“Sizə sizi bir-birinizə sevdirəcək bir şey öyrədimmi?”

7
59

most beautiful rosesRəsulullah (s.ə.s.) bir gün səhabələrinə belə buyurur: “Siz həqiqi mömin olmadıqca Cənnətə girə bilməzsiniz, bir-birinizi sevmədikcə həqiqi mömin ola bilməzsiniz. Sizə sizi bir-birinizə sevdirəcək bir şey öyrədimmi?”

Səhabələr bir ağızdan: “Öyrət, ya Rəsulullah!” – söyləyirlər. Onların bu istəyi üzərinə Rəsulullah (s.ə.s.) belə buyurur: “Aranızda salamlaşmağı geniş yayın!”

***

Allah Rəsulunun (s.ə.s.) bu söylədikləri çox böyük, ali həqiqətlərin qısa kodları mahiyyətindədir. Yəni mövzu o qədər əngin, məsələ o qədər mühümdür ki, geniş düşüncə və düzgün istiqamətdə araşdırma ilə gerçəklərə vaqif olmamaq mümkündür.

Salam – Əsma ül-Hüsnadan, yəni Allah-Təalanın Gözəl Adlarından biridir. Bu ad özündə çox geniş mənalar ehtiva edir. Ən çox ağla gələn və nəzərdə tutulan mənalarını təxminən belə sadalamaq mümkündür:  hər cür eybdən, qüsurdan dərddən, bəladan uzaq; sülhün, əmniyyətin, sağlığın, xoşbəxtliyin, azadlığın qaynağı; hər cür qorxudan, dərddən uzaq; təslim olan hər bir bəndəsini də əmniyyət içində tutan, bəladan, dərddən, zərərdən qoruyan anlamına gəlməkdədir.

***

Qurani-Kərimdə bizə verilmiş salamı almaq əmr olunur. Üstəlik o da əmr olunur ki, salama ya eynilə, ya da daha artığı ilə qarşılıq verin. Yəni birisi sizə “salamun aleykum” deyirsə, siz də ona ya “və aleykum üs salam”, ya da “və aleykum us salam və rahmətullah”, ya tam tam şəkildə “və aleykum us salam və rahmətullah və bərakətuh”  şəklində cavab verməliyik.

Salam vermək sünnət, yəni Peyğəmbərimizin yolu, salamı almaq isə fərzdir, yəni Allah (c.c.) əmridir. Fərzi yerinə yetirməyən şəxs günah işləmiş olur və bu əməlinin hesabını da bir gün Cənabi-Allaha verməlidir.

***

Salam vermək həm də duadır, özü də içi hər cür gözəlliklərlə, hər cür xoş niyyətlə dolu dua. Əgər belə olmasaydı, sevimli Peyğəmbərimiz Cənnətə girmək mükafatının bir tərəfini də salama bağlamazdı. Əlbəttə, salamın mahiyyətini, ehtiva etdiyi mənaları və duasının gücünü anlayanlar nəzərdə tutulur. Bu mənada “Əs salamun aleykum” demək qarşı tərəf üçün ən xoş dua halına gəlir. Məlumdur ki, “Salam”, “İslam”, “təslim”, “müslim” kimi sözlər bir kökdən gəlir, yəni şəkilcə, deyilişcə oxşar olduğu kimi, mənaca da çox yaxın, çox oxşardır. Yəni Salam olan Allaha təslim olan şəxs müslim olur və müslim olmaqla da səlamətə qovuşur, hər cür dərddən, bəladan, təhlükədən qurtarmış olur.

***

Salamda güvən var. Hər kəs öz ağasının adı ilə qapı döyür, sən də Allahın adını zikr edib mətləb açırsan, söz deyirsən, dilək diləyirsən. Anlayan adam, Salamın Allah adı olduğunu bilən şəxs ən azı Salam xatirinə salam verəni incitməz.

 

Salam elçilərin sığınacaq yeridir.

Rəsulullah ( s.ə.s.) buyurur ki, həqiqi mömin o şəxsdir ki, başqaları onun əlindən və dilindən haqsızlıq gəlməyəcəyindən əmin olarlar.

Salam vermək bu əmniyyətə təmin etməyə can atmaqdır. Çünki həqiqi müsəlman kimsəyə qarşı haqsız davranmaz, nə müsəlmanlara, nə qeyri-müsəlmanlara, nə heyvanlara, nə ağaclara…

***

Salamda dəvət var. “Salamun aleykum” demək Allaha təslim olaq və hər cür qorxudan azad olaq, Allaha təslimiyyətdə birləşək, Allahın ipinə sarılaq, Allahın rənginə boyanaq, doğma olaq, qardaş olaq, əl-ələ tutub, bir-birimizə kömək olaq, bir-birimizi sevək ki, Allah da bizi sevsin deməkdir. Salam – azadlığa dəvətdir, qurtuluşa dəvətdir, xoşbəxt olmağa dəvətdir.

Öz evinə girəndə də, məscidə ayaq basanda da salam vermək gözəldir. Sən görməsən də əmin ol ki, verdiyin salamı alanlar var.

***

Salamda təəhhüd var. “Salamun aleykum” demək məndən sənə zərər gəlməz deməkdir. Özünüz düşünün, əgər sən birisinə “Allah səni qorusun, hər cür bəladan uzaq eləsin” deyə dua etdiyin halda, pislik etməyi düşünə bilərsənmi? Əgər düşünərsənsə, demək, salamın mahiyyətini anlamış deyilsən. Salam vermək mən səninlə sülh içində davranmaq istəyirəm deməkdir. Əgər salamın ardınca şapalaq gəlirsə, cəhalətin ən orijinal görüntüsü… Başqa bir şey ağlınıza gətirməyin.

***

Salam vermək Allahın rizasına qovuşmaq üçün möminlərin bir-biri üçün etdiyi duadır. Möminlər bir-birilə qarşılaşanda kiçik böyüyə, yeriyən durana, azlıq çoxluğa, heyvan və ya hər hansı nəqliyyat vasitəsi üzərində olan yerdə olana, yüksəkdəki aşağıdakına salam verər. Bunlar ədəb normalarıdır. Amma unutmayaq ki, birinci kiçiyin salam verməsi ədəbdirsə, böyüyün salam verməsi də təvazökarlıqdır, fəzilətdir. Birinci salam verən salam alandan daha çox savab qazanar.

***

Qurani-Kərimdə buyurulur ki, Allah və mələkləri peyğəmbərə səlat və salam edərlər, siz də Onu səlat və salam edin. Göründüyü kimi, uca Peyğəmbərimiz Həzrəti Məhəmmədin (s.ə.s.) mübarək adını eşidəndə və ya zikr edəndə salam söyləməyi bizə Allah-Təala özü əmr edir. Bilənlər “səllallahu əleyhi və səlləm”, “əleyhissəlatu vəssəlam”, “səlatu vəssəlam” kimi və daha ehtişamlı şəkildə salamlaya bilərlər. İstəyəndə elə öz dilində “Sənə səlat və salam olsun!” şəklində söyləyə bilər.

Rəsulullah (s.ə.s.) buyurmuşdur ki, mənim qəbrimə salam vermək, özümə salam vermək kimidir. Ona görə də Həcc ziyarətinə gedənlər Mədinə şəhərinə də gedərək sevimli Peyğəmbərimizi (s.ə.s.) ziyarət edir, Ona salam verirlər.

***

Bəzən kimlərsə salamı öz dilində verməyi üstün tutur və hətta “əs salamun əleykum” deməyin ərəbcə olduğunu söyləyərək, bu mübarək duaya qarşı çıxırlar. Bəri başdan deyək ki, Quran dili təkcə ərəb dili demək deyil. Quran Allah-Təalanın seçdiyi, layiq bildiyi dildə nazil olub. Əslində bütün ərəb toplumları öz dillərinin sabit qalması üçün hər zaman Qurani-Kərimə borclu olduqlarını ifadə edirlər. Çünki Quranın dili ərəb dillərinin ortaq məxrəcidir və bütün problemlər məhz bu müstəvidə həll olunur. Yəni Quranın dili Allah-Təalanın öz bəndələri ilə danışmaq üçün seçdiyi, həm də ən mükəmməl dildir (əvvəlki kitablar da qədim yəhudi dilində nazil olmuşdu). Yəni İslam, Quran təkcə ərəblərin olmadığı kimi, o dil də təkcə onların deyil. Qurana can atmaq Allahla ünsiyyətə can atmaqdır. Şükürlər olsun ki, dilimizdə Qurandan alınmış çox sayda sözlər, ifadələr, söz birləşmələri var. Əslində həmin sözlər dilimizdəki bərəkət toxumlarıdır. Allahın kitabından alınmış söz dilə də, ruha da qidadır, xeyir-bərəkət qapısıdır. Ona görə də ərəb dili deyib “Salam” kimi bərəkət toxumlarını dilimizdən çıxarmayaq. Əmin olun ki, min “mərhəba”, “eşq olsun”, “sabahın xeyir” bir salamın yerini verə bilməz.

***

Tanımadığına da salam vermək lazımdır. Amma bir adamın günah işlədiyini gözünlə gördüyün halda, ona salam vermək düzgün deyil. Namaz qılana, Quran oxuyana da salam verilməz ki, ibadəti qırılmasın. Salamlaşarkən əl sıxışmaq uca Peyğəmbərimizin sünnəti və günahların əfv olunması üçün səbəblərdəndir.

Uca dinimizdə hər şeyin öz ədəbi var, elə salamlaşmağın da. Biz də salamlaşmaq ədəbi ilə bağlı gərəkli hesab etdiyimiz bəzi ədəb qaydalarını dəyərli oxucularımızla paylaşmaq istəyirik.

Salam hay-küyü sevməz. Salamdan öncə söz deyilməz, yəni qarşılaşanda söylənəcək ilk söz salam olmalıdır. Salam israf edilməz, yəni istəməyənə salam verilməz. Məzara da salam vermək var. Şappıltı ilə əllə görüşmək çirkinlikdir. Əl tutuşmaq sünnətdir. Qarşılaşanda olduğu kimi, ayrılanda da salamlaşmaq lazımdır.

***

Salam verin, salam alın! Ruhunuz salamla şahlansın, salamla arınaq, salamla səlamətə çıxaq. Salam köməyimiz olsun!

7 ŞƏRH

  1. Ve -Aleykum salam abla.Allah sizlerden razi olsun.Bu gunku gunde bele deyerli hekayelerin saytimizda yer almasi bizi lap cox ferehlendirir.Redaktorun cox imanli insan oldugu aydin nezere carpir.Kas bu gunu rehmetlik nenemiz de gorerdi………

  2. Hə tanıyırdım, uşaq vaxtı babamgildə görmüşdüm..Bəli qohumuq )))

Comments are closed.