Cavadov Aydın Vəli oğlu 1973-cü ilin sentyabr ayında Zərdab rayonunun Körpükənd kəndində dünyaya gəlib. Ona qədər atası Vəli dayının evində 3 qız övladı dünyaya göz açmışdı. Odur ki, Vəli dayı bu dəfə oğlu olmasını daha çox arzulayırdı. İstəyirdi ki, oğlu olsun, onu tərbiyə etsin, özünə sirdaş, həmdəm böyütsün. 3 qız övladından sonra doğulan bu oğlan Vəli dayının evinə bir könül rahatlığı, mehribanlıq, sevinc gətirdi. Vəli dayının həyat yoldaşı Qəribə anamız da Allahın verdiyi övladlara görə şükr edirdi. Qəribə ana oğlu dünyaya gəldiyi üçün Vəli dayıdan heç də az sevinmirdi.
Aradan günlər keçdi və həm ailənin, həm də qohum-əqrabanın, dostların məsləhəti ilə bu oğlan uşağına Aydın adı qoydular. Hamı dua etdi ki, onun həyatı da adı kimi aydın olsun.
Cavadov aydın Vəli oğlu 1990-cı ildə Zərdab rayonunun Körpükənd kəndində orta məktəbi başa vurdu. Sürücülüyə marağı böyük idi, odur ki, sənədlərini Göyçaydakı 106 saylı Texniki-Peşə məktəbinin sürücülük kursuna verdi və buranı bitirdi.
Onu tanıyanların dediyinə görə, Aydın çox diqqətcil bir oğlan imiş. Tez-tez qohum əqrabanı ziyarətə gedər, əgər köməyə ehtiyacları var idisə, köməyini əsirgəməzdi. Aydın hər işində valideynlərinin üzünü ağ edər, necə deyərlər, aydınladardı. Odur ki, valideynləri belə bir övlad tərbiyə etdikləri üçün həm Allaha şükr edir, həm də onunla qürur hissi keçirirdilər.
Qonşularının dediyinə görə, Aydın bacılarını da çox sevər, onları əllərini həyətlərində ağdan-qaraya vurmağa qoymazdı. Məsələn, hər qışda odunları doğrayar, səliqə ilə həyətlərinə yığardı. Deyilənə görə, soyuq qış günlərində Aydın odun gətirmək üçün həyətə düşmək istəyən bacılarına imkan verməz, onlara qıymazmış ki, birdən soyuq olar, hər şeyi özü edərmiş.
Aydın mehribanlığı, səmimiliyi ilə onu tanıyanların sevimlisinə çevrilmişdi.
O, kəndin bütün toy şənliklərində iştirak edərdi. Özü də toylarda rəqs etməyi çox sevərmiş. Körpükənd camaatı Aydının toylarda şux rəqsini bu gün də xatırlayır.
Aydın həm də zarafatcıl insan idi. Anası Qəribə xalanın dediyinə görə, bir dəfə Aydının evdəki şəklini böyütdürmək qərarına gəlirlər. Şəkli böyütdürmək üçün Bakıya göndərirlər. Amma nədənsə, şəkil bir qədər qara çıxır. Öz şəklini görən Aydın anasına deyir: “Mama, bu şəkli görən təəccüblənəcək, bu niyə belə olub? Lap adamın başdaşına yapışdırmağı gəlir”.
Qəribə ana onun bu sözlərindən çox təsirlənir və bir daha həmin şəkli Aydına göstərmir.
1992-ci ildə Aydın hərbi xidmətə çağırılır və Sərhəd Qoşunlarının Lənkəranda yerləşən N saylı hərbi hissəsində xidmətə başlayır. O, iki il həmin hərbi hissədə üzərinə düşən vəzifəni şərəflə yerinə yetirir.
Bu illər ərzində Aydının xidmət etdiyi hərbi hissə qaçaqmalçılarla mübarizədə böyük işlər görür. Çoxlu sayda qaçaqmalçılar zərərsizləşdirilir.
1994-cü ilin aprel ayının 17-i adi günlərdən biri idi. Aydın yenə də xidmətini davam etdirirdi. Lakin qaçaqmalçılar böyük bir plan hazırlamışdılar. Onlar gizli yolla Azərbaycan sərhədini keçmək və öz bəd niyyətlərini həyata keçirmək istəyirdilər.
Aydın isə qaçaqmalçıların bu niyyətindən, planından xəbərsiz idi. Aydın və onun 3 əsgər yoldaşı eşitdikləri hənirti səslərindən qaçaqmalçıların sərhədimizi keçmək istədiklərini başa düşürlər. Onlar qaçaqmalçıların qarşısını almaq üçün plan qururlar.
Aydın və əsgər dostları müəyyənləşdirirlər ki, qaçaqmalçılar sərhədimizdən qaçaqmal keçirmək istəyirlər. Lakin əsgərlərimiz bu bədniyyətli insanların planını pozmağa nail olurlar.
Qarşı tərəf planın pozulduğunu görüb silaha əl atır və beləcə, Aydın və əsgər yoldaşlarının qeyri-bərabər döyüşü başlanır.
Xainlərin niyyəti pozulur və onlar sərhədimizdən qaçaqmal keçirə bilmirlər. Lakin bu döyüşdə Aydın və digər 3 əsgər yoldaşı qəhrəmancasına şəhid olur.
Bu gün Aydının məzar daşındakı foto illər öncə onun anasına zarafatla: “Lap adamın başdaşına yapışdırmağı gəlir”, dediyi fotodur.
Aydın qardaşımıza Allahdan rəhmət diləyirik. O, bir insanın ömrü boyu əldə etmək arzusunda yaşadığı bir məkana – cənnətə qovuşub. Aydının şərəfli ömür yolu hamımız üçün örnəkdir. Zərdab eli, camaatı Aydın kimi oğulları ilə qürur duyur.
www.zerdab.com
Allah rəhmət eləsin!!!
Allah qeni -qeni rehmet elesin.Ruhu wad olsun
Allah rehmet eylesin.Qebrin nurla dolsun amin
ALLAH REHMƏT ELƏSİN QƏBRİ NURLA DOLSUN .ANASINA ÜÇ BACISINA ALLAHDAN SƏBR DİLƏYİRƏM.
Comments are closed.