Zərdabda bəzi yaşayış massivlərində elektrik dirəklərinin və xətlərinin istismar müddəti bitib

0
51

Dövlət Proqramına əsasən, Zərdab rayonunda elektrik şəbəkəsinin yenidən qurulması ilə bağlı tədbirlər 2010-2013-cü illərdə nəzərdə tutulub. Yaxın gələcəkdə rayonumuzda da yenidənqurma işlərinə başlanılacağı gözlənilir. Lakin rayonun ayrı-ayrı yaşayış massivlərində və fərdi təsərrüfatlarda elektrik dirəklərinin və elektrik hava xətlərinin istismara yararsız vəziyyətdə olması tez-tez qəzalı vəziyyətlərin və məcburi fasilələrin yaranmasına səbəb olur. Xüsusilə küləkli havalarda belə kəsilmələrə tez-tez rast gəlinir.
“2011-ci ildə ictimai-siyasi və sosial-iqtisadi sahələrdə görülmüş işlər və 2012-ci ildə qarşıda duran vəzifələr barədə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayevin
hesabatı”nda isə qeyd olunur ki, xətlərin təmir olunması və qəza vəziyyətinin aradan qaldırılması ilə bağlı əhalinin müraciətlərinin həll edilməsində operativliyin aşağı olması bununla bağlı Rayon İcra Hakimiyyətinə və yuxarı orqanlara müraciətlərin sayının artmasına gətirib çıxarır. Odur ki, şəbəkə rəhbərliyi mövcud nöqsanların aradan qaldırılması üçün lazımi tədbirlər görməlidir.