Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxış edən prezident İlham Əliyev bəzi icra orqanlarının, məmurların hərəkətlərinin dövlət siyasətimizə zidd olduğunu bildirib. Vətəndaşlara hər yerdə hörmət, dövlət qurumları tərəfindən normal rəftar tələb edən ölkə başçısı məmurlara son xəbərdarlığını edib. Prezidentin çıxışı ölkədə geniş müzakirələrə səbəb olub. Hamı məmur-vətəndaş münasibətlərinin necə tənzimlənə biləcəyindən söhbət açır.
“Məmur necə olmalı, vətəndaşlarla necə rəftar etməlidir?” sualını xalq şairi Fikrət Qoca da cavablandırıb. Fikrət Qocanın fikrincə, şəxsi davranış ciddi məsələdir: “Kiminsə harınlıq etməsindən, başqalarına yuxarıdan aşağı baxmasından ətrafdakıları qıcıqlandıran heç nə ola bilməz. Biri kasıbdır, aldığı əməkhaqqı heç ailəsini dolandırmağa çatmır. Amma o, birdən ətrafında qudurğanlıq edən insanları görür və bu, təbii ki, narazılığa səbəb olur. Şəxsi davranış çox ciddi məsələdir. Halallıqla pul qazanan adam həmişə əxlaqlı, tərbiyəli olur, pulla oyun oynamır. Harınlıq havayı pulun göstəricisidir». Xalq şairi dəbdəbəli mərasimlərə münasibət bildirərək bu cür məclislərin cəmiyyət üçün yolverilməz olduğunu qeyd edib: «Onların təşkil etdikləri mərasimlərə kasıb insanlar uzaqdan baxır. Onlar yetim-yesirin malını dağıdırlar. Bu da insanların haqlı narazılığına səbəb olur».
“Kaspi”