Yazın lap əvvəllərində havalar isinən kimi dağlarda qar əriyir, kəndimizin cənub ətəklərindən keçən Quruçay məcrasına sığmır, aşıb-daşırdı. Yatağını yuyub daşa çıxarırdı.
Yanı ovulduqca qucağa sığmayan çay daşlarının şaqqıltısı adamı qorxudurdu. Hər iki sahilin hündür təpəliklərindən ilan kimi qıvrılıb keçən Quruçayın bənzərsiz mənzərəsi açılırdı göz önundə. İlk yaz axşamı Quruçayın səsi kəndi bürüyürdü. Elə bil kənd adamı da bu səsə bənd idi; bir canlanma, bir oyanış, hərəkət duyulurdu. Elə bil yalnız bundan sonra hamı, hər ev yazın gəlişindən xəbər tuturdu. Quruçayın ilk nəğməsi – gecələr çox aydın eşidilən sel sularının əzəmətli səsi açıq pəncərələrdən evlərə axırdı. Aramsız quruldayan qurbağaların “nəğmələrı” də bu səsə qarışırdı.
Quruçayın geniş vadisi vardı. Çay yatağının hər iki tərəfində özü kimi əyri-üyrü çəmənliklər uzanıb gedirdi. Kənd camaatı o çəmənlikləri qoruyub biçənək kimi saxlayırdı. Qabağa düşənlər, qıvraq tərpənənlər qənbər daşlardan qopara qoyub yer zəndləyirdilər, vər tuturdular. Yonca təzəcə çiçəkləyəndə – çalma vaxtı gələndə çayın vadisini müxtəlif səslər bürüyürdü. Çayın sərin havasına qarışan yeni biçilmiş ot ətrindən doymaq olmurdu. Köhnə kişilər dəsmallarının künclərini düyünləyib başlarına keçirər, həvəslə dəryaz bulayardılar, özü də harda irisi var onu – altı nömrəni… Cavanlar onlarla ayaqlaşa bilməz, təntiyərdilər, dəryaz qollarını vurardı. Üzə vurmasalar da, dəryazlarının ağzını tez-tez çəkməkdən bildirərdilər ki, yorulublar. Uşaqlar da vərin başındakı cürdəkdən təzə nehrə ayranından babalarına gətirmək üçün qoparaqlanar, biçilmiş ot ayaqlarına dolaşar, yıxılıb-durardılar, buyurulduqlarına görə gözlərindən sevinc daşardı…
Təpələrin üstündə oturub saatlarla bu mənzərəni seyr etməkdən həzz alardım. Adamların səsi dəryaz səsinə, qoyun-quzu mələrtisinə, inək otaran uşaqların oxuduğu sevgi havalarına qarışır, bənzərsiz ahəng yaradırdı. Bu səslərin hamısı bir yerdə Quruçayın nəğmələri fonunda çox təbii, həyati görünürdü.
Quruçayın gəlişi çox şeyi dəyişdirərdi. Arxların su sevinci isə özgə bir mənzərə idi. Sular payızdan qalan xəzəlləri qabağına qatıb sakit-sakit irəliləyir, yarpaqların zərif xışıltısı, torpaqdakı çatlara dolan suların qəribə pıçıltısı eşidilir, yuvacıqlardan həşəratlar, böcəklər ətrafa dağılırdılar. Uşaqlar arxın içində dayanıb suyun yalın ayaqlarına çatmasını gözləyir, xəzəlin altından ilan kimi sivişib ayaqlarına dolaşan soyuq sularla qəribə bir oyun oynayardılar.
Quşlar suyun gəlişi ilə yuvalarından qaçan böcəkləri, cücüləri həvəslə bir-bir dənləyirdilər.
Quruçay kəndimizin bahar rəmzi idi. Baharın gəlişini Quruçay qədər heç nə belə aydın, belə əzəmətli xəbər verə bilmirdi. İlk vaxtlar kükrəyib coşsa da, sonradan həzin nəğmələrini oxuyurdu. O ilk səslər çağırış idi, hamını işə-gücə, hərəkətə, fəaliyyətə səsləyirdi, sonra isə elə bil, istəklərinə nail olub arxayınlaşır, həzin-həzin çağlayırdı. Quruçayın nəğmələri ləbələb arxlarla kəndimizə dolur, ağaclara, ən hündür yarpaqlarına qədər gedib çıxır, bostanda tağlara, çiçəklərə qədər qol atıb uzanırdı.
***
Adından da bəlli olduğu kimi, Quruçay ilboyu gəlmirdi. Yazın gəlişindən bir neçə həftə sonra bulanıq sular durulur, göz yaşı kimi şəffaflaşırdı. Yayın əvvəllərində bu sular o qədər durulurdu ki, dibindəki irili-xırdalı rəngli daşlar görünür, xırda ləpələr üstündə rəqs edən şəfəqlər suların təbəssümü kimi adamı özünə çəkirdi…
***
Quruçay sudan çox duruluq rəmzi idi.
Daxilən, mənən saflaşmaq, təmizlənmək, arınmaq rəmzi idi.
Biz sudan çox, o duruluğa girirdik, duruluqda çimirdik.
Bu sularda çimən adamın içi görünürdü.
Kənd camaatı ev-eşiyini tökürdü Quruçayın sahillərinə. Xalça-palazını, kilimini, çuvalını, pal-paltarını, mitilini Quruçayın dumduru sularında paya ilə döyəcləyib yuyan kənd qadınları təmizə çıxdıqlarına ruhən inanırdılar. Bu, bir mərasim, ritual halına gəlmişdi. Bütün kənd hər il yazın – Quruçayın gəlişini gözləyirdi ki, bu mərasimi yerinə yetirsinlər. Macal tapmayanlar, başı özgə işlərə qarışanlar, xəstəsi, nasazı olanları gələn yaza kimi küsnətlik basardı, qırışığı açılmazdı.
Quruçayın sularında kənd adamları özləri də təmizlənir, duruya çıxırdılar daxilən. Sahil boyu yuyulub sərilmiş al-əlvan toxumalar çayın vadisini nağıla döndərirdi.
Çayın sahillərinə hər kəs öz arzu, sevgi və istəklərini çəkirdi – toxuma dili ilə, naxış dili ilə, rəng dili ilə – şəkil kimi…
Uşaqlar həvəslə atlarını yuyur, qoyun-quzularını tökürdülər Quruçayın sularına.
Bütün kənd Quruçay suyuna çəkilirdi.
***
Sular durulandan sonra biçənəklərdə olduğu kimi, yarğanlarda, dərin selovlarda yığılmış qumdan ötrü nişan qoyurdular. Bunu daha çox təzəbinələr edərdilər. Suvaq üçün, hörgü üçün Quruçay qumunun tayı-bərabəri yoxudu. Bunu köhnə kişilər, dünyagörmüş ağsaqqallar deyirdilər. Onu da deyirdilər ki, dövri-qədimdən daşı daş üstünə yazda qoyardılar. “Yaz hər şeyin qaynayan vaxtıdır. Yazda hörgü müşəmbə kimi tutur”.
Getdikcə suyu azalan Quruçay axırda sısqa bulaq kimi gəlirdi. Və nəhayət, quruyur, yerində gölməçələr qalırdı.
Quruçayın gəlişi ilə adamların içində bir inam oyanırdı. O inam hamının qəlbində özünəməxsus nəğmələrə çevrilirdi. Hamı inanırdı ki, məhsul bol, il isə uğurlu, bərəkətli gələcək. Gözaltılar muradına çatacaqlar. Təzəbinələr ev-eşik, yurd-yuva sahibi olacaqlar.
Quruçay ilboyu gəlsəydi, bəlkə də, belə sevilməzdi.
O, çaydan çox, yaz kimi, duyğu kimi, hiss kimi axıb gəlirdi.
Quruçay arzu kimi hər kəsin qəlbində aşıb-daşırdı.
Quruçayın gəlişində bir bayram ruhu vardı, bayram sevinci vardı.
İnsanlar onu bayram kimi qarşılayır, bayram kimi yaşayırdılar.
Bu, təmizlik bayramı idi.
***
Quruçay yazın çayı idi, yaz çayı idi.
Yaz Quruçayın suları ilə bağlara, ağaclara, könüllərə axıb dolurdu. O, yazı könüllərə gətirirdi, özü qurusa da, gələn yazacan ürəklərdə nəğmələri səslənirdi, qalırdı.
Quruçayın nağıl dərəsində hamının oxumağı gəlirdi – qoyun otaranın da, dəryaz bulayanın da, xalı yuyanın da.
Hərənin də öz Quruçay nəğməsi vardı – Quruçaydan götürdüyü, Quruçay kimi coşub-daşan.
İl Quruçayla başlayırdı.
Hər şeyin təməli Quruçay gələndən sonra qoyulurdu.
Quruçay həm də görüş rəmzi idi – baharla, gözəlliklə, yarla, arzu ilə.
Camaatı sevindirən bayramla, yaz əhvali-ruhiyyəsi ilə görüş idi.
Ona görə kəpənək kimi çiçəkdən-çiçəyə qonurdular – qanadlı idilər, həvəsli idilər, ruhlu idilər, fərəhli idilər, yorulmaq bilmirdilər.
Qarışqa kimi qaynaşırdılar.
Quruçayın suları ilə halallıq gəlirdi el-obaya.
Quruçayın sahillərində güləşən uşaqlar belə, bir-birinə badalaq gəlməzdilər, halal güləşərdilər, güclü olan yıxardı. Elə bil uşaqlar da hiss edirdilər ki, bu dumduru suların, göz yaşı kimi təmiz axarın yanında, bu göy çəmənlikdə hər şey təmiz və duru olmalıdır. Kim badalaq gəlsə, uşaqlar onu itələyib suya salardılar. Özləri də bilmədən o fəndgiri bu yolla təmizə çıxarardılar – suya çəkərdilər, sudan keçirərdilər…
Əslində hər birimizin içi Quruçayın yatağıydı. Və Quruçay öz yatağından o qədər lazımsız şeyləri yuyub aparırdı ki…
Quruçay bizim ruhumuzun duruluq çayı idi.
Onunla hər şeydən əvvəl ruhumuz durulurdu, təzələnirdi.
Onun gəlişi ilə bir təmizlənmə, yuyulma prosesi başlayırdı – içdən, dərindən…
***
…Düz iyirmi ildir ki, Quruçay keçmir içimizdən.
Quraqdı, susuzluqdu, yanğı var içimizdə.
Düz iyirmi ildir ki, orada mağar qurulmur, toy vurulmur.
Divar hörülmür, ev tikilmir.
Ağac əkilmir, bağ salınmır, çəpər çəkilmir.
Düz iyirmi ildir ki, arxlara su gəlmir, bərə basılmır.
Düz iyirmi ildir ki, bulanıq axırıq.
Durula bilmirik.
İçimiz Quruçayın daşları kimi görünmür.
Bu iyirmi il xılt kimi çöküb içimizə.
Təmizlənə bilmirik.
Təzələnə bilmirik.
Saflaşa bilmirik.
Günümüz torandır.
Qanımız qaradır – durulmur ki, durulmur…
Düz iyirmi ildir ki, oradakı damsız evlər kimiyik – heç nəyə yaramırıq.
Quruca divarımız – cəsədimiz qalıb.
İçimizdəki yurd yeri viranədir.
İçimizdə heç kim daldalana bilmir.
Pərən-pərənik, quşlar kimi yuvamızdan perikmişik.
İçimizdə yuvalana bilmirik, içimizə yığıla bilmirik.
İçimizə sığınan yoxdur, üstümüz açıq qalıb.
Düz iyirmi ildir durulmaq əvəzinə, hey buruluruq, burum-burum tüstülənirik.
Tüstüləndikcə hisləyirik, qaralırıq.
Qaraltı kimi gəzirik.
Yoxuq, görünmürük.
Durulmasaq, görünmərik.
Düz iyirmi ildir ki, şəhərə yaz gəlmir – üstündən keçir.
Şəhərdə yazı görmək üçün gərək başını qaldırasan, üzünü göyə tutasan.
Düz iyirmi ildir ki, başımız aşağıdır…
Müəllif: Loğman