Harada bir İbrahim qəhrəman görünübsə, mütləq yanında bir Nəmrud boy verib; harada Musa bənzəri bir əzəmət, dürüstlük, fədakarlıq örnəyi yetişibsə, yanından fironu əskik olmayıb. Bu da Allahın bir hikmətidir ki, ən çox sevdiklərini, ən yaxın bildiklərini ən ağır sınaqlardan keçirib.
Allah-Təala (c.c.) sonsuz mərhəmət sahibidir. Bəndələrini sevər. Halimdir, yəni günahkar bəndəsini o andaca cəzalandırmaz, günahından dönməsi, tövbə edib, yalvarıb, təmizlənməsi üçün ona möhlət verər. Adildir, buynuzsuz qoçun qisasını buynuzlu qoçda qoymaz. İnanmış bəndələrini düşməndən qoruyar. Bəzən də sevdiyi qullarını elə hikmət işlədərək qoruyar ki, heyrətdən quruyub qalarsan. Onun sevgisi sonsuzdur, Onun mərhəməti hüdud tanımaz, amma bir istehzası da var. Bir istehzası var ki, anlatmağa dil acizdir.
***
Bizi yaradan, yaşadan, sonsuz mərhəməti ilə bürüyən, yedirən, içirən, öldürüb, sonra da dirildəcək olan Allaha sonsuz həmd olsun! O, bizim Rəbbimiz, yəni Sahibimizdir. “Fənafillah” deyilən bir anlayış var, yəni Allahda yox olmaq, əriyib Allaha qarışmaq, şəkər suda əriyən kimi Allah əmrlərində əriyib yox olmaq, onun dediyi olan yerdə başqa seçim, başqa məntiq axtarmadan təslim olmaq, O varkən, mən yoxam, O, hər şey, mən heç nə, O, əbədi, mən fani… Faninin qurtuluşu Əbədiyə dönüşü ilə mümkündür. İnsan dediyin bu fani varlığın dəyəri Allaha təslimiyyəti ilə bağlıdır. İnsanın azadlığı da, xoşbəxtliyi də Allah ilə münasibətlərinə görə tənzimlənər: Kim Allaha nə qədər təslim ola bilirsə, o qədər azaddır; kim Allah əmrini həyatına nə qədər hakim qıla bilirsə, o qədər xoşbəxtdir.
***
Allah bütün yaratdıqlarının Allahıdır, mömininin də, kafirinin də. Bir ana öz övladını nə qədər çox sevərsə, Allah-Təala da yaratdığı bəndələri o ananın övladını sevdiyindən çox sevər. Zaman-zaman öz bəndələrinə göndərdiyi kitablar qurtuluş yolu, peyğəmbərlər isə o yolda rəhbər, müəllim olublar. O yolu tutan, o rəhbərə təslim olan hər kəs müsəlmandır və qurtuluşa qovuşub, azaddır, xoşbəxtdir. Allaha üsyan edən kəslər hər zaman zərərdədirlər. Həzrəti adəm dövrünün müsəlmanları Həzrəti Adəm və onun yolunu tutanlardır, Həzrəti Nuh dövrünün müsəlmanları Həzrəti Nuh və tərəfdarlarıdır, Həzrəti İbrahim dövrünün müsəlmanları Həzrəti İbrahim və onun gətirdiyi təlimi yaşayanlardır, Həzrəti Musa dövrünün müsəlmanları Həzrəti Musa və ona inanıb buyruqlara əməl edənlər, Həzrəti İsa dövrünün müsəlmanları Həzrəti İsa və həvariləridir. Müsəlman – Allaha və Allahın göndərdiyi peyğəmbərə tabe olan, təslim olan deməkdir, yəni Allaha təslim olaraq salamata çıxan.
***
Tarix səhnəsi ağla qaranın, adillə zalımın, möminlə kafirin mübarizə meydanıdır. Harada bir İbrahim qəhrəman görünübsə, mütləq yanında bir Nəmrud boy verib; harada Musa bənzəri bir əzəmət, dürüstlük, fədakarlıq örnəyi yetişibsə, yanından fironu əskik olmayıb. Bu da Allahın bir hikmətidir ki, ən çox sevdiklərini, ən yaxın bildiklərini ən ağır sınaqlardan keçirib.
Nuh kimi olmaq istəyən, dünya üstünə gülsə də, Allah əmr edib deyə düzün ortasında, dağın başında gəmi düzəltməkdən çəkinməsin, Allahın dinini qəbul etməyən övladdan imtina edə bilsin; İbrahimə bənzəmək istəyənlər “tək bir Allah var və mən Onun qarşısında bir heçəm, yoxam. Mənim “mən” dediyim belə, mən deyiləm. Hər şey O, hər şey Onun, yandıracaqsa, odu gözəl, donduracaqsa, donu gözəl deyib, ölümün içinə gül bağçasına dalırmış kimi dala bilsin.
***
Allah o qədər adildir ki, bir məqsədə, hədəfə çatması üçün bəndəsinin qarşısına müəyyən səbəblər qoyur. İstar mömin olsun, istər kafir, kim o səbəblərə doğru-düzgün riayət edirsə, Allah da o qulunu o hədəfə yetişdirir. Doğrudur, istisnalar hər zaman var, yəni Allah-Təalanın bəzi sevimli qullarına ekstra, yəni qeyri-adi lütfləri olmuş və olmaqdadır, amma mövzuya geniş panoramdan baxdıqda çalışanın istədiyini əldə etdiyi tarixin hər mərhələsində görünüb və bu gün də görünməkdədir. Yəni Allah-Təala zəngin kafirin sərvətini onun əlindən alıb kasıb möminə vermir, zəngin olmaq üçün hər kəsin qarşısına qoyduğu şərtləri kim daha dəqiq yerinə yetirirsə, sərvəti də ona verir.
***
Gördüyün hər şey bir imtahan vasitəsidir. Hər şeylə sınağa çəkilir, imtahan edilirik. Allah birinə sərvət verib, onu sərvətlə imtahana çəkir, birinə də heç bir şey vermir və onu məhrumiyyətlə sınayır. Sərvət anlayışı da əslində düşüncəyə görə dəyişir. Kiminə görə sərvət savabdır, Allahın razılığını, xoşnudluğunu qazanmaqdır, kiminə görə, dünya nemətləridir. Kim nəyə aşiqsə, kimin nəyin uğrunda həyatını xərcləyirsə, qazancı da elə niyyətinə görə olur.
Dünyada rahatlıq, sərvət, başqalarından üstünlük, imtiyaz üçün çırpınanların qazancı da elə dünyada qazandıqları olur və qazandıqları onu dünyada ikən tərk edir. Axirətini düşünənlər isə dünyada bir şeyləri olmasa belə, inşallah o dünyada əliboş qalmırlar.
***
Adamlar iki cür olur: hər şeyi Allahın vermiş olduğu əmanət bilənlər və hər şeyi mənimsəməyə çalışanlar, “mənim” deyənlər. Bu bölgü əslində kimin kim olduğunu açıqca ortaya qoymağa kifayət edir. Bu xətt bir xeyli inkişaf edəndə görürsən ki, əmanət daşıyanlar Haqq yolunda çalışanlardır, “mənim” deyənlər Haqq üçün çalışanlara qarşı çalışanlardır. Haqqa qarşı savaşanlar cürbəcür oyunlar qurur, məkrli layihələr hazırlayırlar. Amma kafirlərin məkri varsa, Allahın da bir planı var. Tarixdə aləmə ibrət sayılacaq o qədər parlaq hadisələr yaşanıb ki… Özünü Allah sayanları Allah rəzil-rüsvay eləyib. İbrət – gördüyündən dərs çıxarmaq və ona bənzəməməkdir. Örnək – gördüyündən öyrənmək və ona bənzəməyə çalışmaqdır.
Tarixin ibrət mənzərələrindən bəzilərinə baş vurmaq istəyirik. Həqiqətən də, insanın bir hiyləsi, bir məkri varsa, Allahın da bir bildiyi, bir planı var.
***
Həzrəti İbrahim büt dünyasına üsyan edib insanları bir olan Allaha iman etməyə çağırırdı. Nəmrud da özünü Allah elan eləmişdi. Həzrəti İbrahimi oda atdıran Nəmrudu Allah-Təala bir topal ağcaqanadla məğlub etdi. Ağcaqanad onun burnundan girib beyninə yetişdi və Nəmrud başını daşlara vura-vura gəbərib getdi. İstehzaya baxın: özünü Allah elan etmiş zavallı bir topal ağcaqanadla həlak oldu.
***
Həzrəti Musa yəhudiləri Qırmızı dənizdən keçirib vəd olunmuş müqəddəs torpaqlara gətirirdi. Amma qısa bir müddətdə onlardan ayrılıb, Allah-Təala ilə söhbətə gedən kimi yəhudilər bütün qızıl-gümüşlərini əridib bir buzov heykəli düzəltdilər və ona sitayiş eləməyə başladılar. Allah-Təala nə hikmət işlədi, heç düşünürsünüzmü? Bildirdi ki, yaşı qırxı keçmişlərin heç birisi o müqəddəs torpaqlara yetişə bilməyəcəklər. Həzrəti Musanın da yaşı qırxı keçmişdi. Allah-Təala vədində doğrudur. Amma elə bu vəd çərçivəsi içində Kəlimullah (Allah-Təala ilə danışmış) ünvanına layiq gördüyü Musaya bir lütf ərmağan etdi: Həzrəti Musanın dəfn olunduğu yerdən baxanda müqəddəs torpaqlar görünürdü.
***
Rəsulullah (s.ə.s.) yaxın dostu Həzrəti Əbubəkrlə birlikdə Məkkədən çıxıb Mədinəyə hicrət edəcəkdi, amma onu izləyən Məkkə müşriklərindən qurtulmaq üçün Mədinə səmtinə deyil, tamamilə əks istiqamətə yol aldılar. Gəlib Sevr mağarasında daldalandılar. O dövrdə ərəblər arasında ən geniş yayılmış peşələrdən biri də ləpirçilik idi. Bu işin professionalları dəvənin qığını iyləyib onun cinsini, haradan gəlib haraya getdiyini, dişidirsə hamilə olub-olmadığını müəyyən edə bilirdilər. Havanı iyləyə-iyləyə, izləri yoxlaya-yoxlaya gəlib Sevr mağarasının ağzına çatdılar. İzçi yanılmamışdı. Kafirlər ən qəddar düşmənlərini əliyalın halda sığındıqları mağaranın ağzında yaxalamışdılar. Mağaranın içindəkilərlə qapısı ağzına gələnlər arasına Allah-Təala keçilməz bir sədd çəkdi. Müşriklər baxdılar, mağaranın ağzındakı hörümçək torunu gördülər və dedilər ki, əgər Məhəmməd (s.ə.s.) bura girsəydi, bu tor dağılmış olmalı idi. Amma haradan ağıllarına gələydi ki, bu tor Allah-Təalanın əmri ilə bir az əvvəl hörümçək tərəfindən tamamlanıb. Kilometrlərlə yolu addım-addım gələn kafirləri Allah-Təala bir hörümçək toru ilə geri göndərdi. Bu istehzanı ancaq sonsuz İdrak Sahibi düşünə bilər.
***
Hər kəs üçün bu hadisələrdən çıxaracağı ibrətlər var: Allah namaz qılmağı, Ona səcdə etməyi əmr edir, qılmayanı, səcdə etməyəni sürüm-sürüm süründürər; oruc tutmağı əmr edir, tutmayanı aclığa məhkum edər; zəkat verməyi əmr edir, verməyəni qapılarda dilənçi edər…
Hər yerdə bir ibrət tablosu, hər işdə bir hikmət var.
MÜƏLLİF: ƏLİ ÇƏRKƏZOĞLU