Prezident Kitabxanasında Zərdabla bağlı hansı məlumatlar var?

1
85

Prezident KitabxanasıZərdab rayonu 1935-ci ildə təşkil edilmişdir. 1963 ildə ləğv edilərək ərazisi Ucar rayonuna verilmiş, 1965 ildə yenidən  bərpa olunmuşdur. Şirvan düzünün cənub-qərbindədir.  Sahəsi  855,6  km2, əhalisi 54,8 min nəfər (1 yanvar, 2012-ci il). Zərdab rayonu respublikanın paytaxtından 231 km-lik bir məsafədə Ucar, Kürdəmir, İmişli, Ağdaş və  Ağcabədi rayonları ilə həmsərhəd  bir  ərazidə  yerləşir. Mərkəzi  Zərdab şəhəridir.  Əhalinin milli tərkibini azərbaycanlılar təşkil edir. Həmçinin rayonda rus, tatar, ukraynalı və  digər  millətlərin  100  nəfərə  qədər nümayəndələri yaşayır.
Rayona Zərdab şəhəri, Bəyimli qəsəbəsi və Bıçaqlı, Yuxarı Seyidlər, Siləyli, Körpükənd, Məlikli, Burunlu, Qoruqbağı, Sarıqaya, Məmmədqasımlı, Gödəkqobu,  Yarməmmədbağı, Lələağacı, Pərvanlı, Gəlmə, Salahlı, Hüseynxanlı, Xanməmmədli, Əlibəyli, Allahqulubağı, Çallı, Məlikumudlu, Cülovxanlı, Dəliquşçu, Dəkkəoba, İsaqbağı,  Qaravəlli,  Böyük  Dəkkə,  Nəzəralılı,  Şıxbağı,  Gəndəbil,  Ağabağı,  Şahhüseynli,  Şəftəhal,  Aşağı Seyidlər, Əlvənd, Otmanoba, Birinci Əlicanlı, İkinci Əlicanlı, Qoşaoba, Təzəkənd kəndləri daxildir. Rayonun  səthi düzənlikdir.  Ərazisinin çox hissəsi  dəniz  səviyyəsindən aşağıdadır. Antropogen çöküntüləri yayılmışdır. Gil yatağı var. Yayı quraq keçən mülayim isti və quru çöl iqliminə malikdir. Orta tempratur yanvarda 1,8°C, iyulda 26,2°C-dir. İllik yağıntı 335 mm-dir. Türyan çayının  aşağı axını (Qarasu) Zərdab  rayonu ərazisindədir.  Rayonun  cənub  və  cənub-qərb  sərhədindən Kür çayı axır. Boz-çəmən torpaqları yayılmışdır.

Kür çayı sahilində  tuqay meşələri var. Heyvanları: canavar, tülkü, boz dovşan, ceyran, çöldonuzu, qumsiçanı və s. Quşları: turac, qırqovul, göyərçin və s.

Rayonun iqtisadiyyatında taxılçılıq, pambıqçılıq, bostan-tərəvəzçilik, heyvandarlıq və s. əsas yer tutur.

Rayonda 41 ümumtəhsil məktəbi, peşə liseyi, uşaq incəsənət məktəbi, tarix-diyarşünaslıq muzeyi, 21 mədəniyyət  evi,  49  kitabxana,  24  klub,  mərkəzi  rayon xəstəxanası,  5  kənd  xəstəxanası,  gigiyena  və epidemiologiya mərkəzi var.  Zərdab rayonu 41 bələdiyyəni, o cümlədən 1 şəhər, 1 qəsəbə və 39 kənd bələdiyyəsini birləşdirir.

Kütləvi informasiya vasitələri haqda məlumat
“Əkinçi” qəzeti  1935-ci  ildən  nəşr olunmaqla, Həsənbəy  Məlikov  Zərdabinin böyük əziyyətlə  1875-ci  il iyunun 22 – də nəşr etdirdiyi ilk Azərbaycan qəzeti olan «Əkinçi»nin varisidir.
1938-ci  ildən «Zərdab staxanovçusu», 1945-ci  ildən «Zərdab kolxozçusu», 1954-cü ildən «Kolxozçu», 1969-cu ildən «Pambıqçı», 1983-cü ildən isə «Əkinçi» adı ilə nəşr olunur.
Qəzetin təsisçisi Zərdab rayon İcra Hakimiyyəti və «Əkinçi» qəzetinin kollektividir. (Qeyd: Bu yazı hazırlandığı dövrdə – 2009-cu ildə www.zerdab.com saytı hələ fəaliyyətə başlamadığı üçün bu siyahıda yer almayıb)

Avtomobil yolları haqda məlumat

Rayon ərazisindən keçən respublika əhəmiyyətli (III dərəcəli) yolun uzunluğu 93 km, yerli əhəmiyyətli (IV dərəcəli) yolun uzunluğu 135 km-dir.

Memarlıq abidələri haqda məlumat
Şəhərin  mərkəzində  2  memarlıq  incəsənət  abidəsi  var.  Onlardan  biri  görkəmli  maarifçi,  pedaqoq, təbiətşünas alim, milli mətbuatımızın və teatrımızın banisi Həsən Bəy Zərdabinin heykəlidir. Digəri isə 1941 – 1945-ci illərdə Böyük Vətən Müharibəsində həlak olmuş zərdablıların xatirəsinə ucaldılmış kompleksdir.
Son dövrlərdə  rayonun  ərazisində  olan  tarixi  və  memarlıq abidələrinin  təmiri  və  bərpası istiqamətində müəyyən işlər görülmüşdür.
Yaranma tarixi – 05. 02. 1935
Ərazisi – 0,86 min kv. km
Əhalinin sayı – 54,8 min nəfər (1 yanvar, 2012-ci il)
Əhalinin sıxlığı – 1 kv. km 64 nəfər (1 yanvar 2012-ci il)
Şəhər – 1
Kəndlərin sayı – 40
Qəsəbələrin sayı – 1
İnzibati-ərazi dairəsi – 28
Bələdiyyə – 27
İri və orta müəssisələrin sayı – 10
Məktəbəqədər uşaq müəssisələrinin sayı – 19
Ümumtəhsil məktəblərinin sayı – 41
Texniki, orta ixtisas və peşə məktəblərinin sayı – 1
Xəstəxanalar və tibb müəssisələrinin sayı – 6
Mədəniyyət ocaqlarının sayı – 23
Zərdab rayonu ilə Bakı arasında olan məsafə – 231 km

 Mənbə: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi PREZİDENT  KİTABXANASI

1 comment

  1. Salam olsun her oxucuya.Oxudum ancaq tekrar oxumaq lazimdir.Her bir Azerbaycan vetendasi oz yurdunun her qarisini tanimalidir.Allah razi olsun butun zehmeti olan iscilerinizden.Nece deyerler SUKANI BELE SAXLAYIN.Allah her an yardimciniz olsun.

Comments are closed.