“Prezident bəyanat verməkdən cəza verməyə keçəcək”

0
43

İlham Əliyev

16 oktyabr, 2003-cü il… Hakimiyyətin taleyi həll olunur. Çoxumuza belə gəlirdi. Bilirsinizmi, mübarizənin hələ başa çatmaması və fəlakətli bir təsadüfün vəziyyətə müdaxilə ehtimalının olması barədəki stereotip bizi son dəqiqəyə qədər gərginlikdə saxlayırdı. Daxili Qoşun hissələrinin etiraza qalxmış adamlarla dolu meydanı dağıtdığı həmin o dəqiqəyə qədər…

“Buxarin”in cib bıçağı

Mən qaçırdım, məni qovur və təqib edirdilər. Xilas olmaq ümidi ilə özümü 26 Bakı komissarı adına bağa zorla çatdırdım. Sanki, təhlükə artıq sovuşmuşdu. Lakin elə bu məqamda sağ tərəfimdə əsgərlərin yeni dəstəsi peyda oldu. Müqavimət göstərməyə, qaçmağa, xilas olmağa heyim qalmamışdı. Təqib olunmaqdan yorulmuşdum. Baxmayaraq ki, mən meydana ürəyimin səsinə qulaq asaraq və ya ağlım ucbatından düşməmişdim. Həmin gün mən nə müsavatçı, nə də əliyevçi deyildim. Mən sadəcə olaraq bu siyasi teatrı izləyən tamaşaçı idim. Və Usubov ordusunun vəhşi stixiyası məni, sadəlövh yelbeyini az qala öz yolunun üstündən “silib süpürəcəkdi”.

Birdən hiss etdim ki, kimsə qolumdan tutub Yeni Azərbaycan Partiyasının binasına tərəf çəkir (əlbəttə, sözün hərfi mənasında). Hakim partiyanın mənzil-qərargahı onda həmin bağla yanaşı binada yerləşirdi. Onlar o zaman indiki böyük neft gəlirləri dövründəkinə baxanda həddən artıq sadə yaşayırdılar.

Dönüb baxanda gördüm ki, məni partiya qərargahının binasına demək olar ki, zorla tutub dartan şəxs YAP-dakı tək-tük ziyalı adamlardan biri olan Ağabəy Əsgərovdur (Allaha şükür ki, o, hər halda məmura çevrilmədi). Mən onu bəzən zarafatla “partiyanın Buxarini” adlandırırdım.

Onun kabinetinə qalxdıq. Sükutu da o pozdu: “Burada otur gözlə. Özünü bu mənasız ətçəkən maşının ağzına vermək nəyinə lazımdır?”

Həmin an gözlərimdəki ifadədən ona səmimi minnətdarlıq hissi oxunurdu. O, məni xilas etmişdi. Ən azı döyülməkdən. Çünki nifrətdən ağlını itirib zorakılıq edən əsgərlər qabağına çıxan, ətrafında olan hər şeyi vurub dağıdır, yerlə-yeksan edirdi. Bundan yayınıb xilas olmaq demək olar ki mümkün deyildi.

Pəncərəyə yaxınlaşdım. Mitinqə çıxan adamlara necə divan tutulduğunu pəncərədən izləməyə başladım. Meydan, mənasız və amansız qiyam buradan ayrı cür görünürdü.

Özümə isti çay süzüb pəncərədən key-key bayıra baxmaqda davam edirdim. Mitinqçilərin, bu olaya biganə olan adamların, hakimiyyət tərəfdarlarının, yoldan keçənlərin, təsadüfi adamların, bir sözlə, həmin dəqiqələrdə ələ keçən, özünə inamlı hakimiyyətin cəza maşınının əlinin çatdığı hər kəsin kütləvi şəkildə həbsi gedirdi.

– Biz cəbhəçilər və müsavatçılar deyilik. Biz qaçmayacağıq və hakimiyyəti verməyəcəyik, – deyə Ağabəy Əsgərov inamla dilləndi və öz dolabçasının siyirtməsindən balaca cib bıçağını çıxardı: – Mən hətta bununla da müdafiə olunacağam…

O, haqlı idi. Onun soyuq və qonur gözlərindən özünəinam, əminlik yağır, yanaqlarından od çıxırdı. Mən susurdum. Otaqdakı sükutu polisin küçədə amansızlıqla döydüyü insanların fəryadı pozurdu. Nəhayət, mən dözməyib Ağabəydən soruşdum:

– Bəs o, hakimiyyəti saxlaya biləcəkmi?

– Sən mənə inanırsanmı? – deyə “partiyanın Buxarini” sualıma sualla cavab verdi və mənə yaxınlaşıb sözünə davam etdi: – Heydər Əliyev öz bənzərini, özünün eynisini yaradıb. Onu özündən sonra qoydu və getdi. Mən iclaslarda bu adamı müşahidə etmişəm, onu uzun müddət dinləmişəm. Mənə inan, o, atasının eynisidir.

Açığını deyim ki, həmin dəqiqələrdə Ağabəyin sözlərinin səmimiyyətinə inanmırdım. Mənə elə gəlirdi ki, o, yalan danışır, eyforiyaya qapılıb, axı etiraz edən insanların küçədən gələn səsləri də daha kəsilir, az-az eşidilirdi, onları demək olar ki, tam təmizləmişdilər. Bu sükut isə birinin qələbəsinin, digərinin tarixi məğlubiyyətinin sübutu idi. Tufan sakitləşdi. İnqilabı tufanla və ya bir əyalətin üstündən keçən, ətrafdakı hər şeyə böyük ziyan vuran, lakin ağrılı durğunluq hallarını da silib-süpürən fırtına ilə müqayisə etmək olar…

Çayımı içib Ağabəyə təşəkkür elədim. Pilləkənləri sakitcə enib getdim. Özümdə deyildim. Küçədə şər, boş qəlblər və amansızlıq hökmran idi. Özümə sual verdim: “Niyə axı onlar qalib gəldi?” Sualıma içimdən gələn səs cavab verdi: “Tanrı həmişə idrakın yanındadır”.

Məğlubedilməzlik və ədalət

Ağabəy Əsgərovun sözlərini bir də il yarımdan sonra, Dağlıq Qarabağda olarkən xatırladım. Məncə, yazılarımın birində bu haqda artıq yazmışam. Lakin indi hamımıza yaxşı tanış olan Arkadi Qukasyanın dilindən çıxmış bir sözü xatırlamağın əsl məqamıdır. Bizim onun kabinetindəki söhbətimiz saatlarla davam etdi. Biz gələcək haqda, barışıq imkanları, Qarabağın Azərbaycanın tərkibinə qaytarılmasının mümkünlüyü haqda danışırdıq. Mübahisə edirdik, fikirlərimiz toqquşurdu, bəzən də nədəsə razılaşırdıq. Bəzən isə belə söhbətlərdə olduğu kimi, hansısa səmimiyyət anı yaranırdı… Hər halda mənə belə gəlirdi. Və mən belə məqamların birində Qukasyandan İlham Əliyev barədə nə düşündüyünü soruşanda o, mənə zənlə baxıb demək olar ki, güclə bunları dedi:

– Mən onun haqqında Köçəryandan soruşdum. Bilirsinizmi, Köçəryanın İlham Əliyevə verdiyi qiymət məni təəccübləndirdi. Köçəryan dedi ona hərdən elə gəlir ki, həmsöhbəti Heydər Əliyevin özüdür…

Qukasyanın belə deyərkən nə qədər səmimi olduğunu deyə bilmərəm (hərçənd bu məsələdə yalan danışmaq onun nəyinə gərək idi?!). Lakin bu söhbətdən sonra mən Ağabəyin sözlərini xatırladım. Onların hamısı bizim inanmaq istəmədiyimiz şeyi deyir – Azərbaycanda hakimiyyətə Heydər Əliyevə oxşayan adam gəlib. Əgər belədirsə, deməli, o, uzun müddətə gəlib; o, qalib gəlməyə gəlib; o, öz şəxsi hakimiyyətinin mütləq və təbii xarakterini heç vaxt və heç bir halda şübhə altına qoymayacaq. Çünki Heydər Əliyev də belə idarə edirdi. Heydər Əliyevi öz dövrünün bütün siyasətçilərindən nə fərqləndirirdi? O, öz xalqının itaətkarlığını, mütiliyini təmin etməyi bacarmışdı. Axı azərbaycanlılar (qalan bütün müsəlmanlar kimi) özlərinin dünyəvi hökmdarından elə səmavi hökmdardan tələb etdiklərini tələb edirlər – sərtlik, amansızlıq, əlçatmazlıq, məğlubedilməzlik… Və… Və bir də ədalət.

Bizim xalq əsrlər boyunca həmişə rəhbər gözləyib. Xalq yalançı rəhbərləri nə qədər çox ifşa edib qovsa da əsl rəhbər də bir o qədər qarşısıalınmaz şəkildə peyda olub xalqı düz yola çıxarır.

Nə qədər qəribə görünsə də Heydər Əliyev dövrü hələ də davam edir. İlham Əliyev öz dövrünün ögey oğlu deyil. O, öz böyük atasının dövrünün yetirməsidir. O, bu dövrün qəhrəmanıdır. Necə deyərlər, əsər öz yaradıcısından bu dəfə daha yüksəkdə dayanır.

O, bəxti gətirmiş adamdır

2003-cü ildən sonra hamımıza İlham Əliyevin öz atasının siyasi komandasından asılı olması haqda fitnəkar bir fikri təlqin etməyə çalışırdılar. Deyirdilər ki, o, girovdur, atası ona ağır miras qoyub getdi, o, “Avgi tövləsini təmizləməyə” qadir deyil və s. İlham Əliyev 2005-ci ilin payızında bu əsatiri darmadağın etdi. Hələ hakimiyyətdə tam möhkəmlənməyən, nəhəng geosiyasi güclər tərəfindən küncə sıxışdırılmış, Heydər Əliyev dövrünün ağırçəkili siyasi fiqurları ilə kompromat savaşına sürüklənmiş gənc İlham Əliyev dünyanın nəhəng dövlətləri tərəfindən kələf kimi dolaşdırılan “Qordi düyünü”nü bir qılınc zərbəsi ilə kəsib atdı. Ona yırtıcıların sonrakı qırğın üçün taxt-taca gətirdiyi gənc şahzadə aqibəti hazırlanmışdı. Bu, patriarxın əzəmətli, şan-şövkətli payızı idi. Amma yeni patriarxın. Heydər Əliyevin həm silahdaşları, həm də gənc varisin sonunun tezliklə gələcəyi “müjdəsini” verən yırtıcılar məhz 2005-ci ilin payızından sonra – bu ölkədə uzun onilliklər ərzində hökmranlıq etmiş həmin o hökmdarla qarşılaşandan sonra ilk dəfə dəhşətə gəldilər. Siyasi reinkarnasiya dövrü başladı.

1969-cu ilin Heydər Əliyevinə bənzəyən insan haqdakı söz-söhbət də ilk dəfə elə onda meydana çıxdı. Sonrakı illərdə isə İlham Əliyev patriarxın özünə nəsib olmayan işlər gördü. O, Azərbaycanın bütün mövcudluq tarixi ərzində özünü tam təmin edə bilən və öz siyasi inkişaf yolunu müəyyən edən qüdrətli dövlət yaratdı. Onun atdığı addımlar və verdiyi qərarlar bizə bəzən həddən artıq məntiqsiz göründü. Çünki elə məqamlar olurdu ki, kiçik, zəif (ilk baxışda) bir Asiya ölkəsinin prezidenti dünyanın ən güclü dövlətlərinin iradəsinin ziddinə çıxış edirdi. Onun Obama ilə toqquşmasını yadınıza salın. O, bu sözləri ucadan dedi: “Mən İstanbula getməyəcəyəm!”… O, Avrasiyanın yeni hökmdarı Vladimir Vladimiroviç Putinə itaət göstərmədi… O, İranla qorxulu və təhlükəli qarşıdurmaya getdi… Bütün bu illər ərzində o, həmişə “cərimə xalı”na oynadı. Dəhşətli məğlubiyyət riski onu daban-dabana izlədi. Amma o, özünün sabahkı günündən ehtiyat etməyərək irəliyə doğru getməkdə davam etdi. Nazarbayev, Kərimov, Rahmon, Sərkisyan, Saakaşvili kimi prezidentlərin çoxunun qarşısında az qala tük saldığı qüvvələrlə hər gün savaşa girdi…

Bu siyahını sonsuza qədər uzatmaq da olar. Mən bu sual üzərində tez-tez düşünürəm: bəs həmişə ölçü-biçili davranan Heydər Əliyev kimi kifayət qədər ehtiyatlı və tədbirli siyasətçi bunca riskli geosiyasi toqquşmalara gedərdimi? Yox. Bu sualın cavabı da asandır: Heydər Əliyevin ixtiyarında heç vaxt belə güclü dövlət olmamışdı. İlham Əliyev öz atasını da üstələdi, onu ötüb keçdi. Çünki sanki yuxarıdan gələn ilahi hökmlər də onun xeyrinə idi – böyük neft pulları dövrü, avrosentrizmin böhranı və Avropa dəyərlərinin devalvasiyası (ucuzlaşması) başladı. Bunlar isə Qərbdə dərin formasiya böhranına yol açdı. Rusiya öz fundamental tarixi problemlərinin bataqlığında başını itirdi. Türkiyə öz Osmanlı köklərinə qayıtdı. İran özünü xilasa qapandı və qərq oldu… Və yeni hökmdarın gözə görünməz istedadı və anadangəlmə qabiliyyətləri (sən demə!) ona tarixi imkandan yararlanmaqda və azərbaycanlıların əsrlər boyunca arzuladığı dövləti qurmaqda yardımçı oldu.

Bəli, bu, onun xüsusiləşdirilmiş, şəxsləşdirilmiş, lap elə avtoritar dövlətidir, mümkündür ki, ədalətli olmayan dövlətidir. Amma Azərbaycanda belə dövlət axı heç vaxt olmayıb.

İstənilən effektiv və güclü dövlət cəmiyyətə münasibətdə avtomatik olaraq ədalətsizdir. İstənilən hakimiyyət, hətta öz idarəçiliyini vətəndaşların və ya təbəənin təmsilçiliyi sahəsində ona ayrılmış müddətdən artıq davam etdirən ən ədalətli hakimiyyət də cəmiyyətdə narazılıq doğurmağa başlayır. Siyasi fəlsəfə nəzəriyyəçiləri hakimiyyətlə cəmiyyət arasındakı bu əbədi qarşıdurmanı Makiavelliyə qədərki və ondan sonrakı dövrlərdən bəri təsvir edirlər.

O, öz dayaqlarına qarşı çıxdı

Madam ki söz hökmdardan düşdü, cəmiyyətlə dövlətin qarşıdurması problemini bunca canlı şəkildə təsvir edənlərin əsərlərinə müraciət etməmək olmaz. Hökmdar nə edirsə (o isə öz xeyrinə etdiklərini dövlətin maraqları naminə edir), bu, çox vaxt cəmiyyətin maraqlarının ziddinə olur; onun cəmiyyət üçün etdikləri isə şəxsən onun özünə sərfəli deyil. Dövlətlə cəmiyyətin qarşılıqlı münasibətlərindəki analoji kolliziya insanın fitrətində dövlətçilik və insani sosium cücərtiləri mövcud olana qədər davam edəcək. Heydər Əliyevə (azərbaycanlıların ən azı üç nəsli hökmdar obrazını yalnız Heydər Əliyevin timsalında görüb) oxşayan adamın – hökmdarın gücünə inanan cəmiyyət bütün bu illər ərzində yalnız onun – hökmdarın yerli bürokratik məmur zümrəsinin, yəni İlham Əliyev dövlətinin üzərində bərqərar olduğu həmin o təbəqənin zorakılığına son qoyacağı ümidi ilə yaşayırdı. Axı demokratik baxımdan ən inkişaf etmiş istənilən ölkədə də dövlət bu zümrənin dəstək və gücünə əsaslanır. Və heç bir prezident öz məmurlarının maraqlarını qurban vermir. Bu məmurlar onun dayağıdır, bu məmurlar dövlətin və ölkənin həyat və fəaliyyətinin bünövrəsi, əsası və təməlidir.

Lakin məmurlarla cəmiyyət arasındakı qarşıdurma elə kulminasiya nöqtəsinə çatdı ki, İlham Əliyev fevralın 12-də tarixi nitqlə çıxış etmək məcburiyyəti qarşısında qaldı. Prezident öz idarəçiliyi tarixində (İlham Əliyevin hakimiyyət illəri isə artıq tarixi dövrə çevrilib, bu məsələdə ikinci fikir ola bilməz) ilk dəfə olaraq hər şeyi öz adı ilə çağırdı: o, korrupsiyanın mövcudluğunu etiraf etdi; o, məmurların harınlığından və şərəfsizliyindən danışdı; o, öz dayaqlarını ədalətli olmağa səslədi. Və o, cəzaların qaçılmazlığı haqda xəbərdarlıq etdi. İlham Əliyev öz xalqına doğru addım atdı. Prezidentin əleyhdarları iddia edir ki, xalq onun idarəçiliyindən və hakimiyyətindən narazıdır. Lakin bu xalq nədənsə prezidentin əleyhdarları ilə birlikdə deyil, bu xalq nədənsə küçələrə çıxmır və bu hakimiyyətin istefasını tələb etmir. Əksinə, İlham Əliyev epoxası dövründə bu ölkədəki istənilən etiraz aksiyası hər halda Heydər Əliyevi xatırladan adamın portretləri ilə keçirilir.

Prezidentin 12 fevral çıxışı məmurların axmaqlıq həddinə çatan təkəbbür və qudurğanlığından boğaza yığılmış yüz minlərlə insanın ürəyindən tikan çıxardı. İlham Əliyev həmin çıxışında bu haqda çox danışdı. Əminəm ki, biz tezliklə real addımların şahidi olacağıq. Prezident bəyanat verməkdən cəza verməyə keçəcək. Layiq olmadıqları neft xoşbəxtliyindən iyrəncliyə yuvarlanıb “şişən” məmurların tövbə etməsini eşidəcəyimiz gün uzaqda deyil.

Patriarxın yeni payızı tezliklə, çox tezliklə gələcək. Mən Heydər Əliyevə bənzəyən adamı fevralın 12-də yenə gördüm…

Eynulla Fətullayev. 12 fevral 2013. (Yazı “Qafqazinfo”dan götürülüb)