www.zerdab.com saytı daha bir cinayət işi ilə bağlı materialları təqdim edir.
QƏRAR
Azərbaycan Respublikası adından
17 avqust 2012-ci il №1(106)333/2012
Mən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Dosiyev Amil Qaraxan oğlu, Fərəcov Salman Böyükağa oğlunun katibliyi və təqsirləndirilən şəxs İsmayılova Aygün Telman qızının iştirakı ilə, İsmayılova Aygün Telman qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə işə baxan hakim Zərdab Rayon Məhkəməsinin hakimi əvəzi Çingiz İsgəndərovun öz-özünə edilmiş etirazına açıq məhkəmə iclasında baxaraq,
MÜƏYYƏN ETDİM:
İş materialları ilə müəyyən olunur ki, İsmayılova Aygün Telman qızı 01 noyabr 2010-cu il tarixdə saat 17 radələrində yaşadıqları Zərdab şəhəri, B.İsmayılov küçəsi, 8 saylı evin həyətində qayını Osmanov Yusif Şahmurad oğlu ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı dalaşaraq qəsdən həmin vaxt əlində olan “metlax” parçası ilə Yusif Osmanovun sağ diz qapağı nahiyəsinə vurub ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində göstərilən nəticələrə səbəb olmayan, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir.
Zərdab Rayon Məhkəməsi 16 fevral 2011-ci il tarixli 1(036)10/2011 saylı qərarı ilə təqsirləndirilən şəxs İsmayılova Aygün Telman qızı ilə zərərçəkmiş şəxs Osmanov Yusif Şahmurad oğlunun bir-biri ilə barışmalarına dair ərizələrinə əsaslanaraq Aygün İsmayılovanı Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad etməklə cinayət işinin icraatına xitam vermişdir.
Zərdab Rayon Məhkəməsinin 16 fevral 2011-ci il tarixli 1(036)10/2011 saylı qərarından təqsirləndirilən şəxs İsmayılova Aygün Telman qızı apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 may 2011-ci il tarixli 1(106)-174/2011 saylı qərarı ilə təqsirləndirilən şəxs İsmayılova Aygün Telman qızının apellyasiya şikayəti təmin edilməmiş, Zərdab Rayon Məhkəməsinin 16 fevral 2011-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 may 2011-ci il tarixli 1(106)-174/2011 saylı qərarından təqsirləndirilən şəxs İsmayılova Aygün Telman qızı və onun müdafiəçisi Yusifbəyli Rəsul Rəbbil oğlu kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 20 dekabr 2011-ci il tarixli 1(102)645/2011 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 may 2011-ci il tarixli ilkin baxış və 27 may 2011-ci il tarixli yekun qərarları ləğv edilmişdir.
Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2012-ci il tarixli 1(106)98/2012 saylı qərarı ilə İsmayılova Aygün Telman qızının apellyasiya şikayətinə baxılmasına xitam verilmiş, Zərdab Rayon Məhkəməsinin 14 fevral 2011-ci il tarixli məhkəmə hazırlıq iclasının və 16 fevral 2011-ci il tarixli 1(036)-10/2011 saylı cinayət işi üzrə icraata xitam verilməsi barədə məhkəmə baxışı iclasının qərarları ləğv edilmiş, cinayət işi Zərdab Rayon Məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilmişdir.
Zərdab Rayon Məhkəməsində cinayət işinin hazırlıq iclası mərhələsində təqsirləndirilən şəxs İsmayılova Aygün Telman qızı məhkəmənin 15 mart 2012-ci ildə keçirilmiş hazırlıq iclasında Zərdab Rayon Məhkəməsinin hakimi əvəzi Çingiz İsgəndərova yazılı etiraz vermiş və etiraz baxılıb həll edilməsi üçün cinayət işi Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Şirvan Apellyasiya Məhkəməsinin 19 aprel 2012-ci il tarixli 1(106)189/2012 saylı qərarı ilə təqsirləndirilən şəxs İsmayılova Aygün Telman qızı tərəfindən Zərdab Rayon Məhkəməsinin hakim əvəzi Çingiz İsgəndərova edilmiş etiraz təmin edilmiş və İsmayılova Aygün Telman qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilmişdir.
Ağcabədi Rayon Məhkəməsinin 21 may 2012-ci il tarixli 1(017)75/2012 saylı qərarı ilə İsmayılova Aygün Telman qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş və həmin cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Zərdab Rayon Prokuroruna qaytarılmışdır.
06 iyul 2012-ci ildə Zərdab Rayon Prokuroru vəzifəsini icra edən ədliyyə müşaviri Elşən Abdullayev tərəfindən İsmayılova Aygün Telman qızının Azərbaycan Respublikası CM-nin 132-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək, iş baxılması üçün Zərdab Rayon Məhkəməsinə göndərilmişdir.
İsmayılova Aygün Telman qızının Azərbaycan Respublikası CM-nin 132-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 09 iyul 2012-ci il tarixdə 1(035)55/2012 nömrə ilə Zərdab Rayon Məhkəməsində qeydiyyata alınaraq məhkəmənin hazırlıq iclasına təyin edilmiş, 19 iyul 2012-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclası zamanı işə baxan hakim Zərdab Rayon Məhkəməsinin hakimi əvəzi Çingiz İsgəndərov öz-özünə etiraz edərək, etiraz məsələsinin həll edilməsi üçün cinayət işinin materiallarını Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir.
Zərdab Rayon Məhkəməsinin hakimi əvəzi Çingiz İsgəndərov öz-özünə etirazı onunla əsaslandırmışdır ki, əvvəllər onun icraatında İsmayılova Aygün Telman qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi olmuş, Aygün İsmayılova həmin cinayət işinə onun sədrliyi ilə baxılmasına etiraz etmiş, Şirvan Apellyasiya Məhkəməsinin 19 aprel 2012-ci il tarixli 1(106)189/2012 saylı qərarı ilə etiraz təmin edilmiş və cinayət işi baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilmişdir.
İş materiallarını öyrənib və etirazın dəlillərini araşdıraraq hesab edirəm ki, Zərdab Rayon Məhkəməsinin hakimi əvəzi Çingiz İsgəndərovun öz-özünə etmiş olduğu etiraz təmin olunmalı və cinayət işinə başqa birinci instansiya məhkəməsi tərəfindən baxılmalıdır.
Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin 19 aprel 2012-ci il tarixli 1(106)189/2012 saylı qərarı ilə təqsirləndirilən şəxs İsmayılova Aygün Telman qızı tərəfindən Zərdab Rayon Məhkəməsinin hakim əvəzi Çingiz İsgəndərova edilmiş etiraz təmin edilmiş və İsmayılova Aygün Telman qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilmişdir. Ağcabədi Rayon Məhkəməsinin məhkəmə hazırlıq iclasının 21 may 2012-ci il tarixli 1(017)75/2012 saylı qərarı ilə İsmayılova Aygün Telman qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş və həmin cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Zərdab Rayon Prokuroruna qaytarılmışdır. 06 iyul 2012-ci il tarixdə Zərdab Rayon Prokuroru vəzifəsini icra edən ədliyyə müşaviri Elşən Abdullayev tərəfindən həmin cinayət işi üzrə ittiham aktı təsdiqlənərək, İsmayılova Aygün Telman qızının Azərbaycan Respublikası CM-nin 132-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Zərdab Rayon Məhkəməsinə göndərilmişdir.
Azərbaycan Respublikası Kоnstitusiyasının 127-ci maddəsinin I bəndinə görə, hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Kоnstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər.
Konstitusiyanın 127-ci maddəsinin VII hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
«Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 4-cü maddəsinin üçüncü hissəsinə görə, məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar.
Azərbaycan Respublikası CPM-nin 25.3-cü maddəsinə əsasən, hakimlər və andlı iclasçılar cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər.
Həmin Məcəllənin 109.1.6-cı maddəsində göstərilir ki, hakim birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində, həmçinin hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə həmin cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında hakim qismində əvvəllər iştirak etdikdə (hakimin məhkəmə nəzarəti qaydasında cinayət işi üzrə məhkəməyədək icraatda materiallara baxması və ya işin ilkin dinlənilməsi onun müvafiq cinayət işinə birinci instansiya, apellyasiya və ya kassasiya instansiyası məhkəməsi tərkibində sonradan işə baxılması hallarını istisna etmir) etiraz o halda əsaslı sayıla və şərtsiz təmin edilə bilər.
Həmin Məcəllənin 109.5-ci maddəsinə əsasən, birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində özü-özünə etiraz və ya etiraz təmin olunduqda işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılır. Birinci instansiya məhkəməsində obyektiv səbəbdən bu mümkün olmadıqda, cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılması üçün başqa birinci instansiya məhkəməsinə göndərilir.
Həmin Məcəllənin 109.3.3-cü maddəsinə görə, birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin öz-özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, öz-özünə və ya ona edilmiş etirazı apellyasiya instansiyası məhkəməsinin hakimi həll edir.
Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında» 24 noyabr 2005-ci il tarixli 3 nömrəli Qərarının 1-ci maddəsində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdır ki, mülki və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin öz-özünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır.
Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; De Cubber Belçikaya qarşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqarər edildiyi də aydın görünməlidir».
Azərbaycan Respublikası CPM-nin 76.1-ci maddəsinə görə, cinayət işinin və ya digər materialın ərazi üzrə məhkəmə aidiyyəti bu Məcəllənin 107, 109-cu maddələrinin müddəalarına əsasən aşağıdakı hallarda dəyişdirilə bilər:
–bir hakimdən ibarət olan məhkəmənin fəaliyyət göstərdiyi ərazidə həmin hakimin özü-özünə verdiyi və ya ona edilmiş etiraz təmin edildikdə(76.1.1-ci maddə);
–məhkəmənin bütün hakimləri özü-özlərinə verdikləri və ya onlara edilmiş etiraz təmin edildikdə(76.1.2-ci maddə);
Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu Məcəllənin 76.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə aidiyyətinin dəyişdirilməsinə dair qərar müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən qəbul edilir.
Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir.
Beləliklə, yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, İsmayılova Aygün Telman qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə işə baxan hakim Zərdab Rayon Məhkəməsinin hakimi əvəzi Çingiz İsgəndərovun öz-özünə edilmiş etirazı təmin olunmalı və cinayət işi məhkəmə aidiyyətinin dəyişdirilməsi məsələsinin həll edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinin sədrinə təqdim edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 76 və 109-cu maddələrini rəhbər tutaraq,
Q Ə R A R A A L D I M:
İsmayılova Aygün Telman qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə işə baxan hakim Zərdab Rayon Məhkəməsinin hakimi əvəzi Çingiz İsgəndərovun öz-özünə edilmiş etirazı təmin olunsun.
İsmayılova Aygün Telman qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyətinin dəyişdirilməsi məsələsinin həll edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinin sədrinə təqdim edilsin.
Qərardan şikayət verilmir.
Sədrlik edən: İmza var.
Əsli ilə düzdür. Hakim: Amil Dosiyev
www.zerdab.com
Tarix-nadiri yarısına kimi oxudum, heç nə başa düşmədim.
Hansisa cinayet ishi ile magli mehkemenin qeraridir.
hele is olanda otmanobali oxuyan ———— eliye muraciet edin
Comments are closed.