Zərdab rayonunda aztəminatlı ailələrin, xüsusilə Qarabağ əlilləri və şəhid ailələrinin çoxsaylı müraciətləri nəzərə alınaraq yeni 32 mənzilli yaşayış evinin inşa olunacağı gözlənilir. www.zerdab.com saytının məlumatına görə, sözügedən yaşayış evinin tikilməsinə köməklik göstərilməsi məqsədi ilə Zərdab rayon İcra Hakimiyyəti Nazirlər Kabinetinə, Maliyyə və Əmək və əhalinin sosial müdafiəsi nazirliklərinə müraciət edəcək. Qeyd edək ki, ötən il rayonda Qarabağ əlilləri və şəhid ailələri üçün 16 mənzilli yaşayış binası tikilib istifadəyə verilib. Bundan əlavə, 14 nəfər Qarabağ əlili şəhər mərkəzində və kəndlərdə fərdi yaşayış evləri ilə təmin olunublar.