Qori seminariyasının və Odessa universitetinin ilk zərdablı məzunu Şirin Nuriyev

2
112

Qori SeminariyasıNURİYEV ŞİRİN MƏHƏDDİN OĞLU (1884-1943)

Nuriyev Şirin Məhəddin oğlu 1884-cü ildə Zərdab rayonunun Əlvənd kəndində  doğulmuşdur. Doğma kənddə Həsən bəy Zərdabi ilə qohumluq əlaqəsi olan Novruzəli bəyin öz hesabına açdığı dördsinifli rus-tatar (rus-Azərbaycan) məktəbində oxumuşdur. Sonra təhsilini Qori seminariyasında davam etdirmişdir. Seminariyadan sonra Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına Nəriman Nərimanovla birgə Odessa universitetində oxumağa göndərilmişdir.

Şirin bəyin atası Məhəddin kişi zirək, təsərrüfat işlərindən yaxşı baş çıxaran sahibkar kimi çoxlu mal-qara və mülk sahibi olmuşdur. Həsən bəy Zərdabi tez-tez Əlvəndə–qohumu Novruzəli bəygilə gedəndə mütləq Məhəddin bəyin də evində qonaq olurmuş. Şirin bəyin H. Zərdabinin oğlu Midhət bəylə çəkdirdiyi foto-şəkil bu gün Zərdab şəhərindəki Zərdabi muzeyində saxlanır.

Şirin Nuriyev 1916-cı ildə varlı zadəgan qızı Zoya xanımla evlənmiş, bu ailə həyatı 21 il–1937-ci ilədək–Şirin bəy həbs olunan günə qədər davam etmişdir. Onu da deyək ki, sovet hakimiyyətindən əvvəl Kür sahilində qurulan bütün «qara motor»ları quran və onların sahibi Şirin bəyin qayınatası Petro adlı sahibkar olmuşdur. Ailənin Seyid, İsgəndər, Nuru, Bayram adlı oğulları və Sona adlı qızları olub. Yaşlı nəsil Zərdab kooperativ cəmiyyətinin indiki sədri Nuriyev İsgəndərin atası, uzun müddət Kür-bənd idarəsinin rəisi işləmiş Nuru Nuriyevi (Şirin bəyin 3-cü oğlu) yaxşı xatırlayır.

Şirin bəy mütərəqqi fikirli, azad düşüncəli bir insan olmuş və 1917-ci ildə Məmmədəmin Rəsulzadə ilə tanış olaraq, onunla əməkdaşlıq etmiş, milli Azərbaycan hökumətinin yaranmasında fəallıq göstərmiş, Demokratik Cümhuriyyət dövründə Göyçay qəza idarəsində məsul vəzifələrdə çalışmışdır. Vladimir İliç Leninin planı və rəhbərliyi ilə 1917-ci ildə həyata keçirilən bolşevik çevrilişindən, yəni, sosialist inqilabından əvvəl dövlət Dumasının nümayəndəsi olan Şirin Nuriyev sonralar bolşevik təqibinə məruz qalmış, keçmiş tələbəlik dostu Nəriman Nərimanovun vasitəçiliyi ilə V. İ. Leninlə görüşərək, repressiyaların ilk mərhələsindən xilas ola bilmişdir.

Sonralar o, bolşevik Azərbaycanının Kənd Təsərrüfatı naziri Əhməd Xəlilovla (qonşu Kürdəmir rayonundan idi) dost olmuş və onunla birgə iş fəaliyyəti qurmuşdur. O cümlədən 1930-cu ildə Salyan pambıq zavodunun Əlvənd şöbəsini açaraq, pambıq alış-verişi məntəqəsi yaratmışdır. Lakin 1935-ci ildə bolşeviklər Şirin Nuriyevi o illərdə Zərdabın aşağı kəndlərində–Kürqırağı meşələrdə yaşayan məşhur qaçaq, sovet hökuməti ilə vuruşan Saday bəylə əlaqədə ittiham edərək, həbsxanaya salırlar (onu da qeyd edək ki, yerli sakinlər deyirlər ki, bir neçə onillik öncəyə qədər Saday bəyin samovarı Zərdabın İsaqbağı və Gəndəbil kəndlərinin arasında, Kürün o tayındakı meşədə qocaman bir qovağın boğazında dururdu).

Nəhayət, Şirin bəyin günahsızlığı sübut olunur və həbsdən buraxılır. Lakin 1937-ci ildə Şirin bəy yenidən repressiyaya məruz qalır, həbs olunaraq, Rusiyanın qarlı Arxangelsk vilayətinə sürgün olunur və 1942-ci ildə oradakı islah-əmək düşərgəsində əzab-əziyyət içində vəfat edir.

Ümumiyyətlə, bolşeviklər Nuriyevlər nəslinə divan tutmuşlar.

Şirin bəyin atası Məhəddin kişi, əvvəldə dediyimiz kimi, öz zəhmətilə böyük var-dövlət qazanmışdı. Onun Zərdabın indiki Əlvənd, Ağabağı, Mehdililər kəndlərindən tutmuş, Bəyimli qəsəbəsi ərazisinədək böyük torpaq sahələri və tikililəri vardı. Bu gün də Ağabağı kəndinin yaxınlığındakı axmazı əhali «Məhəddin axmazı» adlandırır. İndiki Bəyimli ərazisində Musa və Məhəddin qardaşlarının yataq yeri bu yaxınlara qədər dururdu. Məhəddin bəyin bütün əmlakı bolşeviklər tərəfindən müsadirə edilmiş, Əlvənddəki ikimərtəbəli mülkü isə xəstəxanaya çevrilmişdir.

1937-ci ildə Şirin bəyi həbs edərkən, atası Məhəddin kişini də qandallayıb aparırlar. Ağsaqqal kişi həbsxana şəraitinə və əzablara dözməyərək, Göyçay həbsxanasında vəfat edir və doğma Əlvəndə gətirilərək, buradakı qəbristanlıqda dəfn olunur.

Şirin Nuriyevin oğlu İsgəndər Nuriyev çox istedadlı ziyalı olmuşdur. O, ibtidai və orta təhsilini başa vurandan sonra, Bakıda Hüsü Hacıyev adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmiş, mühəndis-hidrotexnik ixtisasına yiyələnmiş, müxtəlif məsul vəzifələrdə çalışmışdır. Nuriyevlər ailəsi əmilərinin institutu bitirərkən çəkdirdiyi venetkanı bu gün də əziz xatirə kimi qoruyub saxlayır. Maraqlıdır ki, venetkadakı şəkillərdən aydın olur ki, 1935-ci ildə AKTİ-ni bitirən təqribən 100 nəfərdən yalnız 30-35 nəfəri azərbaycanlı, çoxu erməni, qismən gürcü, rus və yəhudilər olmuşlar. İsgəndər hərbi xidmətə çağırılmış, “Stavropoltikinti”də hərbi mühəndis-hidrotexnik işləmişdir. 1943-cü ildə iş başında müəmmalı şəkildə həlak olmuşdur.

Şirin bəyin anası Seyid Sona xanımın tənha və qərib məzarı Ağabağı axmazının sahilində bu gün də durur. Əri və uşaqları repressiya olunaraq, “xalq düşməni”, “kulak” elan edildiyinə görə, bu qadını kənd qəbristanlığında deyil, axmaz kənarında tək-tənha dəfn etmişlər. Şirin bəyin arvadı Zoya xanımın məzarı isə Şəftəhal qəbristanlığındadır.

Maraqlıdır ki, Şirin bəyin bir qayını sovetlər dönəmində Yaroslavl Şin Zavodunun direktoru, arvadı Zoyanın digər qardaşı isə Krasnodar Vilayət Partiya Komitəsinin katibi işləmişlər.

Nuriyevlər ailəsi Stalinin ölümündən 3 il sonra–1956-cı ildə SSRİ-nin rəhbərlərindən olan Voroşilovun imzası ilə məktub almış, həmin məktubda repressiya olunmuş Nuriyevlərə heç bir günahları olmadığı üçün bəraət verildiyi rəsmən yazılmışdır.

Gec də olsa haqq-ədalət bərpa olunmuşdur…

Sonda onu da deyək ki, hazırda Zərdab Kooperativ Cəmiyyətinin sədri işləyən İsgəndər Nuriyev Şirin Nuriyevin nəvəsi, Zərdab Rayon İcra Hakimiyyətində hüquqşünas işləyən Rahim Nuriyev isə Şirin bəyin nəticəsidir.

Müəllif: İsaməddin Əhmədov

2 ŞƏRH

Comments are closed.