“İnanıram ki, cənab Prezidentin verdiyi bütün tapşırıqlar və səsləndirdiyi iradlar mütləq şəkildə nəzərə alınacaq və sahibkarların fəaliyyətinin dəstəklənməsində, onların işinin genişlənməsində və ümumiyyətlə, cəmiyyəti narahat edən neqativ halların qarşısının alınmasında yeni bir mühitin yaranmasına xidmət edəcək”. Bunu Trend-ə millət vəkili Azay Quliyev Prezident İlham Əliyevin fevralın 12-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda yekun çıxışını şərh edərkən deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev keçirdiyi konfransda çox ciddi məsələlərə toxundu və ciddi iradlar bildirdi, məmurlara konkret xəbərdarlıqlar etdi.
“Mən hesab edirəm ki, cənab Prezidentin qeyd etdiyi fikirlər hər bir vətəndaşın ürəyincə oldu. Prezident haqlı olaraq qeyd etdi ki, sahibkarları rayon səviyyəli problemlərin həllinə cəlb etməklə, onların vəsaitlərindən istifadə edib sonradan onu qaytarmamaqla çox böyük haqsızlığa yol verilir”, – Quliyev deyib.
Millət vəkili vurğulayıb ki, sahibkarların fəaliyyətinə hamı şərait yaratmalıdır.
“Cənab Prezident bu işləri görür, sahibkarların fəaliyyətinə milyardlarla vəsaitlər ayrılır. Ancaq təəssüflər olsun ki, yerli icra hakimiyyət orqanları bir çox hallarda sahibkarlar təbəqəsinə lazımi dəstək vermirlər, hətta bəzən onları incidirlər, maneəçilik törədirlər, əlavə haqq tələb edirlər. Bütün bunlar isə dövlət başçısını ciddi narahat edir və bu neqativ halların qarşısını almaq üçün sərt tədbirlərə əl atmağa məcbur edir”, – Quliyev deyib.
Millət vəkilinin sözlərinə görə, çox təəssüflər olsun ki, cənab Prezidentin hamıya nümunə ola biləcək fəaliyyətinə və təvazökarlığına, ölkəmizin inkişafı və vətəndaşlarımızın rifah halını yaxşılaşdırmaq üçün var gücü ilə çalışmasına baxmayaraq, bəzi vəzifəli şəxslər bundan nəticə çıxarmır, örnək götürmürlər və işlərini çox aşağı səviyyədə qururlar, öz fəaliyyətlərində cəmiyyətin, vətəndaşların maraq və mənafelərini lazımi şəkildə nəzərə almırlar və insanları narazı salırlar.
Deputat bildirib ki, Prezident korrupsiya ilə bağlı dəqiq mövqeyini bir daha bəyan etdi.
“Hesab edirəm ki, bundan sonra korrupsiya ilə bağlı tədbirlər daha da gücləndiriləcək və bu, hər bir məmur üçün xüsusi bir məqam oldu ki, onlar bir daha dövlət başçısının dilindən bu xəbərdarlığı eşitdilər və düşünürəm ki, onlar ciddi şəkildə bu məsələdən nəticə çıxaracaqlar”, – millət vəkili deyib.
Quliyev qeyd edib ki, toxunulan önəmli məsələlərdən biri də bəzi mərkəzi və yerli icra hakimiyyəti başçılarının, ayrı-ayrı vəzifəli şəxslərin övladlarının davranışında olan problemlərlə bağlıdır.
“Düşünürəm ki, çox haqlı olaraq bəzi vəzifəli şəxslərin övladlarının özünü pis aparması, insanları alçaltması, təhqir etməsi, eyni zamanda, istifadə etdiyi avtomobilləri bir çox hallarda necə gəldi idarə etməsi, bir sözlə ictimaiyyətə açıq hörmətsizlik etməsi, şübhəsiz ki, cəmiyyət arasında ciddi narazılığa səbəb olmuşdu və dövlət başçısı sağ olsun ki, bunların hamısına ayrı-ayrılıqda münasibət bildirdi və öz ciddi xəbərdarlığını çatdırdı”, – millət vəkili deyib.
O vurğulayıb ki, Prezident öz çıxışı ilə hər bir vətəndaşın yanında olduğunu, bütün baş verən neqativ hallardan xəbərdar olduğunu və haqqı tapdalanan vətəndaşı məmur özbaşınalığından qoruyacağını bir daha xatırlatdı və bu cür vəzifəli şəxslərə son xəbərdarlığını çatdırdı: “Bütün məmurların əsas vəzifəsinin xalqa xidmət etməli olduğunu bildirən cənab Prezident ölkə vətəndaşlarının ona olan yüksək etimad və inamını daha da möhkəmləndirmiş oldu”. Trend