Var-dövlət də, yoxsulluq da bir nemətdir. Varlı olan ifrata varmamaq şərti ilə, yoxsul isə qənaətlə geyinməlidir. Varlının xəsislik edərək yoxsul kimi, yoxsulun da ailəsinin-uşağının ruzisi ilə varlı kimi geyinməsi xoş deyil.
Peyğəmbər Əfəndimiz (s.ə.s.) saça və saqqala yaxşı baxmağı, təmiz saxlamağı, daramağı, bığları qısaltmağı əmr edirdi. Bir dəfə saçı-saqqalı dağılmış bir nəfər məscidə girdi. Peyğəmbərimiz (s.ə.s.) əli ilə ona bayıra çıxmağı işarə etdi. Adam saçını-saqqalını düzəldib qayıtdıqdan sonra isə “Sizdən birinizin şeytan kimi saçı-saqqalı dağılmış gəzməsindən, belə gəzməsi daha yaxşı deyilmi?” – dedi.
Allah Rəsulunun (s.ə.s.) başqa hədisi isə belədir: “Ey əshabım! Siz mömin qardaşlarınızın yanına gedəcəksiniz, mindiyiniz heyvanlara diqqət edin, geyiminizi düzəldin ki, insanlar arasında sizi barmaqla göstərsinlər. Çünki Allah çirkinliyi sevməz”.
*************************************************************************
Vəzifən çətin, yükün ağırdır, oğul!
Oğul! İnsanlar var ki, gün doğanda doğulur, gün batanda ölürlər. Unutma ki, dünya güman etdiyin qədər böyük deyil. Dünyanı bizə böyük göstərən bizim kiçikliyimizdir.
Bu yolda nəzərlərimizi əbədiyyətə dikib böyük yaşamalı, böyük ölməliyik. Bu yolda hərislik tikan, mənəm-mənəmlik və təkəbbür isə çəpərdir, oğul!
Çalış, tək özün olmayasan, öz içində boğulmayasan, təklik yalnız Allaha məxsusdur. Dünyanın ağırlığını təkbaşına qaldırmayasan. Bütün işlərini məsləhətlə görəsən. Əgər məsləhətlə iş görsən, yol da üzünə açıq olar. Yox, əgər məsləhətsiz iş tutsan, yarı yolda qalarsan!
Güclüsən, ağıllısan. Ancaq bütün bunlardan harada, necə istifadə edəcəyini bilməsən, tez məhv olarsan. Vaxt gələr, bir yumruğunla dağları aşırarsan, vaxt da gələr, yerdəki qarışqaya məğlub olarsan. Güc heyvanda da var. Ağıl isə yalnız açardır. Bu açarla açacağın qapıları yaxşı tanı. O qapıların arxasında xəzinələr, o qapıların arxasında sirlər var. O sirlər ki, qoynunda əbədi müjdələr yatır. O sirlər ki, insanı əbədiyyətə qovuşdurur. Dünyada ikən cənnətin qapılarını aç, oğul!
Unutma, qəzəbin təkəbbürünlə birləşib ağlını məğlub edə bilər. Həmişə səbirli, təmkinli və iradəli ol. Heç vaxt əzmindən dönmə. Getdiyin yolu, daşıdığın yükü yaxşı bil.
Qəzəb od, qəzəb fəlakət, qəzəb şeytandır, oğul! İnsanoğlu dağları devirər, ancaq qəzəbinə məğlub olar. Qəzəb mənəm-mənəmliyin qidasıdır. Mənəm-mənəmlik olan yerdə iradə çəkilib gedər. İradəsiz insanın isə ruhu ölüdür.
Səbirsiz mənzilbaşına çatmaq olmaz, oğul! Səbir qara bir tikanı udmaq, tikan içini parçalayıb keçdikcə səsini çıxarmamaqdır. İnsan ocaq kimi yanmalı və yandığını heç kimə bildirməməlidir.
Gözünü əbədiyyətlərə dik, oğul! Bir də unutma ki, hər şeyin öz vaxtı var. Vaxtsız banlayan xoruzun başı kəsilər.
Vəzifən çətin, yükün ağırdır, oğul! Xidmətdə birinci, mükafatda sonuncu ol. Vəzifənin çətinindən qaçma. Vəzifənin çətinliyi Yaradanın qullarına lütfüdür.
Sözündə bütöv ol. Hər sözü də boynuna götürmə. Gördüyünü söyləmə, verdiyin sözü unutma, sözü söz olsun deyə demə.
Biz nifrəti əritmək, məhəbbətin adını ucaltmaq üçün yola çıxdıq, oğul! Ancaq zər qədrini zərgər bilər. Sözünü adamına görə söylə. Cahil qarşısında daş-qaşını çirkaba atma. İgid kordur, pisliyi görməz. Kardır, kəm sözü eşitməz. Laldır, hər ağzına gələni danışmaz. Bildiyini də hər yerdə ayaqlar altına sərməz. Yunus kimidir o, ürəyi məhəbbətə, qəlbi həqiqətə köklənib…
Ananı, atanı say. Bərəkət böyüklərlədir. Ana çilə yumağıdır, ata isə dua qaynağı…
Ana ürəyi zərif bir ipək, ata biləyi Haqqın əkdiyi bir dirəkdir. Nə ananın ürəyini, nə də atanın biləyini sındır. Sabah yuva quranda ocağınla onlar arasında körpü ol. Ata-ana yıxılmamaq üçün kürəyimizi söykədiyimiz divardır. Qiymətini o divar uçanda bilirik.
Sayıldığın yerə tez-tez getmə, onda nə hörmətin, nə etibarın qalar. Düşmənlərini artırma, haqlı olanda da döyüşməkdən qorxma! Bil ki, atın yaxşısına “doru” (kəhər – red.), igidin yaxşısına da dəli deyərlər!
Hər şey qədərində yaxşıdır. Sevdiyini həddindən artıq sevmə. Ən çətin imtahan sevgi ilə olan imtahandır. “İnsan nə qədər güclü olsa, məhəbbətə tuş gələr”.
Gələcəkdə nəslindən utanmamaq üçün gecələrin qaranlığında, səhərlərin aydınlığında duaya qalx.
Könül insanı ömrünü hədər verməz, ürəyini ucuz satmaz, ədəb tacını başından salmaz. Könül insanının həmişə üzü yerdə, qəlbi göydədir. Haqlı olanda da döyüşməyi bacarar. Döyüşə təkcə biləyi ilə yox, elmi ilə, ürəyi ilə çıxar…
Yaxşılığa yamanlıq şər kişinin işidir,
Yaxşılığa yaxşılıq hər kişinin işidir,
Yamanlığa yaxşılıq ər kişinin işidir, oğul!
Sən bizim duamızsan, oğul. Başını həmişə dik tut. Qoy əbədiyyətə qədər üzün ağ, yolun açıq olsun.
Şeyx Ədəbalidən
*************************************************************************
Özünə inananın axırı
O, hər dəfə böyük həvəslə yazdığı ssenariləri rejissorlara aparır, ancaq hər dəfə də eyni cavabı, yəni, “yox” cavabını alaraq geri qayıdırdı. Kim bilir, bu vaxta qədər bu cavabla onun üzünə neçə qapı bağlanmışdı.
Üstəlik, bir yox, iki yox, düz 50 Hollivud rejissoru ona yaxşı yazıçı olmaq üçün istedadı olmadığını demişdi. Ancaq o həm özünə, həm də öz istedadına inanırdı. Həm də elə bir şəraitdə ki, bu şəraitdə az qala bütün Hollivud rejissorları onu yazıçılıq fikirindən daşındırmağa çalışırdı. Ancaq o heç vaxt bezmədi və bezmədən də yazmağa davam etdi. Rejissorların pis yazıçı olmaqda “günahlandırdıqları” bu adamın adı Silvester Stallone, pis ssenari olmaqda “günahlandırdıqları” bu əsərin adı isə “Rokki” idi. Həm də Silvester Stalloneni Hollivudun zirvələrinə qaldıran “Rokki”…
ZAMAN
Allah çiynimizə düşən yükü qaldırmağımıza imkan, güc versin! Bu dünyadakı missiyamızın öhdəsindən üzüağ, alnıaçıq gələ bilək!
Oxuduqqca insani cox dusunduren meqaledir.Allah sizden razi olsun.
Comments are closed.