Zərdabda çıxan “Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədovun www.zerdab.com saytında yayımlanan “Böyük Vətən müharibəsinin canlı əfsanəsi Zərdabda yaşayır” adlı məqaləsi böyük marağa səbəb olub. Hətta Ukraynada yaşayan bir oxucumuz zəng vurub Muradalı Heydərovun ata adına düzəliş etməyimizi xahiş edib. Onun dediyinə görə, Muradalı Heydərovun atasının adı Şahbağat yox, Şavaqatdır.
Qeyd: Muradalı Heydərovun atasının adı Azərbaycan Sovet Ensiklopediyasında Şahbağat, indiki şəxsiyyət vəsiqəsində isə Şavaqat yazılmışdır.
Oxucumuz Rusiyada, Qazaxıstanda, Qırğızıstanda olduğu kimi, Ukraynada da www.zerdab.com saytını hər gün izlədiklərini və doğma yurda olan həsrətlərini bu sayt vasitəsi ilə azaltdıqlarını söyləyib. O, həmçinin bu maraqlı məqalənin müəllifi İsaməddin Əhmədova da salam və təşəkkürlərini çatdırmağımızı xahiş edib.
Bu yazımızda isə Böyük Vətən Müharibəsinin üç şöhrət ordenli yeganə salamat və canlı əfsanəsi, 92 yaşlı Heydərov Muradalı Şavaqat oğlunun müharibə xatirələrindən və Rusiya Prezidentinin ona öz saatını hədiyyə göndərməsindən bəhs edəcəyik. Qeyd edək ki, bu yazının da müəllifi İsaməddin Əhmədovdur. İsaməddin müəllim yazır:
“Muradalı kişinin müharibə xatirələri insanda heyrət və qürur doğurur. O deyir ki, Almaniyanın daxilində faşistlər son gülləyə qədər vuruşur, bizə amansız müqavimət göstərir, necə deyərlər, tarana gedirdilər.
Belə döyüşlərin birində bizim gülləmiz tükəndi və almanların səngərinə atılaraq, onlarla əlbəyaxa vuruşmalı olduq. Bu zaman iri cüssəli faşist döyüşçüsü məni yerə yıxa bildi və istədi kənara düşən avtomatını götürüb məni güllələsin. Bu an var gücümlə sıçrayb faşisti bərk-bərk özümə sıxdım. O isə əsas diqqətini avtomatını yerdən götürməyə yönəltmişdi. Aciz qalmışdım, silahsız idim və qəfildən ağlıma gəldi ki, onu dişləyim…
Beləcə, dişlərimlə onun xirtdəyini qəfil tutub var gücümlə sıxdım, qan fışqırsa da, buraxmadım və o faşisti belə öldürdüm…
Başqa bir döyüşdə isə erməni komandir məni və xalqımızı təhqir etdi.
Gecə döyüşarası fasilə oldu, hava işıqlaşan kimi, almanlar böyük qüvvə ilə üstümüzə şığıdılar. Onlar çox üstün idilər. Mən ukraynalı əsgərimlə faşistlərdən trofey-qənimət kimi ələ keçirdiyimiz alman pulemyotu ilə düşmənin irəliləməsinə imkan vermirdim. Birdən sağ cinahımda vuruşan həmin erməni komandirin döyüşdən qaçdığını gördüm və dərhal pulemyotla onu parça-parça etdim…
Əgər onu güllələməsəydim, ona baxıb bütün batalyon qaçacaqdı, amma onun aqibətini görəndə o birilər də bildilər ki, qaçsalar, taleləri belə olacaq və biz o döyüşdə də qalib gəldik.
Baş komandanlıq bu hərəkətimə görə məni mükafatlandırdı…
Bir dəfə isə Ukrayna ərazisində mənim topçu heyətim əsas qüvvələrdən ayrı düşdü. At qoşaraq top və mərmilərimizlə yola düşdük. Neçə gün ac-susuz qaldıq, atımız öldü, onun əti ilə qidalandıq. Bir gün sonra atın əti tamam iyləndi və tulladıq. Gəlib yandırılmış qarğıdalı sahəsinə çıxdıq. Acından taqətdən düşürdük. Külün içindən bir baş qarğıdalı tapanda nə qədər sevindik və dənələri sayıb, qərara gəldik ki, səhər, günorta və axşam hərəmiz 2 dənə qarğıdalı yeyək ki, qidamız qurtarmasın… Bir baş qarğıdalı ilə 3 gün yaşadıq…
Böyük Vətən müharibəsində Qələbənin 60 illiyində Rusiyanın Azərbaycandakı hərbi attaşesinin müavini və yavəri şəxsən Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə Zərdaba gələrək, şəhərin Kür çayı sahilindəki Qələbə abidə-kompleksinin önündə Muradalı Heydərova Rusiya Prezidentinin saatını və pul mükafatı təqdim etdi. “İzvestiya”, “Pravda” qəzetlərində Muradalının qəhrəmanlığı haqqında silsilə yazılar çap olundu və Moskvadan ona göndərildi. Bununla bağlı “Əkinçi” qəzetində “Moskvadan- “Pravda” qəzetindən Məmmədqasımlıya məktub” adlı məqalə və fotolar dərc olundu.
Rusiyada Muradalının iştirakı ilə sənədli film çəkdilər.
Bu məqalədəki döyüş epizodlarının bir çoxu isə Mixail Provalinskinin Muradalı Heydərova həsr olunmuş “Kavalerı soldatskoqo ordena” kitabından tərcümə edilmişdir…
Muradalı kişi deyir ki, Qarabağda müharibənin başlamasını gözləyirəm, onsuz da döyüş üçün darıxmışam. Həm də mənim vuruşmaq təcrübəm var. Allah qoysa, topçularımla İrəvanı da düşmənlərimizdən azad edəcəyəm…
Allah hamımızı arzularımıza çatdırsın, Muradalı kişi! AMİN!”
Muradalı baba, sən bir vətəndaş kimi, vətən oğlu kimi öz borcundan çoxdan çıxmısan! Müharibə olarsa biz sənin təcrübəndən istifadə edərək vuruşacağıq!Biz səni qoymarıq o odun-alovun içinə! İndi sənin minlərlə nəvən Vətəni, doğma Azərbaycanı müdafiəyə hazırdır!Təki sən ürəyini buz kimi saxla!
Comments are closed.