416-cı diviziyanın bayraqdarı, Berlini fəth edən həmyerlimiz Cəlal Cavadov

4
85
CƏLAL CAVADOV
Şəkildə: Sağdan 1-ci Cəlal Cavadov Brandenburq darvazası önündə. Berlin şəhəri, 2 may 1945-ci il.

Cəlal Əhməd oğlu Cavadov 1925-ci ildə Zərdab rayonunun Məmmədqasımlı kəndində doğulmuş, doğma kənddəki 5 sinifli ibtidai məktəbi 1938-ci ildə bitirmiş, 13 yaşından kolxozda işləmişdir.

1943-cü ilin martında Böyük Vətən müharibəsinə çağırılmış, 416-cı Azərbaycan diviziyasının tərkibinə daxil edilmişdir. O, avqustda düşmən işğalı altında olan Taqanroq şəhərinə hücumun önündə gedir. 1943-cü il avqustun 27-də bu diviziya düşmənin müdafiəsini yarıb cəbhənin içərilərinə doğru 20 km. Irəliləyir, bir gündə 5 iri yaşayış məntəqəsini azad edərək 3 min faşist əsgər və zabitini, çoxlu hərbi texnikasını məhv edir. Avqustun 30-da düşmən mühasirəyə alınır, küçə döyüşlərində tam məğlub olur. Bu qəhrəmanlığına görə Ali Baş Komandan Stalinin əmri ilə 416-cı diviziyaya Azərbaycan Taqanroq diviziyası fəxri adı verilir. Sentyabrda diviziya Mariopol uğrunda qanlı döyüşdə düşmənin müdafiəsini yararaq içəriyə doğru 14 km. irəliləyir. Bu döyüşdə fərqlənən həmyerlimiz “İgidliyə görə” medalı ilə təltif olunur. Melitopolun azad edilməsi uğrunda  vuruşda Cəlal Cavadov qəhrəmanlıqla vuruşaraq yaralanır, bu cəsur döyüşçüyə II dərəcəli Şöhrət ordeni verilir. 1944-cü ilin martında Ukraynanın Nikolayev şəhərini azad edərkən diviziya 1500 düşmən əsgərini məhv etdi, 150 nəfəri əsir tutdu. 1944-cü ilin aprelində Odessa uğrunda döyüşlərdə də C. Cavadov cəsarətlə vuruşaraq fəxri fərman, 416-cı diviziya II dərəcəli Suvorov ordeni, Stalinin 5-ci dəfə təşəkkürünü aldı. 1944-cü ilin avqustunda Moldovanın paytaxtı Kişinyovun azad edilməsində xüsusilə fərqlənən eloğlumuz 2-ci dəfə Ali Baş Komandanın təşəkkürünü aldı.

416-cı diviziya 1945-ci ilin qarlı-şaxtalı yanvar ayında Varşava uğrunda qanlı döyüşlərə girdi. Cəlal Cavadovgilin polku Visla və Oder çayları ətrafında vuruşlarda göstərdiyi qəhrəmanlığa görə Qırmızı bayraq ordeni, polkun pulemyotçusu, serjant Cəlal Cavadov isə Ali Baş Komandan Stalinin 16 yanvar və 18 yanvar tarixli 2 təşəkkürünü aldı.

1945-ci ilin fevralında Cəlalgilin diviziyası 295-ci diviziya ilə bərabər alman torpağında – Berlinin qapısı hesab olunan, 7 dəmir yolunun və 4 şose yolunun ayrıcında yerləşən, 10-dan çox vzvod və digər qüvvələr tərəfindən qorunan, gücləndirilmiş müdafiə sistemi qurulmuş Küstrin şəhəri uğrunda çox amansız döyüşə girdi və martın 12-də şəhər tamamilə sovet əsgərlərinin əlinə keçdi. Bu döyüşlərdə də böyük şücaət göstərən 20 yaşlı pulemyotçu həmyerlimiz Berlinə birincilər sırasında yol açdığına görə Ali Baş Komandan İosif Stalinin təşəkkürünü aldı. Apreldə isə 416-cı Azərbaycan diviziyasının 2 batalyonu almanların bir neçə şəhərini güclü hücumla ələ keçirərək ayın 21-də Berlin şəhərinin qərb tərəfindəki Ştrausberqə nəzarəti təmin etdi, bununla da Berlinin qala divarlarına çatdı. Aprelin 26-da diviziya faşizmin son əsas sığınacağı olan  Berlin şəhəri uğrunda amansız, qanlı döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstərdi. Azərbaycan döyüşçüləri aprelin 26-da Berlinin mərkəzinə — Sileziya vağzalı və reyxstaq istiqamətində həlledici hücuma keçdi. Mayın 2-də 416-cı Azərbaycan diviziyası döyüşçülərinin öndəki qrupu, onların sırasında 20 yaşlı zərdablı igid Cəlfl Cavadov olmaqla məşhur Brandenburq darvazasının üzərinə qələbə bayrağını sancdı. Berlin uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə C. Cavadov I dərəcəli Şöhrət ordeni ilə təltif edildi.

CƏLAL CAVADOV
CƏLAL CAVADOV

416-cı diviziyanın bayrağını Brandenburq darvazası önünə gətirmək və bu bayrağın önündə xatirə şəkli çəkdirmək kimi böyük şərəf Cəlal Cavadova nəsib oldu.  O, həmkəndlisi Muradalı Heydərov kimi reyxstaqın divarına adını süngü ilə yazmışdır.

Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi qəhrəmanlıqlara görə Cəlal Cavadov iki Şöhrət ordeni, ümumiyyətlə isə 12 orden və medallarla təltif olunmuşdur.

O, 1950-ci ildə hərbi xidmətdən tərxis edilərək ehtiyata buraxılmış, uzun illər doğma Məmmədqasımlı kəndində–Zərdabi adına kolxozda sürücü işləmiş, vicdanlı, namuslu, məsuliyyətli və əməksevər bir insan kimi dərin hörmət qazanmışdır.

CƏLAL CAVADOV
CƏLAL CAVADOV

Cəlal Cavadovun adı Rusiyanın, Ukraynanın, Moldovanın bir çox şəhər və kəndlərinin “Bizi alman faşizmindən xilas edənlər” xatirə memorial lövhələrində həkk olunmuşdur.

C. Cavadov 2001-ci ildə Məmmədqasımlı kəndində vəfat etmişdir. Allah rəhmət eləsin.

İsaməddin Əhmədov, “Əkinçi” qəzetinin redaktoru

4 ŞƏRH

  1. BU MENIM BABAMDIR,VE MENDE BABAMLA FEXR EDIREM.VE BIZDE ALI BASH KOMANDANIN EMRI ILE EZELI VE EBEDI OLAN QARABAQ TORPAQLARININ UQRUNDA SON DAMLA QANIMIZA QEDER DOYUSHMEYE VE BABAMIZIN YOLUNU GETMEYE HAZIRIQ.ISAMEDDIN MUELLIME DE,OZ TESEHKURUMU BILDIRIREM BU YAZINI ISHIQLANDIRDIQINA GORE.

  2. ЧАЛАЛ ЧАВАДОВЛА НЕИНКИ ЗАРДАБЛЫЛАР,БУТИН АЗЕРБАЙЧАН ФЕХР ЕДИР.

Comments are closed.