Bu gün Zərdab şəhər mədəniyyət evinin 500 nəfərlik zalında Zərdab rayonunun mədəniyyət işçiləri ilə Rayon İcra Hakimiyyəti Başçısının görüşü olub. www.zerdab.com saytına verilən məlumata görə, icra başçısı Lütvəli Babayev görüşdə ötən il respublikada və rayonda görülən işlər barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verib, 7 oktyabr 2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Zərdaba səfəri, səfərdən sonra imzaladığı sərəncam bir daha minnətdarlıq hissi ilə xatırlanıb. Görüşdə həmçinin mədəniyyət işçiləri tərəfindən ötən il görülən işlər, həyata keçirilən çoxsaylı və rəngarəng müxtəlif mədəni-kütləvi tədbirlər razılıqla vurğulanmış və 2013-cü ildə qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Bu il ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə bağlı zərdablıların 90 min ədəd ağac əkmək təşəbbüsü mədəniyyət işçiləri tərəfindən də razılıqla qarşılanıb və onlar bu işdə fəal iştirak edəcəklərini bildiriblər.
Görüşdə çıxış edən Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Gülnar Məhərrəmova, Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova, Rayon Mədəniyyət və Turizm Şöbəsinin işçisi Mübariz Səfiyaroğlu, Kəndəbil kənd mədəniyyət evinin rəhbəri Bəylər Abdullayev, Bıçaqçı kənd mədəniyyət evinin direktoru Hacağa Hacıyev ölkə Prezidenti tərəfindən H.B.Zərdabinin 170 illik yubileyinin keçirilməsi və H.B.Zərdabi muzeyinin binasının əsaslı təmiri və bədii tərtibatı ilə bağlı respublika Prezidentinin ötən il imzaladığı sərəncamların zərdablılar tərəfindən ölkə rəhbərinə dərin razılıq və minnətdarlıq hissi ilə qarşılandığını vurğulayıblar.
Yayılan məlumata görə, çıxış edənlər həmçinin İsmayıllı hadisələrini qətiyyətlə pisləyiblər. Bundan əlavə, ölkəmizdə və rayonumuzdakı ictimai-siyasi sabitlik yüksək qiymətləndirilib, dağıdıcı müxalifətin hüquqazidd əməlləri qətiyyətlə pislənilib.
Yayılan məlumatda görüşdə həmçinin yazıçı Əkrəm Əylislinin “Daş yuxular” əsərinə münasibət bildirildiyi və Əkrəm Əylislinin “xalq yazıçısı” adını daşımağa mənəvi haqqının olmadığı vurğulanıb.
Görüş iştirakçıları rayonun bütün mədəniyyət işçilərinin 2013-cü ilin prezident seçkilərində ən layiqli namizədi dəstəkləyəcəklərini bəyan ediblər.