuz ölkələrdə xüsusi güzəştli şərait yaradılmalıdır. Biz hesab edirik ki, bu, ədalətli olar. Beləliklə, biz özəl şirkətləri də xarici bazarlara çıxarmalıyıq. Bizim banklar xarici bazarlara çıxmalıdır, çıxır, daha da sürətlə çıxmalıdır. Bir yox, iki yox, beş, on bankımız niyə başqa ölkələrdə işləməsin?! Niyə orada böyük mövqelərə nail olmasın?! Dövlət öz tərəfindən dəstək verəcəkdir. Lazım olsa siyasi dəstək də, başqa dəstək də veriləcəkdir.
Biz Azərbaycanda böyük nəqliyyat və logistika mərkəzi yaradırıq. Beş beynəlxalq aeroportumuz, ən müasir təyyarə parkımız vardır. Heydər Əliyev Beynəlxalq Aeroportu tikilir, yeni aerovağzal binası nadir memarlıq abidəsi olacaqdır. Yeni zolaqlar, Ələtdə Beynəlxalq Dəniz Ticarət limanı tikilir. Bu, Xəzərdə ən böyük liman olacaqdır. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan dövlətinin təşəbbüsü və maliyyə dəstəyi ilə reallaşan layihədir, tikilməkdədir, ümid edirəm ki, gələn il istifadəyə veriləcəkdir. Beləliklə, Azərbaycan bu bölgədə icra edilən layihələr hesabına dünya miqyasında logistika və nəqliyyat mərkəzinə çevriləcəkdir. Bizim istəyimiz bundan ibarətdir, buna nail olacağıq və oluruq.
Bizim coğrafi vəziyyətimiz əlverişlidir. Ancaq coğrafi vəziyyət infrastruktur olmadan heç nəyi dəyişmir. Bizim bu sahədəki siyasətimiz çox düzgündür. Avtomobil yolları, dəmir yolları, hava nəqliyyatı, dəniz nəqliyyatı. Azərbaycan dövləti hər il bərələrin, tankerlərin, təyyarələrin alınmasına, dəmir yolu layihəsinin icrasına və sairə büdcədən nə qədər vəsait ayırır.
Bütövlükdə gələcək haqqında söhbət aparanda mən artıq bir neçə dəfə bu fikri səsləndirmişəm və bir daha demək istəyirəm ki, əlbəttə, ikinci Dövlət proqramı uğurla icra ediləcəkdir. Heç bir şübhəm yoxdur ki, 2013-cü ilə qədər bütün məsələlər öz həllini artıqlaması ilə tapacaqdır. Bu barədə heç kimin şübhəsi olmamalıdır və yoxdur. Biz strategiyamızı müəyyən etmişik və növbəti onillik üçün strateji inkişaf planımızı hazırlamalıyıq – 2013-2023-cü illəri əhatə edən strateji inkişaf planı.
Müvafiq göstərişlər verilmişdir. İndi mən artıq detallara toxunmaq istəmirəm, bir daha hədəfi müəyyən etmək istəyirəm. Hədəf ondan ibarətdir kİ, növbəti 10 ildə – 2013-2023-cü illərdə Azərbaycan əhalisi yüksək gəlirli ölkəyə çevrilməlidir. Növbəti 10 il ərzində qarşıya hədəf qoymalıyıq ki, ümumi daxili məhsul 2 dəfə artsın. Bu çox böyük, çətin hədəfdir. Nəzərə alsaq ki, ümumi daxili məhsulumuz artıq 3 dəfə artmışdır, indi 3 dəfə artmış iqtisadiyyatı daha 2 dəfə artırmalıyıq. Yaxşı başa düşürük ki, artıq neft və qazın hesabına bunu artırmaq mümkün olmayacaqdır. Çünki biz neft hasilatının yüksək həddinə çatmışıq, ondan çox artırmaq da lazım deyildir. Mən hesab edirəm ki, hasilatı bu səviyyədə saxlamalıyıq ki, daha da uzun müddət ərzində insanlarımız bundan istifadə etsinlər. Ancaq biz buna qeyri-neft sektorunun hesabına nail ola bilərik. 2013-2023-cü illərdə dövlət və özəl qurumların birgə fəaliyyəti yeni mərhələyə qədəm qoyacaqdır. Yəni, dövlət və özəl qurumların birgə fəaliyyət planı işlənməlidir.
Əlbəttə, biz Dövlət İnkişaf Proqramımızı qəbul edəcəyik. 2014-2018-ci illəri əhatə edən beşillik proqram qəbul ediləcəkdir. Amma eyni zamanda, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə strateji istiqamətləri yenidən işlənməlidir. Nəzərə almalıyıq ki, özəl sektorumuz artıq 10 il əvvəlki özəl sektor deyildir. Özəl sektorumuz artıq dayanıqlı, güclü özəl sektordur və görüləcək tədbirlər nəticəsində daha da güclənəcəkdir. Dediyim vəzifələr icra olunarsa, – onlar olunmalıdır, – özəl sektor daha da güclü olacaqdır. Beləliklə, ümumi daxili məhsulu iki dəfə artırmalıyıq və Azərbaycanı daha da güclü ölkəyə çevirməliyik.
Bizim siyasi çəkimiz, iqtisadi gücümüz artır. Bunu bizi istəyənlər də görür, istəməyənlər də. Bizim uğurlarımıza sevinənlərin sayı kifayət qədər çoxdur. Amma istəməyən qüvvələr də, bədxahlar da vardır. Onları da bir neçə qrupa bölmək olar. Birinci növbədə bizim əsas düşmənlərimiz dünya erməniliyi və onların təsiri altında olan riyakar, korrupsioner, rüşvətxor siyasətçilərdir. O siyasətçilər ki, həqiqəti görmək istəmir və müxtəlif yerlərdə Azərbaycanı ləkələməklə məşğuldurlar. Bəzi parlamentlərin erməni lobbisinin pulu ilə dolanan üzvləri, bəzi siyasi xadimlər və sair. Onların hamısını biz yaxşı bilirik. Onların heç adlarını çəkmək lazım deyildir. Bir qrup onlardır. Digər qrup, ümumiyyətlə, Azərbaycanın müstəqil siyasətini qəbul etməyənlərdir. Yəni, qəbul etmirlər ki, Azərbaycan müstəqil siyasət apara bilsin. Biz müstəqil siyasət aparırıq və aparacağıq. Bu siyasət, bir daha demək istəyirəm ki, Azərbaycan xalqının maraqlarına xidmət edir. Başqa heç kimin maraqlarına xidmət etmir və etməyəcəkdir. Azərbaycan xalqının maraqları hər şeydən üstündür. Bu maraqları təmin etmək üçün biz mübarizəmizi aparırıq və apacağıq. Nəticələr və yaxın tarix göstərir ki, biz hətta təkbaşına mübarizədə qalib gələ bilirik.
Üçüncü qrup isə sadəcə olaraq bizə paxıllıq edənlərdir. İndi Azərbaycanın reallıqları belədir ki, doğrudan da bizim tariximiz inkişaf edir və uğurlar tarixidir. Baxın, biz son müddət ərzində həm siyasi, həm iqtisadi sahədə nə qədər böyük nailiyyətlərə çatmışıq. Bir daha demək istəyirəm ki, inkişaf etmiş ölkələrin reytinqləri aşağı düşdüyü halda, bəzi inkişaf etmiş ölkələr defolt ərəfəsində olduğu halda, “Standard & Poor`s” Azərbaycanın kredit reytinqini qaldırır.
Dünyanın iqtisadi sahədə ən mötəbər “beyin mərkəzi” olan Davos Dünya İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 55-ci yerə layiq görür, bütün MDB məkanında birincidir. Bu, hansısa qondarma qeyri-hökumət təşkilatı deyil ki, ağzına gələni danışsın. Dünya İqtisadi Forumu dünya şöhrətli beynəlxalq təşkilatdır, bu da onların rəyidir.
Azərbaycan gənc müstəqil ölkədir. Müstəqilliyimizin cəmi 20 yaşı vardır. Ancaq biz artıq dünyanın ən birinci qurumunun üzvüyük. BMT Təhlükəsizlik Şurasının üzvüyük. Biz bu haqqı çətin mübarizədə qazanmışıq. Çünki yolumuzdan dönməmişik, ədalətli olmuşuq və dünya ictimaiyyətinin böyük rəğbətini qazanmışıq. 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləmişdir. İctimai rəy və beynəlxalq ictimaiyyət deyəndə bu hadisəni yada salmaq lazımdır. Beynəlxalq ictimaiyyət hansısa təşkilatın üzvləri deyildir. O təşkilatın önəmindən asılı olub-olmayaraq, o təşkilat və onun üzvləri beynəlxalq ictimaiyyətin rəyini əks etdirmir. Beynəlxalq ictimaiyyət Birləşmiş Millətlər Təşkilatıdır, orada 200-ə qədər ölkə vardır. Onların 155-i Azərbaycanı dəstəkləmişdir. Bu böyük siyasi uğurumuzdur və biz artıq dünyada gedən bütün proseslərə öz təsirimizi göstəririk, öz sözümüzü deyirik. Biz bu tarixi gündə, o quruma üzv seçilən gün mən demişəm ki, Təhlükəsizlik Şurasında ədaləti bərpa edəcəyik, ədaləti müdafiə edəcəyik və edirik də.
Ondan sonra “Böyük iyirmilik”in xarici işlər nazirlərinin toplantısına Azərbaycanı dəvət edirlər. Bu, nəyi göstərir? Onu göstərir ki, ölkəmiz dünya üçün çox əhəmiyyətlidir. “Böyük iyirmilik”ə 20 ölkə daxildir, ona görə də “Böyük iyirmilik” adlandırılır. O qrupa daxil olmayan 10 ölkə dəvət edilmişdi, onlardan biri Azərbaycan idi. Keçmiş Sovet İttifaqından ancaq Azərbaycan oraya dəvət edildi. Yəni, bizi istəməyənlər buna biganə qala bilərmi? Əlbəttə ki, yox.
Ondan sonra biz dünyanın ən gözəl şəhərlərindən birində yaşayırıq. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Tarixən belə olub, indi də biz böyük əmək qoymuşuq, şəhərimizi daha da gözəlləşdirmişik. Üstəgəl bizim istedadlı gənclərimizin uğuru, “Eurovision” yarışmasında uğuru bütün Azərbaycan xalqının, dövlətimizin uğurudur.
Həm BMT Təhlükəsizlik Şurası, həm “Böyük iyirmilik”ə dəvətimiz, dünyanın mötəbər iqtisadi qurumları tərəfindən Azərbaycana yüksək qiymətin verilməsi, “Standard & Poor`s”un qiymətləndirməsi, “Eurovision” müsabiqəsində qələbə. Yəni, bunlar bizi istəməyənlərin əlbəttə ki, gözünü deşir. Ona görə, biz təəccüblənməməliyik ki, haradasa kim nə isə yazdı, kim isə ağzını büzdü. Biz buna fikir verməməliyik, bu, təbiidir. Əsas odur ki, uğurlarımız hərtərəflidir və bu uğurlar hər sahədə davam edəcəkdir. Mən buna şübhə etmirəm. Azərbaycan daha da güclü olacaq və bizim haqqımızda, ölkə haqqında yazan, o böhtanlı məqalələrin müəlliflərinə də ən gözəl cavab bizim reallıqlarımızdır, bizim işimizdir, uğurumuzdur.
Azərbaycan dinamik ölkədir. Azərbaycan güclü ölkədir. Bizim dostlarımızın sayı artır. Amma istəməyənlər də var və olacaqdır. Ancaq onların ayağımıza dolaşması bizi seçdiyimiz bu yoldan döndərə bilməz. Bizim yolumuz ədalət yoludur. Yolumuz haqq yoludur, inkişaf yoludur, tərəqqi yoludur. Biz bu yolla uğurla gedirik və gedəcəyik. Sağ olun!