Zərdab Rayon İcra Hakimiyyəti 2012-ci ildə görülmüş işləri açıqladı

13
120

Zerdab-hesabatZərdab Rayon İcra Hakimiyyətinin iclas zalında rayon fəallarının iştirakı ilə 2012-ci ilin ictimai-siyasi və sosial-iqtisadi inkişafının yekunları və 2013-cü ildə qarşıda duran vəzifələr barədə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin hesabat məruzəsi dinlənilib. İcra Hakimiyyətindən www.zerdab.com saytına verilən məlumata görə, öncə yığıncaq iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül qoymuşlar. Sonra Rayon İcra Hakimiyyətinin foyesində 2012-ci ilin sosial-iqtisadi göstəricilərinə aid diaqramlarla və rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarından ibarət sərgi ilə tanış olublar. Yığıncaq iştirakçıları 2012-ci ildə rayonda görülən işlərin videolentinə baxmışlar. Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev hesabat məruzəsi ilə çıxış etmişdir.

Qeyd olunmuşdur ki, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi, yüksək diqqət və qayğısı sayəsində 2012-ci ildə respublikamızda qazanılan uğurlar, əldə olunmuş nailiyyətlər Zərdab rayonunun da ictimai-siyasi və sosial-iqtisadi həyatında özünü göstərmişdir.

Rayonumuzun ictimai-siyasi həyatında ilin ən mühüm hadisəsi Respublikamızın Prezidenti cənab İlham Əliyevin oktyabr ayının 7-də rayonumuza tarixi səfər etməsidir. Səfər tədbirləri çərçivəsində ölkə başçısının Heydər Əliyev parkında inşa edilmiş Heydər Əliyev Mərkəzinin, Gənclər Mərkəzinin, Yeni Azərbaycan Partiyası Zərdab Rayon Təşkilatının yeni inzibati binasının və su bulağının açılış mərasimlərində iştirak etməsi, Heydər Əliyev parkı, Veteranlar evi ilə tanış olması, rayon ictimaiyyətinin nümayəndələrinin böyük bir qrupu ilə görüşməsi, rayonda gedən işlərlə yaxından maraqlanması və bu işlərə yüksək qiymət verməsi, səfərdən dərhal sonra rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Prezidentin Ehtiyat Fondundan Zərdab Rayon İcra Hakimiyyətinə 2 milyon manat vəsait ayırması bütövlükdə rayon əhalisində çox böyük ruh yüksəkliyinə səbəb olmuşdur.

Son il yarım ərzində Dövlətimizin başçısının rayonumuza iki dəfə səfər etməsini zərdablılar ölkə rəhbərinin onlara olan yüksək diqqət və qayğısının məntiqi nəticəsi kimi dəyərləndirirlər.

“Həsən Bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında” 4 iyun, “Zərdab rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi dair əlavə tədbirlər haqqında” 19 iyun, “Həsən Bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması haqqında” 19 iyul 2012-ci il tarixli sərəncamları, ümumilikdə isə il ərzində Zərdab rayonu və zərdablılarla bağlı imzaladığı 9 sərəncam da bu diqqət və qayğının əyani təzahürüdür.

Ölkə başçısının rayonumuzun sosial-iqtisadi inkişafına göstərdiyi böyük diqqət və qayğının nəticəsidir ki, 2012-ci ildə rayonumuzda sosial-iqtisadi həyatın müxtəlif sahələrində uğurlu nəticələrə nail olunmuşdur. Hesabat ilində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq rayonumuzda hesabat ilində xeyli iş görülmüş, əhalini narahat edən genişmiqyaslı məsələlər öz müsbət həllini tapmışdır.

İclasda bildirilmişdir ki, hesabat ilində rayon iqtisadiyyatının əsas sahələrində 98 milyon 246 min manatlıq məhsul və xidmətlər istehsal olunmuş, əvvəlki ilə nisbətən artım 8,5 faiz olmuşdur. İstehsal olunmuş məhsul və xidmətlərin 43,4 faizi kənd təsərrüfatının, 16,3 faizi ticarət və xidmətin, 37,3 faizi tikintinin, 1,7 faizi sənayenin, 0,9 faizi nəqliyyatın, 0,4 faizi poçt və rabitə sahələrinin payına düşmüşdür.

2011-ci illə müqayisədə 2012-ci ildə məhsul istehsalı sənaye sahəsində 16,8 faiz, kənd təsərrüfatı sahəsində 4,2 faiz, nəqliyyat sahəsində 1,8 faiz, tikinti sahəsində 15,2 faiz, rabitə sahəsində 37,1 faiz, ticarət üzrə isə 4,8 faiz artmışdır.

Hesabat ilində orta aylıq əmək haqqı 211,8 manat olmuşdur ki, bu da 2011-ci ilə nisbətən 22,8 faiz çoxdur.

Adambaşına məhsul istehsalı ötən ilə nisbətən 15,5 faiz artaraq 1776,6 manat təşkil etmişdir.

İclasda qeyd olunmuşdur ki, rayon üzrə bütünlükdə investisiya qoyuluşu 36,7 milyon manat olmaqla, 2011-ci ildəkindən 3,5 milyon manat və ya 10,4 faiz çox olmuşdur.

Aqrar sektorun inkişafı xüsusi diqqət mərkəzində saxlanılmış, əkin dövriyyəsinə cəlb olunmuş torpaqların sahəsi genişləndirilmiş, məhsulu yığılmış 33186 hektar əkin sahəsinin 45,7 faizini dənli bitkilər, 49,8 faizini yem bitkiləri, 2,3 faizini texniki bitkilər, qalanını isə bostan və tərəvəz bitkiləri təşkil etmişdir.

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası istiqamətində xeyli iş görülmüş, 2012-ci ilin məhsulu üçün 15481 hektar sahədə taxıl, o cümlədən 4164 hektar sahədə arpa, 11317 hektar sahədə buğda əkilmiş, sahələrdən 10693 ton arpa, 28356 ton buğda, cəmi 15151 hektar sahədən 39049 ton taxıl istehsal olunmuş, hər hektardan məhsuldarlıq 25,8 sentner olmuşdur ki, bu da əvvəlki ildəkindən 2,4 sentner çoxdur.

İclasda bildirilmişdir ki, 2012-ci ildə taxılçılıq sahəsində toxumçuluq üzrə 5 təsərrüfat fəaliyyət göstərmiş, 381 hektarda toxumluq taxıl əkilmiş, fiziki çəkidə 1238,5 ton yüksək keyfiyyətli toxum istehsal edilmiş, hər hektardan məhsuldarlıq 32,5 sentner olmuşdur.

Dövlət başçısının “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli sərəncamına uyğun olaraq 2012-ci ildə rayonda istehsalçılara yanacaq, motor yağlarına, buğda əkininə görə 1 milyon 581 min manat vəsait ödənilmişdir.

Pambıqçılığın inkişaf etdirilməsi üçün 778 hektar sahədə çiyid səpini aparılmış, əkilmiş sahələrdən 485 ton pambıq istehsal olunmuş, hər hektardan məhsuldarlıq 6 sentner təşkil etmişdir.

İclasda qeyd olunmuşdur  ki, 2012-ci ildə 151,5 hektardan 2565 ton kartof, 177 hektardan 2577 ton tərəvəz, 386,5 hektardan 12102 ton bostan məhsulları istehsal olunmuş, hər hektardan məhsuldarlıq əvvəlki ilə nisbətən kartofda 5,7 sentner, tərəvəzdə 2,6 sentner, bostanda 1,1 sentner çox olmuşdur.

O da bildirilmişdir ki, rayonda heyvandarlığın inkişaf etdirilməsi, onun yem bazasının möhkəmləndirilməsi üçün 2012-ci ildə xeyli iş görülmüşdür. 01 yanvar 2013-cü il vəziyyətinə rayonda iribuynuzlu mal-qaranın sayı 2011-ci ilə nisbətən 341 baş artaraq 53840 başa, xırdabuynuzlu mal-qaranın sayı 1091 baş artaraq 110525 başa, quşların sayı 1691 baş artaraq 186114 başa, ət istehsalı 2 ton artaraq 4296,7 tona, süd istehsalı 3260 ton artaraq 25065,9 tona, yumurta istehsalı 153 min ədəd artaraq 8055 min ədədə, yun istehsalı 400 kq artaraq 164 tona çatmış, bu sahədə müəyyənləşdirilmiş bütün proqnoz tapşırıqlara əməl edilmişdir. İl ərzində 931 baş inək və düyələrdə süni mayalama aparılmış, 734 baş cins bala alınmışdır ki, bu da əvvəlki ildəkindən 165 baş çoxdur.

Vurğulanmışdır ki, heyvandarlığın yem bazasının möhkəmləndirilməsi üçün 2012-ci ildə 3455 hektar sahədə təzə yonca əkilmiş, məhsul gözlənilmədiyindən 2924 hektar yonca sahəsi silinmiş, ümumi yonca sahəsi əvvəlki ilə nisbətən 531 hektar artaraq 16536 hektara çatmış, bu sahələrdən 113208 ton yonca otu tədarük edilmişdir ki, bu da əvvəlki ilin göstəricisindən 5188 ton çoxdur.

Əhalinin quş ətinə və yumurtaya olan ehtiyacını ödəmək üçün “Turac-2008” MMC tərəfindən əhaliyə 9860 baş inkubasiya cücəsi satılmışdır ki, bu da 2011-ci ildəkindən 2 min baş çoxdur.

Müvafiq Dövlət Proqramına uyğun olaraq rayonda balıqçılığın, arıçılığın inkişaf etdirilməsi üçün müəyyən işlər görülmüş, arı təknələrinin sayı 472-yə çatdırılmış, Pərvanlı və Dəli Quşçu kəndlərində balıqçılıq təsərrüfatının yaradılması üçün hazırlıq işləri aparılır.

Hesabat ilində kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına nail olmaq üçün əkin sahələrinin suvarılmasına diqqət artırılmış, 36596 hektar sahəyə 71 ədəd nasos stansiyasının 165 aqreqatı vasitəsilə xidmət göstərilmişdir. 582 km uzunluğunda kanallar lildən təmizlənmiş, İsaqbağı, Gödəkqobu, Şahhüseynli kəndlərində 32,4 km beton kanalları əsaslı təmir edilmişdir. Suvarma işlərini daha yaxşı təşkil etmək məqsədilə 27 ədəd nasos, 16 ədəd elektrik mühərriki, 2 ədəd güc transformatoru, 6 ədəd dizel mühərrikində təmir işləri aparılmışdır.

2012-ci il ərzində kənd təsərrüfatı obyektlərinin və yaşayış məntəqələrinin Kür və Türyançay çaylarının daşqın sularından qorunması məqsədilə Kür çayının sahilində Sarıqaya, İsaqbağı, Körpükənd, Bıçaqçı və digər kəndlərin ərazilərində 104,4 min kubmetr həcmində 4,6 km məsafədə bəndin təmiri və qayakəsmə, 241 kubmetr həcmində betonla, 460 kubmetr həcmində fasınla, Türyançay çayında 160 kubmetr həcmində sahilbərkitmə işləri görülmüş, Bıçaqçı və Körpükənd kəndləri ərazisində 15 km məsafədə mühafizə bəndlərinin bərpası, Sarıqaya kəndi ərazisində 100 m məsafədə daş-betonla sahilbərkitmə işləri görülmüşdür.

Hesabat ilində Regional Meşəsalma Müəssisəsi tərəfindən 50 hektar sahədə 165 min müxtəlif ağaclar əkilməklə meşə salınmış, 1 hektar sahədə tinglik əkilmiş, 605 kq toxum tədarük edilmişdir.

İclasda bildirilmişdir ki, il ərzində rayonun inzibati ərazilərində 80 min ədəd, o cümlədən magistral yolların kənarlarında 30 mindən çox şam, çinar, iydə, türk qovağı və digər müxtəlif növ ağaclar əkilmişdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən əvvəlki illərdə qurulmuş 17 ədəd modul tipli sutəmizləyici qurğuların, 194 bulağın qorunub saxlanılması və 29 min nəfərə qədər əhalinin təmiz içməli su ilə təmin olunması üçün lazımi iş görülmüş, ortaya çıxan bütün nasazlıqlar vaxtında aradan qaldırılmışdır.

2012-ci il ərzində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Zərdab filialı tərəfindən 2317 hektar sahədə şum, 2814 hektar sahədə taxıl biçini, 573 hektar sahədə ot biçini, 797,5 hektar sahədə səpin aparılmış, torpaq mülkiyyətçilərinə 50 faiz güzəştlə 310 ton azot gübrəsi, 15 ton fosfor gübrəsi, 210 litr 2,4 faizli amin duzu, 16 ədəd müxtəlif markalı traktor və kotan satılmışdır. İl ərzində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayon filialı üçün yeni inzibati bina, gübrə anbarı, texnikaların saxlanılması və təmiri üçün talvarlar və otaqlar tikilmişdir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar rayon iqtisadiyyatının ayrı-ayrı  sahələrindəki dinamik inkişaf meylləri iqtisadiyyatın əsas göstəricisi olan rayon büdcəsinin də əhəmiyyətli dərəcədə artmasına zəmin yaratmışdır.

İl ərzində rayonun gəlirləri 11 milyon 337 min manata qarşı 10 milyon 949 min manat və ya 98,2 faiz təşkil etmişdir.

Rayon büdcəsinin məxaric hissəsi 11 milyon 337 min manata qarşı 10 milyon 795 min manat və ya 97,5 faiz icra edilmişdir.

İclasda bildirilmişdir ki, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 11 milyon 607 min manat və ya əvvəlki illə müqayisədə 1,3 faiz çox olmuşdur.

Hər bir işçiyə düşən orta  aylıq əmək haqqı 179,9  manat olmaqla  2011-ci ilin müvafiq dövrünə  nisbətən 5,1% artmışdır.

İl ərzində Rayon Məşğulluq Mərkəzində 277 nəfər işaxtaran kimi qeydiyyata alınmış,182 nəfər mərkəzin göndərişi ilə və 2012-ci ilin avqustunda keçirilən “Əmək yarmarkası”nda rayonun müxtəlif idarə və təşkilatlarında işlə təmin olunmuşlar.

Respublikanın iqtisadi siyasətinin əsas istiqamətlərindən biri kimi sahibkarlığın inkişaf etdirilməsi üçün cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi iqtisadi strategiyaya uyğun olaraq 2012-ci ildə rayonda bu sahənin inkişafına diqqət daha da artırılmış, vaxtaşırı olaraq sahibkarlarla görüşlər keçirilmiş, onları narahat edən məsələlər öyrənilmiş və həlli üçün tədbirlər görülmüşdür.

İl ərzində 200 fiziki, 19 hüquqi şəxs vergi orqanlarında qeydiyyatdan keçməklə fəaliyyətə başlamışdır.

İclasda vurğulanmışdır ki, həyata keçirilən tədbirlər nəticəsində rayonun mərkəzində və ayrı-ayrı inzibati ərazilərdə 50-dən çox müasir standartlara cavab verən kommersiya və ictimai-iaşə obyektləri istifadəyə verilmiş, xidmətin səviyyəsi yüksəlmişdir.

2012-ci il ərzində rayonda sahibkarlığın inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədilə bir neçə mühüm tədbir keçirilmişdir.

Sahibkarlığa Kömək Milli Fondu”nun dəstəyi ilə martın 7-də rayonun Şıxbağı kənd orta məktəbində sahibkarların maarifləndirilməsi və onlara kreditlər verilməsi məqsədilə təşkil olunan tədbirdə rayonumuzun sahibkarlıq subyektləri ilə yanaşı, ətraf rayonların da sahibkarları, o cümlədən Bərdə, Goranboy, Tərtər, Ağcabədi, və İmişli rayonlarından olan iş adamları, kəndli-fermerlər, eləcə də müvəkkil kredit təşkilatlarının nümayəndələri iştirak etmişlər. Rayonda güzəştli kreditlər hesabına pambıqçılığın inkişaf etdirilməsinə və nar bağları salınmasına olan imkanlar nəzərə alınaraq müvəkkil kredit təşkilatları vasitəsilə Zərdabda və ətraf rayonlarda fəaliyyət göstərən 49 sahibkarlıq subyektinə 546 min manat güzəştli kredit verilmişdir.

O da bildirilmişdir ki, dövlətimizin Əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun səviyyəsinin azaldılması və tədricən aradan qaldırılması istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində rayonda 21 may 2012-ci il tarixdə Bank olmayan Kredit təşkilatı “Vijn Fond Azərkredit” Məhdud Məsuliyyətli Cəmiyyətinin Zərdab şöbəsi açılmışdır. Təşkilatın əsas məqsədi aztəminatlı əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına, kənd təsərrüfatının stimullaşdırılmasına və sahibkarlığın inkişafına dəstək olmaqdan ibarətdir.

2012-ci il ərzində əhalinin aztəminatlı hissəsinin rifahının yaxşılaşdırılması məqsədilə ünvanlı sosial yardımın verilməsi davam etdirilmiş, il ərzində 642 ailəyə 63,3 min manat dövlət yardımı verilmişdir.

Hesabat ilində aztəminatlı təbəqənin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində rayonda xeyli iş görülmüş, dövlət tərəfindən onlara ayrılmış pensiya, təqaüd və müavinətlərin vaxtında hesablanıb ödənilməsi təmin olunmuşdur. Eyni zamanda şəhid ailələrinə, Qarabağ və Çernobıl əlillərinə, Böyük Vətən Müharibəsi veteranlarına, tək və kimsəsizlərə, yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlara il ərzində Başçı Fondundan 48,5 min manatdan çox maddi yardım edilmişdir.

2012-ci ildə rayonda sığorta-pensiya təminatının yaxşılaşdırılması və inkişafı istiqamətində də müəyyən işlər görülmüşdür.

01.01.2013-ci il tarixə rayonda qeydiyyata alınmış 7633  əmək pensiyaçısı üzrə orta aylıq pensiya məbləği 134.4 manatdan 138 manata çatdırılmışdır. Əmək pensiyalarının bütünlüklə müasir ödəmə sistemi ilə, yəni, bankomatlar vasitəsilə ödənilməsi təmin edilmişdir.

2012-ci ildə rayonda poçt və rabitə xidmətlərinin yaxşılaşdırılması istiqamətində müsbət addımlar atılmışdır.

Rayon üzrə elektronlaşdırma tam olaraq başa çatdırılmışdır.

2012-ci il ərzində kənd Avtomat Telefon Stansiyalarının fiber-optik kabelə qoşulması təmin edilmiş, xətt şəbəkəsinin genişləndirilməsi hesabına 116 ədəd telefon çəkilişi təmin olunmuşdur. İl ərzində rayonun 6 kəndində, o cümlədən Məmmədqasımlı, Qarəvəlli, Gəlmə, Şəftəhal, Çallı və Pərvanlı kəndlərinin hər birində 24 yerlik DSLAM avadanlığı quraşdırılaraq internetə çıxış təmin edilmişdir.

Hesabat ilində rayon ərazisində geniş tikinti-abadlıq işləri həyata keçirilmişdir. 2012-ci ildə şəhərdə abadlıq işləri və küçələrin təmiri işləri davam etdirilmiş, yerli büdcədən ayrılan 551 min manat vəsait hesabına 11,2 km uzunluğunda küçə və yollarda təmir, 275 min manat vəsait hesabına müxtəlif abadlıq işləri görülmüşdür.

İl ərzində Nəqliyyat Nazirliyinin 32 saylı Yol İstismar İdarəsi tərəfindən orta və cari təmir, yolların saxlanılması, körpülərin mühafizəsi istiqamətində 1 milyon 49 min manatlıq cari təmir işləri aparılmışdır.

Respublika Prezidenti cənab İlham Əliyevin 19 iyun 2012-ci il tarixli sərəncamı ilə 9,5 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolunun tikintisi üçün ilkin olaraq ayrılmış 5,4 milyon manat vəsait hesabına 10,5 km uzunluğunda yolun tikintisi başa çatdırılmış, 2013-cü ildə yol tikintisini davam etdirmək üçün yenidən 6,45 milyon manat vəsait ayrılmış və bu işlər hazırda davam etdirilir.

Respublika Prezidenti cənab İlham Əliyevin rayonumuza səfəri başa çatdıqdan sonra “Zərdab rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 15 oktyabr 2012-ci il tarixli sərəncam imzalamış və tikinti-abadlıq işlərini davam etdirmək üçün Rayon İcra Hakimiyyətinə 2 milyon manat vəsait ayırmışdır. Ayrılmış vəsait hesabına Heydər Əliyev parkında təmir-abadlıq işləri aparılır, Ağcabədi-Zərdab, Kürdəmir-Zərdab yollarında sərhəd nöqtəsinin qurulması, şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmir edilməsi, şəhərin yeni 9 küçəsinin çınqıl daşla örtülməsi işləri görülür, şəhərin Azərbaycan küçəsində və Fəhlə qəsəbəsində yerləşən 14 kommunal evin əsaslı təmiri davam etdirilir, şəhidlərin xatirə parkında təmir abadlıq işləri görülür, Fəhlə qəsəbəsində ictimai hamam binasının tikintisində son tamamlama işləri görülür.

2012-ci ildə Rayon Baytarlıq İdarəsi üçün yeni inzibati bina tikilmişdir. Rayon Polis Şöbəsi üçün tikilən yeni inzibati binada yekun işlər görülür.

Bildirilmişdir ki, hesabat ilində vətəndaşlar tərəfindən öz şəxsi vəsaitləri hesabına 899 min manatlıq ümumi sahəsi 5063 kvadratmetr olan 146 ədəd fərdi yaşayış evləri tikilmişdir ki, bu da keçən ildəkindən 1,5 dəfə çoxdur.

Ölkə Prezidentinin tapşırığına əsasən 2012-ci ildə şəhərin və şəhərətrafı kəndlərin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması istiqamətində tikinti-quraşdırma işləri davam etdirilmiş, müxtəlif ölçülü boru xətləri ilə 14 km uzunluğunda kanalizasiya xətti, 51,2 km şəhərdaxili su xətti çəkilmiş, Zərdab-Kürdəmir rayonlararası 72 km uzunluğunda magistral su xəttinin çəkilişi başa çatdırılmışdır.

Hazırda 1000-ə qədər ailə Ağsu rayonundan gələn təmiz içməli su ilə təmin olunur.

Ümumilikdə 2012-ci ildə tikinti-quraşdırma işlərinə ayrılmış investisiyanın həcmi rayon üzrə 36,2 milyon manat təşkil etmişdir.

İclasda qeyd olunmuşdur ki, 2012-ci il ərzində rayonda əhali və digər istehlakçıların elektrik enerjisi, təbii qaz və içməli su ilə təchizatının yaxşılaşdırılması üçün xeyli işlər görülmüş, hava xətlərində və digər avadanlıqlarda təmir-bərpa işləri aparılmışdır.

2012-ci ildə rayonda dəyəri 2,8 milyon manat olmaqla 47,1 milyon kvt/saat enerji istehlak olunmuş, istehlak olunan enerjinin dəyəri 93,5 faizi ödənilmişdir.

Rayonun təbii qaz təminatı sisteminin yaxşılaşdırılması və kəndlərin qazlaşdırılması sahəsində işlər il ərzində davam etdirilmişdir.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar Gəlmə, Salahlı, Xanməmmədli və Hüseynxanlı kəndlərinin qazlaşdırılmasına başlanılmış və 2012-ci ilin ötən dövrü ərzində 7300 p/m daşıyıcı və 40400 p/m paylayıcı qaz xətləri çəkilmişdir. Hazırda işlər yekunlaşmaq ərəfəsindədir.

Rayonun 32 hektar adlanan ərazisində salınmış yeni yaşayış massivində 3168 p/m qaz xətti çəkilmişdir.

İl ərzində əhali üzrə 4 milyon 528 min 60 kubmetr qaz istehlak olunmuş və dəyəri 98,7 faiz ödənilmişdir.

Hesabat ilində şəhərdə təmizlik və səliqə-sahman işlərinin aparılması, məişət tullantılarının vaxtında daşınması və kənarlaşdırılması sahəsində xeyli irəliləyişə nail olunmuş, il ərzində 90 ədəd məişət tullantısı üçün konteyner və 1 ədəd tullantı daşıyan nəqliyyat vasitəsi alınıb şəhər təsərrüfatına verilmiş, Fəhlə qəsəbəsində 1 nümunəvi məhəllə yaradılmışdır.

İclasda bildirilmişdir ki, 2012-ci il rayonumuzun təhsil sahəsi üçün də uğurlu il olmuşdur.

2012-2013-cü tədris ilində rayonda 43 ümumtəhsil məktəbi, o cümlədən 28 tam orta, 9 ümumi orta, 6 ibtidai, 19 məktəbəqədər və 5 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərmiş, 43 ümumtəhsil məktəbində 6859 nəfər (2011-2012-ci dərs ilində 6956 nəfər olmuşdur) şagird təhsilə cəlb olunmuşdur. Məktəbəqədər müəssisələrdə 790 nəfər uşaq təlim-tərbiyə ilə əhatə olunmuş, 5 məktəbdənkənar müəssisədə 934 nəfər şagirdə xüsusi istedad və bacarıqlarını inkişaf etdirmək üçün lazımi şərait yaradılmışdır. Hazırda rayonun ümumtəhsil məktəblərində 978 nəfər pedaqoji işçi çalışır ki, onlardan 636 nəfəri ali təhsillidir. Müəllimlərdən 7 nəfəri “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, 4 nəfəri “Tərəqqi” medalı ilə təltif edilmiş, 3 nəfəri Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.

Əvvəlki illərin məzunları ilə birlikdə isə 102 nəfər ali məktəblərə qəbul olmuşdur. 2011-ci ildə bu göstərici 93 nəfər olmuşdur. 1 nəfər məzunumuz – Sarıqaya kənd tam orta məktəbinin məzunu Pərvin Əzməmmədzadə 637 bal toplayaraq Prezident yanında Dövlət İdarəçilik Akademiyasına daxil olmuşdur.

2012-ci ildə respublikada keçirilən müxtəlif olimpiada və müsabiqələrdə fəal iştirak edən məktəblilərimizdən 1 nəfəri fənn olimpiadalarının respublika turunda mükafata layiq yer tutmuş, 1 nəfəri “Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılığı” Respublika müsabiqəsində 1-ci yerə layiq görülmüş, 2 nəfər məktəblimiz (Teymurova Əminə, Tağızadə Nuranə) Amerika Birləşmiş Ştatlarının məktəblərində təhsil almaq hüququ qazanmış və hazırda orada təhsil alırlar. Gəlmə kənd tam orta məktəbi Respublika Prezidentinin sərəncamı ilə 2012-ci ildə keçirilən “Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsinin qalibi olaraq 10 min manat pul mükafatında layiq görülmüşdür. 2012-ci ildə cənab Prezidentin sərəncamı ilə Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqı rayon komitəsinin sədri Etibar Niftəliyev “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, şəhər 1 nömrəli məktəb-liseyin müəllimi Firuzə Qocayeva “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Hazırda ümumtəhsil məktəblərində 254 ədəd müasir tipli kompüter qurulmuşdur ki, bu da 2006-cı ilə nisbətən 4 dəfəyə qədər çox olmaqla, hazırda 28 şagirdə 1 kompüter təminatı deməkdir.

Rayonda 19 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir ki, Azərbaycan  Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli 1941 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə Rayon İcra Hakimiyyəti Başçısının 11 iyun 2012-ci il tarixli 59 nömrəli sərəncamı ilə rayon ərazisində fəaliyyət göstərən 19 körpələr evi-uşaq bağçası Rayon Təhsil Şöbəsinin tabeçiliyindən çıxarılaraq Rayon İcra Hakimiyyətinin tabeliyinə verilmişdir. Bu qərardan sonra rayon ərazisindəki körpələr evi-uşaq bağçalarının fəaliyyətinə nəzarət artırılmış, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, kadrların keyfiyyət tərkibinin yaxşılaşdırılması üçün xeyli iş görülmüşdür. 2010-cu ildə Kür çayının daşması səbəbindən binası qəzalı vəziyyətə düşmüş Qoruqbağı kənd körpələr evi-uşaq bağçası üçün Respublika Fövqəladə Hallar Nazirliyinin xətti ilə yeni bina tikilmiş, şəhər 3 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmir edilmişdir.

İclasda vurğulanmışdır ki, hesabat dövründə rayonun təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli iş görülmüş, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı  Dövlət Proqramı”nın icrası uğurla davam etdirilmişdir. Pərvanlı kəndində 180 yerlik, Lələağacı kəndində 80 yerlik, “32 hektar” adlanan ərazidə 132 yerlik yeni məktəb binaları tikilib istifadəyə verilmiş, hazırda Çallı kəndində 360, İsaqbağı kəndində 220, Aşağı Seyidlər kəndində 80 şagird yerlik yeni məktəb binalarının tikintisi aparılır.

2012-ci ildə rayon əhalisinə 150 çarpayılıq, o cümlədən 105 çarpayılıq Mərkəzi Xəstəxana, hər biri 15 çarpayılıq olmaqla 3 kənd sahə xəstəxanası, 11 kənd həkim  və  12 kənd tibb məntəqəsi, 1 növbədə 200 nəfər xəstə qəbul edən poliklinika, Gigiyena və Epidemiologiya Mərkəzi tibbi xidmət göstərmişdir. Tibb müəssisələrində 64 nəfər həkim, 270 nəfər orta tibb işçisi çalışmışdır.

2012-ci ildə rayonda ana ölümü olmamış, 0-1 yaşa qədər uşaq ölümünün sayı 6 nəfər olmuşdur. 2011-ci ildə bu göstərici 7 nəfər olmuşdur.

2012-ci il ərzində Fövqəladə Hallar Nazirliyi tərəfindən Çallı kəndində doğuşa yardım evi, Şəftəhal kəndində tibb məntəqəsi üçün bina tikilib istifadəyə verilmiş, büdcə vəsaiti hesabına Bıçaqçı kənd həkim məntəqəsində 10570 manatlıq cari təmir işləri aparılmışdır.

İclasda bildirilmişdir ki, hesabat ilində 90 min manatlıq bərk, 34,1 min manatlıq yumşaq inventar, 174 min 800 manatlıq dərman, sarğı materialları, reaktivlər alınmışdır.

Rayon əhalisinə göstərilən tibbi xidməti yaxşılaşdırmaq üçün rayon rəhbərliyinin təşəbbüsü ilə görkəmli alimlərin rəhbərliyi altında həkim briqadaları rayonumuza gələrək xəstələrin müayinəsi və cərrahi əməliyyatı ilə məşğul olmuşlar.

Ötən ilin aprel-may aylarında akademik M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının cərrahi həkim briqadası kömək məqsədilə rayonumuzda olmuş, min nəfərdən çox xəstəni müayinə etmiş, 11 nəfər xəstəni cərrahi əməliyyat etmişlər.

2012-ci ilin may ayında görkəmli oftalmoloq alim, professor Çingiz Cərullazadənin rəhbərlik etdiyi “Ofko” tibb mərkəzinin həkim briqadası Rayon Mərkəzi Xəstəxanasında 200 xəstəni müayinə, 30 nəfər xəstəni, o cümlədən 4 nəfər şəhid ailəsinin üzvünü pulsuz cərrahi əməliyyat etmişdir. 2012-ci ilin may-iyun aylarında M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən həmyerlimiz akademik Böyükkişi Ağayevin rəhbərliyi ilə həkim briqadası rayonumuzda olmuş, 500 nəfər xəstəni pulsuz müayinə, 5 nəfər xəstəni cərrahi əməliyyat etmişlər. Həmin mərkəzin ümumi cərrah həkimi Teymur Əllərov il ərzində hər həftənin cümə və şənbə günləri xəstəxanada olmuş, 47 xəstəni cərrahi əməliyyat etmişdir. İl ərzində rayonda 2 dəfə qanvermə aksiyası keçirilmiş, donorlar 60 litrə qədər qan vermişlər.

2012-ci ildə rayonda gənclərlə iş “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın qarşıya qoyduğu vəzifələrə uyğun qurulmuşdur. Cənab Prezidentimiz İlham Əliyevin 2012-ci ilin oktyabrında rayonumuza etdiyi səfər tədbirləri çərçivəsində “Gənclər Mərkəzi”nin açılışında iştirak etməsi gənclərimizdə çox böyük ruh yüksəkliyinə səbəb olmuş və onları daha yaxşı fəaliyyət göstərməyə ruhlandırmışdır.

Hesabat ilində 333 nəfər gənc həqiqi hərbi xidmətə yola salınmışdır

Ümumilikdə 2012-ci il ərzində gənclik sahəsi ilə bağlı 28 tədbir keçirilmiş və həmin tədbirlərdə 7 min nəfərə yaxın gənc iştirak etmişdir.

Ötən ilin oktyabrında Ukraynanın Odessa şəhərində keçirilən karate üzrə Avropa çempionatında idmançılarımız 3 qızıl və 3 gümüş medal qazanmışlar.

2012-ci il ərzində 29 rayondaxili idman yarışı təşkil edilmiş,  idmançılarımız 9 zona, 6 respublika, 6 beynəlxalq səviyyəli yarışlarda iştirak etmiş, bu idman yarışlarında 3 min nəfərə qədər idmançı iştirak etmişdir.

2012-ci ildə rayonda 68 mədəni-maarif müəssisəsi, o cümlədən 21 mədəniyyət evi, 2 klub, Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərkibində Mərkəzi Kitabxana və 40 kitabxana filialı, 2 muzey, 1 Heydər Əliyev Mərkəzi və Uşaq İncəsənət Məktəbi əhaliyə mədəni xidmət göstərmişdir. Bu müəssisələrdə 378 nəfər işçi çalışır ki, onlardan 312 nəfəri mədəni-maarif, 66 nəfəri texniki işçidir.

İclasda qeyd olunmuşdur ki, əhaliyə göstərilən mədəni xidmətin səviyyəsinin yüksəldilməsi üçün ciddi iş aparılmış, tədbirlərin rəngarəngliyi və məzmun baxımından müasirliyə cavab verməsi diqqət mərkəzində saxlanılmışdır. Vaxtaşırı olaraq baxış müsabiqələr, festivallar, əyləncəli proqramlar keçirilmiş, əhalinin asudə vaxtlarının səmərəli təşkili üçün konsert proqramları, bayram və tarixi günlərdə, şənbə və bazar günlərində Heydər Əliyev parkında böyük konsert proqramları və diskotekalar təşkil edilmişdir. Rayon rəhbərliyinin təşəbbüsü ilə respublikanın incəsənət ustalarının rayon əhalisi qarşısında çıxışları təşkil edilmiş, onların Uşaq İncəsənət Məktəbində ustad dərsləri keçirmələri təmin edilmişdir.

“Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində müxtəlif tədbirlər keçirilmiş, o cümlədən Rayon İcra Hakimiyyəti başçısının sərəncamı əsasında “İstedadlar sorağında-2012” devizi altında 3 turdan ibarət baxış-müsabiqə keçirilmiş, müsabiqədə 800 nəfərə yaxın uşaq və gənc istedadlarını nümayiş etdirmiş, qaliblərin mükafatlandırılması və rayon ictimaiyyəti qarşısında konsert proqramı ilə çıxış etmələri təşkil edilmişdir.

Bu ilin 2 fevral Gənclər günü münasibətilə ilk dəfə Zərdab rayonunun məktəbli uşaqlardan ibarət xor kollektivinin Azərbaycan Televiziyasında çıxışı təşkil olunmuşdur.

Artıq ikinci ildir ki, Milli Məclisin üzvü Jalə xanım Əliyevanın təşəbbüsü ilə ilk dəfə ölkəmizdə gənclərin ümumrespublika teatr festivalı keçirilir. 2012-ci ildə “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda keçirilən festivalda iştirak edən Zərdab rayon mədəniyyət evinin gənc və yeniyetmələrdən ibarət teatr kollektivi diploma layiq yer tutmuşdur.

Hesabat ilində rayonda Heydər Əliyev mərkəzi, Tarix Diyarşünaslıq Muzeyi və Zərdabi muzeyləri fəaliyyət göstərmişdir. Yeni tikilmiş Heydər Əliyev Mərkəzi Respublika Prezidenti cənab İlham Əliyevin 2012-ci ilin oktyabr ayında rayona səfəri zamanı onun iştirakı ilə açılmışdır. “Həsən Bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması haqqında” Respublika Prezidentinin 19 iyul 2012-ci il tarixli sərəncamı ilə Həsən Bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması üçün Mədəniyyət və Turizm Nazirliyinə 300000 (üç yüz min) manat vəsait ayrılmışdır. Artıq bu işlərə başlanılmışdır.

“Həsən Bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında” Respublika Prezidentinin 4 iyun 2012-ci il tarixli sərəncamı imzalanmış və həmin sərəncamın icrası ilə bağlı respublikamızda və rayonumuzda müxtəlif tədbirlər keçirilmiş, həmin tədbirlər çərçivəsində Respublika Prezidenti Administrasiyasının şöbə müdiri Əli Həsənovun, millət vəkili Jalə Əliyevanın tərkibində olduğu respublikanın böyük bir qrup kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə müvafiq sərəncamın icrasına bilavasitə Zərdab rayonunda start verilmişdir.

2012-ci ildə rayonda 1 şəhər, 1 qəsəbə və 26 kənd olmaqla 28 inzibati ərazi dairəsi üzrə nümayəndəlik fəaliyyət göstərmişdir. Rayonun Şahhüseynli, Məlikumudlu, Gəlmə, Otmanoba, İsaqbağı kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin yerləşdiyi binalarda təmir işləri aparılmış, bütün nümayəndəliklərin normal işləməsi üçün onlara lazımi iş şəraiti yaradılmışdır.

İclasda bildirilmişdir ki, il ərzində rayonun kəndlərində daxili yollara 271,5 km məsafədə 12460 ton çınqıl daşı döşənmiş, 85 km məsafədə kənddaxili və təsərrüfat daxili kanalların lildən təmizlənməsi təmin edilmiş, modul tipli sutəmizləyici qurğuların fəaliyyətinə nəzarət gücləndirilmişdir.

Rayonda fəaliyyət göstərən 27 bələdiyyə orqanının əksəriyyəti hesabat ilində rayonun sosial-iqtisadi inkişafında, yerli əhəmiyyətli işlərin həyata keçirilməsində fəallıqlarını artırmışlar.

2012-ci ildə Rayon İcra Hakimiyyətinə 1359 ərizə daxil olmuş, bu 2011-ci ildəkindən 251 ədəd azdır.

Hesabat ilində Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 565 vətəndaş qəbul edilmiş, inzibati ərazilərdə 43 səyyar qəbul keçirilmiş, 206 vətəndaşın müraciəti dinlənilmişdir.

“Yerli icra hakimiyyətləri Əsasnamə”nin 3.1.16-cı maddəsinə əsasən ayda 4 dəfədən az olmayaraq həyata keçirilən Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbullarında hər bir müraciət qeydə alınır, icrasına nəzarət təşkil edilir və bütün məlumatlar S29 Rayon İcra Hakimiyyəti başçısının yerlərdə keçirdiyi qəbullar forması üzrə hər həftə analitik sistemə ötürülür.

Yığıncaqda Rayon Suvarma Sistemləri İdarəsinin rəisi, “Tərəqqi” medallı Soltan Sadıqov, QAC rayon təşkilatının sədri, “Tərəqqi” medallı Firuzə Qocayeva, Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev, sahibkar Zabit Davudov, Rayon Təhsil Şöbəsinin müdiri, filologiya elmləri doktoru Baba Babayev, YAP Rayon Təşkilatının Qadınlar şurasının sədri Minəgül Əliyeva,  Ağdam rayonundan məcburi köçkün Gülayə Allahverdiyeva və digərləri çıxış etmişlər.

Daha sonra 2012-ci ildə rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup əmək fəallarına Fəxri Fərmanlar təqdim edilmişdir.

Rayonun 2013-cü il üçün sosial-iqtisadi inkişafına dair kompleks tədbirlər planı təsdiq olunmuşdur.

Sonda Ölkə Prezidentinə müraciət qəbul edilmişdir.

Hesabat yığıncağında Milli Məclisin üzvü Jalə Əliyeva və Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev iştirak və çıxış etmişlər.

www.zerdab.com

Zerdab-hesabatZerdab-hesabatZerdab-hesabatZerdab-hesabatZerdab-hesabatZerdab-hesabatZerdab-hesabatZerdabZerdab-hesabatBaba BabayevZerdab-hesabatZerdab-hesabatZerdab-hesabatZerdab-hesabatZerdab-hesabatZerdab-hesabatZerdab-hesabatZerdab-hesabatZerdab-hesabatZerdab-hesabatZərdab-hesabatwww.zerdab.com

13 ŞƏRH

  1. Lutveli muallim Zardabın kendlerine qaz cekdirin. Ondan sonra sizi qonaq çağıracağıq Rusiyaya. Söz veririk.

  2. Lutveli muellim, biz Zerdaba getmirik – qeriblikdeyik. Amma harada oluruqsa olaq üreyimiz, könlümüz Zerdabladır. Xahiş edirik, bizim rayonumuzu inkişaf etdirin. Biz sizden başqa heç ne istemirik. Qoy tarixde adını bele qalsın. Zerdabı Zerdab eden siz olmalısınız. Biz de camaat da sizden bunu umur. Adamın üstünde Allah var, çox işler görülür. Kendlere qaz da çekilsin, inşallah.

  3. Burda men iş yerleri ile bağlı heç ne oxuya bilmedim. rayon gözelleşsin, iş yerleri açılsın bes olar.

  4. İsteyirem Zerdaba qayıdanda görem ki, olub emelli başlı şeher. Son defe 7 il önce getmişdim. Rayonla kendin ferqi yox idi.

  5. Deyirler icra başçısı deyib ki, Zerdabı Mingeçevire oxşadasyam. Menim emilerim Mingeçevirde olurlar. Vallah ele olsa men ikelli razyam.

  6. Allax dedene rehmet elesin. Gör bu rayonu bir yana çıxara bilrsenmş.

  7. Rusiyada yaşayan həmvətənlərimiz Nəsimi və Emil Cəfərin şərhlərinə Rayon İcra Hakimiyyətinin rəsmisi olaraq bildiririk ki, rayonun 42 yaşayış məntəqəsindən 4-ü – Zərdab şəhəri, Qoşaoba, Təzəkənd, Qaravəlli yaşayış məntəqələri qazla fasiləsiz olaraq təmin edilir. Rayonun 4 yaşayış məntəqəsində – Gəlmə, Salahlı, Xanməmmədli, Hüseynxanlı kəndlərində (abonent sayı 923 nəfər 7,0%) qaz çəkilişi işləri yekunlaşmaq üzrədir. O cümlədən, “32 hektar” adlanan ərazidə salınmış yeni yaşayış massivinə, şəhid ailələri və Qarabağ əlillərinin yaşadığı 16 mənzilli yaşayış evinə qaz xəttinin çəkilişində son tamamlanma işləri aparılır. Digər kəndlərin də təbii qazla təminatı istiqamətində mühüm addımlar atılmış və bu işlərə yaxın vaxtlarda başlanılacaqdır.

  8. Azərbaycanı 100, 200, 300 illik dövlətçilik tarixi olan ölkələrlə müqayisə etmək düzgün deyil məncə.Bu proses çox uzun prosesdir.Gənclər niyəsə səbirsizdirlər.Amma biz orta nəsil başa düşürük ki, Azərbaycan zamanla çox şeyə nail olacaq.

  9. Sənubər xanımın fikri ilə razıyam.Əlavə etmək istəyirəm ki, kəndlərimizdə də müəyyən mənada işlər görülüb: məktəblər, xəstəxanalar tikilib, xarici ölkələrdən gətirilmiş içməli su qurğuları quraşdırılıb..Hazırda ehtiyac var ki, bərbad vəziyyətdə olan kənd yollarımız təmir olunsun, kəndlərərə təbii qaz xətti çəkilsin və s. Mən ən ümdə problemlərdən danışıram..Problemlər bəllidir və buna növbə lazımdır, zaman lazımdır..Çox yaxın gələcəkdə kənd insanı asudə vaxtının səmərəli təşkili üçün ideyalarla, təkliflərlə dövlət orqanları qarşısında çıxış edəcək..

  10. ——————————————————————————————————————————————————————————————————————————-

Comments are closed.