(1941-ci ildən ömürlərinin sonunadək ər yolu gözləyən bibilərimin xatirəsinə)
Mənə görə müharibələr heç zaman bitmir. Müharibədən sonra dağılmış binaların yerində təzəsi tikilə bilər, düşmən əlində olan torpaqlar geri alına bilər. Amma müharibənin insanlara vurduğu yaralar çox gec sağalır, bəlkə də heç sağalmır.
Nə qədər ki müharibənin yara vurduğu o insan yaşayır, müharibənin vurduğu yaralar da bir növ o insanla birgə “ömür” sürür. O insan dünyasını dəyişəndən sonra isə ruha hopur o yaralar. Bir yaralı ruh dolaşır bu dünyada.
Bibilərimdən yazmaq istəyirəm. Müharibənin ömürlərinə, bəxtlərinə zərbə vurduğu bibilərimdən. Yox, bu müharibə doğma torpağımız uğrunda gedən müharibə deyildi, bu müharibə Böyük Vətən müharibəsi idi.
Böyük bibimin əri müharibəyə gedəndə o cavan bir gəlinmiş. Qucağında da bir körpə qız uşağı. Kiçik bibimin əri müharibəyə yollananda isə təzəcə toyları olubmuş. 1941-ci ildə. Hər iki bibim necə deyərlər, bir üzü qız, bir üzü gəlin yol gözləyiblər. Ömürlərinə yoldaş seçdiklərinin yolunu. Amma onlardan heç bir xəbər gəlməyib. Nə öldü, nə qaldı xəbəri. “Qara kağız” ları da gəlməyib ki, birdəfəlik gözlərini yollardan yığsınlar.
Böyük bibim Gülgəz qızını tək böyütdü. Cəmi bir ayın gəlini olmuş kiçik bibim Güldəstənin isə oğlu dünyaya gəldi – heç vaxt ata üzü görmədi bu oğul. Onların evində “ata” kəlməsi işlənmədi. Sanki tale bu uşağa “ata” kəlməsini deməyi qadağan etmişdi. Atasız böyüdü hər iki bibimin uşaqları. Amma, böyüdülər! Bibilərim nənə oldu yol gözləyə-gözləyə. Ümidlə gözlədilər. Elə bildilər ki, gec də olsa qayıdacaqlar. Ümid etdilər ki, bəlkə əsir düşüblər, gec-tez xəbər gələcək onlardan. Bəlkə də ölüm xəbərini alsaydılar rahat köçərdilər bu dünyadan.
Eləcə, yol gözləyə-gözləyə ömür sürdülər. Ömür yoldaşı olmadan. Ömür yoldaşı- həyat yükünü yarı böləndir. Onlar bu ağır yükü tək daşıdılar kimsənin köməyi olmadan.
Evlərinin divarlarından ərlərinin şəklini asdılar. Onlar gündən –günə, ildən-ilə qocaldılar. Amma divardakı şəkillər qocalmadı. Onlar nənə oldular. Şəkildəki cavan oğlanlar qocalmadılar. Dərdlərini o şəkillə bölüşdülər, təklikdən bezəndə, yorulanda şikayətlərini o şəklə dedilər. Adətən ölən adamın şəklinə qara lent dolayarlar. Onlar o şəkillərə heç vaxt qara lent dolamadılar. Çünki ölüm xəbəri almamışdılar. Çünki onların qəbri üstündə göz yaşı axıtmamışdılar. Onların arzusu göz yaşlarını axıtmaq üçün onların qəbrini tapmaq idi. Bilmirdilər harda axtarsınlar. O Böyük Vətən deyilən ölkə axı bizim vətən deyildi! O Böyük Vətənin hansı kəndində, hansı şəhərində axtarsınlar o qəbirləri?
Yadımdadır, tələbə vaxtı əlaçı tələbələri Ukraynaya aparmışdılar. Lvov qəbiristanlığına getmişdik. O boyda qəbiristanlıqda azərbaycanlı familiyası axtarırdım. Bibilərimin ərlərinin adlarına rast gəlmək ümidiylə xatirə lövhələrinə həkk olunmuş adları bircə-bircə oxuyurdum. Amma onların adlarına rast gəlmədim.
….Böyük bibim 25 il əvvəl dünyasını dəyişdi… Yol gözləyə-gözləyə. Ərinin ruhu ilə o dünyada görüşmək ümidiylə…
Kiçik bibim iki il əvvəl köçdü bacısının yanına. Düz 70 il yol gözlədi. 70 il. 1941-ci ildən bəri ürəyində gəzdirdiyi ürəkdolusu həsrətini də özüylə apardı. Ərinin, oğlunun atasının qəbrinə axmalı olan göz yaşları eləcə gözündə qaldı. Göz yaşları da öldü onunla birgə. Çoxdan baba olmuş oğlunun heç vaxt demədiyi “ata” kəlmələrini də özüylə apardı. Evinin divarlarına vurduğu şəkli gözlərinin divarlarından asdı sonuncu dəfə. Qapadılar gözlərini. Bir ömür tənhalıq da köçdü onunla birgə.
…Bibilərim yanaşı dəfn olunub. İki başdaşına dönüb yol gözləyirlər hələ də…
Kim deyir ki, müharibələr qurtarır? Yox, müharibə edən ölkələr sonradan dost olsalar da müharibələr davam edir. Müharibənin yaraladığı ürəklərdə, müharibənin darmadağın etdiyi talelərdə, müharibənin şikəst etdiyi insan ömründə davam edir müharibələr!
Müharibənin zərbə vurduğu insanlar dünyadan köçəndən sonra başdaşına dönür, heykəlləşir müharibələr! Kim deyir ki müharibələr qutarır?”
25 yanvar, 2013
Maraqli yazidir..Muellifi tebrik edirem..Hele de nece-nece insan qardash, yoldash, ata yolu gozleyir..O muharibenin aqrisindan, acisindan qurtarmamish bir de Qarabaq muharibesini yasadiq..Bu yaralarimiz hele tezedi, hec qaysaq da baqlamayib..Allah ezizlerini itirenlere sebir versin!!!Cox aqir derddir!!!
Sevil müəllimə, əhsən! Yazı məni çox kövrəltdi. Yadıma mənə ata-ana olmuş, illər boyu həmin müharibədən qardaş yolu, ər yolu gözləmiş bədbəxt Zeynəb bibim düşdü.
Comments are closed.